Müqəddəs
amallar carçısı
Təndə canım, uç daha, tərk eylə bu bərbad yeri
Məhv olub azadəlik, dönmüşdür istibdad
geri.
Əsl vətən vurğunu olan Qabdulla Tukay haqqında yazıya bu misralarla başlamağımız təsadüfi deyil. Böyük tatar şairi, publisisti Qabdulla Tukay cəmi 27 il ömür sürməsinə baxmayaraq, mənalı bir həyat keçirmiş, tatar xalqının rifahını düşünən yenilməz mücadilə adamı, böyük bir şair kimi adı ədəbiyyat tarixinə əbədi həkk olunmuşdur. Azərbaycan–tatar ədəbiyyatının yorulmaz tədqiqatçısı, istedadlı alim Mənzər Həsənovanın araya–ərsəyə gətirdiyi “Qabdulla Tukay Azərbaycan ədəbiyyatşünaslığında” kitabı yeni nəşrlərdəndir. Görkəmli alim Arif Məmmədov “Qabdulla Tukay və cədidizm” adlı məqaləsində yazır:
“Qabdulla Tukay o tipli yaradıcı şəxsiyyətlərdəndir ki, onların əbədilik ömrünü başdaşlarına yazılan yaşanmış real illər müəyyənləşdirmir. Belə şəxsiyyətlərin həyatı, fəaliyyəti və yaradıcılığı rəmzə çevrilərək bütövlükdə xalqa mənsub olur”.
Doğrudan da, şair çox az
yaşamasına baxmayaraq, bir
insan ömrünə sığmayacaq qədər
yazıb–yaratmışdır. Çar
Rusiyasının ağır, əzablı, məşəqqətli
müstəmləkə boyunduruğu
altında boya–başa
çatan Tukayın poetik
təfəkkürü çox erkən
formalaşmışdır. Ətrafındakı haqsızlıqlara, eybəcərliklərə
dözməyən şair özünəməxsus
şəkildə dövrün mürəkkəb
hadisələrini şeir dilinə gətirərək
böyük bir
ağrıyla, acıyla millətinin dərdlərinə şərik
olmuş, bu istibdada qarşı kəskin mübarizə
aparmışdır. Vətənpərvərlik
duyğularının ifadə olunduğu
şeirlərindən biri də “Millətimə”
adlanır. Bu şeirdə vətən,
millət eşqi ilə
çırpınan qəlbin səsi duyulur:
Bütün fikrim, gecə–gündüz sizə aiddir, millətim,
Səhhətindir səhhətim, həm illətindir illətim.
Müqəddəssən, möhtərəmsən içimdə bütün hər şeydən,
Dəyişməm kainata
millətimi, milliyətimi.
Tatar xalqının
azadlığı və xoşbəxtliyi onun
müqəddəs amalı idi. Tukay başa düşürdü ki, bir millətin dirçəlişi və
qüdrəti ilk növbədə onun dilinə bağlıdır. Dilin inkişafı və zənginliyi həmin
millətin varlığının göstəricisidir. Şairi daim tatar dilinin inkişafı
məsələsi düşündürürdü.
Axı, insan doğma dilini, anasının layla dediyi bir dili
necə unuda bilər? O, böyük bir sevgiylə yazırdı:
Ata–anamın dili,
Doğmasan, müqəddəssən.
Bir gözəlsən —hüsnündə
Dünyalar tapmışam mən.
Beləliklə, Qabdulla Tukay yaradıcılığa romantik,
incə duyğulu şeirlərlə başlasa
da, bu lirika
qısa bir zamanda kəskin ictimai–siyasi mahiyyət qazanır. Şair, dilinə, torpağına,
vətəninə uzanan
əlləri kəskin
tənqid atəşinə
tutmuş, bu mübarizəsini ömrünün
axırına qədər
əzmlə davam etdirmişdir. O, tatar
xalqına təkcə
əsərləri ilə
deyil, tatar dilinin incəliklərini, zənginliyini əks etdirən tərcümələri
ilə də xidmət göstərmişdir.
Qabdulla Tukay şair və publisist olmaqla yanaşı, eyni zamanda gözəl mütərcim idi. O, Mirzə
Ələkbər Sabir,
Koltsov, Lermontov, Maykov,
Pleşşeyev, Polonski,
Nikitin kimi böyük şairlərin
əsərlərini tərcümə
edərək tatar oxucusuna təqdim etmişdir.
Beləcə, özündən sonra böyük bir ədəbi məktəb yaradan Tukay tatar
ədəbiyyatında yeni
səhifə açmışdır.
Qabdulla Tukay yaradıcılığı təkcə
tatar xalqı tərəfindən deyil, digər türk xalqları tərəfindən
də sevilərək
oxunur.
Şairin yaradıcılığına maraq
Azərbaycan alimlərinin
də diqqətindən
kənarda qalmamış,
müəyyən dövrlərdə
onun haqqında sanballı məqalələr
yazılmışdır. 2011–ci ildə Kazan şəhərində
keçirilən Qabdulla
Tukayın anadan olmasının 125 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda Azərbaycanlı alimlər
də məruzə ilə çıxış
etmişlər. Bundan
başqa, Nizami adına Ədəbiyyat
İnstitutunda da şairin yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
Dəyərli alimimiz,
filologiya üzrə fəlsəfə doktoru Mənzər Həsənovanın
Tukay yaradıcılığına
həsr olunmuş “Qabdulla Tukay Azərbaycan ədəbiyyatşünaslığında”
adlı məqalələr
toplusu da şairə verilən böyük sevginin bariz nümunəsidir.
“Mənim həzin,
qəmli sazım, necə az gəldi
avazın?” təsiredici,
lirik sərlövhə
ilə başlayan bu toplu Qabdulla
Tukay yaradıcılığının
müəyyən səhifələrinə
həsr olunmuş məqalələrdən ibarətdir. Mənzər xanım Qabdulla Tukay haqqında Azərbaycanlı alimlərimizin
yazdığı məqalələri
toplamış, sistemləşdirmiş
və nəşr etdirmişdir. Topluda
XX əsrdə yazıb–yaratmış
Ceyhun Hacıbəyli
(C.Dağıstani), Nəriman
Nərimanov, Cəlil Məmmədquluzadə kimi
ədib və jurnalistlərin Qabdulla Tukay haqqında fikir və mülahizələri
ilə yanaşı, Əziz Mirəhmədov, Əziz Şərif, Q.Məmmədli, Pənah Xəlilov, Vilayət Quliyev, Əmir Teymuroğlu Qasımlı,
Mənzər İbrahimova,
Mənzər Həsənova,
Arif Məmmədov, Almaz Ülvi Binnətova, Nizami Tağısoy, Ramiz Əsgər və Xuraman Hümmətova kimi tədqiqatçı alimlərin məqalələri
yer almışdır.
Topluda
son illərdə qələmə
alınmış məqalələrə
daha çox üstünlük verilmişdir.
Bundan başqa, kitabda Qabdulla Tukayın əsərlərindən dilimizə
edilən tərcümələr
də Azərbaycan oxucusuna təqdim edilmişdir. Dəyərli alim Xuraman Hümmətova
şairin “Samanbazarı,
yaxud yeni kəsikbaş” poemasını
Azərbaycan dilinə
tərcümə edərək
çap etdirmişdir.
Bu poema da
kitaba əlavə edilmişdir.
Qabdulla Tukayın
tatar ədəbiyyatında
aparıcı mövqeyə
sahib olması, eyni zamanda Azərbaycan elmi–nəzəri fikrində
özünəməxsus yer
tutması belə bir kitabın çap olunma zərurətini ortaya çıxarırdı. Azərbaycan–tatar ədəbi əlaqələrinin
yorulmaz tədqiqatçısı,
dəyərli alim Mənzər Həsənovanın
gərgin əməyi
və səyi nəticəsində topluda
Qabdulla Tukay haqqında Azərbaycanda müəyyən dövrlərdə
nəşr olunmuş
məqalələr əksini
tapmışdır. Qeyd edək
ki, Azərbaycan dilində yazılmış
məqalələrlə yanaşı
rus dilində olan məqalələr də topluya daxil edilmişdir.
Filologiya üzrə fəlsəfə
doktoru Mənzər Həsənovanın “Qabdulla
Tukay Azərbaycan ədəbiyyatşünaslığında” məqalələr toplusu tukaysevərlərə, eləcə
də Azərbaycan–tatar
ədəbi əlaqələrinə
layiqli bir töhfədir.
Eşqanə BABAYEVA,
AMEA Nizami adına Ədəbiyyat
İnstitutu Türk xalqları
ədəbiyyatı
şöbəsinin böyük elmi
işçisi,
filologiya elmləri üzrə
fəlsəfə doktoru.
Respublika.- 2013.- 2 mart.- S. 5.