Dövlət tənzimlənmə sistemi Azərbaycanın iqtisadi uğurlarının rəhnidir

 

Sirr deyil ki, istənilən ölkənin milli iqtisadiyyatının normal inkişafı onun dövlət tərəfindən nizamlı şəkildə tənzimlənməsindən çox asılıdır. İqtisadiyyatın maksimum dərəcədə liberallaşdırılması belə dövlətin iqtisadi proseslərin idarə edilməsindəki iştirakını inkar etmir. Hər bir dövlət özünün maraqları və mənafeyinin təmin olunması naminə ictimai həyatın bütün fəaliyyət dairələrinə zərurət olduqda müdaxilə etməlidir.

Azərbaycanda iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasəti ölkənin iqtisadi həyata təsir dərəcəsini müəyyən edir. Dərin elmi əsaslara söykənən və dünyada baş verən siyasiiqtisadi prosesləri incəliklərinə qədər nəzərə alan belə bir tənzimlənmə siyasəti düzgün şəkildə həyata keçirilməsəydi, sözsüz ki, ölkəmizdə bazar münasibətlərinin formalaşmasına yönəlmiş fəaliyyət istiqamətlərini səmərəli şəkildə əlaqələndirmək mümkün olmazdı. Nəticədə isə Azərbaycanda hazırda müşahidə etdiyimiz sürətli və dayanıqlı, habelə genişmiqyaslı və şaxələndirilmiş iqtisadi inkişafa nail olunmazdı. Bunu Azərbaycanın son 10 ildə əldə etdiyi inanılmaz uğurları və mövcud iqtisadi tərəqqisi də bir daha sübut edir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: Düşünülmüş siyasət, siyasiiqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlikbudur bizim uğurlarımızı şərtləndirən əsas amillər”.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın milli iqtisadi inkişaf modeli bir daha göstərdi ki, iş təkcə bazar münasibətlərinə keçməklə və dövlət tərəfindən daxili iqtisadi siyasətin yürüdülməsi ilə, eləcə də mühüm inkişaf proqramlarının yerinə yetirilməsi ilə bitmir. Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinə keçid prosesinin uğurla başa çatdırılması və hazırda iqtisadiyyatın yüksək artım templəri ilə inkişaf etməsi dünyada baş verən qlobal iqtisadisiyasi proseslərin obyektiv qanunauyğunluqların dərindən dərk olunmasına və nəzərə alınmasına söykənir. Yalnız bunun əsasında sürətli və bəzi hallarda hətta gözlənilməz dəyişikliklər mühitində Azərbaycanın milli və beynəlxalq maraqlarını, yeni ideyaların dərk edilmə şəraitini, cəmiyyətin müasir innovativ texnoloji quruluşunu, milli iqtisadi mədəniyyətinin ahəngini nəzərə alan uzunmüddətli inkişaf strategiyasını reallaşdırmaq mümkün olmuşdur.

Azərbaycan ardıcıl olaraq dünya təsərrüfat əlaqələrinə və beynəlxalq əmək bölgüsünə daxil olmasının zəruri şərti kimi açıq iqtisadiyyat prinsipini elan etmişdir. Neft resurslarından səmərəli şəkildə istifadə edilməsi, neftkimya, maşınqayırma, energetika, aqrar–sənaye kompleksinins. müəssisələrin tikintisi və yenidən qurulması, habelə müxtəlif nəqliyyat dəhlizlərinin reallaşdırılması üzrə xarici tərəfdaşlarla böyük müqavilələr bağlanılır, icra olunan bütün bu layihələrin vaxtlı–vaxtında yerinə yetirilməsi istiqamətində ciddi işlər görülür.

Xüsusi olaraq vurğulanmalıdır ki, dünya təcrübəsi və Qərbin bazar standartları ölkəmizdə kor–koranə tətbiq edilmir. Bütün bu təcrübələr dərindən və hərtərəfli öyrənilir, Azərbaycanın konkret şəraitinə uyğunlaşdırılır, bir sözlə, ölkənin xüsusiyyətləri və özəllikləri nəzərə alınır. Bu təsərrüfatçılıq və mülkiyyət formalarında, əmək münasibətləri modelində, iqtisadiyyatın dövlət tənzimlənməsində özünü daha aydın və açıq şəkildə büruzə verir.

Bütün bunlar bir daha onu göstərir ki, Şərq və Qərb sivilizasiyalarının ənənə və normalarının birləşdiyi Azərbaycan Respublikasında inkişafın öz modeli mövcuddur. Burada sosial–mədəni amillər, xüsusilə əhalinin sosial tərkibi, siyasi, hərbi vəziyyət, milli etnik ənənələr, yaşayış dəyərinin qavranması kimi amillərin vacibliyinə xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyev qeyd etmişdir: “Baxmayaraq ki Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir, biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq orta gəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksək gəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük. Beynəlxalq təşkilatlar, yəni mötəbər beynəlxalq maliyyə təşkilatları bizim uğurlarımızı qeyd edir”.

Azərbaycan inzibati sistemin buxovlarından azad olub, bazar münasibətlərini və onların tənzimləyici vasitə və mexanizmləri formalaşdırıb. Respublikada həyata keçirilən mütərəqqi dəyişiklikləri mürəkkəbləşdirən və islahatların gedişini ləngidən totalitarizm vaxtından qalan bir sıra amillərindən, yəni iqtisadiyyatın birtərəfli xammal istiqamətindən, istehsalın inhisara salınmasından, iri müəssisələrin dövlət mülkiyyətində cəmlənməsindən artıq əsər–əlamət belə yoxdur. Son illər həyata keçirilən kompleks tədbirlər və reallaşdırılan dövlət proqramları fərdi, xüsusi sektorunbazar infrastrukturunun daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə şərait yaradır.

Tam əminliklə söyləmək olar ki, Azərbaycanda dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət və dövlət tənzimlənməsi spesifik xüsusiyyətlərə malikdir. Belə ki, ölkəmizdə bir tərəfdən makroiqtisadi proseslər tənzimlənir, digər tərəfdən isə əlverişli bazar mühiti formalaşdırılaraq onun bütün elementlərinin fəaliyyətinə şərait yaradılmışdır.

Azərbaycan dövləti qarşısında dayanan mühüm vəzifələrdən biri xarici iqtisadi fəaliyyət sahəsində məhdudlaşdırıcı siyasəti stimullaşdırıcı siyasətlə əvəz etməkdən, ixracın strukturunu təkmilləşdirməkdən və son emal mərhələsinin məhsullarının ixracını stimullaşdırmaqdan ibarət olmuşdur ki, buna da olduqca qısa müddət ərzində nail olundu.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun mahiyyəti Azərbaycanın milli maraqlarını əks etdirərək ölkənin rəqabət üstünlüyündən bacarıqla istifadə edən və onu daim artıran iqtisaditexnoloji cəhətdən inkişaf etmiş dövlətə çevirmək, bunun əsasında xalqın həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Bu reallığın dərkindən onun əməli olaraq həyata keçirilməsinə ölkəmiz xeyli yol keçərək müxtəlif maneələri uğurla ötməyə nail olmuşdur. Son 10 il ərzində Azərbaycanın əldə etdiyi uğurları və dünyanın müxtəlif ölkələrində baş verən dərin maliyyə və iqtisadi böhranlar bir daha göstərdi ki, biz xarici təcrübələri nə qədər tam nəzərə almağa cəhd etsək də, burada hazır reseptlər və müvəffəqiyyət düsturları yoxdur. Bu gün əminliklə söyləmək olar ki, Azərbaycan xalqı və Azərbaycan dövləti üçün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasiiqtisadi strategiyanın alternativi mövcud deyil. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bu strategiyaya əsaslanan siyasi kursu müasir dünyanın siyasi ziddiyyətlərinə və iqtisadi sarsıntılarına baxmayaraq, Azərbaycanın hərtərəfli inkişafını təmin edir və edəcəkdir.

 

 

Emin Qasımov

 

Respublika.- 2013.- 5 mart.- S. 5.