ERMƏNİLƏRİN
AZƏRBAYCAN XALQINA QARŞI ƏRAZİ İDDİALARI,
SOYQIRIMLARI VƏ DEPORTASİYALAR
Dünyanın
fövqəlgüc dövlətlərinin himayəsi
altında olan “Şərq məsələsi”
və onun əsas tərkib hissəsi kimi “erməni məsələsi”nin
yaranmasından iki əsrdən artıq zaman keçsə də, siyasi–hərbi təzyiq
vasitəsi olaraq beynəlxalq münasibətlər sistemində öz
təsir gücünü saxlamaqda,
həm Türkiyə, həm də Azərbaycana yeni–yeni problemlər
doğurmaqdadır.
Hazırda
neoimperialist mövzuda
yazılan qərəzli yazılar və söylənilən riyakar fikirlər tarixi həqiqətlərə,
arxiv sənədlərinə deyil, müəyyən dairələrin
maraqlarına və zərərli ideologiyaların təbliğatına
əsaslanmışdır. Buna görə də “Şərq məsələsi”nin,
o cümlədən də “erməni məsələsi”nin
əsl mahiyyətini tarixi həqiqətlərə,
arxiv sənədlərinə əsasən
şərh etmək və beynəlxalq ictimaiyyətə
çatdırmaq Azərbaycan
tarixşünaslığının əsas vəzifələrindəndir.
Tarix elmləri doktoru
Ataxan Paşayevin “Ermənilərin
Azərbaycan xalqına qarşı ərazi iddiaları,
soyqırımları və deportasiyalar
(XIX–XX əsrlər)” adlı tədqiqatı bu
baxımdan çox əhəmiyyətlidir.
Kitab 20
ildən artıqdır ki, beynəlxalq
münasibətlər sisteminin gündəliyində
olan, lakin ikili standartlar və qərəzli
yanaşmalarla “tənzimləndirilməyə”
çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin,
Xocalı soyqırımının, Azərbaycan ərazisinin
20 faizinin işğalının, bir milyondan artıq qaçqın–köçkün probleminin
əsl səbəblərini, bu hadisələr
zamanı törədilən vəhşilikləri, cinayətləri
ortaya qoymaqla
yanaşı, son Qarabağ
hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara
qarşı törədilmiş soyqırım və
deportasiyaların real mənzərəsini
göstərmişdir.
Bu kitab “erməni məsələsi”lə
bağlı Azərbaycan həqiqətlərini yaymaq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini
təhrif edənlərə elmi ədəbiyyat
və arxiv sənədlərindən
istifadə etməklə tutarlı cavab
vermək baxımından təqdirəlayiqdir.
Mövzunun aktuallığını nəzərə
alaraq əsəri oxuculara
təqdim edirik.
Allahşükür QURBANOV,
“Respublika”.
(əvvəli 12,
13, 15, 16, 17, 19, 20, 21, 22, 23, 24, 26, 27 fevral,
1, 2 3 və 5 mart tarixli
saylarımızda)
Ümumiyyətlə,
1988–1991–ci illər ərzində Ermənistandakı 185 azərbaycanlı
kəndindən 250 min nəfərə yaxın azərbaycanlı
qovulmuşdu. Azərbaycanlılara məxsus 51 min ev, 165 sovxoz və
kolxozun əmlakı ermənilərə qalır, azərbaycanlı
əhalinin çoxlu mal–qarası ermənilər tərəfindən
talanır. 225 nəfər azərbaycanlı
öldürülür, 1.154 nəfər yaralanır, yüzlərlə
adama işgəncələr verilir.
“Ülfət”
qəzeti 1992–ci il fevralın 22–də SSRİ Prokurorluğu və
Azərbaycan istintaq orqanlarının Ermənistandan qovularkən
öldürülən azərbaycanlıların rayonlar
üzrə adbaad siyahısını dərc etmişdi.
Siyahı üzrə 216 nəfər, o cümlədən 57
qadın, 5 südəmər və 18 müxtəlif
yaşlarda uşaqlar qətlə yetirilmişdir.
Bunun
müqabilində isə Azərbaycandakı ermənilər nəinki
sağ–salamat köçüb getmiş, hətta evlərini
istədikləri kimi satmış, dəyişmiş, ev əşyalarını
isə dövlət hesabına daşıyıb
aparmışlar.
Maraqlıdır
ki, azərbaycanlılar Ermənistan ərazisini tamamilə tərk
etdikdən sonra M.Qorbaçov qaçqınlığın
qarşısını almaq barədə fərman verir. Bu vaxt
isə ermənilərin kütləvi surətdə Azərbaycanı
tərk etməsi prosesi başlayırdı. Bu fərman məqsədli
şəkildə ermənilərin Azərbaycandan getməsinin
qarşısını almağı nəzərdə tuturdu.
Ermənilər qaçdıqda belə Bakıda onların
boş evləri dövlət tərəfindən qorunurdu. Digər
tərəfdən, Bakıda yaşayan ermənilər aylarla
işə çıxmır, bunun müqabilində isə hər
ay təkcə maaşlarını deyil, həm də
mükafat alırdılar. Erməniləri işdən
çıxaran idarə və müəssisə rəhbərləri
isə ciddi cəzalandırılırdı.
***
SSRİ–nin
DAĞILMASI,
ERMƏNİSTANIN
AZƏRBAYCANA QARŞI SİLAHLI TƏCAVÜZÜ
d)
Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan
orduları tərəfindən işğalı.
Ermənilər
M.Qorbaçovun 1985–ci ildə yenidənqurmasından
mümkün qədər tam yararlanaraq Dağlıq
Qarabağı və ətraf rayonları ələ
keçirməyə müvəffəq oldu.
1987–ci
ilin oktyabr plenumunda H.Əliyevin istefaya göndərilməsi
ermənilərin əl–qolunu açdı. M.Qorbaçovun
iqtisadi məsələlər üzrə köməkçisi
A.Ağanbekyanın Fransadakı erməni diasporu
qarşısında etdiyi çıxışının nəticələri
özünü çox gözlətmədi. Artıq 1988–ci
il fevralın 13–də Xankəndidə Vilayət Partiya Komitəsinin
binası qarşısında ilk mitinq keçirilir. Mitinqə
400 nəfərə yaxın adam
çıxarılmışdı. Onların üzlərində
ermənilərə məxsus qorxu və təlaş duyulmaqda
idi. Mitinqin təşkilatçıları olan “Krunk”un
üzvləri isə onları dağılmağa qoymurdu.
“Krunk”un
sədri Qarabağ mərmər zavodunun direktoru təkcə
Dağlıq Qarabağda deyil bütün Azərbaycanda mərmər
paylamaqda “xüsusi səxavət sahibi” olan Arkadi Manuçarov
idi. A.Manuçarov bu mitinqi Azərbaycan rəhbərliyindən
və xalqından “xahiş mitinqi” adlandırırdı.
DQMV
Partiya Komitəsinin, Şuşa rayonundan büro üzvü
olan, Şuşa Rayon Partiya Komitəsinin birinci katibi Niyazi
Hacıyevin verdiyi məlumata görə, həmin il
fevralın 18–də Azərbaycan KP MK–nın ikinci katibi V.Konovalov
Vilayət Partiya Komitəsinin büro iclasındakı
çıxışında bildirir: “Bizə məlumdur ki,
mitinqləri “Krunk”, “Krunk”u isə burada əyləşən
bir qrup vilayət rəhbəri idarə edir. Tezliklə bu təşkilatçılar
barəsində çox ağır və radikal
ölçülər götürüləcəkdir”.
Azərbaycan
Təhlükəsizlik Komitəsinin məlumatına görə,
bu cür təxribatları başda Q.A.Poqosyan olmaqla təşkil
edən Dağlıq Qarabağdakı 11 nəfər rəhbər
işçi həbs olunmalı idi. Bu məlumata dərhal
razılıq vermək əvəzində Azərbaycan KP
MK–nın birinci katibi K.Bağırov məsləhət
üçün M.Qorbaçova zəng edir. M.Qorbaçov isə
ona qəti etirazını bildirir. Elə bu vaxt məlum olur
ki, hələ V.Konovalov Xankəndidə olarkən artıq ermənilər
Moskvaya Şahnazarova zəng etmiş V.Konovalovun dediklərini
M.Qorbaçova çatdırmışlar.
Həmin
il fevralın 19–da Vilayət Partiya Komitəsinin geniş
büro iclası keçirilir. Müzakirələr zamanı
ermənilər sosial–iqtisadi təzyiqə məruz
qaldıqlarını bəyan etdikdə orada iştirak edən
azərbaycanlılar daha konkret faktlara müraciət edirlər.
Onlar göstərirlər ki, bu necə sosial–iqtisadi təzyiqdir
ki, Q.Poqosyanın sədr olduğu Aqrar Sənaye Komitəsi
sistemindəki 100 nəfərdən yuxarı rəhbər
işçilər arasında bir nəfər də olsun azərbaycanlı
yoxdur, kommunal təsərrüfat sistemində işləyən
300 nəfər işçidən (süpürgəçi,
fəhlə və s.) 200 nəfərdən çoxu azərbaycanlıdır.
1988–ci il fevralın
23–də Sov. İKP MK katibi Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti
K.Bağırov və
Azərbaycan KP MK–nın
bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro və plenum iclaslarını keçirirlər.
V.Gevorkov
birinci katib vəzifəsindən azad edilərək onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçısı H.Poqosyan
seçilir. Həm
iqtisadiyyat sahəsindəki
“əməllərinə”, həm
də millətçilik
ideyalarının qızışdırılmasındakı
“xidmətlərinə görə”
həbsxanaya getməli
olan H.Poqosyan vilayətdə birinci şəxsin kreslosuna oturdulur.
Fevralın 25–də Vilayət Partiya Komitəsinin fəallar yığıncağı adı
ilə “Krunk” təşkilatının xüsusi
iclasını keçirən
H.Poqosyan yığıncaq
iştirakçılarını bütün kütlələri
ayağa qaldırmağa
çağırır. Bu işdə M.Qorbaçov,
S.Şahnazarov və Moskvada yaşayan, rəhbər vəzifədə
olan digər ermənilərin də onları dəstəklədiyini
elan edir.
Fevralın 26–da M.Qorbaçov Azərbaycan
və Ermənistan zəhmətkeşlərinə müraciət edir. Onun müraciətindəki
“DQMV–də yığılıb
qalan nöqsanlar və çətinliklər
az deyildir” və “biz müxtəlif ideyaların və təkliflərin açıq
müzakirəsindən boyun
qaçırmağın tərəfdarı
deyilik” ifadələri
ermənilərə öz
hərəkətlərini daha
da fəallaşdırmağa
ümid verir.
1988–ci il fevralın
27–də Sov. İKP MK–nın məsul işçisi, əslən
Dağlıq Qarabağdan
olan, Azərbaycanın
çörəyi ilə
böyüyərək firavan
həyat sürmüş
Karen Brutens guya məsələləri nizamlamaq
məqsədilə Xankəndiyə
göndərilir. O, burada
məsələni nizamlamaq
əvəzinə əslində
ermənilərlə çox
məxfi iş aparır. O, Moskvaya döndükdən sonra Qarabağ erməniləri
təkcə Xankəndidə
deyil, habelə vilayətin digər rayon mərkəzlərində də
mitinqlər keçirməyə
başlayırlar.
Ermənilər açıq mübarizəyə
keçmək üçün
bəhanə axtarırdılar. Bəhanə üçün isə Sumqayıt seçilir.
Bu da təsadüfi
deyildi. Azərbaycanın digər şəhərlərində
bu hadisəni törətmək qeyri–mümkün
idi. Sumqayıt şəhərində, demək olar ki, keçmiş SSRİ–nin bütün millətlərinin nümayəndələri,
əhali arasında çoxlu cinayətkar ünsürlərin olması
buna əlverişli imkan yaradırdı.
Sumqayıt hadisələri zamanı cinayət törədənlər
arasında təkcə
azərbaycanlılar deyil,
ləzgilər, ruslar,
ermənilər də
var idi. Paşa ləqəbli
erməni Qriqoryan isə bu hadisələr
zamanı xüsusi qəddarlıq göstərmişdi.
Bir sözlə, Sumqayıt hadisələri ermənilər
tərəfindən “məharətlə
planlaşdırılmış xüsusi aksiya idi”.
Həmin hadisələrin sabahı
günü bütün
radio stansiyaları “qan
iyindən ağıllarını
itirən azərbaycanlıların
erməniləri öldürdükləri”
barədə xəbərlər
yayır. Avropa və Amerikanın
bütün televiziya kanalları “Sumqayıt hadisələrini əks etdirən dəhşətli
kadrlar” göstərirlər.
Hadisələrin ertəsi günü
Xankəndidə “Sumqayıt
soyqırımı qurbanlarına”
abidə də ucaldılır.
Sumqayıt hadisələri haqqında
respublikamızda ilk xəbər
isə yalnız Azinform tərəfindən
martın 3–də verilir. Guya “Sumqayıtda bir dəstə xuliqan şuluqluq salmış, faciəli hərəkətlər
baş vermiş, tələfatlar var… Cinayətkar hərəkətlərdə ifşa
olunmuş şəxslər
hüquq mühafizə
orqanları tərəfindən
yaxalanmışlar. SSRİ
Baş prokurorunun istintaq qrupu cinayətlərin təhqiq
olunması və cinayətlərdə əli
olan şəxslərin
məsuliyyətə cəlb
edilməsi üçün
tədbirlər görür”.
M.Qorbaçovun razılığı ilə başlanan Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
hərəkatı getdikcə
daha da genişlənir,
xaricdəki erməni diasporu, Eçmiədzin kilsəsinin rəhbərlik
etdiyi bütün dünyaya səpələnmiş
erməni Qriqoryan kilsəsi Sumqayıt hadisələrini əldə
dəstəvüz edərək
Azərbaycana qarşı
geniş təbliğat
kampaniyası aparır.
1988–ci il martın 23–də Kremldə A.Qromıkonun sədrliyi ilə keçən SSRİ Ali Soveti
Rəyasət heyətinin
iclasında Dağlıq
Qarabağda, Azərbaycan
SSR–də və Ermənistan SSR–dəki hadisələr barəsindəki
müttəfiq respublikaların
müraciətləri ilə
əlaqədar tədbirlər
haqqında məsələ
müzakirə edilir. Qəbul olunmuş qərarda deyilirdi: “Mürəkkəb milli ərazi məsələlərini
dövlət hakimiyyət
orqanlarına təzyiq
yolu ilə, emosiyaların və ehtirasların qızışdırılması,
SSRİ Konstitusiyasında təsbit
olunmuş milli dövlət sərhədlərini
və milli inzibati dəyişikliklər
uğrunda çıxış
edən cürbəcür
özbaşına qurumlar
yaradılması şəraitində
həll etməyə cəhd göstərmək
yolverilməz sayılsın,
çünki belə
cəhdlər gözlənilməz
nəticələr verə
bilər”.
Martın
28–də “Pravda” qəzetinin Azərbaycan üzrə müxbiri Z.Qədimbəyovun
həmin qəzetdə
“Qardaşlar arasında
“sənin–mənim” olmamalıdır”
məqaləsi çıxır.
Təəssüflər olsun
ki, 1920–ci ildən başlayaraq “Qardaşlar arasında “sənin–mənim”
olmamalıdır” deyə–deyə
nə qədər torpaqlarımızı itirdik,
şəhidlər verdik.
Azərbaycanda biz bu düşüncələrlə
yaşadığımız bir zamanda artıq
mart ayında Ermənistan
SSR–dən Ermənistan
rəhbərliyinin xeyir–duası
ilə saqqallılar tərəfindən terrorizə
edilərək qovulan azərbaycanlılar Azərbaycana
pənah gətirir. Ermənistandan gələn qaçqınların
bir hissəsi Şuşada sanatoriyalarda,
internatlarda və istirahət evlərində
yerləşdirilirdi. Lakin axın
gəlməkdə davam
edirdi. Şuşa və Qağlıq
Qarabağın digər
kəndlərinin azərbaycanlı
əhalisi bir çox qaçqın ailələrini öz evlərində yerləşdirirdilər.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2013.-5 mart.- S. 6.