Almaniyanın Ştutqart və Şomberq
şəhərlərində Xocalı soyqırımı ilə
bağlı anım mərasimləri keçirilmişdir
XX yüzilliyin sonunda törədilmiş Xocalı qətliamı erməni quldurlarının iki yüz ildən artıq müddətdə xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən faciəli səhifəsidir.
1992 –ci il fevralın 25–dən 26–na keçən gecə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdən biridir.
Bəşər tarixinə qanla yazılmış Xocalı soyqırımının 21–ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində olduğu kimi, Almaniyanın Ştutqart, Şomberq və digər bölgələrində də keçirilmişdir. Anım mərasimlərində həmyerlimiz, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit, kapitan Adil Kərimov da iştirak etmiş, tədbirlərin yüksək səviyyədə keçirilməsində onun böyük xidmətləri olmuşdur.
Bu günlərdə Almaniyadan Vətənə dönən Adil Kərimov redaksiyamızın qonağı oldu. Müsahibimiz anım mərasimlərinin keçirilməsi ilə bağlı bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:
—2012–ci ildə Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət!” kompaniyası bütün dünyaya səs saldı. Dünyanın 150–dən çox şəhəri, 50–dən çox müxtəlif ölkəsi fevralın 25–26–da Azərbaycan həqiqətlərindən xəbər tutmuş oldu. Bu gün dünya xalqları yaxşı bilirlər ki, ermənilərin 21 il öncə törətdikləri soyqırımı, türk nəslinin kəsilməsinə yönəlmiş qeyri–insani cinayətdir. 1985–ci ilin əvvəllərində SSRİ–də hakimiyyəti zəbt edən Mixail Qorbaçov açıq şəkildə erməni separatizmini və ekspansiyasını dəstəkləyərək antiazərbaycan, antitürk siyasəti yeritdi. M.Qorbaçov və arvadı Raisa Maksimovnanın Parisdə və Vaşinqtonda rəsmi dövlət səfərlərində olarkən erməni biznesmənləri ilə görüşmələri və onlardan çox qiymətli hədiyyələr, daha doğrusu, rüşvət almaları da ermənilərin ərazi iddialarını həyata keçirmək məqsədi güdürdü. Erməni lobbisinin onlara bağışladığı 62 karatlı, üzərində “Arsax” (Qarabağ) medalyon birbaşa Dağlıq Qarabağın Ermənistana verilməsinə tuşlanmışdır. 21 il öncə bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayət—Xocalı soyqırımı baş verdi…
Mən Almaniyanın şəhərlərində keçirilən soyqırım tədbirinə “Dəyanət” İşləri Türk İslam Birliyinin dəvəti ilə getmişdim.
Ştutqart və Şomberq şəhərlərində Xocalı soyqırımının 21–ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Almaniyada yaşayan həmvətənlərimiz, bu ölkədəki türklər, ruslar və milliyyətcə alman olan insanlar iştirak edirdilər.
Tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən çoxsaylı kitablar, 200–dən çox disklər paylanıldı. Həmçinin “Günəşin batdığı yer” filmi nümayiş etdirildi. Hamı bu günə qədər Xocalı soyqırımına dünyada hüquqi–siyasi qiymət verilməməsindən narahat olduğunu bildirdi. Əminliklə vurğuladılar ki, gec–tez haqq, ədalət zəfər çalacaq, erməni daşnakları tarix qarşısında cavab verəcək, erməni işğalı altında olan Azərbaycan torpaqları geri qaytarılacaqdır.
Kapitan Adil Kərimov sözünə davam edərək bildirdi ki, Almaniyada keçirilən anım mərasimində Xocalı soyqırımını törədən erməni quldurlarından və onlara köməklik edən 366–cı rus alayının vəhşiliyindən, qəddarlığından, 613 nəfərin işgəncə ilə qətlə yetirilməsindən, 1275 nəfərin əsir götürülməsindən, 500–dən çox dinc sakinin yaralanmasından söhbət açdım. Təəssüflə bildirdim ki, hələlik bu ədalətsizliyə dünya xalqları susurlar. Bilmək lazımdır ki, Xocalı soyqırımı Xatın, Xirosima, Sonqmi soyqırımlarından daha dəhşətli, insanlığa sığmayan və analoqu olmayan qanlı cinayətdir. Xocalı soyqırımının birbaşa təşkilatçıları Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və yenidən saxta yolla seçilmiş prezidenti, türk qanına susayan cəllad Serj Sarkisyandır! Yəqin ki günahsız xocalılıların qanı onları tutacaq, günlərin bir günündə türk qılıncı koçaryanların, sarkisyanların başına endiriləcəkdir.
Adil Kərimovun qəzəbli çıxışı mərasimdə iştirak edən erməniləri şoka saldı. Onlar Azərbaycan zabitinə əl qaldırmaq istəsələr də, məkrli niyyətlərinə nail ola bilmədilər. Salondakı türk oğlanları, türk qızları onları dərhal susdurdu.
Mərasimin sonunda Adil Kərimova “Şomberq Fəti Camisin”dən Azərbaycan qardaşımıza” adlı Türk–Osmanlı bayrağı təqdim etdilər.
Redaksiyamızın qonağı olan A.Kərimov son olaraq vurğuladı ki, Almaniyada ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi də nəzərdə tutulmuşdur.
Söhbəti yazdı: Qədir
Aslan
Respublika.- 2013.- 3 mart.- S. 2.