Döyüş medalı təqdim edildi

 

Erməni daşnakları torpaqlarımıza göz dikəndə, ərənlərimizi güllələr yerə sərəndə, arzularımızı düşmən qılıncı biçəndə yurdumuzun neçə–neçə mətin, cəsur oğulları qəlblərinin hökmü ilə odlu səngərlərə yollandı. Belə bir dar məqamda çoxları kimi Elmir Əliyev də heç cür rahatlıq tapa bilmirdi, intiqam alovu qəlbini bürümüş bu gənc cəbhə bölgələrinə tələsirdi.

Elmir Mürsəl oğlu Əliyev 1993– ilin iyun ayında Bakının Nəsimi rayon hərbi komissarlığından hərbi xidmətə yollandı. O, yaxşı bilirdi ki, dar gündə məmləkətimiz qeyrətli gənclərə güvənir. Məhz buna görə də sıravi döyüşçü Elmir Əliyev bir çox döyüş əməliyyatlarının uğurla başa çatdırılmasında şəxsi igidlik göstərdi. Heç vaxt ölümdən qorxmadı. Həmişə də düşmənin “təslim ol” çağırışına öz qanı, namusu ilə cavab verdi.

Bu qeyrətli vətən oğlu düşmənə qənim kəsilmişdi. Ağır döyüşlərdə neçə–neçə erməni quldurunu yerə sərmişdi. Lakin 1994– il aprelin 20–də Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə sinəsi düşmən gülləsinə tuş gəldi.

Elmir Əliyevin son mənzili Bakıdakı Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2012–ci il tarixli sərəncamı ilə Elmir Mürsəl oğlu Əliyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Bu günlərdə Nəsimi Rayon İcra Hakimiyyətində şəhid ailəsinə döyüş medalı təqdim olundu. Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dedi ki, Nəsimi rayonunda 200–ə yaxın şəhid ailəsi, 300–dən çox Qarabağ müharibəsi əlili var. Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində rayonda şəhid ailələrinə və müharibə əlillərinə hər cür qayğı göstərilir, onların sosial hüquqları qorunub saxlanılır.

Rayonda mütəmadi olaraq məktəblilərin veteranlarla görüşləri keçirilir ki, bu da şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Rayonun şəhidləri sırasında Elmir Əliyevin adı həmişə iftixarla çəkilir. O, Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əsl hünər, şücaət göstərmiş və rəşadətli döyüş yolu keçmişdir.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı “İgidliyə görə” medalını və hədiyyəni şəhidin anası Svetlana Əliyevaya təqdim etdi. Qeyd olundu ki, “İgidliyə görə” medalına layiq görülmüş Elmir Əliyevin 2 övladı var. Bir qızı ailəlidir, digər qızı isə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təhsil alır.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi vəzifəsini icra edən Hüseyn Quliyev çıxış etdi.

Tədbirin sonunda şəhid Elmir Əliyevin anası Svetlana Oleqovna şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

 

Qədir Aslan

 

Respublika.- 2013.- 3 mart.- S. 6.