Görkəmli alim
Azərbaycanda riyaziyyat və mexanika elminin inkişafında, onun dünya səviyyəsində tanınmasında əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika–riyaziyyat elmləri doktoru, professor Məhəmməd Fərman oğlu Mehdiyevin xüsusi əməyi var. Məhəmməd Mehdiyev 1941–ci il oktyabrın 2–də Laçın rayonunun Təzəkənd kəndində kolxozçu ailəsində anadan olmuş, 1961–ci ildə Laçın rayon orta məktəbini bitirmişdir.
1966–cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika–riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına göndərilmisdir. Aspirantura hazırlığını Rostov Dövlət Universitetində akademik İ.İ.Voroviçin rəhbərlik etdiyi “Elastikiyyət nəzəriyyəsi” kafedrasında keçmişdir.
1970–ci ilin yanvarında təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə göndərilmişdir.
1975–ci ildə Rostov Dövlət Universitetinin dissertasiya şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, 1976–cı ildə baş elmi işçi vəzifəsinə seçilmişdir. 1978–ci ilin sentyabrından həmin institutda şöbə rəhbəri təyin edilmişdir. 1985–1991–ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun xüsusi XKB direktorunun elmi işlər üzrə müavini işləmişdir.
Məhəmməd Mehdiyev 1989–cu ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika–riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1994–cü ildə professor elmi adını almışdır.
1991–ci ildən 2002–ci ilin fevralına kimi Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat kafedrasının professoru vəzifəsində işləmişdir.
1981–1985–ci illərdə “Örtük və lövhələrin statistikası, rəqsi, dayanıqlığı” ümumittifaq elmi–tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
1973, 1975, 1976, 1981, 1983–cü illərdə M.Mehdiyevin aldığı elmi nəticələr SSRİ EA–nın Baş elmi katibinin məruzəsində mühüm işlər sırasında qeyd olunmuşdur. Onun tərəfindən elastikiyyət nəzəriyyəsində yeni “bircins həllər” metodu işlənib hazırlanmış, həmin metodun köməyilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələlərindən ikiölçülü məsələlərə keçid problemi öyrənilmişdir.
Məhəmməd Mehdiyev tərəfindən örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılmış, bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma sahəsi müəyyənləşmişdir.
Nazik divarlı konstruksiyalarda əvvəllər məlum olmayan yeni dinamik effekt kəşf olunmuşdur. Xüsusi halda klassik elastikiyyət nəzəriyyəsinin Sen–Venan prinsipinin rəqs tezliyinin müəyyən qiymətindən sonra doğru olmadığı isbat olunmuşdur.
Alınmış dəqiq həllər əsasında M. Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nəzərən daha dəqiq olan örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilmişdir.
Deformasiyalanan bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, professor M.Mehdiyev tərəfindən verilmiş “bircins həllər” metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tənliklərin asimptotik inteqrallama metodunda ciddi yenilikdir.
Son illərdə professor Məhəmməd Mehdiyev və onun tələbələri tərəfindən anizotrop örtüklərin ümumi nəzəriyyəsi yaradılmış, bu nəzəriyyələr əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma istiqamətləri müəyyən edilmişdir.
Professor Mehdiyev dəfələrlə örtük və lövhələr üzrə ümumittifaq konfranslarda, SSRİ mexaniklərinin qurultaylarında, seminarlarında elmi məruzələrlə çıxış etmişdir.
Onun professor Ş.M.Mütəllimovla birlikdə apardığı elastiki və elastiki– plastiki mühitdə dalğa mexanikasına dair silsilə tədqiqatlarında xarici mühitin təsirini nəzərə almaqla çevik konstruksiyalarda zərbə dalğalarının yayılması prosesi öyrənilmişdir.
Professor həm də
optimallaşdırma məsələləri
ilə məşğul
olur. O, impuls təsirli determinik oyunlarda yəhərvarı
nöqtənin varlığı
üçün zəruri
şərtlər tapmışdır.
Eyni zamanda həmin şərtlərin zəruri
və kafi olduğu siniflər müəyyən edilmişdir.
Qeyri–lokal (çoxnöqtəli, inteqral) şərtli
optimal idarəetmə məsələsində
optimallıq üçün
birinci və ikinci tərtib zəruri şərtlər
alınmışdır. M.Mehdiyev bu sahədə 6 elmlər namizədi hazırlamışdır.
Məhəmməd Mehdiyev kosmik uçuş aparatlarının
təkmilləşdirilməsində və yeni kosmik
aparatların yaradılmasında
icraçı, məsul
icraçı, mövzu
rəhbəri və möhkəmlik məsələləri
üzrə baş layihə konstruktoru kimi bilavasitə iştirak etmişdir. O, həmçinin
respublikanın bir çox sənaye obyektlərinin sifarişlərini
yerinə yetirmişdir.
Onun müəlliflərindən
biri olduğu “Sualtı rezervuar” ixtirası iki dəfə beynəlxalq sərgidə (Dehli, Sofiya) ikinci yeri tutmuşdur.
Professor M.Mehdiyev Amerika
Bioqrafiya İnstitutu tərəfindən 2003–cü ilin
adamı elan edilib, 2004–cü ildə isə həmin institut tərəfindən
elm və bəşəriyyət
qarşısındakı xidmətlərinə
görə qızıl
medala layiq görülüb. Amerikanın “Albert Helson Marqus”
fondu tərəfindən
çap olunan “Dünyanın görkəmli
adamları” ensiklopediyasının
23–cü cildində professor Məhəmməd Mehdiyev haqqında ətraflı məlumat verilib.
2010–cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Öz
ölkəsini dünyada
şöhrətləndirən adam” nominasiyası
üzrə qızıl
medala layiq görülmüşdür. İngiltərənin Kembric Universiteti tərəfindən böyük
elmi nailiyyətlərinə
görə “Leonardo da
Vinçi almazı” medalı ilə təltif olunmuşdur.
M.Mehdiyev keçmiş İttifaqda,
bir çox doktorluq və namizədlik dissertasiyalarının
rəsmi opponenti olmuşdur. Rəhbərliyi altında 18 elmlər
namizədi, 2 elmlər
doktoru hazırlanmışdır.
Hazırda 3 aspiranta və
dissertanta rəhbərlik
edir. Bakı Dövlət Universitetinin
nəzdində fəaliyyət
göstərən FD.02.016 Dissertasiya
Şurasının sədridir.
Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının üzvüdür.
O, çap olunmuş 93 (xaricdə və respublikada) əsərin, o
cümlədən 2 monoqrafiyanın,
1 dərslik, 3 dərs
vəsaitinin, eyni zamanda bir çox
əsərlərin müəllifidir.
30 iyun 2001–ci ildə
M.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına mexanika ixtisası üzrə müxbir üzv seçilmişdir.
Professor M.Mehdiyev 2002–ci ilin fevralından Bakı Dövlət Universitetinin tətbiqi analizin riyazi üsulları kafedrasının
müdiri vəzifəsinə
seçilmişdir və
hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır. 16 yanvar 2008–ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin
dekanı seçilmişdir.
M.Mehdiyev 1993–cü ilin martından Yeni Azərbaycan Partiyasının üzvüdür. 30 sentyabr 2009–cu ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə Mehdiyev Məhəmməd Fərman
oğluna “Əməkdar
elm xadimi” fəxri adı verilmişdir.
Bakı
Dövlət Universitetinin
tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı,
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
əməkdar elm xadimi,
professor Məhəmməd Fərman
oğlu Mehdiyev yüksək yaradıcılıq
fəaliyyətinə, riyaziyyat
və mexanika elminə verdiyi fundamental töhfələrə görə
Avropa İttifaqının
“Elm və sənaye palatası” tərəfindən
“Qızıl medal və
Keyfiyyət diplomuna” layiq görülmüşdür.
Bu, Avropanın ən
mötəbər mükafatıdır. Mükafat Rusiya
və Ukrayna Elmlər Akademiyalarının
görkəmli riyaziyyatçı
alimləri tərəfindən
təklif edilmişdir.
İlham PƏNAHOV
Respublika.- 2013.- 26 iyun.- S. 9.