Aqrar sahənin inkişafı diqqət mərkəzindədir

 

Aqrar sahədə taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı məhsullarının intensiv inkişafı dövlətimizin həmişə diqqət mərkəzində olmuşdur. Bu sahələrin genişləndirilməsi və məhsul istehsalının artırılması üçün kəndli fermer təsərrüfatlarına, ayrı–ayrı sahibkarlara dövlət öz dəstəyini göstərmiş, yardımların məbləğini artırmışdır.

Tovuz rayonunda olarkən bu məsələlərlə maraqlandıq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan adamların işi ilə tanış olduq. Öyrəndik ki, rayon heyvandarları, taxılçıları və o cümlədən üzümçüləri bu il daha yaxşı fəaliyyət göstərir, ötən illərin göstəricilərini xeyli artırmağı qarşılarına mühüm vəzifə kimi qoymuşlar. Elə götürək taxılçıların əməyini. Taxılçılar öz işlərini həmişə müqəddəs və şərəfli peşə saymışlar. Cari ildə isə daha məsuliyyətlə işləyib elin sərvətini artırmağa səy göstərirlər. Ötən payızda 9179 hektar torpağa toxum səpən taxılçılar (bu, əvvəlki ildəkindən 79 hektar çoxdur) biçinə sağlam əhval–ruhiyyə ilə başlamışlar.

Biçin hələ kütləvi olmasa da, yerə havayı bir dənin də düşməsinə yol verilmir. Kombaynçılar deyir ki, havalar nə qədər ki, imkan verir, yığım sürətlə aparılacaqdır. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımovun sözlərinə görə, hektarların məhsuldarlığı qənaətbəxşdir. Bünün üçün becərmələr dövründə çox zəhmət çəkilmiş, aqrotexniki tədbirlər vaxtında həyata keçirmişdir. Dövlətin dəsətyini görən taxılçılar işə can–başla yanaşmışlar.

Rayonda günəbaxan əkininə də diqqət göstərilir. Bu bitkinin xeyirini görən kənd adamları bu ili öz pay torpaqlarında 148 hektar sahədə günəbaxan yetişdirirlər. Hamı nəticənin yaxşı olmasına çalışır. Yığım vaxtına kimi bitkilərə nümunəvi qulluq etmək nəzərdə tutulmuşdur.

Kartofçuluq Tovuz camaatının ənənəvi peşələrindən sayılır. Xeyirli bitkilərin əkilib yetişdirmə qaydalarına dərindən bələd olan əhali dolanışıqlarının çox hissəsini bu sahədən əldə edirlər. Məsələn, Aşağı Ayıblı kəndinin sakinləri 1750 hektar sahədə kartof yetişdirirlər. Dağ kəndləri olan Böyük Qışlaq kəndində 480 hektar, Çataxda 412 hektar, Aşağı Quşçuda 345 hektar kartof əkilmişdir. Bu kəndlərin adamları kartofla yanaşı, heyvandarlıqla da məşğul olurlar. Eyyublu kəndində kartofçuluq, taxılçılıq əsas sahə olmaqla bərabər heyvandarlıq üçün yem bitkiləri də yetişdirilir.

Ümumilikdə bu il rayonda 8006 hektar sahədə kartof əkilmişdir. Bu, keçən ildəkindən 386 hektar çoxdur. Hektarların həcmini artırmaqla yanaşı, onun məhsuldarlığının çoxaldılması üçün də yaxşı zəmin yaradılmışdır. Əlverişli keçən hava şəraitindən kənd adamları maksimum istifadə edərək becərmə dövründə nə lazımdırsa onu da həyata keçirmişlər. Dövlət başçımız İlham Əliyev 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda konkret olaraq bildirmişdir ki, bizim tam imkanımız var ki, özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Nəinki təmin edək, eyni zamanda böyük ixrac potensialı da yaradaq. Biz burada iki istiqamət üzrə getməliyik. Əlbəttə, bitkiçilik, heyvandarlıq sahələrində intensiv metodlara daha çox üstünlük verilməlidir. Eyni zamanda iri femer təsərrüfatlarının yaradılması prosesi də başlamışdır. Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq. Beləliklə, ərzaq təhlükəsizliyi tam şəkildə təmin ediləcəkdir.

Bəli, inkişafa doğru səslənən bu fikirlər Tovuz rayonunda yubanmadan həyata keçirilir. Məhz onun nəticəsidir ki, istər taxılçılqda, istər kartofçuluqda ehtiyat mənbələri araşdırılıb uzə çıxarılır, bol məhsula zəmin yaradılır. Rayonda üzümçülük də bu gedişlə öz inkişaf həllini tapmışdır. Əgər 2003–cü ildə üzümçülər 63 hektara qulluq edirdilərsə bu gün onların ixtiyarında 600 hektarlıq sahə vardır. Bunun 420 hekatrı artıq bara dolmuşdur. Göründüyü kimi ildən–ilə hektarların həcmi də artmış, məhsuldarlığı da yüksəlmişdir.

Söhbət açdığımız sahələr iqtisadiyyatda əsas yer tutur və əməkçi insanlar çəkdikləri zəhmətin bəhrəsini görmək istəyirlər. Həmsöhbət olduğumuz adamlar əminliklə bildirdilər ki, ili aqrar sahədə əlidolu başa vuracaqlar. Biz də intensiv metodlara üstünlük verən insanlara müvəffəqiyyət arzulayırıq.

 

Qəhrəman QURBANOV

 

Respublika.- 2013.- 26 iyun.- S. 8.