Ziyalı ömrü
El–oba
işinə yarayan, doğulduğu
yurdu daim tərəqqi
və inkişafda görmək istəyən
və həmişə buna
çalışan şəxsi haqlı olaraq
hamı ziyalı kimi sevir
və dəyərləndirir. Belə ziyalılarımızdan
biri də Ələkrəm müəllimdir.
Ələkrəm Məmmədov qədim Şəkinin axarlı–baxarlı kəndlərindən olan Vərəzət kənd tam orta məktəbin direktorudur. Onu nəinki bu kənddə, həmçinin Şəkidə və hətta onun hüdudlarından da kənarda yaxşı tanıyırlar. Prinsipiallığı, əqidə sahibliyi, düzgünlüyü, səmimi və mehribanlığı onu kollektivdə, yaşadığı kənddə böyük xətir–hörmət sahibi edib. Sözü həmişə şax deməyi, ötkəmliyi onun xarakterik cizgilərindəndir.
Ə.Məmmədov milli mənliyi ehtiva edən xarakterini özüylə daşıyan ziyalıdır. İstər uzun illərdən bəri çalışdığı məktəbdə, istərsə də ictimaiyyət arasında onun üzağardıcı xeyli işləri var ki, sakini olduğu kənddə də, ətraf bölgələrdə də hər zaman örnək kimi nümunə göstərilir.
Elə Şəki rayon təhsil şöbəsinin müdiri Södabər xanım İsmayılova da qabaqcıl, öz işi ilə ad–san qazanan məktəb direktorları haqqında söhbət düşəndə ilk əvvəl Ələkrəm müəllimin adını çəkdi. Son illərdə məktəbin əldə etdiyi uğurlarda nəinki kollektivə, eləcə də bütün Şəkiyə başucalığı gətirən nəticələrdən söhbət açan təhsil şöbəsinin müdiri pedaqoji ictimaiyyətin Ələkrəm Məmmədovla qürur duyduğunu vurğuladı.
1994–cü ilə qədər əsas məktəb kimi fəaliyyət göstərən onun çalışdığı bu təhsil ocağı istər maddi–texniki bazası ilə, istərsə də pedaqoji prosesdəki göstəriciləri ilə o qədər də seçilmirdi.
1996–cı ildə Vərəzət kənd tam orta məktəbinin buraxılışı oldu. Məzunların həmin il sayı çox olmasa da pedaqoji kollektivin uğurları ürəkaçan oldu. 15 məzundan 12 nəfərin müxtəlif adlı–sanlı ali məktəblərə və 3 nəfərin orta ixtisas məktəblərinə qəbul olunması bu kənd məktəbinin tarixində görünməmiş hadisə idi. Həmin vaxtdan bəri təhsildə qabaqcıllığı əldən verməyən pedaqoji kollektiv sonrakı illərdə daha böyük uğurlara imza atmağa başladı.
“Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun Vərəzət kəndində müasir tələblərə cavab verən 320 şagird yeri olan yeni məktəb binasının tikilib istifadəyə verilməsi pedaqoji kollektivi uzun illərdən bəri arzuladığı məqsədə qovuşdurdu. Elmi–texniki tərəqqinin bütün imkanlarından yararlanmaq üçün hər bir şəraitin qurulması, müasir fənn kabinetlərinin, təlim–texniki vasitələrdən istifadəyə hesablanmış siniflərin, şagirdlərin fiziki hazırlığını inkişaf etdirmək üçün qurulmuş nümunəvi idman meydançasının və sair təlim vasitələrinin yüksək səviyyədə qurulması kollektivin uğurlarının birə–beş artmasına imkan yaratdı.
Məktəbin direktoru Ələkrəm Məmmədovun işə səriştəli münasibəti, ən başlıcası pedaqoji məharəti sayəsində kollektivin strateji xətti müəyyənləşdirildi.
Ələkrəm müəllimin idarəetmə metodikasında təlqinetmə prinsipi hakimdir. O, bunu yalnız özünə deyil, məktəbin pedaqoji kollektivinə də, xüsusilə gənc kadrlara tövsiyə edir. Çəkilən zəhmətin bəhrəsi göz qabağındadır. 2004–2005–ci tədris ilindən başlayaraq statistik göstəricilərə görə Vərəzət kənd tam orta məktəbi rayonda öncül yerlərdən birini tutur.
Söz yox ki, uğurlu nəticə əbəs yerdən yaranmır. Gərgin zəhmət ideya axtarışlarında üzə çıxır,–deyirlər. Fənn müəllimlərini könüllü səfərbər etməklə təmənnasız olaraq dərsdənkənar hazırlıq saatlarının təşkili ilə şagirdləri və onların valideynlərini də inandırmağa çalışır ki, ali təhsil almaq mümkündür. Və bu, doğma kəndin, rayonun, ümumilikdə ölkəmizin gələcək inkişafından ötrü vacibdir.
Vaxtaşırı keçirilən tədbirlər məktəblilərdə Vətənin sabahına, ekoloji sağlam mühitin qorunub saxlanmasına, yaradıcılıq qabiliyyətinin aşkarlanmasına inam doğurur. Beləliklə, onlar təhsillərini davam etdirməyə, ona görə daha yaxşı oxumağa səy göstərirlər.
Məzunların bu gün 500–700 bal toplayaraq ölkənin ən savadlı şagirdlərindən olduqlarını sübut etmələri pedaqoji kollektivin başucalığıdır.
Təkcə ötənilki tədris ilində Vərəzət
kənd tam orta məktəbin 13 nəfər şagirdi ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Məzunlardan İlham Nizamov 696 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür. Səfa Əflatun qızı Nəsirli isə 655 bal toplayaraq Qafqaz Universitetinin tələbəsi olmuşdur.
304 nəfər şagirdin təhsil aldığı bu qabaqcıl kənd məktəbinin ümumrayon tədbirlərində, ölkə miqyaslı fənn olimpiadalarındakı uğurları da ürəkaçandır.
İnsanlara yanaşma metodunda mənəvi dəyərlərə, milli adət–ənənələrə üstünlük verən Ə.Məmmədov bütün münasibətlərində milli inkişafı əsas götürür.
Rəhbərlik etdiyi
kollektivdə qazandığı hörmət–izzət sadəliyindən
və səmimiyyətindən irəli gəlir. Böyük–kiçik yeri bilməyi, adət–ənənələrimizə
sayğısı şərəfli ziyalı ömrü
yaşayan Ələkrəm Məmmədovu
böyük bir elin sevimlisinə çevirib.
İlham Pənahov
Respublika.- 2013.- 2 mart.-S. 6.