Böyük arzulu balaca tarzən

 

Oxu tar, oxu tar!.. Onun zərif uşaq barmaqları pərdələrə, mizrab sarı simə toxunduqca, sanki haray çəkirdi tar. Oxuduqca oxuyur, ruhları oxşayırdı. Balaca ifaçısının köksündə haldan–hala düşür, bir–birini əvəz edən musiqi nömrələri zaldakıları riqqətə gətirirdi. Öz aləmində idi, ünvanına söylənilən, “Əhsən! Əhsən!” kəlmələri belə qapandığı dünyasından qopara bilmirdi onu. Son akkordları vurub ayağa qalxanda artıq gül dəstələri arasında görünməz olmuşdu

Bu, gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin VIII sinif şagirdi, respublika müsabiqələrinin laureatı Soltan Səmədlinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində təşkil olunmuş solo konsertindən aldığım ilk təəsüratlar idi. Deyəsən, milli musiqi dünyasına daha bir istedad gəlir!..

Tədbirin rəsmi hissəsini Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru Natiq Vəliyev açdı. Həm Bakı şəhəri üzrə uşaq musiqi incəsənət məktəbləri direktorlar şurasının sədri olan Natiq müəllim qeyd etdi ki, musiqi məktəbləri arasında təcrübə mübadiləsi artıq ənənə şəklini alıb. Bu, ən yaxşı müəllimin, yeni–yeni istedadların üzə çıxarılmasına imkan verir. Sonra o, sözünə davam edərək dedi: “Bir ay əvvəl dahi Azərbaycan şairi Nizaminin 870, ölməz bəstəkarımız Qara Qarayevin 95 illiyi ilə əlaqədar məktəbimizdəYeddi gözəlbaleti mövzusunda böyük mühazirə–dərs keçirildi. Tədbirdə Bakı şəhərindəki musiqi məktəblərinin musiqi nəzəriyyəsi müəllimləri iştirak edirdilər. Bugünkü görüşümüz həmin qəbildən olan tədbirlərdən biridir.

Mən Soltanı lap uşaq vaxtından tanıyıram, dəfələrlə ifasını dinləmiş onun hər ifasından böyk zövq almışam. Soltan əsl istedaddır. Yaxşı müəllim odur ki, belə istedadı üzə çıxarıb onun daha da parlamasına şərait yaratsın. Bu mənada Soltanın bəxti gətirib. Əvvəla o, Əsab Əliyev kimi püxtələşmiş sənətkar, təcrübəli pedaqoq gözəl təşkilatçının rəhbərlik etdiyi tədris ocağında təhsil alır. İxtisas müəllimi respublikanın adlı–sanlı müəllimlərindən biri, Milli Konservatoriyanın dosenti Ramiz Əzizovdur. O, hansı məktəbdə çalışırsa, orada hökmən laureat yetişdirir. Soltan isə Ramiz müəllimin indiyədək yetişdirdiyi 30 laureatdan biridir. Mən bu yeniyetmənin gələcəyinə inanıram. Bu gün o, müəllimlərinin, bu sahənin mütəxəssislərinin qarşısında böyk bir hesabat verdi. Onun ifa etdiyi musiqi nömrələri texniki baxımdan son dərəcə mürəkkəbdir, lakin bu balaca istedad vəzifəsinin öhdəsindən layiqincə gəldi, təmsil etdiyi məktəbin nüfuzunu bir qədər artırdı”.

Sonra Soltanın təhsil aldığı musiqi məktəbinin direktoru Əsab Əliyevə söz verildi. O, məktəbin tarixçəsinə qısa nəzər salaraq məktəblər arasındakı qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışdı: “1980–ci ildə Korlar Cəmiyyətinin nəzdində yaradılan 38 nömrəli musiqi məktəbinin ilk direktoru respublikanın əməkdar mədəniyyət işçisi Murtuz Mehdiyev olub. 1993–cü ildə bağlanmaq təhlükəsi ilə üzləşən məktəb cəmiyyətin sədri Arif Zeynalov və sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun köməyi ilə Bakı şəhər Mədəniyyət İdarəsinin tabeçiliyinə verilir. Elə həmin ildən mən müəllim kimi burada fəaliyyətə başlamışam. 2008–ci ildə isə direktor təyin olunmuşam. Hazırda burada 198 şagird tar, kamança, fortepiano, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə təhsil alır. Qısa zamanda skripka, kanon, violençel ixtisasları üzrə tədrisə başlayacağıq.

Soltan məktəbimizin istedadlı şagirdlərindəndir. Bir neçə respublika müsabiqəsinin laureatıdır. Bundan əvvəl 33, 34 25 nömərli musiqi məktəblərində solo konsertlə çıxış edib. 22 nömrəli musiqi məktəbi ilə əlaqələrimiz çoxdan mövcuddur. Mən bugünkü konsert proqramının yüksək səviyyədə təşkili üçün əmək sərf edən hər kəsə təşəkkürümü bildirirəm. Soltanın nailiyyətlərinə mən çox sevinirəm. Bizə bu xoş dəqiqələri yaşatdığı üçün ona bir daha minnətdaram”.

Ən çox sevinən isə Soltanın valideynləri idi. Fatma Bayram Səmədovların yeganə övladları barədə arzuları böyükdür. Soltanın arzusu isə ölkəsini, xalqını bir daha dünyada tanıtmaq, adını dünyanın ən istedadlı insanlarının sırasına yazmaqdır

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2013.- 3 mart.- S. 6.