ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli
12, 13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral,
1 və 2 mart tarixli saylarımızda)
Əlbəttə,
o illərdə ermənilər bu işə ciddi surətdə
hazırlaşır, bütün dünyada öz təbliğatlarını
davam etdirirdilər. Lakin Heydər Əliyevin SSRİ rəhbərliyində
olması, onlara açıq şəkildə fəaliyyətə
başlamağa imkan vermirdi. 1987–ci ilin oktyabrında H.Əliyev
SSRİ rəhbərliyindən uzaqlaşdırılan kimi ermənilər
Azərbaycana qarşı açıq şəkildə
hücuma keçdilər. 1987–ci ilin noyabrında
M.Qorbaçovun iqtisadi məsələlər üzrə
köməkçisi akademik A.Ağanbekyan Fransada olarkən
oradakı erməni lobbisi ilə görüşündə
Dağlıq Qarabağın Ermənis–tana birləşdirilməsinin
mümkünlüyü barədə ona verilmiş suala
Fransanın “Hümanite” qəzetinin 18 noyabr tarixli nömrəsində
dərc olunmuş cavabda deyir: “Bir iqtisadçı kimi mən
hesab edirəm ki, o, daha çox Ermənistanla bağlıdır,
nəinki Azərbaycanla. Bu barədə mən bir təklif irəli
sürmüşəm. Mən ümidvaram ki, yenidənqurma,
demokratiya şəraitində bu problem öz həllini tapacaq”.
A.Ağanbekyanın
Parisə uçmasından bir ay əvvəl, həmin ilin
oktyabrında İrəvanda Puşkin bağında “Qarabağ”
komitəsinin keçirdiyi ilk mitinqə onun liderləri
İqor Muradyan və Levon ter–Petrosyan o zaman 250–dən yuxarı
adam yığa bilməmişdilər. Burada onlar əvvəlcə
döyüş himni səsləndirirlər: “Bu gün
Qarabağa olduqca mübariz sonluqla bitən canlı büt
lazımdır”, “Bizim Qarabağımızı qurtarmaq
üçün ölümdən və həbsxanadan
qorxmamağı bacarmalıyıq”. S.Kaputikyan bu
yığıncağı “yenidənqurmanın, kütlənin
sosial fəallığının bəhrəsi”
adlandırmışdı.
Ümumiyyətlə,
1987–ci il İrəvandan Qarabağa gələn emissarlar
bütün il ərzində burada sənaye müəssisələrində,
ermənilər yaşayan kəndlərdə təbliğat
aparır, muxtar vilayətin Ermənistana birləşdirilməsi
barəsindəki təklifin altında imzalar
toplayırdılar. Azərbaycanlı müəlliflərin
kitabları DQMV–nin kitabxanalarından
yığışdırılır. Z.Balayanın “Ocaq”
kitabı kütləvi tirajlarla çap olunaraq erməni ailələrinin
stolüstü kitabına çevrilirdi.
b)
Dağlıq Qarabağ hadisələrinin başlanması, ermənilərin
sözdən işə keçmək taktikası.
Məhz
belə bir zamanda bu iş üçün
görülmüş bütün tədbirlərin başa
çatdırıldığını, sözdən hərəkətə
keçməyin vaxtı yetdiyini hiss edən ermənilər
1988–ci il fevral ayının 20–də DQMV Xalq Deputatları
Sovetinin növbədənkənar sessiyasını
keçirir. Sessiyada Vilayət Sovetinin azərbaycanlı
deputatları iştirak etmirdi. Uzun müzakirədən sonra
növbədənkənar sessiya Azərbaycan SSR və Ermənistan
SSR Ali Sovetlərinə müraciət edərək
Dağlıq Qarabağdakı “erməni əhalisinin arzusunu nəzərə
alaraq” DQMV–nin Azərbaycan SSR–in tərkibindən Ermənistan
SSR–in tərkibinə verilməsi məsələsini həll
etməyi xahiş edir.
Bununla
əlaqədar Y.Pompeyev yazırdı ki, bu vaxt “Pravda” və
“İzvestiya” qəzetlərinin müxbirləri Qarabağ ermənilərindən
öyrənməyə çalışırlar ki, DQMV–nin Ermənistana
verilməsinin hansı konkret müsbət cəhətləri
var? A.Ağanbekyanın iqtisadi cəhətdən məqsədəuyğunluğunu
yaddan çıxaran müxbirlərə cavab verirlər: “Necə
ola bilər ki, müqəddəs iş haqqında söhbət
gedərkən bütün hər şeyi hansısa haqq–hesabla
müqayisə edəsən”, Sero Xanzadyan isə: “Qarabağ
olmasa, bizə heç bir yenidənqurma lazım deyil” deyə xalqı
qorxudurdu.
Çox
maraqlıdır ki, belə bir vaxtda Azərbaycan
Respublikasının rəhbərliyindən təcili tədbirlər
görmək əvəzinə çaşqınlıqda
qalıb lənglik göstərərək Moskvadan
tapşırıq gözləyirdilər. 1988–ci il fevralın
23–də “Bakinsi raboçi” qəzetində dərc olunmuş məlumatda
deyilirdi: “Dağlıq Qarabağ Muxtar Vilayəti dinamik
inkişaf edir. Dəmir yolu, elektrik xətti kimi başlıca
arteriyalar – DQMV–ni Azərbaycan SSR ilə sıx bağlayır.
Vilayətdə çoxlu sənaye müəssisələri fəaliyyət
göstərir. Stepanakert iri sənaye, mədəniyyət mərkəzinə
çevrilib. Faktlar göstərir ki, mühüm iqtisadi və
sosial göstəricilərə görə DQMV orta respublika
göstəricilərindən qabaqda gedir”.
Həmin
vaxtdan Stepanakert şəhərində mitinqlər
başlayır. Mitinq iştirakçıları “Lenin, Partiya,
Qorbaçov!” şüarını səsləndirirdilər.
Bu, M.Qorbaçovun yenidənqurmasının arsenalında
yenilik: aşağıdan təzyiq, kütlənin
despotiyası idi.
Jurnalistlər
mitinq iştirakçılarına sual verirdilər: “DQMV–nin əhalisinin
dörddə–birini azərbaycanlılar təşkil edir, bəs
onlar necə olsun?” Cavabında isə eşidirdilər:
“Bütün bu suallar nə üçündür? Sadəcə
onlara izah etmək lazımdır ki, DQMV–nin Ermənistana verilməsindən
heç nə pis olmayacaq”. Y.Pompeyev yazırdı: “Bax belə,
onlardan (azərbaycanlılardan – A.P.) soruşmaq yox, dilsiz məxluq
kimi onlara izah etmək lazımdır”.
Dağlıq
Qarabağda çıxan “Sovetski Karabax” qəzetinin səhifələrində,
vilayətin radio və televiziya qovşağı ilə Azərbaycan
və azərbaycanlıların ünvanına hər cür
yalan və böhtanlar yağdırırdılar. Ermənilər
artıq öz təbliğat maşınını təkcə
Dağlıq Qarabağda, Ermənistanda, Sovetlər
İttifaqında deyil, həm də bütün dünyada
işə salmışdılar.
Ermənilər
Stepanakertə gələn jurnalistlərdən tələb
edirdilər ki, “Bizim haqqımızda ya yaxşı yazın,
ya da heç nə yazmayın”, “pis cəhətlər barədə
necə məlumat verilsin?” sualına “pis sözləri
yalnız azərbaycanlılar barəsində yaza bilərsiniz”
deyirdilər.
Həqiqətən
də tezliklə mərkəzi mətbuatda ermənilərin bu
“ağıllı məsləhətləri” öz əksini
tapır. Belə ki əvvəllər bu hərəkatın
milli zəmində kortəbii şəkildə
yarandığı barədə məlumatlar verilirdisə,
getdikcə bu kimi yazılar qəzet səhifələrindən
yoxa çıxırdı.
1988–ci
il martın 24–də “İzvestiya” qəzetinin müxbirləri
“Mitinqlərdən sonra görüş” başlığı
ilə Dağlıq Qarabağdan verdikləri xəbərdə
yazırdılar ki, ezamiyyəyə gedən vaxt biz
qarşımızda bir vəzifə qoymuşduq: “Obyektiv olmaq,
hər hansı birtərəfliliyə və ya yanlış qənaətə
uymamaq”. Ermənilər bizdən tələb edirdilər ki, “Həqiqəti
söyləməyə sizə nə mane olur?” Prinsipcə
heç nə. Həqiqətdə fevral ayının iki həftəsi
müddətində gecə və gündüz keçirilən
çoxminlik mitinqlərin “başlıca şüarı
DQMV–ni Azərbaycan SSR–in tərkibindən Ermənistan SSR–in tərkibinə
verilməsi idisə, səbəb kimi isə çoxlu
sosial–iqtisadi, etnik, mədəni–tarixi…” məsələlər
gətirilirdi.
Dağlıq
Qarabağda olan mitinqlər kimi, ondan da daha çox adamın
iştirak etdiyi mitinqlər İrəvanda keçirilirdi. Həm
Stepanakertdə, həm də İrəvanda hərəkata rəhbərlik
etmək üçün komitələr
yaradılmışdı. İrəvanda bu komitə
“Qarabağ”, Stepanakertdə isə “Krunk” (“Durna”)
adlanırdı.
Mitinqlər
zamanı müxbirlər mitinq iştirakçıları ilə
söhbətdə bildirəndə ki, Dağlıq Qarabağ
ermənilərinin səs verməsi hələ məsələnin
həlli demək deyil, SSRİ Konstitusiyasına görə bu
məsələyə Azərbaycan SSR, Ermənistan SSR, sonra isə
SSRİ Ali Sovetlərində baxılmalıdır. Həmin
vaxt “Krunk”un üzvü istefada olan podpolkovnik
A.Laçiçyan “onda biz partiya biletlərini
atacağıq”, Stepanakert Pedaqoji İnstitutunun dosenti
Q.Qriqoryants isə “Partizan müharibəsinə
başlayacağıq” deyirlər. İrəvanda isə S.Xanzadyan
“Qarabağ olmayacaqsa, bizə heç bir yenidənqurma
lazım deyil” deyirdi. Ermənilərin cavabları barədə
müxbirlər istehza ilə yazırdılar: “Bax budur
demokratiya – hər şey əvvəlcədən məlumdur”.
Maraqlıdır
ki, çoxlu mərkəzi mətbuat orqanları Qarabağ
hadisələri başlandığı vaxtda onun həqiqi məramını,
millətçilik psixozunu, Dağlıq Qarabağı Azərbaycandan
ayırmaq məqsədini ya başa düşməmişlər,
ya da bilərəkdən ermənilərin tərəfini
saxlamışlar. “Komsomolskaya pravda” qəzetinin
yazdığına görə, guya ermənilər muxtar vilayətdə
sosial vəziyyətdəki çatışmazlıqlar barədə
yazılanlara, deyilənlərə birbaşa ədalətli
cavab gözləmişlər, bu cavabı almadıqda
“Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi
hərəkatı yaranmışdı”. 1988–ci il mart
ayının 24–də “1988–1995–ci illərdə Azərbaycan
SSR–in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial–iqtisadi vəziyyətinin
inkişaf etdirilməsinin sürətləndirilməsi tədbirləri
haqqında” Sov. İKP MK və SSRİ Nazirlər Soveti
xüsusi qərar qəbul edir. Qərarda deyilirdi: “Sov. İKP
Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti qeyd
edir ki, Sovet İttifaqının bütün xalqlarının
qardaşlıq köməyi sayəsində DQMV – sosial və
iqtisadi inkişaf sahəsində xeyli müvəffəqiyyətlərə
nail olub. Xalq təsərrüfatının maddi–texniki
bazasının möhkəmləndirilməsi təmin edilib. Təkcə
son üç beşillik dövründə vilayətdə sənaye
məhsullarının həcmi üç dəfədən
çox, kənd təsərrüfatı məhsullarının
həcmi 1,5 dəfə çoxalmışdı… Əhalinin mənzil
şəraiti, xəstəxana, kitabxana və klublarla təmin
işi yaxşılaşdırılmışdı”.
Əlbəttə,
məqsədləri Dağlıq Qarabağı Ermənistana
birləşdirmək olan erməni millətçiləri
heç cür bununla razılaşmaq istəmirdilər.
Özlərinə sərfəli təbliğatlar aparmaq
üçün əsrlərlə təcrübə
toplamış erməni şovinistləri xarici mətbuatda və
SSRİ–nin mərkəzi mətbuatında–”Pravda”,
“İzvestiya”, “Trud”, “Sovetskaya kultura”, “Arqumentı i faktı”,
“Literaturnaya qazeta”, “Moskovskiye novosti”, “Komsomolskaya pravda”, “Drujba
narodov” və başqa bu kimi qəzet və jurnallarda Azərbaycan
və azərbaycanlılar əleyhinə ağıla belə
gəlməyən böhtanlar uydururdular. Onlar Qərb mətbuatından,
habelə “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi Qərbin
qızışdırıcı radio stansiyalarından da
öz millətçilik təbliğatlarında məharətlə
istifadə edirdilər.
DQMV–nin sosial–iqtisadi
inkişafı haqqında
Sov. İKP və SSRİ Nazirlər Soveti qərarının qəbulundan
sonra İrəvanda “Qarabağ” komitəsi özünün iclaslarından
birində bu qərarın müzakirəsi
zamanı bildirmişlər
ki, “əgər Azərbaycan rəhbərliyi
bu tələbləri
yerinə yetirəcəksə,
Ermənistan Dağlıq
Qarabağı görməyəcək”.
Hətta “Qarabağ” komitəsi Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
üçün SSRİ–nin
və müttəfiq respublikaların qüvvədə
olan konstitusiya qanunlarının tələbindən
yan keçmək məqsədi ilə belə bir sərsəm
ideya da irəli sürürdülər
ki, Qarabağ erməniləri SSRİ–nin
tərkibindən çıxsınlar. Sonra isə
SSRİ hökumətinə müraciət edərək
yenidən Ermənistan
SSR–ə daxil olsunlar.
Əgər DQMV SSRİ–dən çıxmaq hüququna malik deyildirsə, onda Ermənistan SSR özü Dağlıq Qarabağın tərkibinə
daxil olmaqla mərkəzi Stepanakert olmaqla yeni Artsax
Respublikasını yaratsınlar.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2013.- 3 mart.- S. 7.