Biləsuvarda səhiyyə
xidməti yüksək səviyyədədir
Bu gün Aran
bölgəsinin iri rayonlarından olan Biləsuvara yolu
düşənlər səhiyyə sahəsində irəliləyişin
şahidi olurlar. Mərkəzi xəstəxananın kollektivinə
baş çəkməyi qərara aldıq.
Baş həkim Şamil Cəfərovla birlikdə palatalarda olduq, xəstələrlə, tibb işçiləri ilə söhbət etdik. Hər yerdə səliqə–sahman diqqətmizi ilk olaraq cəlb etdi. Hər şeydən görünürdü ki, burada tapşırılmış vacib sahəyə, müqəddəs peşəyə münasibət, hər bir işə nəzarət güclüdür. Xüsusilə müalicə alan xəstələrin razılıq ifadə edən sözləri bunu deməyə əsas verdi ki, insanlara nümunəvi tibbi xidmət göstərilir. Müayinələr, laboratoriya təhlilləri, profilaktik yoxlamalar vaxtlı–vaxtında aparılır. Tibb personalının xoş və nəvazişkar davranışları, hər bir xəstə ilə mülayim rəftarı, ehtiyacı olanların nasazlıqlarının aradan qaldırılmasına göstərilən səylər bunu söyləməyə əsas verir.
Baş həkimlə söhbəti onun iş otağında davam etdirdik. Onun söylədikləri hər cəhətdən yeni, cəlbedici oldu. Dedi ki, rayonun səhiyyə ocaqlarında aparılmış struktur dəyişikliklərindən sonra tibbi xidmətin yaxşılaşdırılması üçün əlverişli şərait yaranmışdır. Hazırda rayonun yaşayış məntəqələrində əhaliyə 175 çarpayılıq xəstəxana, 25 çarpayılıq mərkəzi uşaq xəstəxanası, 25 çarpayılıq Xırmandalı kənd xəstəxanası xidmət edir.
Səhiyyə obyektlərinin ali təhsilli həkim və orta tibb kadrları ilə komplektləşdirilməsi, demək olar ki, başa çatdırılmışdır. 2012–ci ildə 12 həkim, 45 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçmişlər. İxtisas dərəcəli tibb mütəxəssislərinin sayı getdikcə artır.
Biləsuvar rayonu üçün səhiyyənin kadr potensialındakı müsbət dəyişikliklər xidmətin səviyyəsinin yüksəldilməsi üçün əsas amildir. İşçilər rayon ərazisində və qaçqın şəhərciklərində yoluxucu xəstəliklərə qarşı əks–epidemik tədbirləri gücləndirmək və xəstəlikləri vaxtında aşkar etmək üçün daimi səy göstərirlər. Bu məqsədlə mütəxəssislərdən ibarət epidemioloji briqadalar təşkil edilmiş, bu briqadaların sayı 8–ə çatdırılmışdır. Nəticədə yoluxucu xəstəliklərin sayı kəskin şəkildə azalmışdır. Məsələn, əgər 2010–cu ildə kəskin bağırsaq xəstəliklərinin sayı 23 olmuşdusa, 2012–ci ildə cəmi 6 halda bu cür xəstəlik aşkar edilmişdir. Brüsellyoz xəstəliyinin aşkar edilməsi müvafiq olaraq 12–dən 5–ə enmişdir. Ötən il virus hepatiti, qoturluq, suçiçəyi, trixofitiya, skarlatina kimi xəstəliklərin qarşısı tamamilə alınmışdır.
Vərəmə qarşı mübarizə effektli nəticələr vermişdir. Ötən il 218 xəstədən 390 bəlğəm nümunəsi götürülmüş, onların baktereioloji müayinəsi aparılmışdır. 21581 uşaq arasında tuberklin sınaqlar aparılmışdır, yoluxmuş xəstələrlə təmasda olan 78 nəfər müayinəyə cəlb olunmuşdur. Maraqlıdır ki, ilkin vərəmli xəstələrin 10 nəfəri proflaktik müayinələr zamanı aşkar edilmişdir. Ötən il stasionar müalicəyə 4387 xəstə qəbul olunmuşdur. Mərkəzi xəstəxananın cərrahiyyə şöbəsinə 1322 nəfər xəstə qəbul edilmiş, aparılmış əməliyyatların ümumi sayı 1552 olmuşdur. 485 nəfər xəstə üzərində təxirəsalınmaz cərrahiyyə əməliyyatı həyata keçirilmişdir. Uşaq xəstəxanasında 96, Xırmandalı kənd xəstəxanasında 483 xəstə tamamilə müalicə olunub fəal həyata qayıtmışdır.
Baş həkim söhbət zamanı ana və uşaqların mühafizəsi sahəsində görülən tədbirlər üzərində daha geniş dayandı. Həkimin dediklərindən məlum oldu ki, son illər bu məqsədlə “Ailə” planlaşdırılması və reproduktiv sağlamlıq proqramının yerinə yetirilməsində xeyli uğur qazanılmışdır. Qadın məsləhətxanasının fəallığı yüksəlmiş, rayonda yaşayan 17612 nəfər fertil yaşlı qadınlar mama–ginekoloq həkimlər və mamalar arasında sahələrə bölünmüş, hər ay hamilə qadınların qeydiyyata götürülməsi və müayinəsi yüksək səviyyədə təşkil edilmişdir. Qadınlar arasında səhiyyə maarifi işi gücləndirilmişdir. 2012–ci ildə doğum şöbəsində və digər müalicə proflaktika müəssisələrində 2168 doğuş qeydə alınmış, uşaq ölümü halları əvvəlki illərə nisbətən minimuma enmiş, respublika göstəricisindən aşağı olmuşdur.
Yaşayış məntəqələrində tibbi maarifləndirmə işi yüksək səviyyədə təşkil edilmişdir. Yerlərdə lazımi xidmət göstərildikdən sonra, lazım gələrsə, xəstələr rayon mərkəzi xəstəxanasına götürülür, ən zəruri hallarda isə respublikanın müalicə müəssisələrinə göndərişlər təşkil edilir.
Qeyd etdiyimiz kimi, Biləsuvar rayonunun ərazisində öz yurd–yuvalarından didərgin düşmüş 12 min nəfər məcburi köçkün yaşayır. Dövlətin xüsusi proqramları əsasında onlar üçün abad və müasir şəhərciklər salınmışdır. Bu adamlara müntəzəm tibbi xidmət göstərilməsi diqqət mərkəzində saxlanılır. Ötən il onların hamısı mütəmadi olaraq müayinəyə cəlb olunmuş, 912 nəfər məcburi köçkünə fəal ambulator xidməti göstərilmişdir. 126 nəfər ultrasəs müayinəsindən, 298 nəfər laboratoriya yoxlamasından keçirilmiş, 104 qadın məsləhətxanada olmuş, xeyli məcburi köçkünə funksional diaqnostika, rentgenoloji, dəri–zöhrəvi, stomatoloji, cərrahiyyə, göz, terapevtik, nevroloji kabinetlərdə məsləhətlər verilmişdir.
Biləsuvarın səhiyyə işçilərinə qonşu rayonlardan tez–tez müraciət edirlər. Bu isə həkim və orta tibb işçiləri kollektivinin yüksək peşəkarlığından, şəfqətli əllərin sahibləri olmasından xəbər verir. Xüsusilə ultrasəs müayinəsi kabinetinin xidmətindən digər rayonların onlarca sakini faydalanır və hamı tibb mütəxəssislərinin qayğı və nəvazişindən ağızdolusu razılıq edir. Cərrahiyə şöbəsinin yaxşı işi haqqında ölkənin bütün bölgələrində eşitmək mümkündür. Şamil həkim bir maraqlı faktı nəzərə çarpdırdı. Təkcə cari ilin yanvar ayında cərrahiyyə şöbəsində qonşu Cəlilabad rayonunun Alar, Abışabad, Uzuntəpə, Günəşli, Təzəkənd, Lallar, Bayxanlı kəndlərindən hamilə qadınlar keşar kəsiyi ilə uğurla əməliyyat olunmuşlar.
Rayonda yüksək keyfiyyətli tibbi xidmətin təşkilində özəl sektorun əhəmiyyəti böyükdür. Vətəndaşlar tibb ocaqları ilə yanaşı, bu sahəyə də tez–tez müraciət edirlər. Hazırda burada VIVA–nın laboratoriya filialı fəaliyyət göstərir, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədləri əldə etmələri üçün tibbi müayinə özəl laboratoriyası təşkil olunmuşdur. Sakinlər Təhminə Hüseynovanın, Cəmil Mirzəyevin, Xudaşükür Məmmədovun, Rabil Bədəlovun, Tərlan Qurbanovun, Zəfər Mirzəyevin başçılıq etdikləri özəl əczaxanaların işindən razılıq edirlər. Xüsusilə stomatoloji kabinetlərin fəaliyyətində bir sıra çatışmazlıqlar müəyyən edilmişdi və Gigiyena–Epidemioloji mərkəz tərəfindən onların fəaliyyəti dayandırılmışdı. Lakin Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq tədbirlər görüldükdən sonra bu iş nizama düşmüş, lazım olan qayda–qanun yaradılmış, özəl bölmənin fəaliyyətini yaxşılaşdırmaq üçün onların sahiblərinə konkret tapşırıq və tövsiyələr verilmişdir.
Rayon gigiyena–epidemioloji mərkəzi tərəfindən əhalinin sağlamlığını təmin etmək sahəsində mühüm tədbirlər görülür. Sanitariya mühiti daim nəzarət altındadır, bazarlarda, ictimai yaşayış binalarının ərazilərində, bütün xidmət obyektlərində müntəzəm olaraq yoxlama və reydlər keçirilir, nöqsanların aradan qaldırılması, təmizlik və profilaktika işlərinin vaxtında aparılması üçün səy göstərilir. Əhalinin özünün bu işdə fəallığını yüksəltmək icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən görülən tədbirlərin əsas məzmununu təşkil edir.
Əlbəttə, yetərincə təşkil olunmuş, maddi–texniki baza olmadan səhiyyə xidmətinin yüksək səviyyəsindən və keyfiyyətindən danışmaq olmaz. Biləsuvar rayonunun rəhbərliyi və tibb müəssisələrinin kollektivləri bu iş üçün böyük səy göstərir, dövlətin və onun başçısının dəstəyindən yerli–yerində istifadə edirlər. Son illərdə həyata keçirilən kompleks tədbirlər sayəsində rayon mərkəzində ana və uşaqların diaqnostika mərkəzi istifadəyə verilmiş, xeyli yenidənqurma işləri görülmüşdür. Müalicə və profilaktika müəssisələrində səmərəli müalicə almaq, diaqnostikadan keçmək üçün bütün şərait vardır. Mərkəzi xəstəxanada çoxdandır ki, ultrasəs müayinəsi, flüoroqrafiya, EKO, elektropoafsos, rentgen cihazı mövcuddur. Cərrahiyyə şöbəsinə yeni narkoz cihazı, lazer–elektirik cərrah bıçağı alınmışdır. Kliniki laboratoriya kabinetinə analizator mikroskop, digər müxtəlif avadanlıqlar, doğum şöbəsinə təzə bələk stolu verilmişdir. Hazırda şöbələrin hamısı müasir soyuduculardan istifadə edir. Lap son vaxlar kollektiv daha 2 ədəd EKO cihazı, ginekoloji və həkim çantaları, Yaponiya istehsalı olan “Aloka–3500″ ultrasəs cihazı, Türkiyə istehsalı olan “Stomatoloji” cihaz alınmışdır. Mərkəzi xəstəxana yeni generatorla təmin olunmuşdur.
Rayonun tibb ocaqlarının əksəriyyəti
yeni yataq dəstləri, yumşaq və bərk inventarlarla təchiz
olunmuşdur. Müalicə–profilaktika şəbəkəsini
daha geniş təşkil etmək üçün gələcəkdə
də bir sıra tədbirlərin görülməsi nəzərdə
tutulur. Ən mühüm standartlara cavab verəcək yeni tibb
obyektlərinin tikilməsi
planlaşdırılmışdır. Bu məsələ ilə
bağlı baş həkimin fikirlərini öyrənərkən
o dedi ki, bu barədə rayon rəhbərliyi ciddi iş
aparır. Hazırda respublikada tibb müəssisələri
maddi–texniki bazanın müasirliyi baxımından inkişaf
etmiş ölkələrin səhiyyə ocaqları ilə
müqayisə edilir. Yaxın zamanda Biləsuvarın səhiyyəsi
də son elmi–texniki yeniliklərin tətbiqi sahəsində
ölkənin tibb müəssisələrindən geri
qalmayacaq, həkimlər və tibb işçiləri
insanların sağlamlığı keşiyində daha
ayıq–sayıq dayanmaq üçün layiqli imkanlar əldə
edəcəklər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 1 mart.- S. 11.