Qadınlar təşkilatının
konfransı keçirilmişdır
Daşkəsən rayon qadınlar təşkilatının növbəti konfransı işgüzarlıq və fəallıq şəraitində keçirilmişdir. Belə ki, konfransa əvvəlcədən ciddi hazırlıq görülmüşdür. Təşkilatın ötən konfransdan bu günədək gördüyü işlər və qarşıda duran vəzifələr dəfələrlə müzakirə edilmişdir.
Konfransı giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini—Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev açaraq gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. Sonra Daşkəsən RİHB–nin müavini, ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov “Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə” məruzə ilə çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki, Azərbaycan qadını öz mərdliyi və saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli–mənəvi dəyərlər sisteminin formalaşmasında çox böyük rol oynamışdır. Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Görünür, elə bu səbəbdəndir ki, indiyədək qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə gender bərabərliyi, xüsusilə siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində müxtəlif müddəalar öz əksini tapıb. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər.
Qadınlarımız istər ailədə, istərsə də dövlət işlərində heç də kişilərdən geri qalmırlar. Həyatın elə sahələri vardır ki, qadınların rəhbərlikdə, idarəetmədəki şəxsi nümunəsi örnək kimi qəbul edilir. Bu mənada Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də ölkəmizdən kənarda apardığı çox böyük ideoloji işlər dövlətimizin beynəlxalq aləmdə nüfuzununun yüksəldilməsinə, Azərbaycan qadınının böyük potensiallara malik olmasına əyani sübutdur.
Rayonda son illər böyük tikinti, abadlıq, quruculuq işləri aparılır. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və nəzarəti altında “Yeni Daşkəsən” layihəsi uğurla icra olunmaqdadır. Bu layihəni ilk alqışlayan, ona qəlbən qoşulan məhz rayon qadınları olmuşlar. Layihə həyata keçirildikcə rayonun sosial–iqtisadi inkişafı daha da sürətlənir.
Tədbirdə Milli Məclisin deputatı Sahibə Qafarova, rayon qadınlar təşkilatının sədri Afət Hökmalıyeva, İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbin müəllimləri Rəna Aslanova, Gülnarə Əliyeva, 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Mətanət Abdullayeva, ağbirçək müəllim Adilə Məmmədova çıxış etmiş, qadınlara göstərilən diqqət və qayğıya, rayonumuzda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Konfransda Azərbaycan Qadınlarının IV qurultayına 6 nəfər nümayəndə seçilmişdir.
Qəhrəman
QURBANOV
Respublika.- 2013.- 2 mart.- S. 4.