ERMƏNİLƏRİN AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI, SOYQIRIMLARI VƏ DEPORTASİYALAR

 

Dünyanın fövqəlgüc dövlətlərinin himayəsi altında olan “Şərq məsələsi” və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz təsir gücünü saxlamaqda, həm Türkiyə, həm də Azərbaycana yeniyeni problemlər doğurmaqdadır.

Hazırda neoimperialist mövzuda yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə, arxiv sənədlərinə deyil, müəyyən dairələrin maraqlarına və zərərli ideologiyaların təbliğatına əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin, o cümlədən də “erməni məsələsi”nin əsl mahiyyətini tarixi həqiqətlərə, arxiv sənədlərinə əsasən şərh etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan tarixşünaslığının əsas vəzifələrindəndir.

Tarix elmləri doktoru Ataxan Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqatı bu baxımdan çox əhəmiyyətlidir. Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırım və deportasiyaların real mənzərəsini göstərmişdir.

Bu kitab “erməni məsələsi”lə bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyat və arxiv sənədlərindən istifadə etməklə tutarlı cavab vermək baxımından təqdirəlayiqdir.

Mövzunun aktuallığını nəzərə alaraq əsəri oxuculara təqdim edirik.

 

Allahşükür QURBANOV,

“Respublika”.

 

(əvvəli 12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26 və 27 fevral tarixli saylarımızda)

 

Azərbaycan SSR kənd təsərrüfatı nazirinin 1954–cü il oktyabrın 14–də Azərbaycan KP MK–ya və Respublika Nazirlər Sovetinə göndərdiyi məktubunda göstərilirdi ki, 1948–1953–cü illərdə Ermənistan SSR–dən respublikanın Kür–Araz ovalığına 11.914 təsərrüfat (53.000 nəfər) köçürülmüşdür. Bu arayışda Kür–Araz ovalığının 18 rayonuna köçürülən ailələrin ayrı–ayrılıqda sayı, adamların sayı və iş qabiliyyətlərinin sayı da göstərilir.

Sənədlərdən göründüyü kimi, planlı surətdə KürAraz ovalığının ilan mələyən düzlərinə köçürülməkdən vahiməyə düşən bir çox azərbaycanlı ailələri tezliklə özləri Ermənistan SSR ərazisini kütləvi surətdə tərk edib, Azərbaycanın digər rayonlarına pənah gətirirdilər. Ermənistan SSR Basarkeçər rayonu Zod kəndinin sakini Bala Hacıyev 1948–ci ilin fevralında şəxsən Azərbaycan SSR Nazirlər Sovetinin sədri T.Quliyevin qəbulunda olmuşöz kəndliləri adından xahiş etmişdir ki, 100 ailənin Azərbaycanın Xanlar rayonuna köçməsinə icazə versin. Onların xahişi yerinə yetirilmiş və həmin 100 ailə Xanlar rayonuna köçmüşdür.

Həmin il aprelin 27–də Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin katibi Y.Yusifov Azərbaycan K(b)P Mərkəzi Komitəsinə məktub ilə birgə Ermənistan SSR Zəngibasar rayonu Elyas kəndindən kolxozçuların ümumi iclasının protokolunu da göndərir. 220 nəfər kolxoz üzvünün iştirakı ilə keçən iclas Naxçıvan MSSR rəhbər orqanlarına üz tutub bu kolxoza daxil olan 150 təsərrüfatı Naxçıvan Muxtar Respublikasında yerləşdirməyi xahiş edir. Kolxozçuların qəbul etdikləri qərarda deyilirdi: “Kolxozumuz varlı kolxozdur. Belə bir kolxozu kəndlərə dağıtmaq yaxşı deyil. Bütün kolxozun bir yerə köçməsi təsərrüfatımızın iqtidarını pozmazNoraşen rayonunun iqlimisuyu da bizə yaxındır. Orada tezliklə əkin əkə bilərik. Qoşqu qüvvəmiz və toxumumuz da var. Naxçıvan MSSR Ali Sovetindən və Nazirlər Sovetindən xahiş edilsin ki, bizim kolxozun üzvlərinin Noraşen rayonunun Şəngiley və Dərəkənd kəndlərinə köçməsinə icazə versinlər”.

Y.Yusifov AK(b)P MK–dan xahiş edir ki, həmin təsərrüfatların və əlavə 150 təsərrüfatın da (cəmi 300 təsərrüfat) Noraşen rayonunda qəbuluna icazə verilsin.

1949–cu ilin sentyabrında Sisyan rayonunun Şəki kəndinin kolxozçuları da Azərbaycan SSR Nazirlər Sovetinə göndərdikləri ərizədə onlara Naxçıvan MSSR–in Şahbuz rayonuna köçməyə icazə verilməsini xahiş edirlər. Elə həmin vaxt Ermənistan SSR Axta rayonu S.Ağamalıoğlu adına kolxozun üzvləri də Respublika Nazirlər Sovetindən Azərbaycan SSR–ə köçməyə icazə verilməsini xahiş edirlər. Bu ərizələrə cavab olaraq Respublika Köçürmə İdarəsi bildirir ki, Şahbuz rayonu KürAraz ovalığına daxil olmadığı üçün Şəki kəndinin sakinləri oraya dövlət tərəfindən mütəşəkkil şəkildə köçürülə bilməzlər. Axta rayonu S.Ağamalıoğlu kolxozunun sakinlərini isə KürAraz ovalığında istədikləri yerə köçürmək imkanı var.

1949–cu il noyabrın 23–də Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri A.Məmmədov Ermənistan SSR Nazirlər Sovetinin sədri S.Karapetyana bildirirdi ki, 1948–1949–cu illərdə təkcə Vedi rayonundan 700–dən yuxarı azərbaycanlı təsərrüfatı özbaşına Azərbaycanın müxtəlif rayonlarına köçmüşlər. O yazırdı ki, təkcə son beş gündə əlavə 75 təsərrüfat da Vedini tərk edərək özbaşına Azərbaycana getmişbu cür gedənlərin sayı gündən–günə artmaqdadır. 1948–ci ildə KürAraz ovalığına daxil olmayan Gədəbəy, Qazax, Şamxor, Səfərəliyev, Kirovabad, Xanlar, Quba, Dəstəfur, Bakının Maştağa kəndinə və Əzizbəyov rayonlarına köçürülmüş əhali üçün SSRİ Nazirlər Sovetinin 1947–ci il 23 dekabr tarixli qərarında nəzərdə tutulan güzəştli şərtlərdən istifadə haqqında Azərbaycan SSR Nazirlər Sovetinin xahişinə baxmayaraq, İttifaq hökuməti buna razılıq verməmişdir. Bu da həmin rayonlara köçürülmüş əhalinin həyat şəraitini daha dözülməz etmişdir.

Köçürmə İdarəsinin arayışında özünün geniş əksini tapmış məlumatlarda bildirilirdi ki, idarənin nümayəndələrinin Ermənistan SSR–də gəzib müşahidə etdiyi bir neçə rayonda təkcə 1948–1950–ci illərdə 1000–dən yuxarı azərbaycanlı ailəsinin özbaşına Azərbaycanın müxtəlif rayonlarına köçürdüyünü müəyyənləşdirmişdi. Fikrimizcə, bütün bunlar nəzərə alınarsa, şübhəsizdir ki, 1948–1953– illərdə Ermənistan SSR–dən 100 mindən yuxarı azərbaycanlı Azərbaycana köçürülmüşya köçməyə məcbur olunmuşdur.

Mövzu ilə bağlı bir vacib məsələnin üzərində xüsusi dayanmaq istərdik. Əgər o zaman Ermənistan SSR–in dağlıq rayonlarından köçürülən azərbaycanlı əhali təbii şəraiti gəldikləri rayonların təbii şəraitinə tam uyğun olan Dağlıq Qarabağda yerləşdirilsəydi, bu daha insaflı və ədalətli olardı. Lakin bu belə olmadı. Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinin nümayəndəsi Əbdürrəhmanovun və başqalarının Ermənistan SSR–dən Dağlıq Qarabağın Martuni rayonunun üç kəndinə köçürülmüş azərbaycanlı əhali haqqında 1949–cu il yanvarın 15–də aparılmış yoxlamanın nəticələri, həmən azərbaycanlıların başına açılmış müsibətlər və son nəticədə isə onlarında Dağlıq Qarabağdan qovulduğu barədə ətraflı məlumat verilir.

Nəticədə 1949–1953– illərdə Ermənistan SSR–dən köçürülən bir nəfər də olsun azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamış, əksinə, daxili köçürmə adı ilə 1949–cu ildə Dağlıq Qarabağdan 132 ailə, 549 nəfər azərbaycanlı Azərbaycan SSR–in Xanlar rayonuna köçürülmüşdür. Beləliklə də, “böyük Ermənistan” üçün ərazilər boşaldılması işi düşünülmüş şəkildə və planlı surətdə davam etdirilmişdir. Arxivdə saxlanılan bir tarixi sənəd qatı şovinist, millətçilik azarına tutulmuş Ermənistan rəhbərlərinin üzünü əyani şəkildə açaraq ifşa edir. Bu 1954– ilin aprelində Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini Möhsün Poladovun Ermənistan SSR–ə ezamiyyətdən sonra Respublika Nazirlər Soveti sədrinə yazdığı məlumatdır. 1949–cu ildə Ermənistan SSR Nazirlər Sovetinin sədri S.Karapetyanın qeyriqanuni göstərişi ilə Ləmbəli kəndindəki azərbaycanlılar yaşayan kolxoz ləğv olunur. Çox əlverişli təbii şəraiti olan bu kənddə subtropik bitkilər sovxozu yaratmaq bəhanəsi ilə oradakı 225 azərbaycanlı ailəsi zorla qovulur. 1949–cu il dekabrın qarlı–şaxtalı günlərində Ləmbəlidən qovulmuş azərbaycanlı əhali Gürcüstan SSR–in azərbaycanlılar yaşayan kəndlərinə pənah gətirirlər. Lakin bir neçə gün sonra buradan da Gürcüstan SSR hakimiyyət orqanlarının göstərişi ilə onlar həmin ərazilərdən zorla çıxarılırlar. Öz yerlərinə qayıtmaq istəyən ləmbəlilər S.Karapetyanın göstərişi ilə Ləmbəliyə buraxılmayaraq, Basarkeçər rayonuna göndərilirlər. Ləmbəlilərin evləri isə bura köçürülən erməni ailələri arasında paylanır. XX əsrdə dəfələrlə azərbaycanlı əhaliyə qarşı görünməmiş vəhşiliklər törədən erməni vandalları Ləmbəlidəki azərbaycanlı qəbiristanlıqlarını da yerlə–yeksan edərək oranın daşlarından yeni binaların tikintisində istifadə edirlər.

Azərbaycan SSR rəhbərliyi tərəfindən heç bir kömək gözləməyən ləmbəlilər üç ay sonra Basarkeçərdən geri qayıdaraq Ermənistanla Gürcüstan sərhədində, Ləmbəliyə yaxın bir yerdə özlərinə yeraltı dəyələr quraraq yaşayırlar. 1954– ilin əvvəllərinə qədər onlar beləcə məşəqqətli ömür sürür, lakin bu ədalətsizliklə barışmırlar. Stalinin ölümündən sonra ləmbəlilər Moskvaya, SSRİ Nazirlər Sovetinin yeni sədri G.M.Malenkova dalbadal məktub, ərizə və teleqramlarla müraciət edərək zorla əllərindən alınmış evlərinin geri qaytarılmasını tələb edirlər. Beləliklə, 4 ildən yuxarı davam edən gərgin mübarizə nəticəsində ləmbəlilər qalib gələrək öz kəndlərinə qayıdırlar.

Təəssüflər olsun ki, Ermənistanda azərbaycanlılar min bəhanələrlə sıxışdırılıb, təhqir edilib və alçaldılaraq qovulduqları bir vaxtda Azərbaycanda erməni millətindən olan şəxslərin respublika həyatının bütün sahələrində geniş əl–qol açmaları üçün hər cür şərait yaradılmışdı. İllər boyu Azərbaycanda ermənilər bütün səviyyələrdən olan rəsmi hökumət və ictimai vəzifələrdə genbol təmsil olunmuşlar. Onlar Azərbaycan KP MK və Bakı Komitəsinin katibləri (hətta birinci katibləri), Azərbaycan Mərkəzi İcraiyyə komitəsi, Ali Soveti, Xalq Komissarları Soveti, Nazirlər Sovetində müavin, şöbə müdirləri, nazir, komitə sədrləri, idarə rəhbərləri və başqa mühüm vəzifələrdə işləmişlər. Bütün bunlar onun nəticəsidir ki, Sovet hakimiyyətinin ilk illərindən Azərbaycan rəhbərliyi tərəfindən ermənilərin bütün hərəkətlərinə göz yumulub, onların qarşısını almaq üçün heç bir ciddi tədbir görülməmiş, SSRİ rəhbərliyi tərəfindən isə ermənilərə lazımi şərait yaradılmışdır.

Bütün bu biganəliklərə, unutqanlığa öz münasibətini bildirən ulu öndərimiz Heydər Əliyev 1948–1953– illərdəki deportasiya ilə bağlı məsələdən bəhs edərkən demişdi: “Bəli, həmin bu 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, təcavüzlərin qarşısı alına bilsin”.

 

***

 

ERMƏNİSTAN SSR–də MİLLƏTÇİLİK HƏRƏKATININ GÜCLƏNMƏSİ,

DAĞLIQ QARABAĞ HADİSƏLƏRİNİN BAŞLANMASI, SSRİ–nin DAĞILMASI. AZƏRBAYCANLILARIN ERMƏNİSTAN SSR–dən ZORLA QOVULMASİ

a) 1960–1970–ci illərdə Ermənistan SSR–də millətçilik hərəkatının güclənməsi.

1948–1953– illərdə azərbaycanlıların Ermənistan SSR–dən deportasiyasından sonra ermənilər həmin ərazilərdə qalan azərbaycanlıların da köçürülməsi, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi sahəsində fəaliyyətlərini gizli və açıq şəkildə daim təbliğ edir, bunun üçün yollar axtarırdılar. N.S. Xruşşovun hakimiyyəti illərində Ermənistan SSR–də yaşayan azərbaycanlılara qarşı münasibət müəyyən qədər səngisə də bu sakitlik uzun sürmür.

 

(davamı növbəti saylarımızda)

 

 

Respublika.- 2013.- 1 mart.- S. 14.