Bu yerlərin əvəzsiz sərvəti

 

Meşələr həyat mənbəyidir

 

Meşələr unikal turizm məkanı olan Qusarın şöhrəti, onun qiymətli sərvətidir. Qusarçay, Samurçay, Sudurçay vadiləri boyu uzanıb gedən məşhur Şahnabat, Lar, Qazanbulaq, Həzrə, Tahircal meşələri öz füsunkarlığı ilə insanı valeh edir. Bəs bu əvəzsiz sərvətin qorunması və artırılması istiqamətində rayondakimi işlər görülür? Meşələr necə bərpa olunur? Həmsöhbətimiz Qusar meşə mühafizəsi və bərpası müəssisəsinin direktor əvəzi Rafiq İskəndərovdur. O deyir:

Rayonumuzda meşələrin ümumi sahəsi 22.500 hektardır. Bu da rayon ərazisinin 16 faizini təşkil edir. Bir neçə meşəbəyiliyə bölünmüş bu ərazi meşə işçiləri tərəfindən göz bəbəyi kimi qorunur. Sevindirici haldır ki, əvvəlki illərdən fərqli olaraq adamlar meşə qırmağa qətiyyən meyilli deyillər. Bunun bir neçə səbəbi var. Ən əsas səbəb odur ki, son illər rayonumuzda sürətli qazlaşma prosesi gedir. Bir çox kəndlərimizdə indi mavi alov şölələnir. Qusarın ən böyük ərazilərindən olan Hil, İmamqulukənd, Xuray, Şirvanovka kimi böyük yaşayış məntəqələrinə qaz xətti çəkilmişdir. Çox az yerdə yanacaq kimi odundan istifadə olunur. Dövlət Proqramına uyğun olaraq 2013–cü ildə rayonumuzda da bütün iri yaşayış məntəqələrinin qazlaşdırılması nəzərdə tutulmuşdur.

Digər bir səbəb isə tikinti malları mağazalarında kifayət qədər hər cür taxta materialının olmasıdır. Təsəvvür edin ki, vətəndaşa sənəd alıb meşədən tikinti materialı gətirmək qətiyyən sərfəli deyildir. Ona mağazadan aldığı hazır taxta qat–qat ucuz əziyyətsiz başa gəlir. Odur ki, heç kəs meşəni qırmağa cəhd göstərmir.

Başqa bir səbəb isə Qusar meşələrinin çox hissəsində turizm obyektlərinin yerləşməsidir. Turizmlə məşğul olan sahibkarlar çalışırlar ki, ətrafdakı meşələrə toxunan olmasın. Hətta adi vətəndaşlar, turistlər meşənin qorunması qeydinə qalırlar. Turizm obyektinin mənzərəli, meşə kənarında yerləşməsi əsas şərtdir. Meşəyə bizdən başqa da nəzarət edən orqanlar vardır. Bir sözlə, meşələr hamınındır, onu hamı qoruyur.

Təlimata uyğun olaraq hər il meşələrdə sanitar qırıntı işləri aparırıq. Bu qırıntı əsasən odun yanacağı kimi istifadə olunaraq rayonun təhsil, səhiyyə, mədəni maarif müəssisələrinə əhaliyə satılır. İldə təxminən 3 min kubmetr belə qırıntı olur.

Müəssisəmizin kollektivi hər il ən azı 70 hektar sahədə meşə zolaqları salır. Bu ilin yazında 30 hektar meşə salmağa hazırlaşırıq. Payızda isə daha çox — 40 hektar da ağac əkəcəyik. Təsərrüfatımızda bu gün 520 min ədəd hazır meşə tingi vardır. Bir azdan həmin tinglər sahələrə köçürüləcəkdir. Yaz meşə əkini işlərinə artıq başlamışıq. Bunun üçün vaxtında kifayət qədər toxum tədarük etmişik. Hazırda işçilərimiz toxum səpini ilə məşğuldur. Bu günə kimi 0,25 hektara toxum səpilmişdir. Bir hektar böyütmə sahəsində vəziyyət yaxşıdır. Bundan başqa, bir hektarda fidanlıq salmışıq. Burada ən çox sərv, adi şam, tuya, Eldar şamı, göyrüş, ağcaqayın, qoz, cökə, şabalıd kimi qiymətli həmişəyaşıl, iynəyarpaqlı enliyarpaqlı ağaclar əkmişik. Ümumiyyətlə, tinglik təsərrüfatlarında 25–30 adda müxtəlif ağac cinsi yetişdiririk. Çalışırıq ki, meşələri qorumaqla bərabər onları bərpa edib artıraq.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2013.- 1 mart.- S. 13.