Nəticələr
uğurlu perspektivlərdən xəbər verir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsas emal sahələrindən biri olan Qaz Emalı Zavodu təbii qazın qaz kondensatının yüngül karbohidrogenlərin geniş funksiyasının habelə digər malların istehsalını həyata keçirir.
2012–ci il ərzində “Azneft” İB tərəfindən Qaz Emalı Zavoduna emal məqsədi ilə 3 997 254 246 kubmetr təbii qaz verilmişdir. Hesabat ilində təhvil verilmiş təmizlənmiş qazın həcmi 3 915 246 923 kubmetr olmuşdur. Texnoloji prosesin aparılmasında sərf edilən yanacaq qazının həcmi hər 1000 kubmetr xam qazın emalı üçün 9,53 kubmetr plan səviyyəsi ilə müqayisədə artaraq 12,04 kubmetr təşkil etmişdir.
Qaz Emalı Zavoduna emala verilən təbii qazın tərkibindən S5+ karbohidrogenlərin maksimum miqdarında çıxarılmasının təmin olunması məqsədilə, 2012–ci ilin avqust ayından etibarən zavodun QBAQ–larında təbii qazın emalı prosesinin aparılmasında absorbsiya faktoru emala verilən təbii qazın tərkibindən S5+ komponentlərin maksimum çıxarılmasına qurulmuşdur və bu istiqamətdə QBAQ–ların texnoloji rejimlərində müvafiq dəyişikliklər aparılmışdır. Bununla əlaqədar olaraq, təbii qazın emalı nəticəsində istehsal edilən qaz benzininin (naftanın) çıxım faizi artmışdır.
2012–ci ildə emala daxil olan qazda S3+ komponentlərin kütlə faizi 6,105 faiz təşkil etmişdir ki, bu da təqribən 181221 ton deməkdir. Hesabat dövrü ərzində təbii qazdan qeyri sabit qaz benzininin çıxım faizi, 1,752 küt. faiz olmuşdur. 2012–ci ildə zavoda daxil olan xam qazın emalından 52003 ton qeyri–sabit qaz benzini istehsal edilmişdir ki, bu da emala daxil olan qazın tərkibindəki S3+ komponentlərin 28,7 faizinə bərabərdir. Hesabat ilində emala 51680,358 ton qeyri sabit qaz benzini verilmişdir. İstehsal edilmiş texniki butan və qaz benzinin illik miqdarı müvafiq olaraq 23108,333 və 28070,375 ton təşkil etmişdir.
Ötən il ərzində “Azneft” İB ilə Qaz Emalı Zavodu arasında bağlanılmış xidmət, komissiya və ticarət agenti müqavilələri çərçivəsində 23094,892 ton texniki butan və 26941,155 ton qaz benzini (nafta) yüklənilmişdir. İstehsal edilmiş texniki butanın 50 faizi və ya 11550,242 tonu daxili, 11544,65 tonu isə xarici bazarda satılmaq üçün yüklənmişdir. 2012 –ci ildə təkrar emal məqsədi ilə “Azərikimya” İB–yə 26941,155 ton qaz benzini (nafta) göndərilmişdir.
2012 –ci ildə orta gündəlik emal məhsuldarlığı 10905,454 min kubmetr təbii qaz olmuşdur. İl ərzində 1 nömrəli qurğu 334 gün, 2 nömrəli qurğu 336 gün, 3 nömrəli qurğu 277 gün, 4 nömrəli qurğu 292 gün, 5 nömrəli qurğu 36 gün istismarda olmuşdur. Hesabat dövründə 1 nömrəli qurğu 28 gün, 2 nömrəli qurğu 29 gün, 3 nömrəli qurğu 89 gün, 4 nömrəli qurğu 73 gün, 5 nömrəli qurğu 30 gün təmirə dayanmışdır. Digər boşdayanma halları 12 qurğu/gün təşkil etmişdir.
2012–ci il ərzində zavodun texnoloji qurğuları, əmtəə parkı və aralıq əmtəə parkı, təmizləyici qurğular və məşəl təsərrüfatı sahələri, onlar üçün təsdiq olunmuş texnoloji xəritələrə uyğun normal texnoloji rejimdə işləmişlər. Texnoloji xəritələrdən kənarlaşmalar olmamışdır. 2012 –ci il ərzində təbii qazın emalı prosesində 2685,298 ton absorbent istehsalata verilmişdir. Absorbent kimi QBAQ–larda ortadövrlü və azdövrlü dizellər üçün DT markalı mühərrik yanacağı (OKP 02 5221 0101), Ortadövrlü və azdövrlü dizellər üçün A markalı motor yanacağı (OKP 02 5221 0100), ağır benzin, maye qaz çöküntüsü (kondensat) istifadə olunmuşdur.
2012 –ci ildə Kapital qoyuluşu proqramı üzrə “Qaz Emalı Zavodunun soyutma sistemini su ilə təchiz etmək üçün nasosxana tikinti”si, “Qaz Emalı Zavodunda məşəl sisteminin yenidən qurulması” və “Qaz Emalı Zavodundan təhvil verilən təmizlənmiş qazın tərkibindən S5+ maye karbohidrogen buxarlarının tutulması üçün 3 ədəd separatorun quraşdırılması” obyekti üzrə işlər yerinə yetirilmişdir.
Zavodda təbii qazın emalı prosesində istehsal olunan təmizlənmiş təbii qazın keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq zavoddan təhvil verilən təmizlənmiş təbii qazın tərkibindən S5+ maye karbohidrogen buxarlarının tutulması məqsədilə “Qaz Emalı Zavodundan təhvil verilən təmizlənmiş qazın tərkibindən S5+ maye karbohidrogen buxarlarının tutulması üçün separasiya qovşağının quraşdırılması”na aid texniki şərtlərdə ilkin məlumatlara əsasən “Qaz Emalı Zavodundan təhvil verilən təmizlənmiş qazın tərkibindən S5+ maye karbohidrogen buxarlarının tutulması üçün 3 ədəd separatorun quraşdırılması” obyektinin layihə smeta sənədləri “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb zavoda təhvil verilmiş və Qaz Emalı Zavodunun müvafiq sahə mütəxəssisləri tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir. Magistral qaz xəttinə verilən əmtəə qazına göstərilən ciddi tələblər və həmçinin istehsal olunan yanacaq qazının keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, magistral qaz xəttinə verilən qazın tərkibindən S5+ maye karbohidrogen buxarlarının tutulması zərurəti yarandığından qazın separasiya qovşağı layihələndirilmiş və həmin qovşaqda xüsusi ayrıcı elementlərlə təchiz olunmuş 3 ədəd separatorlar quraşdırılmışdır. 2012–ci ildə “Qaz Emalı Zavodunda məşəl sisteminin yenidən qurulması” obyektinin istismara verilməsi üçün sazlama –buraxılış və qazın yeni quraşdırılmış xəttə qoşulması işləri qalmışdır.
“Qaz Emalı Zavodunun soyutma sistemini su ilə təchiz etmək üçün nasosxana tikintisi” obyektinin layihələndirilməsində məqsəd AR Nazirlər Kabinetinin tapşırığı ilə Qaz Emalı Zavodunun “Sahil” dəniz su nasosxanasının təcili olaraq yeni əraziyə köçürülməsindən ibarətdir. Yeni tikilən nasosxanadan yeni yüksək təzyiqli su boru kəmərinin, suyu qəbul etmək üçün 2,7 km uzunluğunda su altı D=720×12 mm–lik boru kəmərinin çəkilməsi nəzərdə tutulur. Sualtı boru kəmərinin başlanğıcında metalkonstruksiyadan xüsusi çətir tipli başlıq quraşdırılacaqdır. Layihənin yerinə yetirilməsinə 2012–ci ilin may ayından başlanmışdır. 2012 –ci il ərzində nasosxana binasının tikinti meydançası S=100×40 m olmaqla və Bakı–Salyan şosesindən dənizə daxil olmaqla eni 7 m olmaqla 431 m uzunluğunda yol hazırlanmışdır.
Ötən il müəssisədə əmək şəraitinin yaxşılaşdırılmasına, texniki təhlükəsizlik qaydalarına nəzarətin artırılmasına, avadanlıqların qəzasız və təhlükəsiz işləməsinə, bütün texniki təhlükəsizlik işlərinin “Vahid sistemin” tələblərinə uyğun qurulmasına, istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulmasına ciddi fikir verilmişdir. Tərtib olunmuş tədbirlər planına uyğun olaraq iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər tam həcmdə yerinə yetirilmişdir.
2012 –ci ildə müəssisədə işləyən 13 rəhbər işçi və 49 mütəxəssis müxtəlif ixtisasartırma kurslarına göndərilmişdir. Onlardan bəziləri TS EN İSO ONSAS 18001 ƏMTT standartı, TS EN İSO 14001 ətraf mühitin mühafizəsi standartı, İSO 9001 keyfiyyəti idarəetmə standartı və s. maarifləndirmə kurslarında iştirak edərək beynəlxalq sertifikatlara layiq görülmüşdür. Bundan əlavə fəhlə işçilərdən 28 nəfər peşə hazırlığı keçmiş, onlardan 7 nəfərinə ikinci peşə öyrədilmiş, 21 nəfəri yenidən hazırlanmışdır. Yenidən hazırlanan işçilərdən 11 nəfərin tarif dərəcəsi artırılmışdır.
Zavodda əməyin təşkili və ödənilməsi sahəsində bütün işlər Azərbaycan Respublikası Əmək Məcəlləsinə, əməyin ödənilməsi normalarını, qayda və şərtlərini tənzimləyən digər qanunvericilik aktlarına və 01.10.2007 –ci il tarixdən tətbiq edilən “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”yə və ona edilmiş dəyişikliklərin tələblərinə uyğun aparılmışdır.
İşlərin tarifləşdirilməsi, işçilərin peşə və vəzifə adlarının, o cümlədən ixtisas dərəcələrinin müəyyən edilməsi və əmək müqavilələrində işçilərin əmək funksiyalarının müəyyənləşdirilməsi qüvvədə olan Vahid Tarif İxtisas Sorğu kitablarına ciddi riayət edilməklə aparılmışdır.
Bu gün müəssisəmiz öz
inkişafının yeni bir mərhələsini
yaşayır. 2013 –cü ildə də ARDNŞ tərəfindən
qarşıya qoyulan məsul və şərəfli vəzifələri
ləyaqətlə yerinə yetirəcək, yeni neft
strategiyasına layiqli töhfələr verəcəyik.
Aqşin Paşayev,
ARDNŞ–in Qaz Emalı
Zavodunun direktoru.
Respublika.- 2013.- 1 mart.- S. 13.