Mingəçevir: sosial–iqtisadi inkişaf fərəh doğurur

 

Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısı 2012–ci ildə iqtisadi və sosial sahələrdə görülmüş işlərə qiymət verərək, bütün sahələrdə əldə edilən uğurlardan danışmış, 2013–cü ildə bizi gözləyən vəzifələr barədə tövsiyə və tapşırıqlarını vermişdir.

Dövlət başçısının göstərişlərini, təklif və tapşırıqlarını özünə fəaliyyət proqramı kimi qəbul edən Mingəçevir Şəhər İcra hakimiyyəti 2012–ci ildə ölkədə qazanılan uğurlara və yüksək nailiyyətlərə öz töhfəsini verməyə çalışmışdır.

Şəhər icra hakimiyyətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirədə hesabat məruzəsi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd etdi ki, “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda Mingəçevir şəhərinə aid bəndlərin icrası 2012–ci ildə uğurla davam etdirilmişdir.

 

Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji blokunun hər biri əsaslı şəkildə yenidən qurulmuş, onların hər birinin gücü orta hesabla 70–90 meqavat artmışdır. İnşa olunan 6 ədəd hər birinin tutumu 20 min kubmetr olan ehtiyat mazut çənlərinin tikintisi başa çatdırılmış və həmin sahədə tamamlama işləri görülür. Müəssisədə 2012–ci ilin yekunu üzrə 8.1 milyard kilovatsaat elektrik enerjisi istehsal olunmuş və qabaqkı illə müqasiyədə 1.8 milyard kilovat–saat və ya 29 faiz artmışdır.

Mingəçevir şəhərinin 2012–ci ildə sosial–iqtisadi göstəricilərindən danışarkən icra başçısı N.Bayramov demişdir:

Ümumi məhsul buraxılışı 344 milyon manat təşkil edərək 23 faiz artmışdır. Sənaye məhsulu istehsalı 14 faiz, tikinti–quraşdırma işləri 3,1 dəfə, nəqliyyat xidməti 7,3 faiz, informasiya və rabitə xidməti 2,3 faiz, ticarət və iaşə xidmətləri 7,1 faiz artmışdır.

“Mingəçevir SES silsiləsi” MMC–yə daxil olan Mingəçevir SES–də mövcud 6 hidroaqreqatdan 4–ü əsaslı yenidən qurulub, birində hazırda yenidənqurma işləri aparılır. Varvara SES–də mövcud 3 hidroaqreqatda yenidənqurma işləri plana uyğun davam edir. Stansiyada 2012–ci ildə 755 milyon kilovatsaat elektrik enerjisi istehsal edilibdir.

Görülən işlərin nəticəsində il ərzində şəhərdə 1038 iş yeri açılmışdır. O cümlədən 121–i yeni yaradılmış müəssisə və təşkilatlarda, 294–ü fəaliyyətini bərpa etmiş və mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

İl ərzində şəhərin məhəllə yollarına və səkilərinə 108 min kvadratmetr, küçə və prospektlərinə isə 32 min kvadratmetr asfalt örtük salınmış, 8,4 kilometr uzunluğunda yol–səki daşları düzülmüşdür.

2012–ci ildə şəhərin “Sahil” parkı əsaslı şəkildə yenidən qurulmuş, yeni Bayraq meydanı inşa edilmiş, şəhərin girişində yollar genişləndirilmiş, il ərzində 2 ədəd yeni fəvvarə inşa edilmiş, 36 min kvadratmetr bina fasadı rənglənmiş, 675 ədəd yeni işıq dirəyi quraşdırılmışdır. 14 min kvadratmetr şifer və metal kirəmit dam örtüyü əsaslı təmir olunmuş, 14 min kvadratmetr döşəmə daşı düzülmüş, 200–dən çox oturacaq və zibil qabı quraşdırılmış, 2000–dən çox xaricdən gətirilmiş dekorativ ağac və gül kolu əkilmiş, ümumilikdə ötən il ərzində şəhərdə aparılmış abadlıq və quruculuq işlərinə 6 milyon vəsait xərclənmişdir.

İl ərzində şəhər sahibkarlarının sırasına 618 fiziki şəxs, 32 hüquqi şəxs qoşulmuşdur. Hesabat ilində sənayenin qeyri–dövlət sektorunda çalışan işçilərin sayı 15 faiz artaraq 746 nəfər təşkil etmiş, onların orta aylıq əmək haqqı 18 faiz artaraq 152 manata çatmışdır. İl ərzində 17 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur.

Hesabat ilində 2 supermarket, 25 ticarət və xidmət obyekti açılmışdır.

Hazırda şəhərdə sahibkarlığa dəstək məqsədilə 11 bank filialı, 3 kredit təşkilatı fəaliyyət göstərir. Onlar tərəfindən yerli iş adamlarına 2012–ci il ərzində 24 milyon manat kredit verilib. 2003–cü ildən sonra şəhər üzrə verilən kreditlərin həcmi 101 milyon manatı keçibdir.

Ötən il 7375 nəfər üzvü olan 1639 ailəyə ünvanlı sosial yardım verilmiş, 4709 nəfərə aylıq sosial müavinət ödənilmiş, 476 tənha, ahıl, yaşlı və əlil insana 40 sosial xidmət işçisi tərəfindən evlərdə müvafiq xidmət göstərilmişdir.

17020 nəfər əmək təqaüdçüsü olmuşdur ki, onlardan 1672–si işləyən təqaüdçülərdir. Təqaüdlərin ödənilməsinə il ərzində 29.5 milyon manat vəsait xərclənmişdir.

2012–ci ildə də əmək ehtiyatlarından düzgün və səmərəli istifadə etmək məqsədilə keçirilən Əmək yarmarkasında 35 müəssisə 198 boş iş yeri ilə iştirak etmiş, 48 nəfər işlə təmin olunmuşdur.

İl ərzində məşğulluq mərkəzi tərəfindən 660 nəfər qeyri–məşğul şəxs qeydə alınmış, 83 nəfərə işsiz statusu verilmiş və işsizliyə görə müavinət təyin edilmişdir.

Şəhərimizdə məskunlaşmış 20316 nəfər və ya 5447 köçkün ailəsinin gündəlik problemləri daim şəhər icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Şəhər rəhbərliyinin müraciəti əsasında “Dövlətqaçqınkom” tərəfindən məcburi köçkünlərin kompakt məskunlaşdığı 4 yataqxananın dam örtüyü şifer dam örtüyü ilə əvəz olunmuşdur.

Dövlət Proqramına uyğun olaraq şəhərin orta məktəblərində və fin qəsəbəsində məskunlaşmış 503 ailənin köçürülməsi üçün 8 hektar torpaq sahəsi ayrılmış və 9 mərtəbəli 10 bina inşa edilmiş, məktəb, bağça və digər sosial obyektlər tikilmişdir.

Az İES yaşayış massivində məskunlaşmış 412 köçkün ailəsinin mənzillərinə qaz xətti çəkilmişdir.

Hesabat dövründə şəhər təhsil şöbəsinin müəssisələrinə 389,8 min manatlıq avadanlıq, bərk və yumşaq inventar alınmış, 3136 min manatlıq əsaslı və cari təmir işləri görülmüş, körpələr evi–uşaq bağçaları 314,5 min manat dəyərində zəruri ərzaq məhsulları ilə təmin edilmişdir.

Dövlət tərəfindən ayrılan vəsait hesabına 6 və 11 nömrəli məktəblərdə əsaslı təmir işləri aparılmış, 3 nömrəli məktəbin əlavə tədris korpusu tikilmiş, 1 nömrəli uşaq bağçası–körpələr evində aparılan əsaslı təmir yekunlaşmaq üzrədir.

2011–2012–ci tədris ilinin sonuna 22 ümumtəhsil məktəbində şagirdlərin sayı 11905 nəfər olmuş, XI siniflərdə 819 şagird təhsil almış, imtahanlara buraxılmış şagirdlərdən 797 nəfəri imtahanları müvəffəqiyyətlə vermiş və attestat almışlar. Buraxılış imtahanlarından kəsilən 22 nəfər də ötən il təkrar imtahan verərək attestat almışlar. IX siniflər üzrə 1155 şagirddən 1099 nəfəri imtahanları uğurla vermişlər.

Hesabat ilində Mingəçevir Politexnik İnstitutuna, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialına, Mingəçevir Turizm Kollecinə, Mingəçevir Tibb Kollecinə ötən il ümumən 1196 nəfər qəbul olunmuş, hazırda 4348 tələbə təhsil alır.

Hesabat dövründə şəhər mərkəzi xəstəxanasının şöbə və bölmələrində 32,7 min manatlıq cari təmir işləri görülmüş, 468,1 min manatlıq dərman, 163 min manatlıq ərzaq alınmış, yumşaq inventarlara 135,7, bərk inventar və avadanlığın alınmasına isə 782,9 min manat vəsait xərclənmişdir.

Şəhər mərkəzi xəstəxanasına il ərzində 2 ədəd immunaferment analizator, 1 ədəd USM aparatı printer ilə, 1 ədəd portativ USM, 2 ədəd portativ EKQ, 2 ədəd vakuum asperatoru (F 100) alınmış və hazırda istifadə edilir.

Ötən dövrdə şəhər mərkəzi xəstəxanasının stasionar şöbə və bölmələrində 10180 nəfər müalicə almış, 1490 nəfər dispanser nəzarətə götürülmüş, ümumi ambulator qəbul 539561, dövri tibbi müayinədən keçənlərin sayı 31866 nəfər olmuş, 2240 uşaq doğulmuş, onlardan 1392 nəfəri şəhər üzrə doğulan uşaqlardır.

Hesabat dövründə 81 həkim, 109 orta tibb işçisi Səhiyyə Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanlarından uğurla keçmiş, 37 həkim, 109 orta tibb işçisi müxtəlif ixtisasartırma kurslarında olmuş, 1 nəfər həkim ali ixtisas dərəcəsi almış, 1 həkim isə tibb elmləri doktoru olmuşdur.

Mədəniyyət müəssisələrində 13,5 min manatlıq cari təmir işləri aparılmış, 15,3 min manat inventar və 10,9 min manat məbləğində avadanlıq alınmasına vəsait xərclənmişdir.

Şəhərdə fəaliyyət göstərən turist obyektlərinin pasportlaşdırılması aparılmış, xidmət sahələrinin rəhbərləri ilə görüşlər keçirilmiş, tövsiyələr verilmişdir.

Mədəniyyət və Turizm şöbəsi, Heydər Əliyev Mərkəzi, Bülbül adına 2 saylı uşaq musiqi məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi sürətli internet xəttinə qoşulmuş, veb saytı yaradılmış, elektron poçt fəaliyyət göstərir.

İl ərzində gənclərlə iş sahəsində “Azərbaycan Gəncliyi 2011–2015–ci illərdə” Dövlət Proqramının icrası diqqətdə saxlanılmış, milli və dövlət bayramları günlərində bədii–əyləncəli gecələr təşkil olunaraq keçirilmişdir.

“Kür” Olimpiya Tədris İdman Mərkəzində ənənəvi “Prezident kuboku” uğrunda və “Payız Mingəçevir Reqatası” beynəlxalq turnirləri keçirilmiş, 2012–ci ildə 21 irihəcmli yarış və turnir, 2 respublika miqyaslı turnir, Gənclər və İdman Nazirliyi ilə birgə avarçəkmə üzrə iki beynəlxalq yarış və müxtəlif idman növləri üzrə 12 zona və final yarışları təşkil edilib keçirilmişdir.

İl ərzində boks, cüdo, yunan–Roma güləşi üzrə respublika birinciliklərində idmançılarımız 25 birinci, 12 ikinci, 16 üçüncü yer üzrə nailiyyətlər qazanmış, beynəlxalq yarışlarda iki qızıl, bir gümüş və üç bürünc medala layiq görülmüşlər.

Heydər Əliyev Mərkəzinin işi gücləndirilmiş, mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupu, mərkəzin nəzdində yaradılmış “Heydər Əliyev siyasi xəttinin ardıcılları” disksusiya klubu və “Zəka” ziyalılar klubunun fəaliyyətləri təkmilləşdirilmişdir.

2012–ci ildə şəhərdə 23 siyasi partiya, 45 qeyri–hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılmış, siyasi partiyalar, qeyri–hökumət təşkilatları, kütləvi informasiya vasitələri haqqında informasiya bazası təkmilləşdirilmiş, toplanmış materialların təhlili sahəsində, ardıcıl işlər aparılmışdır.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrasına uyğun olaraq şəhər miqyasında keçirilən aidiyyəti tədbirlərdə din xadimlərinin, dini icma üzvlərinin iştirakı təmin edilmiş, dinimizin, tariximizin öyrənilməsinə xüsusi diqqət yetirilmiş, dini bayramların keçirilməsinə lazımi şərait yaradılmışdır.

Hesabat dövründə şəhərimizdə fəaliyyət göstərən bir televiziya kanalının, bir jurnalın, 2 şəhər qəzetinin, 2 qəzet və 3 televiziya kanalının bölgə müxbirlərinin imkanlarından istifadə olunmaqla Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, regionda sosial–iqtisadi inkişafın konkret nəticələri, milli–mənəvi dəyərlərimizin geniş təbliği dolğun işıqlandırılmışdır.

2012–ci il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq 4 çağırış kampaniyası keçirilmiş, 852 çağırışçı hərbi hissələrə göndərilmişdir.

Birgə yaradılmış Əlaqələndirmə Şurası bələdiyyə və icra hakimiyyəti orqanlarının fəaliyyətlərinin tənzimlənməsində xüsusi fəallıq göstərib.

Mingəçevir Bələdiyyəsi “Bir bələdiyyə – bir layihə” çərçivəsində Sağ sahil yaşayış massivində əhalinin istirahəti üçün istirahət güşəsi yaradıb, burada fəvvarə quraşdırılıb, oturacaqlar qoyulub, ağaclar əkilib.

İl ərzində “Şəfəq”, “Lalə”, “Bozdağ” bağ massivlərində yollara çınqıl döşənib, “Bələdiyyə”, “İlk qurucular” və “S.Vurğun” parklarında cari təmir işləri aparılıb.

Ötən il 7 binanın qarşısındakı xeyir–şər evlərinin cari təmir işləri aparılıb, 26 ünvana 65 oturacaq quraşdırılıb.

40 nəfərə 4 min manata yaxın maddi yardım edilib, 7 imkansız ailənin mənzillərinin təmirinə köməklik göstərilib.

İl ərzində vətəndaşların müraciətləri əsasında fərdi mənzil tikintisinə 14 min kvadratmetr, sahibkarlıq fəaliyyəti üçün 9.8 min kvadratmetr hərrac yolu ilə torpaq sahələri verilib.

8 şəhid ailəsinə, 5 Qarabağ müharibəsi əlilinə, 6 hərbçiyə fərdi mənzil tikintisi üçün torpaq verilmişdir.

2012–ci ildə şəhər icra hakimiyyətinə 3181 ədəd korrespondensiya daxil olmuşdur ki, bunun 1680–i rəhbər orqanlardan, şəhərin idarə, müəssisə və təşkilatlarından daxil olmuş xidməti sənədlərdir.

Bunlardan 445–nə arayış yazılmış, 594–nə cavab məktubu göndərilmiş, icra hakimiyyəti başçısının 45 sərəncamının 5–i barədə əmr verilmiş, 591–i ilə aparatın məsul işçiləri tanış olmuşdur.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatına 2012–ci il ərzində vətəndaşlar tərəfindən rəhbər orqanlardan 616 ədəd təklif, ərizə və şikayət daxil olmuşdur.

Prezident Administrasiyası tərəfindən 14 ədəd ərizə nəzarətə götürülmüş və onlar təyin olunmuş vaxtda cavablandırılmışdır.

Bilavasitə respublika Prezidentinin Administrasiyasından və digər rəhbər orqanlardan baxılmaq üçün şəhər icra hakimiyyətinə daxil olmuş ərizələrdən 50–si əmək məsələləri (işsizlik, əmək haqqı), 5–i sosial müdafiə məsələləri, 42–si maddi yardım və məişət problemləri, 180–i mənzil, 132–si torpaq, 9–u su, elektrik enerjisi və qazla təmin olunma, 14–ü səhiyyə, 11–i təhsil məsələləri ilə bağlı olmuşdur. Onlardan 39–u şəhid ailəsi, 30–u Qarabağ müharibəsi əlili, Böyük Vətən Müharibəsi veteranı, Çernobılçı, 119 nəfəri məcburi köçkün və digər imtiyazlı şəxslər olmuşlar.

Vətəndaşlar tərəfindən birbaşa şəhər icra hakimiyyətinə ünvanlanmış 740 müraciətin 12–si məişət problemləri, birdəfəlik maddi yardım, 114–ü mənzil, 113–ü torpaq sahəsi ayrılması, 20–si sosial müdafiə məsələləri, 16–sı mənzil kommunal məsələləri, 21–i sahibkarlığın inkişafı və iqtisadi məsələlər, 74–ü əmək məsələləri, 41–i tikinti işlərinə icazə, 33–ü su, elektrik enerjisi və qazdan şikayət, 13–ü səhiyyə, 24–ü təhsil və s. məsələlərlə bağlı olmuşdur. 2012–ci il ərzində şəhər icra hakimiyyəti başçısı 47 rəsmi qəbul keçirmiş, fərdi qaydada 970 vətəndaş qəbul olunmuşdur. Eyni zamanda vətəndaşlar istirahət günlərindən başqa hər gün aparatın şöbələrində qəbul edilirlər.

İcra hakimiyyəti başçısının keçirdiyi 34 səyyari görüşdə 3957 nəfər iştirak etmiş, görüşlərdə 319 nəfər tərəfindən 336 müraciət edilmişdir. Müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllələrdə abadlıq işlərinin görülməsi, məhəllədaxili yola asfalt örtüyünün qoyulması, su və kanalizasiya xətlərinin təmiri, istilik sisteminin bərpası, məcburi köçkünlər üçün tikilən binalardan mənzil verilməsi və s. məsələlərlə bağlı olmuşdur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən kadrların hazırlanması, seçilib yerləşdirilməsi üçün ehtiyat kadr bazası yaradılmışdır və həmin kadrlarla iş aparılır, onlar təlimatlandırılır, şəhərdə keçirilən ictimai–siyasi tədbirlərin hazırlanmasına cəlb edilirlər.

Cənab Prezidentin tapşırıq və göstərişlərini əsas götürərək şəhər icra hakimiyyəti 2013–cü ildə “Dostluq” parkının əsaslı yenidən qurulması, H.Əliyev prospektinin genişləndirilməsi, səki daşlarının yenilənməsi, yeni asfalt örtüyün çəkilməsi, işıqlandırma sisteminin əsaslı şəkildə yeniləşməsi, qurulması, “Az.İES” yaşayış massivində yerləşən Natəvan və Naxçıvan küçələrinə yeni səki daşlarının düzülməsi və asfalt örtüyünün döşənməsi, “Az.İES”yaşayış massivində C.Əliyev küçəsində sakinlərin istirahəti üçün yeni parkın salınması diqqət mərkəzində olacaqdır.

Həmçinin “Sağ sahil” yaşayış massivində Təbriz küçəsində asfalt örtüyünün yenilənməsi, Kür çayının sağ sahilində yeni inşa olunan istirahət kompleksinin tikintisinin başa çatdırılması, ərazidə abadlıq işlərinin görülməsi, sağ və sol sahillər arasında asma yolun inşası, su və kanalizasiya şəbəkəsində başlanmış əsaslı yenidənqurma işlərinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi, istilik təchizatı sahəsində başlanmış işlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.

Həmçinin ümumtəhsil məktəblərində və fin qəsəbəsində məskunlaşmış köçkün ailələrinin köçürülməsinin təmin edilməsi, dağətəyi bağ sahələrinə təbii qazın çəkilməsinin başa çatdırılması, yüksəkmərtəbəli yaşayış binalarının zirzəmilərində yerləşən elektrik şitlərinin yeniləri ilə əvəz edilməsi, 2 ümumtəhsil və 2 uşaq bağçası–körpələr evində aparılacaq əsaslı təmir işlərinin daim diqqət mərkəzində saxlanılacaqdır.

Sahibkarlığın inkişafına dəstək məqsədilə şəhərdə yeni inşa olunan ticarət və xidmət obyektlərinin tikintisinə lazımi köməyin göstərilməsi, çimərliyə gedən ikinci yolun asfaltlanması və ərazinin abadlaşdırılması, Heydər Əliyev Mərkəzinin və Gənclər evinin tikintisinin başa çatdırılması, ətrafının yüksək səviyyədə yenidən qurulması, Statistika idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin yeni inzibati binalarının tikintisinin başa çatdırılması təmin ediləcəkdir.

Hesabat yığıncağında qaldırılan məsələlər, yuxarıda qeyd olunan və il ərzində qarşıya çıxa biləcək digər problemlər Mingəçevir Şəhər İcra Hakimiyyətinin 2013–cü ildə nəzərdə tutduğu əsas inkişaf istiqamətləridir. Hesab edirəm ki, bugünkü yığıncaq iştirakçıları müzakirələrdən ciddi nəticə çıxaracaq və hər kəs işini günün tələbi səviyyəsində quracaq.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial–iqtisadi inkişaf xəttini bu gün qətiyyətlə və uğurla davam etdirən cənab İlham Əliyevin ətrafında sıx birləşməklə yeni və daha yüksək nailiyyətlər əldə edəcəyik.

Sonra məruzə ətrafında müzakirələr olmuşdur.

Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev iştirak və çıxış etmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

Səhifəni hazırladı: İlham PƏNAHOV

 

Respublika.- 2013.- 1 mart.- S. 10.