Məqsədimiz biznes mühitinin
formalaşmasına yardım etməkdir
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham)
1996–cı ildə yaradılıb. AmCham
ölkəmizdə biznes maraqlarını
dəstək və himayə edən aparıcı biznes assosiasiyasıdır. AmCham
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini
təmsil edən 250 tam üzvü
və müxbir üzvü
birləşdirir. Bu şirkətlərin
60 faizi xarici şirkətlərdir.
Qurumun Direktorlar
Şurası 10 üzvdən ibarətdir və onlar
iki il müddətinə
seçilir. AmCham–ın
üzvləri Azərbaycan Milli Məclisində
baxılan qanun layihələrinə və
eləcə də, Azərbaycan hökuməti tərəfindən
qəbul olunan qərarlara, proqram
və normativ aktlara qeyd və təkliflər hazırlayır.
Üzvlər vergilər və gömrük,
bank işi, maliyyə,
sığorta , insan resursları, informasiya və kommunikasiya
texnologiyaları və digər sahələri əhatə edən
komitələrdə, eləcə də müxtəlif məsələlər
və problemlərə dair üzvlərin
fikirləri əks olunan forumlarda
öz şirkətlərini təmsil edir. Eyni zamanda,
üzvlərimiz sahə komitələri vasitəsilə məlumat
mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri
qaldırır və mümkün təkliflər
hazırlayıb lazımi qurumlara təqdim
edir.
Bildiyiniz
kimi, son 20 ildə Azərbaycan öz təhsil sistemini
müasirləşdirmək üçün bir sıra
uğurlu addımlar atmışdır. Lakin Azərbaycanın
təhsil sistemində əmək bazarının tələblərini
qarşılayacaq və “tələb və təklif’ prinsipinə
cavab verəcək islahatlara ehtiyac duyulur. Ötən illər ərzində
AmCham öz üzvləri vasitəsilə əmək
bazarının ixtisaslı kadrlara tələbatı ilə təhsil
sisteminin belə kadrları təmin etməsi arasındakı
real boşluğu hiss etmişdir. Bunun üçün
hazırladığımız mövqe sənədi vasitəsilə
hökumətin diqqətini təhsildə islahatlar həyata
keçirərkən işəgötürənlər
baxımından nəzərə alınmalı olan əsas
sahələrə cəkmək istəmişdir.
Azərbaycanda
Amerika Ticarət Palatası iş adamları, hətta sadə
işçiləri maraqlandıran Vergilər Məcəlləsinə
dəyişikliklərlə bağlı təkliflər
hazırlamış və böyük məmnunluqla bildirir ki,
təkliflər ciddi nəzərə alınmış və
1 yanvar 2013–cü ildən qüvvəyə minmiş Vergi Məcəlləsinə
dəyişikliklərin edilməsi haqqında qanuna əlavə
edilmişdir.
Qeyd
olunanlarla yanaşı, ekspertlərimiz sosial sığorta
sistemi ilə də bağlı qanunvericiliyə dəyişikliklərin
edilməsini təklif edirlər. Məsələn, sosial
sığorta ödəmələri ilə gəlir vergisinin
hesablanma bazasının eyniləşdirilməsi təklif
olunur. Çünki hazırda gəlir vergisi əməkhaqqı
və mükafatlara əsasən hesablandığı halda,
sosial ödəmələrdə isə bu baza daha geniş və
mürəkkəbdir (bura məzuniyyət və ezamiyyət xərcləri
və s. daxildir).
Qurumun
hazırladığı “Ağ Sənəd” kimi tanınan “Azərbaycanda
İşgüzar Mühitin Təkmilləşdirilməsinə
dair müşahidələr və tövsiyələr”
adlı hər il dərc olunan sənədin son sayı 2011–ci
ilin yayında dərc edilmiş və ölkə rəhbərliyinə
təqdim edilmişdir. Qeyd edilmişdir ki, “Ağ Sənəd”
Amerikanın Azərbaycandakı Ticarət Palatasının
üzvü olduğu 250–dən çox şirkətin
vergitutma, sığorta, maliyyə, bank işi və
iqtisadiyyatın digər sahələri ilə bağlı rəy
və təkliflərini özündə birləşdirir.
AmCham və onun təmsil etdiyi biznes ictimaiyyəti sənəddə
əksini tapmış bir çox təklifin ciddi şəkildə
hökumət tərəfindən nəzərə
alınmasından olduqca məmnundur. Təkliflər Azərbaycanda
investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində
hökumətin gördüyü tədbirlərə töhfə
olmuş və onların nəzərə alınması biznes
mühitinin daha da inkişafına təkan vermişdir.
Bu cəhətdən
AmCham Azərbaycan hökumətinin investisiya mühitinin təkmilləşdirilməsi
istiqamətində atdığı addımlara daim öz
töhfəsini və əlindən gələn dəstəyi
göstərməkdə davam edəcəkdir.
Həyata
keçirdiyimiz layihələrdən biri də ABŞ–ın
Beynəlxalq İnkişaf Agentliyi (USAİD), BP Azəri–Çıraq–Günəşli
(AÇG), Bakı–Tbilisi–Ceyhan (BTC), Şah Dəniz, Cənubi
Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları
adından və Amerika Ticarət Palatasının Azərbaycandakı
nümayəndəliyi (AmCham) ölkənin gələcək
biznes liderlərinin peşəkar inkişafına dəstək
olan “Gənclərin Biznes Liderlik Layihəsi”dir. İki il davam
edəcək “Gənclərin Biznes Liderlik Layihəsi”nin əsas
məqsədi tələbələr üçün müxtəlif
özəl şirkətlərdə təcrübə əldə
etmək imkanı yaradaraq, onların biznes və idarəetmə
bacarıqlarını inkişaf etdirib, gələcəkdə
çalışdıqları sahədə lider olmağa
ruhlandırmaqdır. Layihə çərçivəsində
Bakı və Gəncədəki ali məktəblərin
3–cü və 4–cü kurslarında təhsil alan 120 tələbə
iş təcrübəsi əldə etmək imkanı qazanacaq.
Layihənin iştirakçıları üçün
iş təcrübəsi keçmək imkanlarının
müəyyən edilməsinə Amerika Ticarət
Palatasının Azərbaycandakı Nümayəndəliyi dəstək
olacaq. Layihə vasitəsilə tələbələr ali məktəbdə
öyrəndikləri bilikləri real iş mühitində tətbiq
edəcək, təhsildə və karyerada daha da uğurlu
olmaq üçün zəruri bilik və bacarıqlara yiyələnəcəklər.
Layihənin
ümumi büdcəsi 200 min ABŞ dollarıdır. Vəsaitin
100 min ABŞ dollarını BP və onun AÇG, BTC, Şahdəniz
və CQBK layihələrdəki tərəfdaşları,
qalan 100 min ABŞ dollarını isə USAİD ödəyəcək.
Layihə yerli qeyri–hökumət təşkilatı olan “Junior
Achievement Azərbaycan” tərəfindən həyata
keçiriləcək.
Həmçinin
AmCham Milli Məclisə təqdim edilən Rəqabət Məcəlləsi
layihəsinin bütün dünya üzrə qəbul
edilmiş qabaqcıl təcrübədə tətbiq edilən
prinsiplərdən istifadə etməklə və daxili bazarda
rəqabətin təşviqinə şərait yaratmaqla təkmilləşdirilməsinə
ehtiyac olduğunu bildirən Mövqe Sənədini müvafiq
orqanların diqqətinə təqdim etmişdir. Ümid edirik
ki, bu sahədə görüləcək işlər zamanı
təkliflərimiz nəzərə alınacaqdır.
Ümummilli
lider Heydər Əliyev 1996–cı il dekabrın 13–də
“Hyatt–Regency–Naxçıvan” mehmanxanasının
açılışında demişdir ki, Amerika Birləşmiş
Ştatları Ticarət Palatasının Azərbaycanda
mütəşəkkil işə başlaması Amerika–Azərbaycan
əlaqələri tarixində əlamətdar bir hadisədir.
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə
edəndən sonra dünyanın bütün ölkələri
ilə iqtisadi əməkdaşlığa cəhd göstərir
və Amerika Birləşmiş Ştatları bu sırada
xüsusi yer tutur. Son illər Amerika Birləşmiş
Ştatları ilə Azərbaycan arasında əməkdaşlıq
müvəffəqiyyətlə inkişaf edir. Biz Azərbaycanda
buna yüksək qiymət veririk və bu əlaqələrin
bundan sonra da inkişafı üçün əlimizdən gələni
etməyə çalışacağıq. Bu əməkdaşlıq
müstəqil Azərbaycan Respublikasının iqtisadiyyat sahəsində
strateji siyasətinə tam uyğun olan bir əməkdaşlıqdır.
Doğrudan
da, həmin müddətdən 15 ildən artıq vaxt ötməsinə
baxmayaraq, Azərbaycanda Amerika Ticarət Palatasının
icraçı direktoru olaraq öz işimi hər iki ölkənin
maraqları baxımından qurmağa və iş
adamlarını narahat edən problemlərin həlli istiqamətində
səmərəli fəaliyyət göstərməyə
çalışmışam. Verdiyimiz təkliflərlə
vaxtaşırı müxtəlif qurumların fəaliyyətini
şəffaflaşdırmağa, əhaliyə göstərilən
xidmətlərin səviyyəsini artırmağa, ümumilikdə
Azərbaycanın gələcəkdə bölgədə
daha güclü bir dövlət kimi təşəkkül
tapmasına yardım göstərməyə səy göstərmişik.
Bundan sonra da işimizi yuxarıda qeyd olunan istiqamətlərdə
qurmaq, həlli vacib problemlərin həlli istiqamətində
Azərbaycan hökumətinə yardım göstərmək
niyyətindəyik.
Nərgiz Nəsrullayeva–
Müdüroğlu,
Azərbaycanda Amerika Ticarət
Palatasının icraçı direktoru.
Respublika.- 2013.- 3 mart.- S. 5.