Hərbi hissədə təntənəli mərasim

 

Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə böyük təntənə ilə qeyd olundu. Keçirilən bayram mərasimində Qusar, eləcə də qonşu rayonların icra hakimiyyətlərinin hüquq–mühafizə, inzibati orqanların rəhbərləri, regionda yerləşən hərbi hissələrin komandirləri, rayon ictimaiyyəti nümayəndələri və müharibə veteranları iştirak edirdilər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül–çiçək dəstələri düzdülər. Sonra hərbi maşın təntənəli sədaları altında Azərbaycan Bayrağı meydana gətirildi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Mərasimi giriş nitqilə açan hərbi hissənin komandiri polkovnik–leytenant Oruc Abdullayev qeyd etdi ki, Milli Ordumuzun şanlı tarixi vardır. Çətin sınaqlardan keçmiş silahlı qüvvələrimiz mətinləşərək və təkmilləşərək bu gün regionun qüdrətli ordusuna çevrilmişdir. Ölkəmizdə ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. İkinci dəfə hakimiyyətə qayıdışından sonra 1993–cü ildən başlayaraq məhz onun səyi ilə peşəkar ordu quruculuğunun əsası qoyuldu. Vahid hərbi komandanlıq həyata keçirildi. Prezident Heydər Əliyevin 22 may 1998–ci il tarixli sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan olundu. Bu tarix respublikamızda hər il rəsmi dövlət bayramı kimi qeyd olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi möhtərəm Prezidentimiz Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir. Bu gün bizim müasir milli ordumuz və güclü müdafiə sənayemiz vardır. Dövlətimiz öz müdafiə potensialını ildən–ilə gücləndirir. Güclü ordumuz işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdi.

Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin Sədri Abiyə Ağadadaşova, Qusar Rayon Veteranlar Şurasının sədri Cavanşir Nurməmmədov çıxış edərək Milli Ordunun yaranması günü münasibətilə hərbi hissənin əsgər və zabitlərini təbrik etdilər. Xidmətdə fərqlənməyə görə bir qrup əsgər və zabitə təşəkkür elan olundu, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı. Tədbirdə həmçinin vurğulandı ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Vətənimə, xalqıma, dövlətimə, ailəmə xidmət edirəm” ən yaxşı əsgər məktubu müsabiqəsinin qalibi məhz bu hərbi hissənin əsgəri İlqar Natiq oğlu Zeynalov olmuşdur.

Sonda hərbi hissənin kəşfiyyat bölümünün nümunəvi çıxışları oldu.

 

Ziyafəddin Bayramov

 

Respublika.- 2013.- 28 iyun.- S. 10.