Odlar YurduUniversitetində Microsoft İT Akademiya açıldı

 

Layihə universitet tələbələrini Microsoft tədris proqramları ilə təmin etmək məqsədi daşıyır

 

Odlar Yurdu” Universitetində Microsoft İT Akademiyasının açılış mərasimi olmuşdur. Layihə Microsoft Azərbaycan şirkəti ilə universitetin idarə heyəti arasında imzalanmış Qarşılıqlı Əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.“Azərbaycanda ilk İT Akademiyanın açılmasından, xüsusən də bu əlamətdar hadisənin məhz “İnformasiya texnologiyaları ili”ndə reallaşmasından fəxr duyuruq. İnanıram ki, bu layihə Azərbaycanda İT mütəxəssislərin yeni nəslinin formalaşmasına bir töhfə olacaq”, – deyən Microsoft Azərbaycan şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirdi ki, yaxın vaxtlarda Microsoft şirkəti ölkəmizdəki daha bir neçə aliorta məktəbdə İT Akademiya açmağı qarşısına məqsəd qoyub.

Odlar YurduUniversitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə öz çıxışında qeyd etdi ki, mən çox şadam ki, Azərbaycanda ilk İT Akademiya məhz bizim universitetdə açılıb və bu akademiyanın tələbələrimizin gələcək karyeralarında uğur qazanmasına təkan verəcəyinə inanıram”;

İT Akademiyanın əsas məqsədi Microsoft məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və Microsoft Office Specialist, Microsoft Certified Professional, Microsoft Technology Associate ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir. Tədris vəsaitlərindən həm informasiya texnologiyaları üzrə kurslarda, həm də fakultativ məşğələlər çərçivəsində fərdi qaydada istifadə etmək mümkün olacaq.

Qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində həm də Microsoft DreamSpark layihəsinə start veriləcək. Texniki təhsilin dəstəklənməsinə yönələn bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün Microsoft Proqram Təminatından istifadə imkanları yaradır. Bunun sayəsində müəllimlər ən son müasir texnologiyalardan yararlanmaqla tələbələri həvəsləndirmək və yeni üsullarla tədrisə cəlb etmək üçün bütün zəruri resurslarla təmin olunurlar. Proqram laboratoriya və auditoriyaların, eləcə də tələbələrin kompyuterlərinin qənaətcil şəkildə təchiz edilməsini, həmçinin tədris, tədqiqat məqsədləri üçün müəllimlərin verilənlərin emalı alətlərinə dair vasitələrlə, həmçinin fərdi kompyuter və serverlərin Microsoft Proqram Təminatı ilə təchiz edilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Odlar Yurdu” Universitetində Office 365 xidməti də tətbiq edilərək müəllim və tələbə heyətinin istifadəsinə veriləcək. Proqram istifadəçilərindən hər birinə ayrıca elektron poçt ünvanı açılacaq, bu isə müəllim–tələbə ünsiyyətini sadələşdirəcək, onlayn konfransların keçirilməsi, sənədlərlə birgə işləməyə imkan yaradacaq.

Microsoft və “Odlar YurduUniversitetinin birgə əməkdaşlığında vacib bəndlərdən biri leqal proqram təminatının inkişaf etdirilməsi, onun tələbələr arasında geniş yayılması və bütövlükdə universitetin lisenziyalı proqram təminatı ilə təmin edilməsidir.

 

Respublika.- 2013.- 28 iyun.- S. 11.