Səbail rayonu Azərbaycan Ordusunun 95 illik yubileyini cəbhə bölgəsində qeyd etmişlər

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz–üzə mövqelərdə dayanmış Müdafiə Nazirliyinin Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən səbailli gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.

Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqları, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın geri qaytarılması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, Vətənə hərbi xidmətdə müvəffəqiyyət arzulamışdır.

Qonaqlar Səbail RİH–in hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri polkovnik–leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz–üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.

Hərbi hissənin xüsusi təyinatlı dəstə üzvləri tərəfindən bir sıra xüsusi əməliyyat səhnələri nümayiş etdirilmiş, sonra respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı verilmişdir. “Kristal” qrupunun, gənclərin sevimlisi Ceyhun Zeynalovun, “Xalq Ulduzu” müsabiqəsinin iştirakçısı Elay Xasıyevin, Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının və solistlər Kamilə Nəbiyeva və Zabitə Alıyevanın çıxışları əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.

Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Səbail RİH–in nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.

Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki “N” saylı hərbi hissəsinin də şəxsi heyəti ilə də görüşmüşlər Səbail və Bərdə Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi və ictimaiyyət nümayəndələri əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olmuşlar. Təntənəli tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Silahlı Qüvvələrin yaranmasının 95 illiyi münasibəti ilə əsgər və zabitləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulamışlar. Hərbi hissənin şəxsi heyətinə Səbail RİH–in qiymətli hədiyyələri təqdim edilmişdir.

Tədbirin sonunda bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün hər iki rayonun rəhbərliyinə və ictimaiyyətinə öz minnətdarlıqlarını bildirmişlər, Səbail və Bərdə Rayon İcra Hakimiyyətlərinə hərbi hissənin Fəxri Fərmanları verilmişdir.

 

Məhəmməd Vəliyev

 

Respublika.- 2013.- 28 iyun.- S. 10.