Kollecin uğurları artır
Ümummilli liderimiz Heydər
Əliyev təhsili millətin gələcəyi
adlandırmışdır. Zaman göstərir
ki, dahi rəhbərimiz
öz dahiyanə fikrində nə qədər
haqlı imiş. Təhsil sahəsi həmişə
ulu öndərin diqqət mərkəzində
olmuşdur.
Hər bir dövr təhsilin məzmununa, onun məqsəd və dəyərlərinə öz tələblərini diqtə edir. Belə ki, əmək bazarında baş verən struktur dəyişiklikləri, cəmiyyətdə təhsilin keyfiyyətinə diqqətin artması, informasiya texnologiyasında baş verən yeniliklər, elm və təhsilin dünyəvi xarakter alması təhsil sistemi qarşısında yüksək tələblər qoyur.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Keçən illər ərzində ümummilli liderimiz Heydər Əliyev siyasətinin böyük təsiri nəticəsində sıçrayışlı irəliləyişlər əldə olunmuş, orta ixtisas məktəblərində də struktur dəyişiklikləri baş vermiş, maddi–texniki bazanın möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, təlim–tərbiyə və təhsilin məzmununu yenidən qurmaq, problemin həlli üçün effektiv üsul və metodların tətbiqi önə çəkilmişdir. Müxtəlif ixtisas sahələrində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi iqtisadiyyatın inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə təkan vermişdir.
Son illər Təhsil Nazirliyində, həm də onun müəssisə və təşkilatlarında bir sıra məqsədyönlü işlər görülmüşdür. Əmək və məşğulluq bazarının tədricən formalaşmağa başlaması və bu bazarın tələblərinə uyğun yeni ixtisasların yaranması iqtisadiyyatın dirçəlməsinə, xüsusi ilə texniki təmayüllü orta ixtisas təhsili müəssisələrinə gənclərin axınını gücləndirmişdir. Bütün bunlar sübut edir ki, orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının səviyyəsi iqtisadi cəhətdən səmərəli olub, eyni zamanda, orta təhsil almağı təmin edir. Bu isə iqtisadi inkişafın tələbatını ödəməklə yanaşı, on minlərlə gəncin istək və arzularının həyata keçməsinə cavab verir. 1946–cı ildən fəaliyyət göstərən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci keçən dövr ərzində minlərlə kənd təsərrüfatı kadrları hazırlamış, respublikamızın müxtəlif regionlarını orta ixtisaslı mütəxəssislər ilə təmin etmişdir.
Bu gün çoxillik tarixə malik olan kollec öz ənənələrini qoruyub saxlamaqla yanaşı, daim irəliyə, yeniliyə doğru can atır.
Yarandığı vaxtdan keçən 66 il ərzində kollecin mühəndis–pedaqoji kollektivi mövcud tədris–texniki bazanı daha da zənginləşdirmişdir. 10 mindən çox kitab fondu olan kitabxana tələbə və müəllimlərin ixtiyarındadır.
Təhsil islahatının həyata keçirilməsi, təhsil prosesində yeni metodlardan istifadə olunması və maddi–texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür.
Təlim–tərbiyə prosesinin təkmilləşdirilməsi və dərslərin keyfiyyətinin yüksəldilməsi üçün interaktiv təlim metodlarından ardıcıl və səmərəli istifadə olunur. Kollecdə 1303 nəfər tələbə təhsil alır. Tələbələrin təlim–tərbiyəsi ilə 131 nəfər müəllim məşğul olur ki, onlardan 3 nəfəri elmlər namizədi, 25 nəfəri ali kateqoriyalı müəllimdir. Kollecin 47 nəfər texniki işçisi vardır.
Təhsil sahəsində islahat proqramının müddəalarına uyğun olaraq keyfiyyətin yüksəldilməsi həmişə diqqət mərkəzindədir. 2011–2012–ci tədris ilinin yekununa görə təhsil alan tələbələrin mənimsəmə faizi 99,3 faiz olmuşdur. Tələbələrin elmi axtarıcılıq qabiliyyətlərini və elmi dünyagörüşlərini daha da inkişaf etdirmək üçün kollecdə tələbə parlamenti yaradılmışdır. Tələbə idarəetmə orqanlarının işini müasir tələblər səviyyəsində qurmaq məqsədilə hər həftənin 5–ci günü kollecin idarə olunması tələbələrin ixtiyarına verilir.
Hazırda tədris ocağının vəzifəsi təkcə tələbələrə bilik vermək, onlara elmlərin, ixtisasların incəliklərini öyrətmək deyil, həm də sərbəst yaradıcı düşüncəyə malik, insan hüquqlarının aliliyini yüksək mənəvi dəyər kimi qəbul edən, müstəqil dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, dilimizi, bütövlükdə milli–mənəvi dəyərlərimizi daim qoruyub yaşada bilən yeni nəsil, fəal vətəndaşlar yetişdirməkdir. Bu sahə bir an da olsa, diqqətdən kənarda qalmır.
Bu gün yeniyetmə və gənclərdən ibarət olan tələbə kollektivi özünə həssas münasibət tələb edir. Onları inandırmaq, gələcək həyat yolunun düzgün seçilməsində kömək etmək hər bir müəllimdən gərgin əmək, dərin bilik, işə yaradıcı münasibət tələb edir. Ona görə də, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində çalışmaqla yanaşı, tərbiyə işinə, tələbələrin yüksək mənəviyyatlı insanlar kimi yetişməsinə diqqət daim artırılır.
Bu məqsədlə kollecdə tez–tez müxtəlif maraqlı tədbirlər, elmi–praktik konfranslar, bilik yarışları, yaradıcılıq müsabiqələri keçirilir.
Təlim–tədris ocağında tarixi və əlamətdar günlərlə, bayramlarla, ənənələrimizlə bağlı maraqlı tədbirlər, əyləncəli proqramlar təşkil olunur. Bunların arasında Müstəqillik Günü, Yeni il, Ramazan Bayramı, Xocalı faciəsi, Müəllim Günü və digərləri var. Bədii özfəaliyyət kollektivi indi Novruz Bayramına hazırlaşır. Bayram ədəbi– bədii proqramla qeyd olunacaqdır. Bütün tədbirlərin əsas məqsədi gənclərin bilikli, bacarıqlı və vətənpərvər kimi yetişmələridir.
Kollecin direktoru X.Orucov
bildirir ki, bizim ən ağrılı problemimiz
Qarabağ torpağının hələ
də işğal altında
qalmasıdır, ancaq əminik ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi
kursunu uğurla davam etdirən hörmətli Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan torpaqları işğaldan azad olunacaqdır.
Vəli İlyasov
Respublika.- 2013.- 2 mart.- S. 4.