Ərzaq təhlükəsizliyinin təmin edilməsində və kəndin inkişafında aqroparkların rolu

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda digər məsələlərlə yanaşı, dövlət başçısı aqrar sahəyə də geniş diqqət yetirmişdir. Cənab Prezident aqrar–sənaye kompleksinin hazırkı durumunu ətraflı təhlil etmiş, mövcud olan nöqsanları göstərmiş və sahənin gələcək inkişafının təmin edilməsi üçün olduqca mütərəqqi və müasir elmi–texnoloji nailiyyətlərə əsaslanan modernləşdirmə konsepsiyasını elan etmişdir.

 

Dünya iqtisadiyyatının sürətlə qloballaşması, eləcə də milli iqtisadiyyatın sürətlə dünya iqtisadi sisteminə inteqrasiyası şəraitində həm beynəlxalq, həm regional, həm də daxili bazarlarda istehsalçıların üzləşdiyi kəskin rəqabət aqrar sahədə, xüsusən də kənd təsərrüfatında yeni texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının, müasir tələblərə uyğun idarəetmə və marketinq üsullarının tətbiqini, eləcə də modern istehsal subyektlərinin yaradılmasını zəruri etmişdir.

Məlum olduğu kimi, 90–cı illərin ortalarından başlanan aqrar islahatlar nəticəsində iri ictimai kənd təsərrüfatı istehsalı subyektləri və dövlət mülkiyyətində olan emal müəssisələri özəlləşdirildikdən sonra, demək olar ki, aqrar–sənaye kompleksində istehsal–emal zənciri (dövrilik) pozulmuşdur. Nəticədə kənd təsərrüfatında fərdiçilik, xırda ailə təsərrüfatları geniş yayılmış, regionlarda fəaliyyət göstərən emal müəssisələrinin isə əksəriyyəti müasir tələblərə və rəqabətə tab gətirməyərək sıradan çıxmışlar. Beləliklə də istehsal sahələri ilə emal sənayesi müəssisələri arasında kooperasiya əlaqələri zəifləmiş, müasir texnologiyaların tətbiqi, marketinq, mütəxəssis və kadr hazırlığı, istehsalın idarə edilməsi məsələləri dövrün tələblərindən geri qalmış, nəticədə mövcud olan istehsal resurslarından, dövlət tərəfindən ayrılan külli miqdarda vəsaitlərdən istifadənin səmərəliliyi qənaətbəxş səviyyədə olmamışdır.

Aydın məsələdir ki, xırda fermer təsərrüfatlarının həm iqtisadi baxımdan, həm də ki, belə təsərrüfatlarda istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi baxımından müasir zamanda rəqabətə davamlılıq imkanları olduqca məhduddur. Bu səbəbdən də onların davamlı inkişaf perspektivləri və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi işindəki rolu yetərincə deyildir. Bütün bunları nəzərə alan respublika Prezidenti aqrar sahədə modernləşdirmənin labüdlüyünü ön plana çəkmiş və xüsusən də kənd təsərrüfatı istehsalının müasir texnologiyalar əsasında qurulmasının və aqrar sahədə informasiya–kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyini bildirmiş, ərzaq və kənd təsərrüfatı məhsullarının rəqabətqabililiyyətliyini yüksəltməyi, eyni zamanda respublikanın ərzaq təhlükəsizliyini daxili imkanlar və yerli resurslar vasitəsi ilə təmin etməyi ən ümdə vəzifə kimi qarşıya qoymuşdur.

Müasir texnologiyaların və informasiya–kommunikasiya texnologiyalarının kənd təsərrüfatına gətirilməsi və kənd təsərrüfatında istehsal münasibətlərinin modernləşdirilməsi üçün hazırda sahədə mövcud olan fərdiçilik tendensiyasının aradan qaldırılması, beləliklə də xırda ailə–kəndli təsərrüfatlarının təmərküzləşməsi yolları araşdırılmalı, habelə fermerlərin kooperasiya əlaqələrinin genişləndirilməsi, əmək bölgüsü, regionlar üzrə ixtisaslaşma prinsiplərinin yer almasına əsaslar yaradan və bu prosesləri stimullaşdıran normativ hüquqi baza yaradılmalıdır. Bunun üçün ərzağa dair qanunvericilik təkmilləşdirilərək Avropa İttifaqının qanunvericiliyinə, standartlar isə beynəlxalq tələblərə uyğunlaşdırılmalı, ərzaq məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin idarə edilməsi, ərzağa dövlət nəzarəti qaydaları müasirləşdirilməlidir. Həmçinin fermerlərin məlumatlandırılması və təlimləndirilməsi sistemi yenidən qurulmalı, fermerlər üçün təlim kursları təşkil edilməli, informasiya, təlimat–təşviqat materialları hazırlanaraq yayılmalıdır. Bu yöndə kütləvi informasiya vasitələrinin olduqca böyük rolu var və bundan bəhrələnmək vacibdir.

Azərbaycanın aqroiqlim şəraiti respublika ərazilərində ekoloji cəhətdən təmiz, təbii üsullarla, gen mühəndisliyindən və ya geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilən texnologiyalara əl atmadan yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar açır. Cənab Prezidentin qarşıya qoyduğu vacib tapşırıqlardan biri də belə məhsulların xarici bazarlarda yer alması üçün zəruri fəaliyyətlərin həyata keçirilməsidir.

Məlumat olaraq bildirmək istərdim ki, təmasda olduğum çoxsaylı xarici mütəxəssislər və ekspertlər Azərbaycanda istehsal olunan ərzaq məhsullarının, xüsusən də tərəvəzçilik, bostançılıq, bağçılıq məhsullarının keyfiyyətindən daim razı qalmışlar. Onlar bu məhsullara Avropa bazarlarında çox təsadüf hallarda rast gəlindiyini bildirmiş, bu keyfiyyətli və dadlı yerli məhsullarımızın nə üçün Avropanın bazarlarına çıxarılmadığına təəccüb etmişlər.

BMT–nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ekspertləri ilə birlikdə tərəfimizdən aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, yerli məhsullarımızın dünya bazarlarına ixracına mane olan əsas səbəblər normativ–hüquqi bazanın, ərzağa dair standartların və qaydaların beynəlxalq tələblərə uyğun olmamasıdır. Odur ki, bu məsələlərin həlli: a) kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini; b) fərdiçiliyin aradan qaldırılmasını; d) rəqabətqabiliyyətli təsərrüfat subyeklərinin formalaşmasını; q) idxal yönümlü məhsul istehsalını şərtləndirəcəkdir. Bunlarla yanaşı, məlum olduğu kimi, ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara əsasən iri təsərrüfat subyektlərinin yaradılması istiqamətində iş aparılır. Belə təsərrüfatların yaranması, yəqin ki, kənd təsərrüfatında kooperasiya hərəkatının genişlənməsinə, kiçik təsərrüfatların təmərküzləşməsinə, beləliklə də kənd təsərrüfatında yeni texnika və texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının tətbiqinə, kənd təsərrüfatına müasir biliklərə malik mütəxəssis–kadr heyətinin cəlb olunmasına stimul olacaqdır.

Kənd təsərrüfatında fərdiçilikdən iri istehsal sahələrinə keçmək üçün emal sənayesi ilə ilkin istehsal arasında kooperasiya ən optimal təsərrüfatçılıq formasıdır. Ümumilikdə kənd təsərrüfatının inkişafı, kənd ərazilərinin müasirləşməsi və istehsalın modernləşdirilməsi üçün emal sənayesi mühüm əhəmiyyət kəsb edir. Emal sənayesi kənd təsərrüfatı istehsalının inkişafı yolunda lokomotiv rolunu oynayır. İstər kənd təsərrüfatı məhsullarına tələbatın yaranmasında, istərsə də istehsala müasir texnologiya və texnikaların tətbiq olunmasında emal sənayesi həlledici mahiyyət daşıyır. Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və yerli resurslar vasitəsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və idxal yönümlü məhsul istehsalının artırılması üçün böyük perspektivlər vəd edir. İstehsalla emalın kooperasiyası müxtəlif formalarda həyata keçirilə bilər: kooperativlər, birgə müəssisələr, səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və s. Burada əsas məqsəd istehsal–emal zəncirinin vahid istehsal məkanında birləşdirilməsi, ortaq istehsal potensialı və resursları vasitəsi ilə sahənin qarşılıqlı inkişafının təmin edilməsindən ibarətdir. Ərzaq məhsulları bazarındakı kəskin rəqabət, ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə qarşı getdikcə artan tələblər həm xammal istehsalçılarını, həm də emalçıları ciddi çağırışlarla üzləşdirir. Odur ki, istehsalla emal proseslərinin vahid istehsal məkanında birləşdirilməsi iqtisadi baxımdan sərfəli olmaqla yanaşı, həm də praktiki, texniki və texnoloji baxımdan əlverişlidir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar–sənaye kompleksinin modernləşdirilməsi istiqamətində cənab Prezident tamamilə yeni yanaşma—aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Aqrar–sənaye kompleksində aqroparkların yaradılması konsepsiyası nəinki postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir mexanizmdir. İndiyə kimi mövcud olan təsərrüfatçılıq formaları dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyi sahəsində yaranan problemləri həll etmək və çağırışlara cavab vermək üçün yetərli imkanlara malik olmadığına görə, ölkə başçısının irəli sürdüyü bu konsepsiya Azərbaycanda həyata keçirildikdən sonra digər ölkələr üçün də bir nümunə olacaqdır.

İndi isə bir qədər araşdıraq görək aqropark nədir, nə kimi üstünlüklərə malikdir və onlar hansı prinsiplər əsasında yaradıla bilər.

Aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar yaransın.

Bəs aqroparkların üstünlükləri nədən ibarətdir və hansı səbəblərə görə belə təsərrüfatlar müasir dövr üçün daha əlverişlidir?

Müasir dövrdə aqroparklar bir sıra səbəblərə görə digər təsərrüfatçılq formalarına nəzərən üstünlüklərə malikdir:

–aqroparklarda istehsal–emal–logistika–marketinq qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin rəqabətə davamlılıq qabiliyyəti təmin olunur;

–müasir texnika və texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının tətbiqi üçün şərait yaranır, texnikalardan istifadə əmsalı yüksək olur, ortaq xərclər minimuma endirilir;

–nəqliyyat xərcləri və enerji sərfi azalır;

–kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya–kommunikasiya texnologiyalarının genişlənməsinə şərait yaranır;

–ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir;

–peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığı stimullaşdırılır;

–heyvanların bəslənmə şəraitini mexanikləşdirməklə və saxlanma yerlərini genişləndirərək onların sərbəst hərəkət imkanlarını artırmaqla intensiv heyvandarlıq praktikasına əməl edilir;

–ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır;

–istehsalçılarla istehlakçılar arasında olan boşluq üzərindən “körpü” salınır;

–iqtisadi və sosial fayda yuksək olur və beləliklə də urbanizasiyanın azaldılmasına dəstək verilir.

Göründüyü kimi, aqroparklar ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişaf etdirilməsi ilə əlaqədar müasir zamanda qarşıda duran bir sıra problemlərin həlli üçün modern təsərrüfatçılıq mexanizmidir və əbəs deyildir ki, cənab Prezident belə qurumların yaradılması istiqamətində tapşırıqlar vermişdir.

Aqroparklar müxtəlif formalarda: ixtisaslaşmış və qarışıq aqroparklar formasında fəaliyyət göstərə bilər.

İxtisaslaşmış aqropark — hər hansı bir növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşdığı təsərrüfatçılıq subyektidir. Məsələn, tərəvəzçilik, bağçılıq, üzümçülük və s. üzrə aqroparklar ixtisaslaşdırılımış aqroparklar formasında fəaliyyət göstərə bilərlər.

Möhtərəm Prezident tərəfindən qeyd olunan konfransda qarşıya qoyulan əsas vəzifələrdən biri də rayonlar üzrə ixtisaslaşma layihələrinin həyata keçirilməsidir. İxtisaslaşmış aqroparkların yaradılması üzrə layihələrin hazırlanıb həyata keçirilməsi məhz bu tapşırığın icrası üçün böyük töhfələr verə bilər.

Məlum olduğu kimi, respublikanın cənub bölgəsinin torpaq–iqlim şəraiti, mövcud olan ənənə və təcrübələr, burada yaşayan insanların vərdiş və bacarıqları tərəvəzçilik və bostançılığın bu ərazilərdə geniş yayılmasına səbəb olmuşdur. Bunlar nəzərə alınaraq, Lənkəran İqtisadi Rayonunda tərəvəzçilik üzrə ixtisaslaşmış aqroparkların yaradılması, düşünürəm ki, çox faydalı ola bilər və bununla da bu regionda davamlı inkişafın təmin edilməsinə yaxşı əsaslar yaranar.

Respublikanın Quba–Xaçmaz İqtisadi Rayonunda, misal üçün, Quba və digər ətraf rayonlarda bağçılıq, Gəncə–Qazax İqtisadi Rayonunda, məsələn, Tovuz və digər rayonlarda üzümçülük üzrə ixtisaslaşmış aqroparkların yaradılması nəzərdən keçirilə bilər.

Qarışıq aqropark — bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlər vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. Qarışıq aqroparklarda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı, habelə onların emalı, logistika, marketinq və xidmət sahələri üzrə zəruri olan fəaliyyətləri bir ərazidə yerləşən təsərrüfatçılıq subyektində qruplaşdırılmalıdır. Belə aqroparklarda qapalı istehsal–emal zəncirinin qurulması və tullantısız texnologiyaların tətbiqi vasitəsi ilə həm ərzaq təhlükəsizliyinə töhfələr vermək, həm də ətraf mühitin qorunmasını təmin etmək olar.

Qarışıq aqroparklar ixtisaslaşmış aqroparklara nəzərən həm təşkilati strukturu, həm təsərrüfatçılıq fəaliyyətləri, həm də idarəetmə baxımından daha böyükdür və mürəkkəbdir. Ona görə də qarışıq aqroparkların yaradılması üçün geniş araşdırmalar və iqtisadi hesablamalar aparılmalıdır ki, Azərbaycan şəraitində qarışıq aqroparkların optimal forması müəyyən edilsin. Hesab edirəm ki, Aran İqtisadi Rayonu qarışıq aqroparkların yaradılması üşün daha əlverişlidir. Misal üçün Bərdə, Yevlax, İmişli və digər bu kimi rayonlarda taxılçılıq və heyvandarlıq məhsullarının istehsalı və emalı üzrə aqroparkların yaradılması məqsədəuyğun hesab edilə bilər.

İlk dəfə olaraq respublika Prezidenti tərəfindən irəliyə sürülən aqropark konsepsiyası yeni bir yanaşmadır və cənab Prezidentin qeyd etdiyi kimi, bu sahədə layihə təklifləri hazırlanarkən ciddi tədqiqatlar aparılmalıdır. Bununla əlaqədar hər hansı bir xarici ölkədə qabaqcıl təcrübə varsa öyrənilməli, texniki–iqtisadi üstünlükləri əsaslandırılmaqla onların yaradılması haqqında yekun fikir söylənilməlidir. Belə böyük və ciddi, külli miqdarda vəsait tələb edən layihələrin reallaşdırılması üçün yaradılması nəzərdə tutulan hər bir aqropark üzrə hərtərəfli hesablamalar aparılmalı, onun iqtisadi və praktiki səmərəliliyi dəqiqləşdirilməlidir. Məlum məsələdir ki, aqroparkların yaradılması ancaq və ancaq özəl əsaslarla həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, burada dövlət ancaq müxtəlif vasitələr və yollarla özəl aqroparkların yaradılmasına dəstək verə və onları istiqamətləndirə bilər.

Aqroparklar mürəkkəb istehsal vahidləridir. Ona görə də onların forması, həcmi və əhatə dairəsi hesablamalar əsasında elə seçilməlidir ki, yaradılacaq hər bir aqropark həm iqtisadi, həm də praktiki cəhətdən rəqabətqabiliyyətli olsun, davamlı olaraq inkişaf etsin və yüksək səmərəliliyi ilə seçilsin. Ancaq belə olduğu halda respublika Prezidentinin bu məsələ ilə əlaqədar qarşıya qoyduğu tapşırıqların uğurla icra olunduğuna və aqroparkların ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağına əmin olmaq olar.

 

 

Köçəri İmanov,

Kənd Təsərrüfatı Nazirliyi

Aparatının lizinq xidmətlərinin

tətbiqi sektorunun müdiri,

texnika elmləri üzrə fəlsəfə doktoru.

 

 Respublika.- 2013.- 3 mart.- S. 5.