Xocalı
soyqırımı: insanlığa qarşı cinayət
Yuri Poleneyev “Qarabağ qan girdabında” kitabında ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımını haqlı olaraq bəşəri nöqteyi–nəzərdən qiymətləndirərək qeyd etmişdir ki, Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992–ci il fevralın 25–dən 26–na keçən gecə Xocalı şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı.
Son iki yüzillik tarixə nəzər salsaq, xalqımızın müxtəlif dövrlərdə erməni terror dəstələri tərəfindən soyqırıma məruz qaldığı, daim etnik mənsubiyyətinə görə təqib olunduğu aydın şəkildə görünür. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişdə yaşadığı hadisələrin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş, nəticədə uzun illər təhrif edilərək qadağan olunmuş həqiqətlər üzə çıxmış, həmin həqiqətlərə hüquqi və siyasi qiymət verilmişdir. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımlar da tarixin açılmamış səhifələrindən biridir.
Ötən əsrin 80–cı illərin ortalarından başlayaraq daha da güclənən antiazərbaycan təbliğatı 1988–ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin hüquqi və siyasi aspektlərinin yaradılması məqsədilə SSRİ dövləti tərəfindən SSRİ–nin və Azərbaycan SSR–in konstitusiyalarının ziddinə olan qərarlar qəbul edilmişdir. Bu qərarlardan ruhlanan ermənilər konfliktin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına nail olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR–in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri–konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşılamışdır. Məhz elə bunun nəticəsi olaraq 1990–cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə həmin dövrdə SSRİ–nin birinci və sonuncu prezidenti olan ermənipərəst M.S.Qorbaçovun antikonstitusion göstərişinə əsasən ölkəmizin paytaxtı Bakı şəhərinə xaincəsinə SSRİ Müdafiə Nazirliyinin və Daxili Qoşunların çoxsaylı əsgərləri yeridilmiş, bu barədə əvvəlcədən Bakı əhalisi xəbərdar edilməmiş, Azərbaycan xalqına qarşı növbəti soyqırım aktı törədilərək yüzlərlə azərbaycanlı məhv və ya şikəst edilmiş, digər fiziki təzyiqlərə məruz qalmışdır. Bunun məntiqi davamı kimi 1992–ci il fevral ayının 25–dən 26–na keçən gecə Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağın erməni əsilli separatçı–terror dəstələri keçmiş SSRİ–nin Xankəndidə yerləşən 366–cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı misli görünməmiş Xocalı soyqırımını törətmişlər. Ermənilərin Xocalı əhalisinə vəhşicəsinə divan tutması nəticəsində 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin —qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmış, 150 nəfərin taleyi hələ də naməlum qalmışdır. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuş, 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 56 nəfər isə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilərək diri–diri yandırılmış, başları kəsilmiş, başlarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarnı yarılmış, bətindən çıxarılan uşaqlar isə məhv edilmişdir. SSRİ dövlətinin himayədarlığı ilə erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən bu kütləvi və amansız insan qırğını Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsini, ərazi bütövlüyünü hədəfə almış, məqsədyönlü, irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla, ağlasığmaz qəddarlığı və qeyri–insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır. Min illərlə formalaşmış mənəvi–dini dəyərlərə, hərb mədəniyyətinə və əxlaqına zidd olan, dinc əhalinin məhvinə yönəldilmiş Xocalı soyqırımı ötən əsrin sonlarında bəşəriyyətin ən dəhşətli faciəsidir. Xocalı hadisəsinin əks–sədası tarix boyu xalqların və insanların hüznlə anacağı soyqırım aktıdır. Həmçinin Xocalı faciəsi erməni millətçilərinin xalqımıza qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.
BMT Baş Məclisinin 1946–cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində də qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT –nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948–ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2–ci bəndində göstərilən şərtlər də Xocalı faciəsinin məhz ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırım faktı olduğunu göstərir. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər Xocalıda tətbiq olunmuşdur. Həmin beynəlxalq sənəddə göstərilir ki, hər hansı milli, etnik, yaxud dini qrupun tam və ya qismən məhv edilməsilə törədilən bir sıra hərəkətlər genosid cinayətinin mahiyyətini təşkil edir. Bu hərəkətlər—həmin qrupun üzvlərinin öldürülməsi, ağır bədən xəsarətinin, onların fiziki məhvinə səbəb olan həyat şəraitinin yaradılması, uşaqların zorla bir insan qrupundan alınıb başqalarına verilməsi törədilmiş cinayətin soyqırımı kimi tövsif edilməsinə əsas verir.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, onların şərəf və ləyaqəti tapdanmışdır. Xocalının zəbt olunması zamanı dinc azərbaycanlı sakinlərə qarşı ağlasığmaz vəhşilik törədən ermənilər Cenevrə Konvensiyasının, “İnsan hüquqları haqqında ümumi bəyannamənin” 2, 3, 5, 9 və 17–ci maddələrinin, “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında” Konvensiyanın, “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tələblərini kobud surətdə pozmuşlar.
Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev 1 mart 1994–cü ildə Xocalı soyqırımı haqqında xüsusi fərman və 25 fevral 1997–ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzalamış, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Pakistan, Meksika, Kolumbiya və Rumıniya kimi dövlətlər isə Xocalı faciəsini soyqırım kimi tanımışdır.
Şərh edilənlər ölkəmizin hər
bir vətəndaşına əsas verir ki, xalqımıza
qarşı ermənilər tərəfindən törədilmiş
soyqırımları daim dünya
ictimaiyyətinə çatdırmaq üçün
əlimizdən gələni əsirgəməyək. Ermənilər tərəfindən Azərbaycan
xalqına qarşı son iki
yüz ildə mərhələlərlə
həyata keçirilən soyqırımların, eləcə
də bəşəriyyətin gözü
qarşısında baş verən
Xocalı və digər soyqırımların beynəlxalq arenada dünya dövlətləri
tərəfindən tanınması istiqamətində ölkə
Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə aparılan işdə
yaxından iştirak etmək vətənpərvərlik
borcumuzdur.
Tural Nəbiyev,
Masallı rayon prokurorunun köməkçisi.
Respublika.- 2013.- 1 mart.- S.
14.