Nümunəvi xidmət üçün hər cür şərait var

 

Keçən ilin son günlərində Kürdəmir sakinləri gözəl hədiyyə almışlar. Mərkəzi rayon Xəstəxanasında 2010–cu ildən aparılan əsaslı təmir işləri başa çatdırılmışdır. Yüksək keyfiyyətli təmir işlərindən sonra müalicə ocağı sözün əsl mənasında öz görkəmini tamamilə dəyişmişdir. İşıqlı və rahat palatalar, müxtəlif şöbələr ən müasir avadanlıqlarla təmin olunmuş, nümunəvi xidmət üçün hər cür şərait yaradılmışdır.

Xəstəxananın baş həkimi Zahid Əhmədovla söhbət əsnasında öyrənirik ki, əsaslı təmirdən sonra müalicə ocağının təntənəli açılışı olmuşdur. Açılışda rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, qonşu bölgələrdən gəlmiş qonaqlar da iştirak etmişlər. Respublika səhiyyə naziri Oqtay Şirəliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev rayon sakinlərini tam yenilənmiş müasir görkəmli xəstəxananın istifadəyə verilməsi münasibətilə təbrik etmişlər. Baş həkim deyir:

– Müalicə ocağı 14 şöbədən ibarətdir. Böyük kollektivimiz var. Burada 472 nəfər işçi çalışır. Ən əsası odur ki, uzun illər boyu bir çox xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımız Kürdəmirdə müalicə olunmaq imkanı qazanmışlar. Məsələn, böyrək xəstəliyinə tutulan insanlar üçün 5 çarpayılıq yeni hemodializ şöbəsi yaradılmışdır. Şöbə hazırda xəstələrin ixtiyarındadır. Bununla yanaşı, doğum, reanimasiya, cərrahi şöbələrdə nümunəvi tibbi xidmət üçün yüksək səviyyədə şəraitimiz vardır. Doğum şöbəsində 3 çarpayılıq intensiv terapiya palatası yaradılmışdır. Yeni doğulmuşlar üçün qızdırıcı süni tələffüz aparatı, doğuş otağında vakuum aspiratoru, süni tənəffüs aparatı, baxış otağında doğuş kreslosu, infuziya aparatı, digər avadanlıqlar yerləşdirilmişdir. Reanimasiya şöbəsində isə 12 çarpayılıq intensiv terapiya palatası müasir aparatlarla təmin olunmuşdur. Süni tənəffüs, infuziya aparatı, hər çarpayının yanında kardiomonitor, digər aparatlar müalicənin səmərəliliyini artırmağa imkan yaradır.

Cərrahi şöbədə eyni vaxtda iki əməliyyat aparmaq imkanımız var. Bundan ötrü şöbədə cərrahi blok yaradılmışdır. Bu şöbə də ən müasir aparatlarla təchiz edilmişdir. Ginekoloji şöbədə kiçik əməliyyat otağı yaradılmışdır. Diş kabinetində stomatoloji kreslo, göz həkimi üçün müasir oftolmoskop aparatı, kardioloji kabinet üçün üç kanallı EKQ aparatı, yeni ultrasəs aparatı və sair aparatlar yerləşdirilmiş, kliniki və biokimyəvi laboratoriya bütün avadanlıqlarla təmin olunmuşdur. Fizioterapiyarentgen kabinetləri də müasir tələblərə cavab verir.

Yeri gəlmişkən deyim ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. İndi müalicə ocağına gələnlər xəstəxanada yaradılmış yüksək səviyyəli şəraitdən razı qaldıqlarını bildirirlər. Bütün şöbələr bərk və yumşaq inventarlarla, kompyuterlərlə təmin olunmuşdur. Daimi suistilik insanları razı salır. Qazanxana və mətbəx normal işləyir. Kollektivimiz qayğı və diqqətdən ruhlanaraq əhaliyə səhiyyə xidmətinin səviyyəsini yüksəltmək üçün öz bilik və bacarığından maksimum istifadə etməyə çalışır.

 

 

Hazırladı: Tofiq HÜSEYN

 

Respublika.- 2013.- 1 mart.- S. 13.