|
Yaradıcılıq gecəsi keçirilmişdir
İ.Əbilov adına Mədəniyyət Mərkəzində mahir qarmon ifaçısı, pedaqoq Nizami Əsgərovun səhnə fəaliyyətinin 35 illiyinə həsr olunmuş musiqili bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin bədii rəhbəri, əməkdar mədəniyyət işçisi Mirəhməd Əsgərov demişdir: “Vaxtı ilə SSRİ xalq artistləri Lütfiyar İmanov, Zeynəb Xanlarova, xalq artistləri Rübabə Muradova, Səkinə İsmayılova və başqa görkəmli incəsənət ustaları bu mədəniyyət mərkəzində çıxış etmişlər.
Onların davamçılarından biri də görkəmli qarmon ifaçısı Nizami Əsgərovdur. O, öz ifaçılıq dəst–xəttilə milyonlarla musiqisevərlərin sevgisini qazanmışdır”.
Tədbirdə çıxış edən respublikanın əməkdar müəllimi Sona Rzaquliyeva Nizami Əsgərovun gözəl musiqiçi, görkəmli pedaqoq olmasından danışdı. Milli Konservatoriyanın nəzdində olan İncəsənət gimnaziyasının musiqi şöbəsinin müdiri Məhərrəm Məmmədov Nizami Əsgərovun musiqi fəaliyyətindən, onun dünya şöhrətli müğənni, SSRİ xalq artisti Zeynəb Xanlarova kimi bir müğənni ilə çalışmasından iftixar hissi ilə söz açdı və sənətkara konservatoriyanın “Fəxri fərman”ını təqdim etdi.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçiləri Həmkarlar İttifaqı tərəfindən
Nizami Əsgərov “Mədəniyyət və
incəsənət sahəsində xidmətlərinə
görə “Ustad sənətkar” ali media mükafatına layiq görüldü.
“Zirvə” ziyalılar təşkilatının sədri Minayə
Dəyanət qızı yubilyara
bu təşkilatın fəxri diplomunu təqdim edərək ona
uğurlar arzuladı. Tədbirdə
çıxış edən sənətşünaslıq
elmləri namizədi Abasqulu Nəcəfzadə
və digər natiqlər Nizami Əsgərovu
təbrik edərək ona musiqimizin
çiçəklənməsi yolunda
müvəffəqiyyətlər arzuladılar. Sonra
səhnəyə yubilyarın rəhbərlik etdiyi
“Odlar yurdu” instrumental ansamblı dəvət olundu. Nizami Ələsgərovun qarmonda rəngarəng
ifası, eləcə də əməkdar artistlər
Əbülfət Oğuz, Ruhəngiz Musəvi,
xanəndə Mirməmməd Mircavadov,
müğənni Kəmalə Musayevanın
çıxışları alqışlarla
qarşılandı. Sonda Nizami
Əsgərov tədbirin təşkilatçısı olan Mirəhməd müəllimə və iştirakçılara
öz minnətdarlığını bildirdi.
Elşad DAĞLI,
Respublika.- 2013.- 3 mart.- S. 8.