Xalq Rəssamı Kamil
Xanlarovun yaradıcılığı
Azərbaycan rəssamlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Azərbaycanda peşəkar rəssam kadrların yetişdirilməsi istiqamətində onun əvəzsiz xidmətləri olmuşdur. Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Asəf Cəfərov, Tofiq Ağababayev, Hafiz Məmmədov və bir çox digər tanınmış rəssamlarımızın ilk müəllimi olduğunu vurğulamaq kifayətdir ki, onun rəssamlıq sənətinə və bu sənəti tədris etmək işinə nə dərəcədə sadiq olduğunu düşünəsən. O, Azərbaycanın xalq rəssamı Kamil Xanlarovdur (1915–1996).
Kamil Xanlarov 1915–ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931–1935–ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda rəssamlıq sənətinin sirlərinə yiyələnmişdir. O zaman ikinci dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırmışdır. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini həmişə artırmağa çalışmışdır. Bunu rəssamın yaradıcılıq nümunələrinə tamaşa etməklə asanlıqla müşahidə etmək olar.
1939–cu ildə K.Xanlarov Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Rəssamın çoxşaxəli yaradıcılıq və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o, 1964–cü ildə əməkdar rəssam, 1992–ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Onun yaratmış olduğu əsərlər ölkəmizdə yerləşən bir neçə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010). K.Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərmiş (1938–1985) və şövqlə gənc rəssamlara sənətin incəliklərinə yiyələnmək vərdişlərini aşılamışdır.
K.Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaddaqalan yaradıcılıq fəaliyyəti göstərmişdir.
K.Xanlarovun yaradıcılıq dünyasına nəzər yetirmiş olsaq, onun daha çox mənzərə janrında yaradılmış, diqqəti cəlb edən, lirik emosional, kolorit ustalığı və mövzunun bədii şərhi baxımından məharətlə həll edilmiş mənzərə lövhələrini müşahidə edə bilərik. Onun mənzərə janrına xüsusi sevgisinin olması, rəssamın doğma Azərbaycanımıza olan məhəbbətindən qaynaqlanırdı. K.Xanlarov Azərbaycanın bütün guşələrini qarış–qarış gəzmiş, Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Astara və başqa bölgələrdə yaradıcılıq ezamiyyətlərində olmuş və fünsunkar təbiət lövhələrini həssas yaradıcı rəssam təxəyyülü ilə kətana köçürmüşdür. Rəssamın bu cür əsərlərinə misal olaraq “Zaqatala dağları” (1946), “Astara” (1955), “Talış dağları” (1956), “Şuşanın ətrafı” (1957), “Şuşa” (1964), “Bilgəh axşam” (1964), “Araz sahilində” (1965), “Noraşen vadisi” (1968), “Cənub sərhədində” (1972), “Murovdağın görünüşü” (1972), “Culfa Araz sahilində” (1973), “Mənzərə Şuşa (1983), “Ceyranbatan gölü” (1987), “Ordubadda qış”, “İlanlı dağ” və digər əsərlərini qeyd etmək olar.
Rəssamın yaradıcılıq nümunələri arasında onun Şuşaya həsr edilmiş mənzərələri daha çox diqqətimizi cəlb edir. Bunu bir tərəfdən Şuşanın indiki məqamda düşmən tapdağı altında olması şərtləndirirsə, başqa bir tərəfdən isə rəssamın Cıdır düzünün gözəlliklərini əsl ustalıqla və yüksək məhəbbətlə kətana köçürməsi ilə bağlıdır. Eyni zamanda rəssamın vətənə məhəbbət duyğularının ifadəsindən yaranmış bu cür əsərlərin bu günkü gənc rəssamlarımıza bir nümunə kimi görünməsini arzu edərdik.
K.Xanlarovun mənzərələrinin yüksək bədii emosionallığı ilə yanaşı, həm də bu lövhələrdən həzin, intizar əhvali–ruhiyyəli melodiyalar “səslənir”. Bu fikrimizi rəssamın bilərəkdən seçmiş olduğu obyektinin Şərur vadisini, Araz sahilini, sahildə yerləşən dağları və s. tutqun və nisgilli biçimdə təsvir etməsi ilə izah edə bilərik. Rəssam “Araz sahilində” (1965), “Noraşen vadisi” (1968), “Cənub sərhədində” (1972), “Culfa. Araz sahilində” (1973) adlı əsərlərində bir növ öz vətəndaşlıq mövqeyini gizli mətləblərlə ifadə etməyə çalışmış və fikrimizcə, məqsədinə uğurla nail ola bilmişdir.
K.Xanlarov “İlanlı dağ” (1968) mənzərəsində Nuhun diyarı Naxçıvanda yerləşən, adını dünya tufanı nəticəsində peyğəmbərin gəmisi toxunduğu zaman “İnan ki, dağdır” ifadəsindən aldığı və zamanımızda İlanlı dağ kimi tələffüz olunan, əfsanəvi dağın ecazkar görüntüsünü yaddaqalan biçimdə təsvir etmişdir.
“Ordubadda qış” əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir.
K.Xanlarovun süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələlərinə rast gələ bilərik. Əsasən səadəti, əmək romantikasını əks edən bu cür tabloların əsas mayasını ülvi, humanist duyğular təşkil edir. Belə tablolara misal nümunə kimi, “Sahədə” (1963), “Ailə” (1965), “Azərbaycan tarlalarında” (1967), “İşdən sonra”, “Bulaq başında” (1956) və başqalarını qeyd etmək olar.
K.Xanlarov həmçinin portret janrında bir çox tablolar yaratmışdır. Belə əsərlərdən “Balaca
Dilarə” (1951), “Dilarə”
(1953), “Qoca” (1954), “Şəkili
xalq sənətkarı
Məmmədəli” (1963), “Rövşanənin portreti”
(1956), “Ənvər Paşanın
portreti” və s. adlarını çəkmək
olar. Rəssamın portretləri içərisində
daha çox diqqətimizi cəlb edən “Ənvər Paşanın portreti”dir. Rəssamın bu tarixi şəxsiyyətin
portretini yaratmaq təşəbbüsü təqdirəlayiqdir.
XX əsrin əvvəllərində
erməni daşnakları
və çar Rusiyasının işğalçılarından
müdafiə olunmaq üçün Azərbaycan
xalqının imdadına
gəlmiş və özünün qəhrəmanlığı
ilə xalqımızın
yaddaşında əbədi
qalacaq Ənvər Paşanın portret cizgilərini boyalarla əbədiləşdirmiş rəssam,
sonda maraqlı əsərin yaradılmasına
müvəffəq olmuşdur.
“Şərq natürmortu”
əsərinin rəssamın
yaradıcılığında xüsusi bir çəkiyə malik olduğunu söyləsək,
yəqin ki, yanılmarıq. Natürmort həm bədii
və həm də texniki işlənilmə baxımından
çox ustalıqla yaradılıb. Əsərdə milli parça fonunda xalqımızın
milli məişət
əşyaları təsvir
olunub. Əsərin kompozisiyası uğurla
tapılıb və kolorit həlli olduqca mükəmməl işlənilib. Sarı, qırmızı,
firuzəyi və göy rəng keçidləri əsərin
baxımlılığını artırır.
K.Xanlarov 1961–ci ildə Çexoslovakiyada yaradıcılıq ezamiyyətində
olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək,
vətənə məna
və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Bu səfər rəssamın
yaradıcılığında yeni bir uğurlu
yaradıcılıq istiqamətinin
açılması ilə
nəticələnmişdir. Çexoslovakiyaya həsr edilmiş tablolarına “Praqada küçə”, “Karlovı Varıda meydan”, “Qızıl küçə” “Praqada qüllə”, “Yan Qusun abidəsi” və digər əsərlərini
qeyd etmək olar. Bu əsərlər
həm mövzunun şərhi, kolorit həlli və həm də professional texniki işlənilmə xüsusiyyətləri ilə
diqqəti cəlb edir.
K.Xanlarov
həmçinin “Kəndlilər”
(1937) filmində kişi geyimlərinin
eskizlərini vermiş,
“Fətəli xan”
(1945) filminin geyim üzrə rəssamı olmuş və Abdulla Şaiqin “Nüşabə”
(1947) piyesinin bədii
tərtibatını hazırlamışdır.
Öz ömür
payını Azərbaycan
incəsənətinin tərənnümünə
və inkişafına
sərf etmiş, ilhamlı tablolar müəllifi, sənətin
zirvələrinə ucalmış
bir çox rəssamların müəllimi
Kamil Xanlarov kimi sənətkarlar Azərbaycan incəsənət
tarixində həmişə
hörmətlə yad
ediləcəkdir.
Əsəd QULİYEV,
sənətşünas, AMEA–nın
dissertantı,
Rəssamlar
İttifaqının üzvü
Respublika.- 2013.- 26 iyun.- S. 8.