Məhkəmə–hüquq
sistemində aparılan islahatlar ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət edir
Qədim
və zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan
xalqı XX əsrin sonlarında suveren
dövlətdə yaşamaq arzusunu, azadlıq ideallarına bağlılığını
gerçəkləşdirərək 1991–ci
ildə Sovet İttifaqının
dağılması nəticəsində özünün
dövlət müstəqilliyinə yenidən qovuşmuş, dövlətimizin müasir tarixində yeni mərhələ
açmış, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu kimi müəyyən edərək müstəqil
intibah dövrünə
başlamışdır.
Lakin müstəqilliyimizin ilk illərində
ölkəmizdə baş verən ictimai–siyasi hadisələr,
anarxiya və dağıdıcılıq
siyasəti, ağır iqtisadi vəziyyət,
digər tərəfdən, Ermənistanın
torpaqlarımıza qarşı hərbi təcavüzü nəinki
milli dövlətçiliyimizi inkişaf etdirmək, hətta yenicə qazandığımız müstəqilliyimizi
itirmək təhlükəsi ilə üz–üzə qoymuşdu.
Belə bir ağır vəziyyətdə xalqımız ümidini yalnız və yalnız görkəmli tarixi şəxsiyyət, dünya miqyasında nüfuzlu siyasətçi Heydər Əliyevə bağlayaraq, onun yenidən hakimiyyətə qayıtmasını təkid edir və dahi rəhbərin ətrafında sıx birləşərək ölkəmizin düşdüyü bəladan məhz onun qətiyyətli, prinsipial və güclü siyasi iradəsi sayəsində yaxa qurtarmağın mümkünlüyünə inanırdı.
Gücünü xalqdan alan və həyatını bütünlüklə Azərbaycanın müstəqil bir dövlət kimi inkişafına, xalqının gələcək rifahına həsr etmiş ümummilli liderimiz Heydər Əliyev ölkədə ictimai–siyasi sabitliyi bərqərar etdi, uğurlu diplomatiyası sayəsində atəşkəsə nail oldu, dünya siyasətini müəyyən edən dövlətlərlə Azərbaycan dövlətinin möhkəm təmələ söykənən əlaqələrini yaratdı, müstəqilliyimizin və dövlətçiliyimizin gücləndirilməsi sahəsində uğurlu addımlar atdı.
Azərbaycanı tənəzzül etmiş respublikadan sürətlə inkişaf edən ölkəyə çevirməyi qarşısına məqsəd qoyan xalqımızın ümummilli lideri hakimiyyətə gəldikdən sonra bütün sahələrdə köklü quruculuq işlərinə, mütərəqqi iqtisadi–sosial, hüquqi islahatlar prosesinə başlanıldı.
Respublikamızın düzgün inkişaf strategiyasını müəyyən etmək məqsədilə ulu öndər Heydər Əliyev, ilk növbədə ölkədə ictimai–siyasi həyatın bütün sahələrini tənzimləyən mükəmməl qanunvericilik bazaya malik olmağın zəruriliyini yaxşı bilirdi. Bunun üçün müstəqil olan Azərbaycanın əvvəlcə özünün milli Konstitusiyası qəbul edilməli idi. Lakin müstəqilliyimizin ilk illərində bu sahədə heç bir addım atılmamış, bu məqsədlə komissiya yaradılsa da, o, fəaliyyətsiz olmuşdur.
Beləliklə, məhz 1994–cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiyası layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli liderimiz Heydər Əliyev oldu. Ulu öndərimizin şəxsi rəhbərliyi ilə hazırlanaraq 1995–ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini yaratmışdır. Dövlətin əsaslarını müəyyən edən Konstitusiyamız dünyada çox az konstitusiyalardandır ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir.
Eyni zamanda, cəmiyyətimizin hərtərəfli inkişafı üçün hüquq sahəsində islahatların həyata keçirilməsinə, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılmasına, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılmasına ehtiyac var idi. Bunun üçün ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsi, o cümlədən məhkəmə–hüquq sisteminin köklü və kompleks qaydada yenidən qurulması üçün hər şeydən əvvəl yeni konsepsiya işlənib hazırlanmalı idi. Respublikamızda tez bir zamanda, ardıcıl surətdə hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi islahatların aparılması sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müxtəlif komissiyalar yaradıldı. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etdi.
İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və qanunun aliliyinə nail olmaq üçün məhkəmələrin müstəqilliyinin təmin edilməsi labüddür. Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının məqsədi və əsas ideyası da məhz bundan ibarətdir.
Qısa zaman müddətində beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Bələdiyyələr haqqında” və digər yeni qanunlar hazırlanaraq qəbul olundu. Bu tədbirlər ölkəmizdə məhkəmə–hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır.
Xüsusilə qeyd olunmalıdır ki, ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasının və demokratik prinsiplərə əsaslanan məhkəmələrin yaradılmasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunda inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaratmışdır.
Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin genişləndirilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmişdir.
Bütövlükdə qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni qanun və məcəllələr qəbul edilmiş və Avropa Şurasının, digər beynəlxalq təşkilatların mütəxəssisləri bu qanunvericilik aktlarının keyfiyyətini qiymətləndirərək onların demokratik dəyərlərə, Avropa standartlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə tamamilə cavab verdiyini təsdiq etmişlər.
2000–ci ildə həyata keçirilmiş köklü məhkəmə–hüquq islahatlarının başlıca nəticəsi keçmiş sovet məhkəmə sisteminin ləğvi və yeni üçpilləli məhkəmə sisteminin yaradılması oldu. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır.
Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi məhkəmə–hüquq islahatları hazırda onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdırilir. Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə 2004–cü ildən etibarən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.
Dövlət başçısının uğurla həyata keçirdiyi məhkəmə–hüquq islahatlarının əsas qayəsində vətəndaşların hüquq və qanuni mənafelərinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur.
Bu baxımdan insan hüquqlarının qorunmasında məhkəmələrin müstəsna rolu nəzərə alınaraq ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər həyata keçirilmiş, bu sahədə qanunvericilik bazası xeyli təkmilləşdirilmiş, Məhkəmə–Hüquq Şurasının tərkibi demokratik əsaslarla formalaşdırılmış, hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə ömürlük təyinat təsbit olunmuş, onların intizam məsuliyyəti məsələləri təkmilləşdirilmiş və Məhkəmə–Hüquq Şurasının müstəsna səlahiyyətinə aid edilmiş, hakimliyə namizədlərin seçilməsinin yeni qaydaları müəyyən olunmuşdur.
Son 5 il ərzində ölkəmizdə 20–dək yeni regional məhkəmələr yaradılmış, o cümlədən regionların sosial–iqtisadi inkişafı şəraitində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə apelyasiya, ağır cinayətlər, inzibati–iqtisadi məhkəmələr fəaliyyətə başlamış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Eyni zamanda ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Eyni zamanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi, yeni qabaqcıl informasiya texnologiyalarının tətbiq olunması sahəsində də son dövrlər ərzində nailiyyətlərə imza atılmışdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində respublikamızda 30–dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanaraq bəzilərinin inşasına başlanılmışdır. Olduqca əlamətdar olmuşdur ki, son iki ildə artıq 4 məhkəmə üçün yeni müasir bina inşa olunaraq istifadəyə verilmişdir. Bakı şəhəri Yasamal, Oğuz Rayon məhkəmələrinin yeni inzibati binalarının açılışında ölkə başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi dövlətimiz tərəfindən məhkəmə hakimiyyətinə göstərilən yüksək diqqətin bariz nümunəsi olmuşdur. Təsadüfi deyil ki, bir çox xarici qonaqlar ölkəmizə səfərdə olarkən məhkəmə sistemində aparılan mütərəqqi islahatları yüksək qiymətləndirərək bu sahənin müasirləşdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu xüsusilə qeyd edirlər. Bununla yanaşı, Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələri üçün də ən müasir binalar inşa olunaraq istifadəyə verilmişdir. Bu binaların digərlərindən fərqli və üstün cəhəti ondan ibarətdir ki, həmin binalarda vətəndaşların ədalət mühakiməsinə çatımlığına, müraciət imkanlarının asanlaşdırılmasına, məlumatlılığın artırılmasına xidmət edən ən son informasiya–kommunikasiya texnologiyaları quraşdırılmış, təhlükəsizlik sistemi yüksək səviyyədə təmin edilmişdir.
Sözsüz ki, bütün bunlar ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəlməsinə, vətəndaşların məhkəmələrə inamının artmasına xidmət edir.
Onu da qeyd etmək lazımdır ki, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Belə ki, məhkəmələrin müstəqilliyi hər şeydən əvvəl özünü qanunları tətbiq edən hakimlərin fəaliyyətinə hər hansı müdaxilənin olmamasında göstərir. Yəni hakimlər işlərə heç bir məhdudiyyət qoyulmadan faktlara əsasən qərəzsiz, ədalətlə, qanuna müvafiq və tərəflərin hüquq bərabərliyi əsasında baxırlar. Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtlərindən biri də məhkəmələrin ədalət mühakiməsini məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirmələridir. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum – tərkibi əsasən hakimlərdən ibarət olan hakimlərin seçki komitəsi tərəfindən həyata keçirilir. Son illərdə Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir.
Xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə həyata keçirilən məhkəmə islahatları, o cümlədən hakimlərin seçim proseduru beynəlxalq səviyyədə yüksək təqdir olunur. Belə ki, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ölkəmizdə hakimliyə namizədlərin seçilməsinə maraq göstərərək hakimliyə namizədlərin seçimini bilavasitə izləmək üçün Azərbaycanda səfərdə olmuş, çoxmərhələli seçim prosesinin ən şəffaf və demokratik üsullarla aparılmasının şahidi olaraq hakimlərin seçiminin mütərəqqi Avropa standartlarına cavab verdiyini vurğulamış və CEPEJ–in hesabatında ölkəmizin bu sahədəki müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.
Bütün bunlar onu deməyə əsas verir ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə–hüquq islahatları tam demokratik mahiyyətə və məzmuna malik olan bütöv bir proses olaraq insan və vətəndaş hüquq və azadlıqlarını daha ardıcıl və dolğun şəkildə, daha geniş və demokratik məzmunda təmin etmək məqsədlərinə xidmət edir.
Şübhəsiz ki, müasir müstəqil
Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində
misilsiz xidmətləri olmuş
dahi şəxsiyyət Heydər Əliyevin
anadan olmasının 90 illik
yubileyini təntənə ilə qeyd edəcəyimiz yaxın aylarda
bir daha deməyə
haqqımız çatır və söyləməyə
borcluyuq ki, Heydər Əliyevin
müəyyən etdiyi inkişaf
strategiyası sayəsində müstəqil Azərbaycanımız
daha da qüdrətlənəcək,
inkişaf edəcəkdir. Əminik ki, 90 illik yubileyini
dərin ehtiram və sonsuz
məhəbbətlə qeyd etdiyimiz Heydər Əliyev Azərbaycan dövlətinin
hərtərəfli inkişafı yolunda əvəzsiz
tarixi xidmətləri, milli
dövlətçilik ideyaları ilə xalqımızın
və vətənimizin tarixində əbədi
yaşayacaqdır.
Əfqan Hacıyev,
Bakı Ağır Cinayətlər
Məhkəməsinin
hakimi.
Respublika.- 2013.- 1 mart.- S. 8.