Ağdam: inam və ruh yüksəkliyi

 

Ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi.

 

Qarabağda bütün fəsillər gözəl olur. Üzü yaza doğru getdikcə bu qədim diyarın gözəlliyi daha ecazkar olur və insanda ən xoş duyquları dilə gətirir. Duman, çiskin, yarpaqların qızılı rəngi, qış günəşinə aldanıb boy göstərən yamyaşıl otlar, insanların qurub yaratmaq əzmi. Bax rayonun nəbzi ruha qol–qanad verən belə bir gözəlliyin və yüksək əhval ruhiyyənin üzərində döyünür. Ən əsası isə adamların inamı, ruhu, doğma torpağa bağlılığı daha güclü və daha qətiyyətlidir.

Son üç il rayonun həyatında böyük bir canlanma, qüvvələrin hərəkətə gətirilməsi, daxili imkanlardan səmərəli istifadə, yeni və yaraşıqlı binaların inşası ilə, səliqə–sahmanın yaradılması, insanlarda ruh yüksəkliyinin yaranması ilə yadda qalıb. Ermənistanın hərbi təcavüzü nəticəsində vaxtı ilə başqa yerlərə üz tutmuş insanlar indi geriyə, doğma yurd yerlərinə qayıdırlar. Aparılan quruculuq işlərində öz qüvvə və bacarıqlarını əsirgəmirlər.

Mübaliğəsiz demək olar ki, son üç ildə rayonda həyata keçirilən tədbirlər, sosial–iqtisadi inkişaf, qəsəbənin və kəndlərin görkəminin yaxşılığa doğru dəyişməsi, insanların fəallığının artması ən yeni tariximizin gözəl səhifələrindən biridir. Yaxşı deyiblər ki, rəhbərdən çox şey asılıdır. Bunu ağdamlılar son üç ildə bir daha yəqin etdilər. Doğma el–obaya ürəkdən bağlı, vətənpərvər, ruhu elə bu torpağın özü kimi müqəddəs, amalı–məqsədi qurub yaratmaq olan rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovu həmyerliləri bax belə xarakterizə edirlər.

Yaralı torpağın bu günündən və uğurlarından bəhs edən ağdamlılar ötən əsrin 70–80–ci illərindəki şöhrəti bərpa etmək üçün sözün əsl mənasında mücadiləyə başlayıblar! Əməldə də, ruhda da, niyyətdə də yaxşı mənada dəyişiklik baş verir.

Ərazisinin dörddə üç hissəsi Ermənistan tərəfindən işğal edilmiş rayonda son vaxtlar tikinti–quruculuq işlərinin həcmi xeyli artıb. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü, tövsiyəsi və tapşırığı əsasında aparılan yenidənqurma işləri yerli sakinlərin dərin razılığına səbəb olub. Ağdamlılara göstərilən dövlət qayğısının ardıcıl və davamlı xarakter aldığı bir vaxtda rayon fəalları Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəyişməz və qətiyyətli mövqeyini müdafiə etdiklərini və tezliklə doğma yurd yerlərinə qayıdacaqlarını bir daha bildirirlər.

Rayonun sosial–iqtisadi inkişaf dinamikası saxlanılmış, ötən il artım tempinə nail olunmuşdur. Təbii ki, insanlara göstərilən diqqət və qayğı onların həyat şəraitinə, güzəranına müsbət təsir göstərir və həmin adamlar doğma torpağa daha da ürəkdən bağlanırlar. Yerli icra hakimiyyətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində başqa yerlərə üz tutmuş insanlar indi doğma yurdlarına qayıdırlar. Hazırda rayon ərazisində 50 min nəfərdən çox əhali yaşayır. Bax belə gözəl əhval–ruhiyyə ilə rayon fəalları Quzanlı qəsəbəsində 2012–ci ilin sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağına gəlmişdilər

Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun hesabat məruzəsi dinlənilmiş, ötən il rayonda tikinti–abadlıq işlərinin davam etdirildiyi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hesabat ilində Səfərli kənd tam orta məktəbi üçün 180 şagird yerlik məktəb binası, Birinci Dördyol qəsəbəsində “İctimai xeyir–şər evi”, “Aqroservis” kompleksi, Hacıturalı kəndində və Qasımbəyli qəsəbəsində tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Birinci Yüzbaşılı kənd uşaq bağçası, Yeni Azərbavcan Partiyası rayon təşkilatının inzibati binası, Alıbəyli, Hacıturalı, Çəmənli, Qaradağlı kənd tam orta məktəbləri əsaslı təmir edilmişdir. Quzanlı qəsəbəsində abadlıq işləri davam etdirilmiş, qəsəbənin küçələrinə asfalt salınmış, Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, şəlalə–bulaq kompleksi istifadəyə verilmiş, Olimpiya İdman Kompleksinin zalı təmir olunmuşdur. İşğaldan əvvəl Ağdam şəhərində mövcud olmuş Məşədi Abbas, Xudu Məmmədov, Füzuli, Mirzə Fətəli Axundov, Süleyman Sani Axundov küçələrinin adları Quzanlı qəsəbəsindəki küçələrə verilmişdir. Xındırıstan və Əhmədağalı kəndlərində yol kənarına səki salınmış, İmamqulubəyli–Ayaq Qərvənd yolu təmir olunmuşdur. Hazırda rayon telekommunikasiya qovşağının inzibati binasının və Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.

Qeyd olunmuşdur ki, 2012–ci ildə rayonun sosial–iqtisadi inkişaf dinamikası saxlanılmış, ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 11,1 faiz artaraq 106 milyon 828 min manat olmuşdur. Bu dövrdə sənaye məhsulunun həcmi 4 milyon 740 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 77 milyon 874 min manat, ticarətin dövriyyəsi 8 milyon 201 min manat olmuş, əsas kapitala 14 milyon 823 min manat vəsait yönəldilmişdir. İl ərzində 996 daimi olmaqla 1615 yeni iş yeri açılmışdır.

2012–ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır.

Hesabat ilində 52 min 830 ton taxıl, 41 min 325 ton tərəvəz, 7260 ton kartof, 4820 ton bostan, 3900 ton qarğıdalı, 1540 ton şəkər çuğunduru istehsal edilmişdir. Rayon üzrə iribuynuzlu mal–qaranın sayı 35 min 060 başa, qoyun və keçilər 103 min 169 başa çatmış, 3733 ton ət, 27 min 605 ton süd istehsal edilmişdir.

Qeyd olundu ki, rayonda böyük tikinti, abadlıq, quruculuq işləri aparılır. Belə ki, Tərtər–Hindarx yolunun rayonun Quzanlı qəsəbəsinin içərisindən keçən hissəsində, Quzanlı–Xındırıstan yolunun ətrafında yerləşən çiy kərpicdən, qamışdan yöndəmsiz şəkildə tikilmiş 280 ədəd müxtəlif təyinatlı obyekt sökülmüşdür. Magistral yoldan lazımi məsafədə, müasir şəhərsalma və memarlıq üslubunda yenidən tikilmiş, abadlaşdırma, yaşıllaşdırma işləri aparılmış, işıqlandırma sistemləri qurulmuşdur, Ağdam camaatının xalqımızın ümummilli lideri Heydər Əliyevə olan məhəbbətinin, dərin ehtiramının ifadəsi olaraq qəsəbədə Heydər Əliyev prospekti salınmış, küçələrdən birinə akademik Zərifə Əliyevanın adı verilmişdir.

Quzanlı qəsəbə Mədəniyyət evinin və Mərkəzi Rayon Xəstəxanasının həyətləri abadlaşdırılmış, çoxlu sayda ağac və gül kolları əkilmişdir.

Son üç ildə bir sıra obyektlər tikilib istifadəyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tikilmiş Mərkəzi Rayon Xəstəxanası müasir tipli avadanlıqlarla təmin olunmuş və əhalinin istifadəsinə verilmişdir. Dövlət başçısının digər sərəncamı ilə inşa olunan Doğum evi və Uşaq Xəstəxanası açılış ərəfəsindədir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Quzanlı–Xındırıstan–Əhmədağalı–Əfətli avtomobil yolunun tikintisi üçün 6 milyon manat vəsait ayrılmışdır. Artıq yolun çəkilişi başa çatmışdır. Rahat, geniş və yaraşıqlı yolun istifadəyə verilməsi həmin yaşayış məntəqələrinin sakinlərinin dərin razılığına səbəb olmuş və onlar dövlət başçısına öz minnətdarlıqlarını bildirirlər.

Təhsil şöbəsinin, Qaz istismar, Qaz tikinti, Yol tikinti, Subartezian quyularınm istismarı, Su–Kanal, Sığorta idarələrinin inzibati binaları, Əsəb dispanseri, Yoluxucu xəstəliklər dispanseri, Veteranlar evi tikilib istifadəyə verilmişdir. Quzanlı Uşaq bağçası, Əfətli musiqi məktəbi, Çəmənli Mədəniyyət evi, Xıdırıstan, Əhmədağalı, Quzanlı qəsəbə nümayəndəliklərinin inzibati binalan əsaslı təmir olunmuşdur.

Quzanlı köçkün qəsəbəsində 250 yerlik “İctimai xeyir–şər evi” tikilib istifadəyə verilmişdir. Xındırıstan kəndində isə yeni və müasir tipli dayanacaq tikilmişdir. Qəsəbədə Əşrəf Əliyev küçəsi əsaslı təmir olunmuş, asfalt örtük salınmış, bundan başqa daha iki qəsəbədaxili yol əsaslı təmir olunmuşdur.

Bundan başqa Xındırıstan–Üçoğlan, Baharlı kənd–Baharlı qəsəbə, İmamqulubəyli–Ayaq Qərvənd yolları təmir olunmuş və yol kənarlarında səliqə–sahman yaradılmışdır. Quzanlı qəsəbə qəbiristanlığında bir ədəd subartezian quyusu qazılmış, 500 metr su xətti çəkilmiş, bulaq kompleksi tikilmiş, hasar çəkilmiş, abadlıq işləri görülmüşdür.

Son üç ildə 40 mindən çox bəzək ağacları, gül kolları əkilmişdir və yaşıllıqlara qulluq etmək üçün hər il iməciliklər keçirilir. 5 hektar sahədə isə tinglik təsərrüfatı yaradılmışdır və burada üzüm bağı salınmışdır.

Əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İçməli su ilə təminatı yaxşılaşdırmaq üçün Quzanlı qəsəbəsində bir ədəd subartezian quyusu qazılmış, 500 tonluq su anbarı tikilmiş, 3 km su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Qəsəbə və kəndlərdə su təchizatınm yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir.

Ağdam Subartezian Quyularının İstismarı İdarəsi rayonun inzibati ərazisi üzrə 28249 hektar əkin sahəsinin suvarılması, rayon əhalisinin içməli suya olan tələbatının ödənilməsi, həmçinin Ergi ərazisində məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərə xidmət edən 1909 hektar əkin sahələrinin suvarılması üçün 739 ədəd subartezian quyuları və 3 ədəd nasos stansiyasının istismarını həyata keçirir.

İdarənin balansında olan subartezian quyularından 174 ədədi həyətyanı sahələrinin suvarılmasına, 84 ədədi isə məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasına xidmət edir. 74 subartezian quyusu isə neytral zonada yerləşməklə rayon əhalisinin suvarma suyuna olan tələbatının ödənilməsində əvəzsiz rol oynayır.

Əhalinin içməli və əkin sahələrinin suvarma suyuna olan tələbatının lazımi səviyyədə ödənilməsi məqsədi ilə son 5 ildə 110 ədəd yeni subartezian quyusu qazılmış, 130 ədəd subartezian quyusu isə bərpa olunaraq istifadəyə verilmişdir.

Rayon Suvarma Sistemləri İdarəsi isə mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların suvarılmasını, balansında olan suvarma kanallarının və arxlarının lildən təmizlənməsini, dren–kollektor və yığıcı kollektorların lil və bitki örtüyündən təmizlənməsini, hidrotexniki qurğuların saz saxlanması və istismarını, rayonun sağ sahilindən keçən Qarqar çayından və rayonun sol sahilindən keçən Xaçın çayından suvarma üçün səmərəli istifadə edərək dağlardan gələn sel sularının və daşqınlarının maneəsiz ötürülməsinə nail olmuşdur.

Rayonda kənd təsərrüfatı bitkilərinin suvarılmasına xidmət edən 6 nasos stansiyası, 706 ədəd subartezian quyusu, 4 su yığıcı göl, 11 kəhriz, 365 km suvarma kanalı və yaxud arxı, 27 km dren–kollektor şəbəkəsi, maşın mexanizmlər və torpaq qazan texnikalar vardır.

Suvarma Sistemləri İdarəsi 31800 hektar sahənin aylıq, rüblük və illik hesabatını tərtib edərək su istifadəçilərindən əkiləcək məhsullara uyğun suvarma planı hazırlayaraq il ərzində istehlakçıları bol və itkisiz su ilə təmin etmişdir. Göstərilən 31800 hektar sahənin 28249 hektarı Subartezian Quyularımn İstismarı İdarəsinin su mənbələri ilə, 3551 hektarı isə Suvarma Sistemləri İdarəsinin su mənbələri hesabına suvarılmışdır.

İlk dəfə olaraq iri idarə, müəssisə və təşkilat rəhbərlərinin, o cümlədən təhsil, səhiyyə, mədəniyyət şöbəsinin, subartezian, suvarma sistemləri və su–kanal idarələrinin, musiqi texnikumunun, dövlət sosial–iqtisad kollecinin, 50 N–li və Ağdam peşə məktəblərinin, poçt filialının, telekommunikasiya və elektrik şəbəkəsi idarələrinin rəhbərləri öz kollektivlərində və rayon içtimaiyyətinin nümayəndələri qarşısında hesabatlarının dinlənilməsi təşkil olunmuş, həmin yığıncaqlarda görülmüş işlər müzakirə olunmaqla yanaşı qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Rayonun təhsil müəssisələrində təlim–tərbiyə və tədrisin təşkili vəziyyəti, məktəbdənkənar müəssisələrin, uşaq baxçasının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində araşdırılmalar aparılmış, nəticələr təhlil olunaraq əməli tədbirlər həyata keçirilmişdir,

Bu gün rayonda yeni bir ab–hava yaramb. Ağdamın keçmiş şöhrətini bərpa etmək uğrunda hərtərəfli iş aparılır. Fərəhli haldır ki, qadınlar yenə ön cərgədədirlər.

Rayon mədəniyyət və turizm şöbəsinin fəaliyyəti canlanmış, mədəni–maarif müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Mədəni–kütləvı tədbirlərin, anım günlərinin yaradıcı şəkildə hazırlanıb keçirilməsinə diqqət artırılmışdır. 2012–ci ildə 60 yaşı tamam olan “Şur” xalq çalğı alətləri ansanbılının fəaliyyəti yenidən bərpa olunmuş, respublikamızın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində çıxışları təşkil olunmuşdur.

RMX–ya 200 min manata qədər dəyəri olan müasir tipli tibbi avadanlıqlar alınmış, həmin avadanlıqların etibarlı istismarını təmin etmək məqsədi ilə 32 kilovat gücündə generator, 260 kilovat gücündə transformator tənzimləyici quraşdırılıb ki, bu da xəstəxanada normal və davamlı enerjiyə olan tələbatı tam ödəyir. Rayonda əhaliyə yüksək tibbi xidmətin göstərilməsi sahəsində rayon mərkəzi xəstəxanasının, şöbələrin fəallığı son 6–7 ayda xeyli artmış, rayon mərkəzi xəstəxanasınm yeni binasının istifadəyə verilməsi bu xidmətin təşkilini və keyfiyyətini daha da yaxşılaşdırmışdır.

Vətəndaşların qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması rayon İHB aparatının fəaliyyətində əsas yer tutmuşdur. 2010–cu ilin yanvar ayından başlayaraq həftənin ikinci günləri rayon İHB aparatında, cümə günləri isə yerlərdə keçirilən səyyar qəbullarda 3 min nəfərdən çox vətəndaş qəbul olunmuş, rayonun imkanları daxilində olan problemlərin həllinə kömək göstərilmiş, vətəndaşların qanuni tələbləri ödənilmişdir. Respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış köçkünlər bir an belə unudulmamışdır. Onlarla daim əlaqə saxlanılmış, Bakı, Mingəçevir şəhərlərində, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış ağdamlılarla görüşlər keçirilmiş, bir çox ailələrə maddi yardımlar edilmişdir.

1993–cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ruhumuzu işğaldan qorudu. İnsaların inamı ölmədi, əksinə birə–beş artdı. Bu gün ölkəmizin Prezidentinə olan sonsuz inam həmin mənbədən qaynaqlanır. Biz Ağdamın keçmiş şöhrətini, özünə xas olan ruhunu bərpa etmək üçün var qüvvəmizi sərf edirik.

Ağdamlılar çox nikbin və yüksək əhval–ruhiyyədədirlər. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Bax bu inam əsas verir deyək ki, torpaqlarımızı işğalçılardan təmizləmək üçün uşaqdan–böyüyə hamı son döyüşə hazırdır. Yaxşı bilirik ki, qələbəyə aparan yol güclü iqtisadiyyatdan keçir.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı mövcud problem və çatışmazlıqlar da qeyd olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Prezident Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev və Elman Məmmədov yığıncaqda çıxış etmişlər.

Yığıncaqda rayon içtimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2013.- 1 mart.- S. 11.