Statistik metaməlumatlar sisteminin yaradılması və inkişafı əsas məqsədlərdəndir

 

Qloballaşan dövrdə statistik məlumatların hazırlanması prosesi, o cümlədən məlumatların hazırlanmasında tətbiq olunan texnologiyalar, metod və üsullar, təsnifatlar və s. məsələlər müasir istifadəçidə ciddi maraq doğurur. Hətta bir sıra hallarda istifadəçilər məlumatın özündən daha çox onun formalaşması xüsusiyyətlərinə diqqət yetirirlər. İstifadə etdikləri məlumatların keyfiyyətinə tam əmin olmaq üçün “statistik məlumat haqqında məlumat”, yəni metaməlumat əldə etmək istəyirlər.

 

Dünyanın qabaqcıl ölkələrinin statistika təşkilatları istifadəçilərin bu mövzuda tələb və maraqlarına diqqətlə yanaşır, onların gələcəkdə daha da artacağını bilir və öz fəaliyyətlərinin planlaşdırılmasında yeni çağırışları vaxtında nəzərə alırlar. Çağırışların nəzərə alınması dedikdə, yalnız bu tip sorğulara hazır olmaq deyil, həmçinin prosesin və sistemin mütəşəkkil təşkili və davamlı şəkildə səmərəli aparılması başa düşülməlidir. Məsələyə daha diqqətlə yanaşdıqda, bu işin təşkilinin istifadəçilərlə müqayisədə statistika orqanlarının özlərinə daha çox lazım olduğunu müəyyən etmək elə də çətin deyil. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 21 dekabr tarixli 2621 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2013–2017–ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda metaməlumatlar sisteminin yaradılması Dövlət Statistika Komitəsinin qarşısında tapşırıq kimi qoyulmuşdur.

Metaməlumatlar ifadəsi ölkə təcrübəsində yeni olduğuna görə, bir sıra hallarda istifadəçilər metaməlumatları metodologiya kimi qəbul edir və yaxud bu ifadəni daha az, ehtiyatla işlədirlər. Bu səbəbdən metaməlumat anlayışının daha aydın, ətraflı açıqlanmasına və təşviq edilməsinə ehtiyac duyulur.

Sadə mənada statistik metaməlumat statistik məlumat haqqında məlumatdır. Bu, statistikada istehsal olunan son məhsullara (məlumatlara) aid olunur və istifadəçilər üçün nəzərdə tutulur. Metaməlumatlar statistik məlumatların izahlı təqdimatını yaxşılaşdırdığı üçün, istifadəçi maraqlandığı informasiyanın tərifi, mənbəyi, əlaqə, toplanma metodu, dövriliyi, ölçü vahidi və s. haqqında daha ətraflı məlumat əldə edə bilir. Eyni zamanda bu yolla statistika orqanları istifadəçilərin inamını qazanırlar.

Metaməlumatlar metodologiyadan daha geniş məna kəsb etməklə məlumatların izahı (tərifi) ilə yanaşı, onların toplanması, işlənməsi və yayılması zamanı istifadə olunan resursları da əhatə edir, yəni burada statistik proseslərdə iştirak edən mütəxəssislər və texnologiyalar nəzərə alınır. Bu baxımdan sözün geniş mənasında metaməlumatlar statistik metaməlumatlar sistemi ifadəsi ilə əvəz olunur və bu sistemi üç komponent —insan resursları, proseslər və texnologiyalar kontekstindən izah etmək olar.

Son illər metaməlumatlar informasiya texnologiyalarının, o cümlədən internet resurslarının inkişafı fonunda daha qabarıq nəzərə çarparaq onun tərkib hissəsindən birinə çevrilmişdir və metaməlumatların təqdimatı ilə bağlı dünya təcrübəsində müxtəlif strukturlardan və təcrübələrdən istifadə olunur. Azərbaycan Respublikasında bu tələblər “Dublin özəyi”nə (DCMİ, Dublin Core Metadata İnitiative) əsaslanmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012–ci il 4 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”də öz əksini tapmışdır.

Dövlət Statistika Komitəsinin bu sahədə gördüyü işlərdən istifadəçilər üçün nəzərə çarpan nəticəsi özünün veb səhifəsində, əsas menyuda çevik “Metaməlumatlar” bölməsinin yaradılması olmuşdur. Hazırda bütün istifadəçilər göstəricilər və statistik hesabat formaları haqqında aktual, dəqiq və dolğun metaməlumatları sərbəst şəkildə əldə edə bilərlər (http://www.stat.gov.az/menu/7/).

Yuxarıda qeyd edildiyi kimi, geniş mənada metaməlumatlar məlumatlarla yanaşı, statistik prosesləri və informasiya texnologiyalarını əhatə edir. Statistik proseslər dedikdə, məlumatlara tələbatın müəyyənləşdirilməsi mərhələsindən həmin məlumatların arxivləşdirilməsinədək olan istehsal prosesləri və statistik informasiya sistemləri ilə əlaqəli olan proseslər nəzərdə tutulur. Bu proseslərin hansı ardıcıllıqla həyata keçirildiyinin sənədləşdirilməsi, yəni metaməlumatların yaradılması gərəkdir. İstehsal prosesləri ilə bağlı hazırda ən yaxşı nümunə 2009–cu ildə BMT–nin Avropa İqtisadi Komissiyası, Avropa İttifaqının Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən birgə hazırlanmış statistik biznes proseslərin ümumi modelinin 4–cü versiyası hesab olunur. Dövlət Statistika Komitəsində bu modeldən istifadə etməklə statistika fəaliyyətinin əsas mərhələləri üzrə metaməlumatların yaradılması vasitəsi ilə standartlaşdırılması aparılmışdır. Model imkan verir ki, statistik məhsulun xüsusiyyətindən asılı olaraq fəaliyyət insan resursları ilə əlaqələndirilsin və sistem müəyyən olunmuş texnoloji sxem əsasında həyata keçirilsin. Məsələn, istehlak qiymətləri indeksinin istehsalı üçün nəzərdə tutulmuş fəaliyyət çərçivəsində göstəriciyə olan tələbatın müəyyənləşdirilməsi, layihələndirmə, istehsal sisteminin yaradılması, məlumatların toplanması, işlənməsi, təhlili, yayılması, arxivləşdirmə və qiymətləndirmə mərhələləri üzrə proseslər icra edilsin. Bu da prosesin və nəticə etibarilə məlumatların keyfiyyətinin artırılmasına xidmət edir. Burada metaməlumatların rolu isə bilavasitə həmin proseslərin və istifadə olunan informasiya sistemlərinin yazılı qeydə alınmasıdır. Metaməlumatların yaradılması (yazılması) statistik istehsalın standartlaşdırılmasına və nəticə etibarı ilə səmərəliliyin artırılmasına gətirib çıxarır.

Hər bir təşkilat statistik metaməlumatlar sisteminin tətbiqinə başlamamışdan öncə onun mahiyyətini, məqsəd və vəzifələri, həmçinin icra mərhələlərini tam təsvir etməli, informasiya sistemi haqqında fəaliyyətləri planlaşdırmalıdır.

Statistik metaməlumatlar sisteminin yaradılmasının ən üstün xüsusiyyətləri ondan ibarətdir ki, fəaliyyətlər sistemləşdirilir və sənədləşdirilir, iş insan resurslarının fərdi xüsusiyyətləri ilə deyil, sistem üzərində qurulur. Məsələn, mütəxəssis işdən çıxdıqda o, bildiklərini özü ilə “götürə” bilmir, yeni gələn işçi isə öz fəaliyyətini yazılmış metaməlumatlar üzərində təşkil edir. Belə olduqda sistem dayanmadan müvəffəqiyyətlə işləyir, təşkilat daha dayanıqlı olur, bilik itkisi riski azalır. Bundan başqa, hər hansı müşahidə təşkil olunarkən kadrların təcrübəsizliyi və ya yaddaşsızlığı səbəbindən buraxıla bilən (nəzərdən qaçan) proses, yarana biləcək xətalar minimuma endirilir və təbii ki, son nəticədə məlumatların keyfiyyəti yüksəlir.

Praktika göstərir ki, layihələrin idarə olunmasında, təşkilati məsələlərin həll olunmasında, strateji planlaşdırmada, insan resurslarından səmərəli istifadə edilməsində və s. məsələlərdə metaməlumatların böyük əhəmiyyəti vardır.

Metaməlumatların əsas istifadəçiləri respondentlər, hökumət, KİV və s. milli və beynəlxalq səviyyədə statistik məlumatların istifadəçiləri, habelə statistika təşkilatının rəhbərləri, sahə statistikləri, metodoloqlar, informasiya sisteminin yaradıcıları və iştirakçılarıdır.

Metaməlumatların köməyi ilə təşkilatın rəhbəri statistik informasiya sistemində statistik prosesləri tam görür və ona nəzarət edir, mütəxəssislərin fəaliyyətini tam izləyir, idarə edir və daha düzgün qərarları qəbul edir. Məsələn, o, hər hansı statistik məlumatın hazırlanmasında iştirak edən mütəxəssislər, onların statistik istehsalın hansı mərhələsində nəyə cavabdeh olduğunu, hansı prosesin icra olunmadığını və s. məsələləri müşahidə etməklə təşkilatın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar əldə edir və nəticədə düzgün strateji idarəetməyə nail olur.

Sahə statistikləri, metodoloqlar, informasiya sisteminin yaradıcıları və iştirakçıları da metaməlumatlardan faydalanırlar, onlar əvvəlki müşahidə (iş) haqqında metaməlumatlara müraciət etməklə təcrübə ilə tanış olur, registrlər, təsnifatlar, standartlar və istifadə olunan metodlar, proqram təminatları və s. haqqında məlumat əldə edir, bilik bazasını artırır və öz fəaliyyətlərini düzgün qururlar.

Respondentlər, hökumət, KİV və s. milli və beynəlxalq səviyyədə statistik məlumatların istifadəçiləri əsas etibarilə statistika hesabatları və son məhsula dair metaməlumatlardan istifadə edirlər. Onlar bu informasiyanı əldə etməklə statistik məlumat istehsalçısının fəaliyyətini daha uğurlu hesab edir, ona etibar edərək məlumatlarından yararlanırlar.

Metaməlumatların ümumi çərçivəsi sahəsində Dövlət Statistika Komitəsi tərəfindən tətbiq olunan və ya tətbiqi planlaşdırılan standartlarla bağlı gələcək prioritetlər haqqında məlumatdan öncə qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunmuş məsələlərin əhəmiyyətini və çağırışları, həmçinin BMT–nin Avropa İqtisadi Komissiyası, Avropa İttifaqının Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi mühüm beynəlxalq təşkilatlar tərəfindən 2010–cu ildə Azərbaycan Respublikasının Rəsmi statistika sisteminin Qlobal Qiymətləndirilməsində keyfiyyətin idarə olunması və metaməlumatlar sistemlərinin yaradılması ilə bağlı verilmiş tövsiyələri nəzərə alaraq komitədə statistik metaməlumatlar sisteminin yaradılmasına 2011–ci ildən qərar verilmişdir. Bu məqsədlə metaməlumatlar çərçivəsinə dair digər ölkələrin təcrübələri öyrənilmiş, mövcud vəziyyət ətraflı şəkildə təhlil olunmuşdur.

Əsas fəaliyyətlərdən biri də metaməlumatlarla bağlı komitənin aparatında müstəqil struktur bölmənin yaradılması olmuşdur. Kollegiyanın qərarı ilə “Dövlət Statistika Komitəsində keyfiyyətin idarə olunması və metaməlumatlar sisteminin yaradılmasına dair 2012–2013–cü illər üzrə fəaliyyət planı” təsdiq olunmuşdur. Rəsmi statistika hesabatlarına və göstəricilərə dair vahid struktur və proqram təminatı hazırlanmış, veb səhifədə 1000–dən çox statistik göstərici üzrə, habelə qüvvədə olan bütün statistik hesabatlar üzrə metaməlumatlar yerləşdirilmiş, statistik göstəricilər və hesabatlara dair metaməlumatlara müxtəlif formatlarda baxış imkanı yaradılmışdır. Əsas fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standart model (GSBPM) əsasında statistik istehsalın 9 mərhələsi və 47 altprosesi yazılmış, yazılı qeydlərin aparılmasına başlanılmışdır.

Beynəlxalq təşkilatların və ölkə statistikasının məlumatları və metaməlumatları arasında əlaqələndirmənin düzgün və uzunmüddətli təşkili beynəlxalq standartların istifadəsini şərtləndirir. Göründüyü kimi, Dövlət Statistika Komitəsi statistik metaməlumatlar sisteminin yaradılması, onun inkişafı sahəsində milli xüsusiyyətləri nəzərə almaqla, beynəlxalq standartların tətbiqinə xüsusi önəm verir. Komitənin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar göstərir ki, dünyada statistik metaməlumatlar sistemini tam ideal qurmuş ölkə yoxdur. Əksər ölkələrin, o cümlədən Azərbaycanın statistikləri öz işlərini statistik metaməlumatların mövcud standartları, statistik konsepsiyaları, texniki standartları, modellər və statistik təcrübə, metodoloji təlimatlar və tövsiyələr üzərində qurmuşdur.

Rəsmi statistika sistemində metaməlumatlar sistemi statistik təsnifatların və registrlərin tətbiqindən başlayır. Bu sahədə Dövlət Statistika Komitəsi ciddi uğurlar əldə etmiş, beynəlxalq səviyyədə tətbiq olunan, demək olar ki, bütün təsnifatların milli versiyaları hazırlanmışdır. Beynəlxalq təsnifatlarla tam uyğun olan 24, habelə ölkə qanunvericiliyinə əsaslanmaqla hazırlanmış 6 milli statistik təsnifat dövlət təsnifatları kimi nəinki statistika orqanlarında, eləcə də ölkə ərazisində vahid standartlar kimi istifadə olunmaqdadır. Bununla yanaşı, bilavasitə statistika orqanlarında istifadəsi məqsədilə müxtəlif sahələr üzrə təsnifləşdirmələr aparılmışdır. Bu, imkan verir ki, metaməlumatlar təsnifatlar əsasında idarə olunsun və informasiya sistemlərinə inteqrasiya edilsin. Eyni fikirləri registrlər haqqında da söyləmək mümkündür. Məlumatların idarə olunması, həmçinin giriş və çıxış məlumatlarının inteqrasiyasında əvəzolunmaz rola malik olan müəssisələr registrində əsas təsnifatlar və statistik vahidlər əhatə olunduğuna görə məlumat bazalarının idarə olunması, eləcə də müşahidələrin təşkili, məlumatların yekunlaşdırılması və istifadəçi cədvəllərinin alınması onun üzərindən həyata keçirilir. Azərbaycanda 1995–ci ildən yaradılmış uçot vahidlərinin vahid registri əsasında statistik məqsədlər üçün registrlər (məcmu) tam formalaşdırılmışdır.

Statistik metaməlumatların əsas obyektlərindən biri də statistik anlayışların, terminlərin həmahəng edilməsi məqsədilə göstərici və məhsul adlarının, habelə metaməlumatların unifikasiyasıdır. Bu sahədə işlərin tam həyata keçirilməsi çox ağır prosesdir. Belə ki, təqdim olunan məlumatların çıxış məlumatlarına birbaşa inteqrasiyası, müxtəlif proseslərdə istifadə olunan terminlərin uzlaşdırılması və onların metaməlumatlarla əlaqəsinin qurulması illərlə vaxt və insan resursları tələb edir. Məsələn, istifadəçinin “sənaye istehsalı indeksi” kimi gördüyü statistik məhsul müxtəlif hesabat formalarının çoxlu sayda sətir və sütunlarından asılıdır. Bu sətir və sütunların sayı on minlərlə ölçülür, istehsal olunan statistik məhsul isə bu misalda birə bərabərdir. Eyni zamanda respondent üçün “istehsal etdiyiniz məhsulun həcmi” sualı istifadəçilər üçün “istehsal olunmuş məhsulun həcmi” deməkdir və onlar arasında həm birbaşa elektron əlaqənin, həm də bütün proses üçün metaməlumatların tətbiqi qarşıda duran əsas vəzifələrdən biridir. Belə vəzifələrə həmçinin göstəricilər və metaməlumatlar üçün hazırlanacaq lüğətləri də daxil etmək olar.

Metaməlumatlar sisteminin formalaşdırılması texniki standartların tətbiqini şərtləndirir. Yuxarıda artıq vurğulandığı kimi, internet informasiya ehtiyatlarında yayımlanan məlumatlarda, həm statistika, həm də qeyri–statistika sahələri üzrə “Dublin özəyi” standartı mövcuddur. İnternet mühitində informasiya resurslarının istifadə dairəsi baxımından “Dublin özəyi” metaməlumatlar standartı dünyada ən çox yayılmış universal metaməlumatlar sistemi sayılır. Bu standart, statistik məlumatların istehsalçılarını və istifadəçilərini qlobal informasiya şəbəkələrinin resurslarına cüzi məsrəflərlə daxil olmasını asanlaşdırır. “Dublin özəyi” metaməlumat standartı, həmçinin metaməlumatlar kataloqunun yaradılması və mövcud məlumat mənbələrinin qeyd olunmasında da istifadə edilir. Bundan başqa, həm statistik məlumatların, həm də metaməlumatların mübadiləsində beynəlxalq təcrübədə “Statistik məlumatlar və metaməlumatlar mübadiləsi” standartı (SMMM, Statistical Data and Metadata eXchange – SDMX) üstünlük qazanmaqdadır. Avropa Statistika Bürosunun tövsiyə etdiyi bu standart 21 qrup üzrə 77 təmsilçi anlayışdan ibarət olmaqla hazırda statistika sahəsində xüsusi önəm daşıyır və əminliklə demək olar ki, bilavasitə statistika məqsədləri üçün hazırlanmış bu standart yaxın gələcəkdə əsas standarta çevriləcəkdir. Bu standartda metaməlumatların təsviri və mübadiləsində olduqca səmərəli qəbul edilmiş XML (eXtensible Markup Language) formatından istifadə edilir. “SMMM” standartı əsasında yayılan metaməlumatı istənilən ölkə öz metaməlumat sisteminə inteqrasiya edə bilər, eləcə də beynəlxalq təşkilatlar ölkə məlumatlarına vahid keçid imkanı qazanırlar. İstifadəçi yönlü “Dublin özəyi” və “SMMM” standartından başqa, bilavasitə statistik proseslərin sənədləşdirilməsi sahəsində “Məlumatların sənədləşdirilməsi təşəbbüsü”standartı (MST, DDİ – Data Documenation İnitiative) yaxşı nümunə hesab olunur. Rəsmi statistika sisteminin iştirakçıları və daha çox təşkilatdaxili istifadə üçün nəzərdə tutulmuş proseslərdə “MST” standartına, istifadəçilər üçün nəzərdə tutulan proseslərdə isə “Dublin özəyi” və “SMMM” standartına üstünlük verilir. Bu standart da XML formatındadır və veb texnologiya üzərindən həyata keçirilən proseslərə inteqrasiyanı mümkün edir.

Statistik məlumat istifadəçiləri əldə etdiyi məlumatların və metaməlumatların keyfiyyət aspektlərinə böyük önəm verərək onların aktual, dəqiq, aydın, əlaqələndirilmiş, müqayisəli, vaxtlı–vaxtında olmasını tələb edir. Dövlət Statistika Komitəsi keyfiyyətin təmin olunması sahəsinə ciddi yanaşaraq məqsəd və siyasətini bəyan etmiş, öncə qeyd olunan fəaliyyət planı təsdiq olunmuş, keyfiyyət məsələləri üzrə işlərin yaxşı əlaqələndirilməsi üçün şura yaratmış, rəhbərliyin keyfiyyət üzrə nümayəndəsini təyin etmişdir. Nəticədə sənədləşdirilmiş prosedurların yazılmasına, fəaliyyətlər üzrə proseslərin xəritələrinin hazırlanmasına nail olunmuş və keyfiyyətin idarə olunması və metaməlumatlar sisteminin tətbiqinə başlanılmışdır. Qazanılmış təcrübə göstərmişdir ki, keyfiyyətin təmin olunması ilə metaməlumatlar sisteminin inkişafı paralel olmalıdır. Qeyd etmək lazımdır ki, “metaməlumatların idarə olunması” BMT–nin tövsiyələrinə uyğun keyfiyyətin təmin olunmasının 19 baza prinsipindən biridir. Komitə bu məsələyə xüsusi fikir verir, metaməlumatların səmərəli idarə olunması üçün beynəlxalq səviyyədə qəbul edilmiş ən yaxşı standart və təcrübələrdən istifadə edir.

Əvvəldə qeyd edildiyi kimi, Dövlət Statistika Komitəsində statistik istehsalın keyfiyyətinin idarə olunması “Statistik biznes proseslərin ümumi modeli”nin (GSBPM) milli versiyası əsasında aparılır və hazırda daha detallı fəaliyyətlər də əhatə olunmanı nəzərdə tutan təkmilləşdirmələr həyata keçirilir. Keyfiyyət məruzələrinin hazırlanması üçün “Rəsmi statistika haqqında”Azərbaycan Respublikasının Qanunu və digər normativ sənədlərə, Dövlət Statistika Orqanlarının Normalar Məcəlləsinə, habelə Avropa İttifaqının “Keyfiyyət hesabatı üçün Avropa Statistika Sisteminin standartı”na (ESS ESQR) əsaslanan milli “Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzələrə dair standart və tövsiyələr” təsdiq olunmuşdur. Əsas obyekti statistik proses və nəticəsi olan statistik məhsula dair keyfiyyət məruzələrinin hazırlanması, həmçinin metaməlumatların keyfiyyətindən asılıdır və bu məruzədə aktuallıq, dəqiqlik, məlumatların vaxtında olması və onlara bərabər giriş, göstəricinin uyğunluğu və müqayisəliliyi, iqtisadi səmərəlilik, respondentlərə düşən yükün qiymətləndirilməsi və s. məsələlər öz əksini tapmalıdır. Statistik məhsulun zəif və güclü tərəflərini təhlil etməyə imkan verən keyfiyyət məruzələri, həmçinin statistik istehsalçılar arasında müqayisəni asanlaşdıracaq.

Metaməlumatların yayılmasına qoyulan tələblərlə bağlı BMT–nin Avropa İqtisadi Komissiyasının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri komitə tərəfindən araşdırılmış, milli xüsusiyyətlər nəzərə alınmaqla müvafiq tövsiyələr hazırlanmış və hazırda tətbiq olunur.

Bütün mövcud standartların, modellərin, tövsiyələrin və yaxşı təcrübələrin araşdırılması imkan vermişdir ki, Dövlət Statistika Komitəsi statistik metaməlumatlar sisteminin tətbiqini məqsədyönlü şəkildə təmin etsin və nəticədə səmərəli idarə olunan metaməlumatlardan komitənin özü də daxil olmaqla istifadəçilər daha yaxşı bəhrələnsinlər.

Qeyd olunanlar deməyə əsas verir ki, Dövlət Statistika Komitəsində statistik metaməlumatlar sisteminin strateji idarəçiliyi komitənin strateji idarəçiliyinə interqasiya olunmuşdur. Hazırda da statistik metaməlumatlar sistemi idarəçiliyinin hər mərhələsinin komitə rəhbərliyinin dəstəyi, həmçinin sahə statistikləri, metodoloqlar, informasiya texnologiyaları üzrə mütəxəssislərin, bir sözlə bütün işçi heyətinin komanda şəklində cəlb olunması əsasında həyata keçirilməsi uğurla davam etdirilir.

 

 

Arif Vəliyev,

Azərbaycan Respublikası Dövlət

Statistika Komitəsinin sədri.

 

Respublika.- 2013.- 1 mart.- S. 13.