Xaçmaz ölkəmizin inkişafına öz layiqli töhfəsini
verir
Hər il bütün sahələrdə
inkişafa, uğura,
yüksəlişə imza atan Xaçmaz ötən
ili də müvəffəqiyyətlə başa vurmuşdur. Bu günlərdə rayonun
2012–cü ilin sosial–iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
hesabat yığıncağında əldə
olumuş müsbət nəticələr
geniş təhlil olunmuş,
gələcək vəzifələr müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev demişdir ki, 2012–ci ildə rayon üzrə ümumi məhsul buraxılışı 326,6 milyon manat, sənaye məhsulu 36,7 milyon manat, kənd təsərrüfatının ümumi məhsulunun həcmi 171,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 49,9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 263,6 milyon manat, adambaşına düşən pul gəlirləri 1601 manat, orta aylıq əmək haqqı 274,3 manat təşkil etmişdir. Əsas kapitala yönəldilən investisiyaların həcmi 46,3 milyon manat təşkil etmişdir. Ötən il rayonun büdcə gəlirləri 12,1 milyon, xərcləri 25,5 milyon manat olmuşdur. İl ərzində ümumi sahəsi 36800 kvadratmetr mənzil tikilib istifadəyə verilmişdir.
Ümumiyyətlə, 2012–ci il rayonumuz üçün bir çox sahələrdə uğurlu il olmuşdur. Xüsusən də tikinti–quruculuq və abadlıq sahəsində kifayət qədər böyük həcmli işlər həyata keçirilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2011–ci il sentyabr ayının 23–də Xaçmaza səfərindən sonra rayonumuzda abadlıq–quruculuq, tikinti sahəsində işlərin həcmi və coğrafiyası daha da genişlənmişdir. Ötən il Xaçmaz şəhərinin giriş hissəsində, əvvəllər tamamilə baxımsız olan 7 hektardan artıq bir ərazidə abadlıq işləri aparılmış, burada yeni bir park yaradılaraq 15 iyun—Milli Qurtuluş Günündə əhalinin istifadəsinə verilmişdir. “Çənlibel” adlandırılmış parkın mərkəzində xalq qəhrəmanı Koroğlunun 15 metr hündürlüyündə yeni, möhtəşəm abidəsi ucaldılmışdır. Bu ərazidə yerləşən şəhər qəbiristanlığının divarları milli üslubda yenidən tikilmiş, divar boyu 4 ədəd gümbəz və 1 bulaq kompleksi inşa edilmişdir. Hazırda həmin hasarların Bakı şəhəri istiqamətində tikintisi davam etdirilir və şəhərin giriş hissəsinin tamamilə abadlaşdırılması planlaşdırılır. Bu gün “Çənlibel” parkı da şəhərimizin digər istirahət yerləri kimi xaçmazlıların və şəhərimizin çoxsaylı qonaqlarının sevimli istirahət məkanlarından birinə çevrilmişdir.
Şəhərin N.Nərimanov küçəsinin başlanğıcındakı dairədə yenidənqurma işləri aparılmış, burada xüsusi arxitekturaya malik, unikal bir “Saatlar–şəlalə” kompeksi yaradılmışdır. Kompleksin işıqlandırılması təmin edilmiş, dairənin ətraf əraziləri abadlaşdırılmışdır.
Hazırda şəhərimizin əsas prospekti olan Heydər Əliyev prospektində tikinti və abadlıq işləri sürətlə davam etdirilir. 2800 metr uzunluğu olan bu prospekt boyu bütün istinad divarları üzlük daşla üzlənir, səkilər yenidən qurulur, fərdi və çoxmənzilli yaşayış evlərinin prospektdə aparılan işlərə uyğunlaşdırılması planlaşdırılır. Eləcə də Bakı prospektində geniş miqyaslı abadlıq işləri sürətlə davam etdirilir.
Ötən il Xaçmaz şəhərinin Qudyalçay körpüsü ərazisində abadlıq işləri aparılmış, şəhərin şimal istiqamətdən girişi tikilmişdir. Hazırda Heydər Əliyev Seyrangahında genişləndirmə işləri davam etdirilir. Burada bir çox arxitektur və bəzək elementləri ilə yanaşı 16 metr hündürlüyündə qədim üslubda lampanın tikintisi davam etdirilir.
İlin sonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə ayrılmış maliyyə vəsaiti hesabına tikilmiş rayon icra hakimiyyətinin inzibati binasını istifadəyə verdik. Əvvəllər darısqal bir şəraitdə fəaliyyət göstərən rayon icra aparatı bu gün geniş, işıqlı, hər cür təchizatı olan iş otaqlarında çalışır. Bu, bizim məsuliyyətimizi daha da artırır. Cənab Prezidentin göstərdiyi diqqət və qayğıya cavab olaraq biz daha səmərəli işləyəcək, ölkə rəhbərliyinin qərar və sərəncamlarını böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, əhalimizi narahat edən məsələləri vaxtında araşdıracaq və lazımi tədbirlər görəcəyik. RİH inzibati binası ilə eyni gündə şəhər 1 nömrəli məktəbin qarşısında, məktəb şagirdlərinin avtomobil yolunu təhlükəsiz keçməsi məqsədi ilə tikilmiş piyada körpüsünün açılışı həyata keçirilmişdir. Eyni zamanda icra hakimiyyətinin qarşısında yerləşən park yenidən qurulmuş, burada yüzlərlə fəvvarə quraşdırılmış, parkın ərazisi xeyli genişləndirilmiş və “Fəvvarələr bağı” adlandırılmışdır. Yeni inzibati bina və ətraf ərazi müasir qaydada işıqlandırılmışdır. Bu ərazidə yerləşən rayon rabitə evinin binasında da yenidənqurma işləri aparılmış, binanın çardaq hissəsi və fasadı tamamilə yenidən qurulmuşdur.
Hazırda şəhərin Heydər Əliyev prospektində Ədliyyə Nazirliyinin Regional İdarəsi üçün 4 mərtəbəli inzibati binanın tikintisi davam etdirilir.
Xaçmaz şəhərində 7 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 3 binaya üzlük vurulmuşdur. Eləcə də Xudat şəhərində 2 çoxmənzilli binanın dam örtüyü dəyişdirilmiş, bununla Xudat şəhərində olan 18 çoxmənzilli binanın hamısının dam örtükləri yenilənmişdir.
Bu gün Xaçmaz rayonu ərazisində dövlət investisiyası hesabına iki böyük obyektin—respublika regionlarında ilk olaraq sahibkarlığın inkişafına xidmət edəcək Regional Biznes Mərkəzinin və Xaçmaz Olimpiya İdman Kompleksinin tikintiləri də davam etdirilir. Hər iki obyektin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Bakı–Rusiya Federasiyası sərhədi avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində işlər sürətlə davam etdirilir.
Hazırda tərəfimizdən Xaçmaz Tarix–diyarşünaslıq muzeyinin inşasına başlanmışıdır. Qeyd etməliyəm ki, 1981–ci ildən fəaliyyət göstərən bu muzey 20–ci əsrin əvvəllərində Xaçmaz dəmir yol stansiyasının yardımçı binası kimi tikilmişdir. Bina öz istismar müddətini bitirmiş, tavanı, dam hissəsi tamamilə yararsız hala düşmüşdü. Muzey üçün yeni binanın tikintisinə başlanmışdır. Hazırda Şəxsiyyətlər muzeyinin ərazisində, xüsusi layihə əsasında, hər mərtəbəsi 1050 kvadratmetr olmaqla 3 mərtəbəli yeni tarix–diyarşünaslıq muzeyinin tikintisi sürətlə davam etdirilir. Bununla bərabər, şəxsiyyətlər muzeyinin tamamilə yenidən qurulması planlaşdırılır. Burada böyük bir kompleks yaranacaqdır ki, bu da əhalimizə ən müasir xidmətlər göstərəcəkdir.
Görülən işlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafı naminə fədakar əməyinin, Xaçmaz rayonuna xüsusi diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Məhz bunlara görə də xaçmazlılar Heydər Əliyev siyasətinə və bu siyasi xətti uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimizə qəlbən minnətdardırlar.
Bu il biz əvvəlki illərdən daha səmərəli işləməli, ölkə rəhbərliyinin verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya cavab olaraq daha əzmlə çalışmalıyıq. Çünki bu il ulu öndərimiz, müasir Azərbaycanın xilaskarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin, eləcə də onun ömür yoldaşı, görkəmli alim, minlərlə insanın gözlərinə işıq vermiş həkim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyi ilidir. Möhtərəm Prezidentimizin sərəncamı ilə ümummilli liderimizin 90 illik yubileyi respublikamızda dövlət səviyyəsində qeyd ediləcəkdir.
Rayonun xidmət sahələri tərəfindən də müəyyən işlər görülmüşdür. Bu gün əhalinin təbii qazla təchizatı xeyli yaxşılaşmışdır. Xaçmaz rayonunun 151 yaşayış məntəqəsindən 52–də cəmi 24977 abonent təbii qazdan istifadə edir. Ötən il ərzində 2118 abonent üçün təbii qaz çəkilmişdir. 4 kənddə: Maşıoba, Çuxuroba, Şıxlar, Hülövlüdə qazlaşdırılma işləri başa çatdırılmış, yaxın günlərdə bu kəndlərdə 614 abonentə təbii qaz veriləcəkdir. Daha 7 kənddə qazlaşma işlərinin aparılması davam edir.
Əhalinin elektrik enerjisi ilə təchizatı, ümumən rayonun elektrik təsərrüfatı sahəsində ötən il müəyyən işlər görülmüşdür. Xüsusən yüksək gərginlikli elektrik ötürücü xətlərinin—Heydər Əliyev Seyrangahı, Çənlibel parkı, rayon icra hakimiyyətinin yeni inzibati binasının ətrafında, daha münasib ərazilərə keçirilməsi, hava xətlərinin kabelə keçirilməsi istiqamətində kifayət qədər böyük həcmli işlər həyata keçirilmişdir.
Ötən il “Azərsu” ASC və Yaponiya Əməkdaşlıq Təşkilatının birgə layihəsi olan Xaçmaz şəhəri və ətraf kəndlərin su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmışdır. Hazırda layihəyə əsasən Xaçmaz şəhərini içməli su ilə təmin edəcək 2000 və 3000 kubmetr tutumlu 2 anbarın tikintisi davam edir. Cari ildə layihə üzrə Xaçmaz şəhərinin ərazisində tikinti–quraşdırma işlərinin aparılması nəzərdə tutulur.
Əhalinin, həmçinin rayonun müəssisə və təşkilatlarının poçt və rabitə xidməti ilə fasiləsiz təminatı dövrümüzün vacib amillərindən biridir. Bu məqsədlə Xaçmaz telekommunikasiya və Poçtamtı tərəfindən il ərzində müəyyən tədbirlər görülmüşdür. Rayon Poçtamtı tərəfindən poçt şöbələrində cari təmir işləri, Xudat poçtamtında isə əsaslı təmir işləri aparılmışdır. Telekommunikasiya qovşağı tərəfindən mərkəzi və kənd ATS–də cari təmir işləri aparılmışdır. Cığatay kəndində 64 nömrə tutumlu elektron ATS və 24 portluq yüksək sürətli internet avadanlıqları, həmçinin Müqtədir, Nərəcan, Mürşüdoba, Müşkür və digər yaşayış məntəqələrində 115,6 kilometr fibrooptik kabel çəkilmiş, ümumi tutumu 480 port olan internet avadanlıqları quraşdırılmışdır. 2012–ci ildə 1178 abunəçiyə yüksək sürətli internet xətti, 361 abunəçiyə telefon xətti çəkilmişdir.
2012–ci ilin məhsulu üçün rayonda, bütün təsərrüfat qurumları daxil olmaqla 35765 hektar (əvvəlki ildən 4196 hektar çox) sahədə taxıl bitkiləri əkilmişdir ki, bunun 29634 hektarı buğda, 6131 hektarı arpa bitkisidir. Rayon üzrə məhsuldarlıq hər hektardan 22,3 sentner olmaqla, cəmi 80920 ton taxıl məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ildən 1066 ton çoxdur.
Bütün təsərrüfat qurumları daxil olmaqla 2012–ci ildə rayonda 45224 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bu da əvvəlki ildən 2727 hektar çoxdur. Rayon üzrə 2013–cü ilin məhsulu üçün 35781 hektar sahədə taxıl əkini aparılmışdır ki, bundan 29681 hektarı buğda, 6181 hektarı arpa bitkisidir.
Ötən il rayonun təsərrüfatlarında 12159 ton kartof, 115691 ton tərəvəz bitkiləri, 91518 ton meyvə, 5135 ton üzüm məhsulu yığılmışdır. 2012–ci ildə 7945 ton diri çəkidə ət, 39270 ton süd, 18,0 milyon ədəd yumurta, 194 ton yun istehsal olunmuşdur. Təsərrüfatlarda 57.645 baş iribuynuzlu mal–qara, 92.494 baş davar vardır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Kənd Təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007–ci il tarixli sərəncamına uyğun 2012–ci ildə rayon üzrə istehsalçılara yanacaq və motor yağlarına görə 1,8 milyon manat yardım verilmişdir ki, bu da 2011–ci illə müqayisədə 140 min manat artıqdır. Buğda istehsalçılarına isə yaxın günlərdə 1,1 milyon manat yardım veriləcəkdir. Ötən il əhaliyə 50 faiz güzəştli qiymətlərlə 707 ton mineral gübrə satılmışdır. “Aqrolizinq” SC tərəfindən 60 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası alınmış, bunlardan 12 ədədi lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılmışdır. Sərəncamdan sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımının məbləği cəmi 15,9 milyon manat təşkil etmişdir. Bundan başqa rayonumuzda İqtisadi inkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına ümumi tutumu 14 min ton olan 8 ədəd soyuducu anbar, tutumu 190 min baş olan 3 quşçuluq təsərrüfatı, 10 fındıq qəbulu–emalı müəssisəsi yaradılmışdır. 2 tərəvəz məhsulları yetişdirən istixananın tikintisi hazırda davam etdirilir.
Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayonumuzun istehsalçıları 2012–ci ildə də fəal iştirak etmişlər. İl ərzində yarmarkalara 1190 ton meyvə–tərəvəz məhsulları çıxarılmışdır ki, bu, əvvəlki ildən 110 ton çoxdur. Ümumiyyətlə, 14 iyul 2006–cı il tarixdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə keçirilən satış yarmarkalarında rayonumuz mütəmadi olaraq fəal iştirak edir və tələb olunan qədər bu iş davam edəcəkdir.
Təhsil sahəsi həmişə olduğu kimi, bu gün də ölkə rəhbərliyi tərəfindən ən vacib sahələrdən biri kimi qiymətləndirilir. Təhsilin maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər Xaçmaz rayonunda da uğurla davam etdirilmişdir.
2004–2012–ci illər ərzində rayonda 7576 şagird yerlik 30 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bunlardan 800 şagird yerlik 5 məktəb ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi xətti ilə inşa edilmişdir.
Ötən il Dövlət İnvestisiya Proqramına uyğun rayonun Köhnə Xaçmaz kəndində 640 şagird yerlik, Uzunoba kəndində 480 şagird yerlik və Müzəffəroba kəndində 180 şagird yerlik yeni, hər cür şəraiti olan məktəb binaları tikilib istifadəyə verilmişdir. Həmçinin uzun illər şəraitsiz, darısqal binada fəaliyyət göstərmiş Xaçmaz şəhər 1 nömrəli körpələr evi–uşaq bağçası üçün 60 yerlik, 2 mərtəbəli, müasir tipli yeni bina tikilərək istifadəyə verilmişdir. Ötən ilin oktyabr ayında rayon Təhsil şöbəsi üçün dövlət vəsaiti hesabına 2 mərtəbəli müstəqil inzibati bina tikilib istifadəyə verilmişdir.
Təhsilin maddi–texniki bazasının gücləndirilməsi istiqamətində bu il də çox mühüm işlərin görülməsi planlaşdırılır. Belə ki, ərazisində məktəb olmayan, şagirdlərinin avtomobillərin həddən artıq intensiv hərəkət etdiyi Xaçmaz–Quba magistral yolunu keçməklə qonşu ərazilərdəki məktəblərə getdiyi Arzu kəndində 220, Qıraqlı kəndində 180 şagird yerlik yeni, müasir məktəb binaları inşa ediləcəkdir. Həmçinin rayonun Qaraçı, Qaradağ buduq və Hacılar kənd məktəblərində tikinti işlərinin aparılması nəzərdə tutulur. Eləcə də bu il Xaçmaz şəhərində 60 yerlik yeni bir uşaq bağçasının tikintisi də nəzərdə tutulur. Hər il keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb–lisey də iştirak etmişdir. Məktəb müsabiqədən uğurla keçmiş, Prezidentin müvafiq sərəncamı ilə ilin “Ən yaxşı ümumtəhsil müəssisəsi” adına layiq görülmüşdür.
Səhiyyənin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Mərkəzi rayon xəstəxanasında binaları istismar müddətini başa çatdırmış İnfeksion xəstəliklər şöbəsi, mətbəx, camaşırxana, qazanxana yenidən tikilmişdir. Bu binalarda son tamamlama işləri aparılır. Ağ ciyər xəstəlikləri şöbəsi, Təcili Yardım Stansiyası və Qadın məsləhətxanasının binaları əsaslı surətdə yenidən qurulur. Tikinti və təmir işləri başa çatdıqdan sonra bütün şöbələr ən müasir tibb avadanlıqları — lazımi inventarlarla təchiz ediləcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xəstəxananın əsas korpusunun açılışında çıxışı zamanı tibb işcilərinin qarşısına mühüm vəzifələr qoymuşdur. Rayonumuzun tibb işçiləri möhtərəm Prezidentimizin çıxışından irəli gələn vəzifələri layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarından maksimum istifadə etməyə çalışırlar.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz rayonu 2013–cü ildə “Əfsanələr paytaxtı” elan edilmişdir. Bununla əlaqədar rayon mədəniyyət və turizm şöbəsi bu il daha səmərəli işləməli, geniş və əhatəli tədbirlər planı hazırlamalıdır. Bu məqsədlə keçiriləcək Təqdimat mərasiminə ciddi hazırlıq görülməli və il ərzində keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin səviyyəsi yüksəldilməlidir.
2012–ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxana sistemində aparılan islahatlar nəticəsində rayonda mövcud olan 102 kitabxananın bazasında Mərkəzi Kitabxana Sistemi və 72 kitabxana saxlanılmışdır. Mədəniyyət evləri və klublar sistemində də cari ildə istiqamətlər üzrə mərkəzlərin yaradılması ilə islahatlar aparılması nəzərdə tutulur.
Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir. Rayonumuzun dəniz sahili zonasında müasir turizm infrastrukturunun yaradılması üçün dövlət səviyyəsində, xarici şirkətlərin iştirakı ilə artıq yeni layihələrin hazırlanmasına başlanmışdır. Bu layihələrin yaxın dövrdə gerçəkləşməsi bölgəmizin iqtisadi və mədəni həyatında böyük bir yüksəlişə səbəb olacaqdır.
İnanıram ki, birgə səylərimizlə biz cari ildə qarşımıza qoyulan vəzifələrin öhdəsindən bacarıqla gələcək, ölkəmizin inkişafına öz layiqli töhfəmizi verəcəyik.
Ziyafəddin BAYRAMOV
Respublika.- 2013.- 3 mart.- S. 4.