“FÜYUZAT”ın
YENİ SAYI ÇAPDAN ÇIXMIŞDIR
Dərin kökümüz, şərəf sözümüz, əmanət yükümüz,
qeyrət gücümüz — Milli Ruh…
Keçmişimizdən gələn varlıq harayımız, elm, qüvvət,
şücaət qalamız — Milli Ruh…
Var olan dünənimiz, bugünümüz, sabahımız — Milli Ruh…
Mütəfəkkir
alim və publisist Əli
bəy Hüseynzadənin 1906–1907–ci illərdə
nəşr etdirdiyi “Füyuzat”
jurnalı yüz ildən sonra
— 2007–ci ildən başlayaraq
“Milli İrsi Mədəni
Tarixi Araşdırma Fondu”
tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda onun 2012–ci ildə son sayı
işıq üzü görmüşdür.
“Baş
redaktordan” rubrikası ilə açılan bu sayda kitabın mədəniyyət
tarixində yeri və rolu ətraflı göstərilir,
“şəxsiyyət və zaman” hüdudlarında Azərbaycan
mənəviyyatını zənginləşdirən
ziyalılarımızın məqalələri çap
olunmuşdur. Şeyxülislam Allahşükür Paşazadə
(“İslama və Vətənə xidmətdə keçən
ömür”), Əli bəy Hüseynzadə (“Əli bəy
Hüseynzadə və “Füyuzat”), Əvhədi Marağayi
(“Şərqin incisi – Əvhədi Marağayi”) və b.
haqqındakı elmi–publisistik yazılar bu qəbildəndir.
Jurnalın maraqla qarşılanan rubrikalarından biri də
“Xatirələrdəki tarix” adlanır. Bu bölmədə dərc
olunmuş “Bir mücahidin ürək dağlayan həyatı”,
“Hacı Mirzə Səlim Axund Axundzadənin xatirələri”
adlı yazılar didaktik mahiyyətinə görə bu
gün də diqqəti cəlb edə bilər.
Jurnalı
davamlı izləyən oxuculara məlumdur ki, “Füyuzat” hər
yeni sayında xoş nastalji hissi yaradan, ideya baxımından
müasirliklə səsləşən yazıların dərcinə
də xüsusi diqqət yetirir. Retro–məqalə həvəskarları
bu sayda jurnalın 1906– cı (N–6) və 1907–ci illərdə
(N–7) çap olunmuş “Füyuzat” məcmuəsinin
müdiriyyətinə, “Hüzuri alilərinə” məqalələrini
həvəslə oxuya bilərlər.
“Füyuzat”ın
davamçılarının təqdirəlayiq
yaradıcılıq üsullarından biri də odur ki, elmi və
müəyyən mənada “ciddi” mövzularla yanaşı,
lirik–psixoloji tablo yaradan ədəbi–bədii nümunələrin
də çapına qayğı göstərilir. Məsələn,
“Kəşfiyyat tarixindən” rubrikası ilə yazı
oxuyana, bir qəzəl, yaxud “Payız gülləri” essesinin təqdim
olunması xoş ovqata xidmət edir.
Jurnalın digər yaxşı ənənəsi geniş oxucu auditoriyasına məlum olmayan əsərlərin, ya da onlardan bir parçanın çap edilməsidir. İnanırıq ki, Məmməd Əmin Rəsulzadənin “Nagəhan bəla” pyesi, Əhməd bəy Ağaoğlunun “Qüvvəyi–milliyə ruhunun doğuşu” hekayəsindən bir hissə ədəbi irsə hörmət mənasında faydalı addımdır. Əhməd bəy Ağaoğlunun hekayəsindəki milli ruh və vətənpərvərlik duyğuları xüsusilə valehedicidir.
Dərginin bu sayının
titul vərəqində Əli bəy
Hüseynzadənin bir əsr əvvəl eyni ilə titul vərəqində
dərc etdiyi sözləri yenidən
oxuyarkən o möhtəşəm fikirlərdən
qürur duymamaq olmur: “Dərin kökümüz,
şərəf sözümüz, əmanət
yükümüz, qeyrət gücümüz — Milli Ruh… Keçmişimizdən gələn
varlıq harayımız, elm, qüvvət,
şücaət qalamız — Milli Ruh… var olan
dünənimiz, bugünümüz,
sabahımız — Milli Ruh…
Elçin VƏLƏDOĞLU
Respublika.- 2013.- 3 mart.- S. 6.