“Balalarımızı
vətənə sevgi ruhunda
tərbiyə edirik”
Qışın bu soyuğunda, sazağında elə bil baharın qoynuna
düşmüşəm. Dibçəkdəki güllər,
çiçəklər, çiyin–çiyinə vermiş bəzək kolları elə bil günəş üçün,
göy üzünün
genişliyi, duruluğu
üçün darıxıblar. Bir az o
yanda baş–başa vermiş sərv
ağacları, soyuqdan üşüyürmüş
kimi qollarını pəncərələrə
söykəmiş tənəklər
şıdırğı yağışda çimirlər. Soyuq olsa da,
pəncərənin o üzündən
süzülən körpələrin həzin nəğməsi
könlümə bir istilik,
hərarət gətirir:
Mən
çəkirəm belə–belə nazını sənin,
Gözləyirəm
belə–belə yazını sənin.
Ay
gilənar, ay gilənar, bağımızın göyçək
qızı,
Ay
gilənar, ay gilənar, yanaqların al–qırmızı.
Ətrafdakı
ideal səliqə–sahman, gözəllik göz oxşayır.
Bu gözəlliyi yaradan da, süsləyən də, qoruyub
saxlayan da insan əlləridir.
Bu gözəlliyin memarı ömrünün 43 ilini balalarımızın sağlam, gümrah, xoşbəxt böyüməsinə sərf edən Bakı şəhər Nəsimi rayonu 162 saylı körpələr evi–uşaq bağçasının müdiri, respublikanın təhsil əlaçısı, öz işinin mahir bilicisi, görkəmli pedaqoq Rəfiqə Əliyevadır.
Hələ 1990–cı il 20 Yanvar hadisələri zamanı Rəfiqə xanımın neçə–neçə körpələri stresdən, qorxudan, təhlükədən qoruması xatirimdədir. O vaxt qrupları dağılmağa qoymayan, körpələr evinin–uşaq bağçasının yaşaması üçün əsl fədakarlıq göstərən, gecə–gündüz çalışan bu cəsur insan ən gözəl sözlərə, təriflərə layiqdir.
Bu gün respublikamızın ən nümunəvi uşaq təlim–tərbiyə ocaqlarından birinə rəhbərlik edən Rəfiqə xanım keçdiyi 43 illik şərəfli yol haqqında, bağçanın bu günü, sabahkı qayğıları haqqında danışır:
—Mən bu bağçada 1970–ci ildən çalışıram. Əmək fəaliyyətinə tərbiyəçi kimi başlamışam. O vaxtı buralar bomboş, quruca yerdi. Hər şeyi bax, bu əllərimizlə qurub–yaratmışıq. Bu bağçanın hər qarışında alın tərimiz, əllərimizin hərarəti, can yanğımız, sevgimiz var. Bu ağacların hamısını öz əllərimlə əkmişəm, gülləri, çiçəkləri özüm sulamışam. Bura mənim evim, ocağım olub. Məni bu bağçaya balacalara olan sevgim bağlayıb. Onları o qədər sevirəm ki, bunu sözlə ifadə eləmək çətindi. Həmişə qürurla, fərəhlə deyirəm: “Bunlar müstəqil, azad vətənimin balalarıdır”.
Yetmişinci illərdə bu bağçanın həyətində cəmi
3–4 ağac vardı. İndi, maşallah,
buralar meşə kimidir. Yayda bura elə bil cənnətin bir parçasıdır.
Bizim bu bağçada tərbiyə
alan, məktəbə
gedən, ali məktəbləri bitirən
nə qədər istedadlı uşaqlar olub. Onlar illər keçsə
də, bizi unutmurlar. İlk dəfə büdrəyə–büdrəyə
qədəm basdıqları
bağçaya baş
çəkir, buranın
necə dəyişdiyini,
gözəlləşdiyini öz gözlərilə görür, bağça
haqqında xoş sözlər deyirlər, bu da mənə
ruh verir, qol–qanad verir.
Bağçada müxtəlif yaş üzrə 11 qrupda 215 uşaq tərbiyə alır. Ötən il 54 uşağı məktəbə yola saldıq.
5 yaşlıların içində elə qeyri–adi istedada malik uşaqlar var idi ki,
onların intellektinə
hamı heyrət edirdi. Bu uşaqları nazirliyə göndərdik.
Xüsusi test–sorğudan keçdilər,
imtahan verdilər.
Başqa uşaqlar
12–13 bal topladığı
halda, bizim uşaqlar 24 bal topladılar.
Liseylərdə məktəblərdə oxuyan
uşaqlarımızın uğuruna
sevinirəm. Həmişə onlarla maraqlanıram.
Ən sıx əlaqə saxladığım 147 nömrəli
məktəbdir. Orda keçirilən
“Əlifba bayramı”nda
həmişə iştirak
edirəm. Əlifba teatrında
gözəl səhnəciklərlə
çıxış edən
bizim uşaqlardı.
Bu balaca aktyorlar
səhnəni necə
duyurlar, yaşayırlar–heyrət
eləyirsən.
Biz bağçada uşaqların
hərtərəfli inkişafına
ciddi əhəmiyyət
veririk. Onlar müxtəlif dilləri
öyrənirlər.
Görülən işlərin uğurlu
nəticələrini
də hiss edirik, görürük. Bir neçə il
bundan əvvəl gözlərində qüsurlar
olan uşaqlar üçün qruplar açdım. Tibbi avadanlıqlar gətirdim.
Respublikanın baş oftalmoloqunu
bu işə cəlb etdim. 12 nömrəli poliklinikadan
bağçaya həkim
təyin etdik. Uşaqlara yüksək dərəcədə
xidmət edirdik.
Böyük əziyyət bahasına mən onlara proqram da hazırladım. Bu sahədə
kitabım da var. O kitab üzərində nə az,
nə çox, düz iki il
çalışdım, çap
etdirdim. Sonda Uşaqlar az
olduğu üçün
qrup ləğv olundu.
Bizdə valideynlər arasında təbliğat, maarifləndirmə
işi zəif aparıldığından fiziki
cəhətdən qüsurlu
uşaqlarımızın çoxu
sağlam uşaqlarla bərabər, körpələr
evinə, bağçalara
gedə bilmirlər. Bu uşaqların kompleksdən,
sıxıntıdan xilas
yolu təhsil, tərbiyə müəssisələridir.
Mən işlədiyim
yerdə müdir kimi, tərbiyəçi kimi yox, ulu
öndərimiz Heydər
Əliyev kursunun davamçısı kimi çalışıram. Heydər Əliyev
nə deyirdi? Deyirdi ki, uşaqlar bizim gələcəyimizdir.
Onlar sağlam, gümrah, xoşbəxt böyüməlidirlər.
Biz də ulu öndərin bu sözlərini işimizdə
əsas tuturuq.
Bağçamızda heç bir uşaq müəssisəsində
olmayan unikal Heydər Əliyev muzeyi açmışıq. Orda ulu öndərlə bağlı
kitablar, sənədlər,
şəkillər, xatirələr
öz əksini tapıb.
Balalarımızla, körpələrimizlə bağlı
gördüyümüz işlər
dövlətmizin diqqətindən
kənarda qalmayıb.
Əvvəllər də, elə indinin özündə də heç vaxt imkan verməmişəm
ki, kimsə uşağına evdən
bir şey gətirsin. Sponsor yoluyla, şəxsi vəsaitim hesabına uşaqların
sağlamlığı, fiziki
tərbiyəsi üçün
əlimdən gələni
etmişəm. Bunu ona görə etmişəm ki, uşaqlar qayğıdan məhrum olmasınlar, sıxıntı
çəkməsinlər.
Prezident İlham Əliyevin bu yaxınlarda məmurların ərköyün
övladları ilə
bağlı iradları
məni də ciddi düşündürdü. Görünür uşaqların tərbiyəsi
ilə lap erkən vaxtlardan ciddi şəkildə məşğul
olmaq lazımdır.
Qrupların hamısında uşaqların
əqli inkişafı
üçün kompyuterlərimiz
var. Bağçamızda 2–3 yaşından başlayaraq
uşaqlar əməyə
alışdırılır. Qrupların hamısında
dibçəklərdə əkilmiş
müxtəlif güllər,
bəzək ağacları,
kolları var. Gündə
bir uşaq növbə ilə o çiçəkləri, gülləri
sulayır, onlara qulluq edir. Yaz vaxtında hər qrup öz balaca
əkin sahəsində
işləyir. Ləklərdəki bitkilərə qulluq edir. Bu əmək
tərbiyəsi uşaqlar,
körpələr üçün
çox gərəklidir.
İki, üç, dörd, beş
yaşında olan uşaq əməyə alışır, onda torpağa, ana təbiətə məhəbbət
hissi oyanır. Mən müşahidə edirəm,
uşaqlar bir ağacı əkəndə,
onu sulayanda, dibini belləyəndə necə sevinirlər.
Hər dəfə
rayona gedəndə çoxlu ağac, gül kolları, peyin, gübrə gətirirəm. Uşaqlar hamısı başıma
yığışır, birlikdə
o ağacları torpağa
basdırırıq, gübrələyirik,
sulayırıq. Əkib–becərdiyimiz ağacların bir çoxu artıq meyvə gətirib. Biz yayda, payızda
o meyvələri uşaqlarla
birlikdə yığırıq,
kompot hazırlayırıq,
şirə çəkirik.
Körpələrimizi ailəsinə, vətəninə
sevgi ruhunda böyüdürük, tərbiyə
edirik. Çünki ailəsini, atasını,
anasını, doğmalarını,
dostlarını sevməyən
insan heç vaxt vətəninin təəssübünü çəkməz.
O sevgiylə böyüyən
uşağın qəlbində
vətən həmişə
müqəddəs, bölünməz
olacaq.
Hər il 20 Yanvar
günü, Xocalı
şəhidlərinin və
1918–ci il mart qırğınları
şəhidlərinin anım
günləri bağçamızın
uşaqları qruplarla
Şəhidlər Xiyabanını,
Xocalı abidəsini ziyarət edirlər, bağçadakı şəhidlərə
həsr olunmuş eksponatların önünə
qərənfillər düzürlər.
Belə unudulmaz anlar uşaqların yaddaşında
əbədi həkk olunur.
Bu bizim hərbi vətənpərvərliklə bağlı birinci məşğələmiz olur. Uşaq əyani
şəkildə görür
və dərk edir ki, bizim
düşmənimiz kimdir
və əsgərlərimiz
vətən uğrunda
niyə şəhid olublar.
Mən Respublikanın
təhsil əlaçısıyam. Diplomlar, fəxri
fərmanlarla təltif
olunmuşam.
Bağçamız “İlin ən yaxşı təlim–tərbiyə
müəssisəsi” adını
qazanıb. İdman ilində, ekologiya
ilində yüksək
yer tutmuşuq, uşaqlarımız bir çox müsabiqələrin
qalibi olublar.
Balaca dostlarımız
indi qarşıdan gələn Novruz Bayramı karnavalına hazırlaşırlar.
Hər uşaq
bir dünyadı, bir möcüzədi. Onları sevmək,
qayğısını, nazını
çəkmək, sağlam
böyümələri üçün
çalışmaq mənim
gündəlik qayğılarımdı.
Özüm də anayam. Həyat yoldaşım
hüquqşünasdır. Sevinirəm ki, oğlumuzu Azərbaycana layiq övlad kimi böyütmüşük. Ay işığı iki nəvəm var. Onlar hər axşam yolumu gözləyirlər.
Mən xalqımızın
gələcəyi olan
övladlarımızın təlim və tərbiyəsi üçün
çalışdığım üçün özümü
xoşbəxt sayıram.
Söhbəti yazdı:
Zülfüqar ŞAHSEVƏNLİ
Respublika.- 2013.- 1 mart.- S.
15.