Xətai: sosial–iqtisadi inkişaf tempi davamlı olmuşdur

 

Xətai Rayon İcra Hakimiyyətində keçirilən 2012–ci ildə sosial–iqtisadi inkişafın yekunları 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov geniş məruzə ilə çıxış etmişdir. O, 2012–ci ildə respublikamızın əldə etdiyi uğurlardan ətraflı danışaraq bu uğurlarda Xətai rayonunun da öz payı olduğunu qeyd etmişdir. Razim Məmmədov çıxışına davam edərək demişdir:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar 2013–cü il tarixli iclasında qeyd olunmuşdur ki, düşünülmüş iqtisadi siyasətin nəticəsində keçən il uğurlu olmuş, bütün sahələrdə inkişaf təmin edilmiş əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 2,2 faiz artmışdır.

Ölkə rəhbəri tərəfindən aparılan iqtisadi hüquqi islahatlar nəticəsində respublikamız keçən ilin yekunlarına əsasən iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə MDB məkanında yenə birinci, dünya miqyasında isə yüksək sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur.

Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini vermiş, əhalinin pul gəlirləri artmış, əmanətlərin qaytarılması və digər müxtəlif sosial proqramlar icra edilmiş, yoxsulluğun səviyyəsi aşağı düşməkdə davam etmişdir.

Ölkəmizdə davam edən inkişaf tendensiyası Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilmiş rayonumuzun sosial–iqtisadi inkişafında da özünü göstərmişdir. Belə ki, ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş, 1 milyard 87 milyon 590 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da 2011–ci illə müqayisədə 15,9 faiz çoxdur. Satılmış istehlak mallarının və göstərilmiş pullu xidmətlərin həcmi 0,5 faiz, pərakəndə əmtəə dövriyyəsi 0,4 faiz artmışdır.

İl ərzində bütün mənbələr hesabına əsas kapitala əvvəlki ildəkindən 8,8 faiz çox, yəni 542 milyon 118,5 min manat investisiya qoyulmuşdur. Tikinti təşkilatlarının öz imkanları hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi əvvəlki ilə nisbətən 21 faiz, nəqliyyat xidməti 24,8 faiz və rabitə xidməti isə 2,9 faiz çox olmuşdur.

Hesabat dövründə rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən ildəkindən 7,7 faiz çoxalaraq 545,4 manata çatmış, bu göstərici sənayedə 17,8 faiz artaraq 510,8 manat, tikinti komplekslərində 9,7 faiz artaraq 567,5 manat, rabitədə 10,7 faiz artaraq 1007,1 manat, nəqliyyatda isə 21,5 faiz artaraq 784,1 manat təşkil etmiş, eyni zamanda sahibkarlığın inkişafı və ona göstərilən dövlət dəstəyi nəticəsində keçən il 5436 daimi yeni iş yeri, 2003–cü ildən indiyə kimi isə 28692 yeni iş yeri yaradılmışdır ki, bunun da 284486–sı daimi iş yerləridir.

Pensiyaların, sosial müavinətlərin və ünvanlı sosial yardımların ödənilməsində gecikmə hallarının qarşısının alınması, məcburi dövlət sosial sığorta haqqı üzrə sığorta olunanlar barədə məlumatların əldə edilməsi üçün tədbirlər görülmüş və bu vacib məsələlər diqqətdə saxlanılmışdır.

Cənab Prezidentin həyata keçirdiyi düzgün, uzaqgörən, uğurlu sosial–iqtisadi siyasət və icra olunan layihələr nəticəsində Bakı şəhəri və eləcə də respublikamızın regionları inkişaf edərək son illərdə öz simasını tam dəyişmişdir. Bu dəyişiklik bizim rayonumuzda da əhəmiyyətli dərəcədə olmuş və inkişaf prosesi bu gün də uğurla davam etdirilir. Rayonun küçə və prospektlərinin, park və meydanlarının yenidən tikilməsi, yeni parkların salınması, əhalinin sosial problemlərinin həlli, onların istirahətinin təşkili və s. məqsədilə 2006–cı ildən başlayaraq müxtəlif layihələr həyata keçirilməkdədir.

Rayonumuzda həyata keçirilən geniş həcmli yenidənqurma və abadlaşdırma işləri hesabat dövründə də davam etdirilmişdir. 24 dekabr 2011–ci il tarixdə cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə təməl daşının qoyulduğu Bakı Ağ şəhər layihəsinin inşası hesabat dövründə sürətlə aparılmış, bu ərazinin yaxınlığındakı Boks Federasiyasının, Xocalı prospektində və İzzət Orucova küçəsində iş mərkəzlərinin, Nəcəfqulu Rəfiyev küçəsində Belarus səfirliyinin binasının tikintisi davam etdirilmiş, Nobel prospektində “Yeni həyat” yaşayış kompleksində işlər başa çatdırılmışdır.

Hesabat ilində “2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrninin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın da icrası davam etdirilmiş və qeyd olunan Dövlət Proqramı, eləcə də son illərdə reallaşdırılan digər proqramlar, layihələr rayonumuzun sosial–iqtisadi inkişafının sürətlənməsi və 2012–ci ildə bir sıra sahələrdə yüksək göstəricilərin əldə olunması ilə nəticələnmişdir. Belə ki, Dövlət Proqramı və ona edilmiş əlavəyə uyğun olaraq Xətai rayonunda 88 tədbirin həyata keçirilməsi nəzərdə tutulub və ötən müddətdə 30 tədbir reallaşdırılmışdır, 18 tədbir üzrə iş isə davam etdirilir və 40 tədbirin icrası istiqamətində iş aparılır.

Dövlət Proqramı çərçivəsində 17 məktəb və 7 uşaq bağçası əsaslı təmir edilmiş və keçən ilin mart ayında ölkə başçısı cənab İlham Əliyev əsaslı təmirdən sonra 251 saylı körpələr evi–uşaq bağçasının açılış mərasimində iştirak etmişdir. Hazırda 6 uşaq bağçasında təmir işləri davam etdirilir. Dövlət Proqramına uyğun olaraq 4 səhiyyə müəssisəsində əsasən təmir işləri başa çatdırılmış, həmçinin Əhmədli qəsəbəsindəki 14 saylı poliklinikanın binası sökülərək yerində müasir tələblərə cavab verən xəstəxana–poliklinika tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əhmədli qəsəbəsindəki bu səhiyyə müəssisəsinin, həmçinin əsaslı təmirdən sonra neyrocərrahiyyə xəstəxanasının açılışlarında iştirak etməsi və görülən işləri yüksək qiymətləndirməsi rayonumuzun səhiyyəsinə, bütövlükdə rayonda görülən işlərə verilən ən böyük qiymətdir. Bu bizi daha məsuliyyətlə işləməyə sövq edir.

Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən yol qovşağı genişləndirilmiş, yaxınlıqdakı Ələddin Quliyev küçəsində abadlıq işləri aparılaraq yeni park salınmış, yeni il qabağı dekabr ayının 30–da cənab Prezident İlham Əliyev buraya baxış keçirmişdir.

Abadlaşdırma layihələri çərçivəsində Nobel prospekti, Fəzail Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsinə başlanmış, üç binada işlər başa çatdırılmış, digər ünvanlarda isə davam etdirilməkdədir. Həmçinin Yusif Səfərov küçəsində binanın yanındakı boş sahədə ərazinin memarlıq üslubuna uyğun şəbəkəli arxa tikintisi başa çatdırılaraq yeni işıqlandırma sistemi quraşdırılmış, Nobel prospektində isə yaşayış binalarının arasındakı boşluq ərazidə digər yeni arka tikintisində son tamamlanma işləri aparılır.

Hesabat dövründə Nobel prospektində F.Bayramov, A.Cəlilov və Y.Səfərov küçələrində 8 yaşayış binasının yararsız vəziyyətdə olan daş örtüklərinin yeni mansard tipli örtükləri ilə əvəz olunmasına başlanmışdır.

Səfərbərlik və hərbi xidmətə çağırış xidmətinin rayon idarəsinin inzibati binasında, həmçinin yanğın nəticəsində yararsız vəziyyətə düşmüş Qafqaz küçəsi 45 ünvanındakı ikimərtəbəli yaşayış evində təmir işləri aparılmış, binaların fasadları təmir olunmuş, dam örtükləri yenidən qurulmuşdur.

Rayonda mənzil–kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. Bakı şəhərində mövcud olan liftlərin 40 faizə qədəri bizim rayondadır. Artıq rayondakı istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır.

Rayonun sanitar təmizliyi də gündəlik fəaliyyətimizin əsasını təşkil etmişdir. Bununla əlaqədar mərkəzi küçə və prospektlərdə küçə ticarətinin ləğv edilməsi, rayon ərazisində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, burada sanitar təmizliyə, qiymət intizamına nəzarət gücləndirilmişdir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yaşıllıq sahələrinin genişləndirilməsi, landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma proqramının icrasına başlanılmış, hava limanı istiqamətindən gələn magistral yolun hər iki tərəfində istinad divarları tikilmiş, torpaq işləri görülərək relyefə uyğun yaşıllıq massivləri salınmış, yaşıllaşdırılan ərazilərin suvarılması üçün su xətləri çəkilmiş, yeni artezian quyuları qazılmışdır.

Ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də abadlaşdırma işləri aparılmış, parkın ərazisində Türkiyə Respublikasından gətirilmiş böyük miqdarda dekorativ güllər, həmişəyaşıl dekorativ ağaclar əkilmişdir.

Hesabat dövründə Heydər Əliyev Fondu tərəfindən rayondakı 3 saylı uşaq evinin Buzovna qəsəbəsində yerləşən 120 yerlik yay istirahət düşərgəsi müasir tələblər səviyyəsində tikilib istifadəyə verilmişdir. Yeni il qabağı bu uşaq evinin sakinləri ilə görüşən Heydər Əliyev Fondunun vitseprezidenti Leyla xanım Əliyeva uşaq evinin əsas binasının da əsaslı təmir olunacağını diqqətə çatdırmışdır. Hazırda həmin fondun köməyilə Neapol küçəsi 11 ünvanında akademik Zərifə xanım Əliyeva adına uşaq bağçası inşa olunur.

Hesabat ilində rayondakı Neft Kimya Prosesləri İnstitutu da əsaslı təmir olunmuş, yeni dərs ilində həmin binanın bir hissəsində isə yeni yaradılmış “Ali Neft Məktəbi” fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və milli–mədəni dəyərlərimizin qorunub saxlanılmasına dövlətimizin qayğısı hər birimizdən bu sahələrin inkişafına daha ciddi yanaşmağı tələb edir.

Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, son illərdə olduğu kimi, keçən ilrayonumuz ali məktəblərə qəbul üzrə yüksək nəticələr göstərərək birincilər sırasında olmuşdur.

Rayon icra hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərindən biriümummilli liderimiz Heydər Əliyevin ictimaisiyasi və mədəni–ideoloji irsinin öyrənilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosialiqtisadi inkişafına yönəlmiş uğurlu daxilixarici siyasətinin təbliği üzrə təşviqat işlərinin aparılması, çıxış və nitqlərinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasından ibarət olmuşdur.

Gənclərlə işin yaxşılaşdırılması, onlarda hərbi vətənpərvərlik hissinin gücləndirilməsi sayəsində ordu sıralarına çağırış mütəşəkkil qaydada başa çatmış, idman sahəsində yeni uğurlar əldə edilmişdir. “Cəsurlar” hərbi–idman və turizm oyunlarında Humanitar Fənlər Təmayüllü məktəb–liseyin komandası birinci, 138 saylı məktəbin “Şahinlər” komandası isə Bakı birincisi olmuşdur.

Məlumdur ki, cənab Prezidentin sərən

camı ilə yerli icra hakimiyyətləri haqqında yeni əsasnamə təsdiq edilmişdir və həmin əsasnamə ilə yerli orqanların səlahiyyət və məsuliyyətləri artırılmışdır. Rayon icra hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Şuranın qərarı ilə rayonun inzibati ərazi dairəsi ilə əhatə olunmayan ərazilərində 4 sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradılmış və hazırda həmin nümayəndəliklər fəaliyyətə başlamışdır.

Keçən ilin iyul ayında rayon icra hakimiyyətinin 10 nəfərlik nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində rəsmi səfərdə olmuş, Minsk şəhərinin Leninsk rayonu ilə rayonumuz arasında qardaşlıq müqaviləsi imzalanmışdır. Belə bir müqavilə Türkiyənin Tarsus şəhəri ilə də bağlanmışdır. Hazırda hər iki şəhərlə qardaşlıq münasibətlərinin daha da genişləndirilməsi məqsədilə hazırlanan xüsusi proqramlar əsasında işlər davam etdirilir.

Ötən dövrdə qaçqın, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına diqqət artırılmış, hüquq–mühafizə orqanlarının məqsədyönlü fəaliyyəti sayəsində rayonda ictimai asayişin qorunması, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi təmin edilmiş, vətəndaşların yazılı və şifahi şəkildə təkliflərinə, müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmış, səyyar görüş qəbullara daha çox üstünlük verilmişdir.

Bu il fevralın 12–də cənab Prezidentin sədrliyi ilə “2009–2013– illərdə regionların sosialiqtisadi inkişafı Dövlət Proqramı” nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Həmin konfransda qısa müddətdə ölkəmizin qazandığı nailiyyətlər, sosialiqtisadi yüksəliş, beynəlxalq imicin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması, ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı işlər görüldüyü Dövlət Proqramının icrası ilə əlaqədar ötən dörd ildə əldə olunan digər uğurlarla yanaşı Prezident tərəfindən bir sıra tənqidi fikirlər səslənmiş, tövsiyələr verilmişdir.

Cənab Prezidentin tənqidi fikirləri, tövsiyələri isə hər birimizdən fəaliyyətimizə yenidən baxmağı tələb edir. Bütün dövlət orqanları, vəzifəli şəxslər sahibkarlarla münasibətlərin sağlam zəmində qurulmasına səy göstərməli, fəaliyyətlərində, hər zaman insan amilini ön plana çəkməli, vətəndaşlarla normal ünsiyyət yaratmalı, özlərinin, yaxınlarının istifadəsində olan nəqliyyat vasitələrində görüntünü məhdudlaşdıran və digər əlavə avadanlıqlar quraşdırılmasına, təm–təraqlı məclislər keçirmələrinə yol verməməli, nümunəvi davranış nümayiş etdirməlidirlər.

Bu tövsiyələri, həmçinin neqativ hallara qarşı mübarizədə ictimaiyyətin rolunun böyük olduğunu nəzərə alaraq yerlərdə vətəndaşlarla keçirdiyimiz görüş–qəbullarda sakinlərə bildirilmişdir ki, bürokratik əngəllər, süni maneələr, ədalətsizliklər və digər problemlərlə rastlaşdıqda dərhal müraciət etsinlər. Düşünürük ki, ölkəmizin inkişafına mane olannüfuzuna xələl gətirən hallarla mübarizədə hər birimiz yaxından iştirak etməliyik.

Əminliklə qeyd edirəm ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin uğurla icra olunması və rayon sakinlərinin həyat tərzinin maksimum səviyyəyə çatdırılması üçün rayonumuzun kollektivləri bundan sonra da səylərini artıracaqlar.

Tədbirdə millət vəkilləri Hüseynbala Mirələmov, Səməd Seyidov və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişlər.

Sonda qərar layihəsi təsdiq edildi və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.

 

 

Zümrüd Abdullayeva

 

Respublika.- 2013.- 1 mart.- S. 9.