Ölkəmizin
idman şöhrəti ildən–ilə artır
Son illər
iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə
və nüfuz sahibinə çevrilən Azərbaycan
artıq həm də dünyada idman dövləti kimi
tanınır. Təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan möhtəşəm siyasəti Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti cənab İlham Əliyev bütün istiqamətlərdə,
o cümlədən idman sahəsində də uğurla davam
etdirir. Ümummilli lider millətin və ölkənin gələcəyini
sağlam həyat tərzində görürdü. Sağlam
millət isə güclü dövlətin əsasıdır.
Cənab İlham Əliyev 1997–ci ildə MOK–un prezidenti seçildikdən sonra bu sahədə inkişaf daha da sürətlənmiş, olimpiya hərəkatı geniş vüsət almış, idmanın maddi–texniki bazası möhkəmləndirilmişdir. Bu gün nəinki paytaxtımızda, demək olar ki, hər bir bölgədə müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. İndi ölkə üzrə bu komplekslərin sayı 35–dir, 8–də isə inşaat işləri davam etdirilir. İdmançılarımız 2000–ci ildən etibarən bütün Yay Olimpiya Oyunlarında ardıcıl qələbələr qazanmış, olimpiadada mükafatların sayı xeyli artmışdır. Belə ki, 2000–ci ildə Sidneydə 3 medal (1 qızıl, 1 bürünc), 2004–cü ildə Afinada 5 medal (1 qızıl, 4 bürünc), 2008–ci ildə Pekində 7 medal (1 qızıl, 2 gümüş və 4 bürünc) əldə olunub. İdmanın inkişafına göstərilən dövlət qayğısı, Azərbaycanın bir çox mötəbər yarışlara ev sahibliyi etməsi, millimizin ayrı–ayrı idman növləri üzrə qazandıqları saysız–hesabsız medallar ölkəmizin idman dövləti kimi tanınmasının bariz nümunəsidir. Bu sahədə görülən işləri və bütün uğurları beynəlxalq idman qurumlarının rəhbərləri resublikamızda olarkən yüksək qiymətləndirmişlər.
Respublikamızda 2012–ci illərdə özünü göstərən sürətli inkişaf tempi idman sahəsində də davam etmiş və yaddaqalan olmuşdur. Belə ki, dövlət başçısının müvafiq sərəncamı ilə ötən il “İdman ili” elan edilmişdir. 2012–ci ildə həm də ölkə rəhbəri cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsinin 15 ili tamam olmuş, Milli Olimpiya Komitəsinin yaranmasının 20 illiyi təntənə ilə qeyd edilmişdir.
Azərbaycan Beynəlxalq və Avropa Olimpiya Komitəsinin fəal üzvlərindən biridir. Ölkəmizdə idmanın, olimpiya hərəkatının inkişafına verilən dəstək və qiymət çox yüksək səviyyədədir. Son illər beynəlxalq olimpiya federasiyalarının dəstəyi ilə ölkəmizdə çoxsaylı idman yarışları, o cümlədən dünya və Avropa çempionatları, həm olimpiya, həm də qeyri–olimpiya idman növləri üzrə mötəbər yarışlar keçirilmişdir. Ötən ilin sentyabr–oktyabr aylarında ilk dəfə olaraq 17 yaşadək qadınlar arasında futbol üzrə dünya birinciliyi Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda çox yüksək səviyyədə başa çatmışdır. Onu da qeyd edim ki, möhtərəm Prezidentimizin tapşırığı ilə bu stadion çox yüksək səviyyədə əsaslı təmir edilib yenidən qurulmuşdur. 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının yüksək səviyyədə keçirilməsi onu göstərdi ki, Azərbaycan gələcəkdə bundan da böyük beynəlxalq yarışlara ev sahibliyi edə bilər.
Əlbəttə, 2012–ci ilin idman tədbirlərindən danışarkən London Yay Olimpiadası haqqında söz açmaq xüsusilə lazımdır. Bu olimpiada da xalqımız, idmançılar üçün yaddaqalan bir hadisədir. Çünki bu olimpiya oyunlarında idmançılarımız ən böyük uğurlara imza atmış, xalqımızı sevindirmiş, Azərbaycanı idman dövləti kimi aparıcı dövlətlər sırasına daxil edə bilmişlər. Nəticə budur—10 medal. Onlardan 2–si qızıl, 2–si gümüş və 6–sı bürüncdür. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30–cu yerə layiq görülmüşdür. Medalların sayına görə 24–cü, Avropa ölkələri arasında isə 3–cü yeri tutmuşdur. Bu doğrudan da böyük və tarixi nailiyyətdir. Həmçinin bu qələbə Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Digər bir nailiyyətimiz Yeniyetmələr arasında birinci Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan gənclərinin çox yüksək nəticə əldə etmələridir. Bu yarışda ölkəmiz 11–ci yeri tutmuşdur ki, bu da çox böyük tarixi nailiyyətdir. 2012–ci ildə idman və olimpiya oyunlarında əldə olunmuş bu cür sevindirici faktları sadalamaq olar. Ümumiyyətlə, ötən il idmançılarımız tərəfindən müxtəlif beynəlxalq yarışlarda 700–dən çox medal qazanılmışdır ki, bunlardan da 255–i qızıldır.
Ən önəmli hadisələrdən biri də Avropa Olimpiya Komitəsinin 49–cu baş assambleyasında 2015–ci ildə Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul etməsidir. Ötən il dekabrın 8–də Romada baş tutmuş həmin tədbirdə Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48–nin iştirakı ilə keçirilmiş səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf qalmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. Əlbəttə, bu mötəbər yarışın Bakıda keçirilməsi ölkəmiz və xalqımız üçün böyük tarixi hadisədir. Avropa oyunlarının proqramına qaydalara görə 28 olimpiya idman növündən ən azı 12–si və 2 qeyri–olimpiya növü daxil olmalıdır. Bu idman növləri əsasən güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suya tullanma, su polosu və reqbi–7–dən ibarətdir. Qeyd edim ki, ölkə Prezidenti cənab İlham Əliyev ilk Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması haqqında 17 yanvar 2013–cü il tarixli sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESKO–nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edilmişdir. Fevralın 2–də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015–ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İclasda çıxış edən təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva demişdir: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai–siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir”.
O da bəlli olmuşdur ki, yarışların Heydər Əliyev adına İdman Konsert Kompleksində, T. Bəhramov adına Respublika Stadionunda, “Baku Crystal Holl”, “Sərhədçi” İdman Kompleksində, Əl oyunları Sarayında, Güllə Atıcılığı stendi və Baku Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015–ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının başa çatması nəzərdə tutulub. I Avropa Oyunlarının 2015–ci ilin iyun–iyul aylarında keçirilməsi planlaşdırılır.
O da
sevindirici bir fakdır ki, son
10 ildə
Azərbaycanda 300–ə yaxın beynəlxalq səviyyəli
idman tədbiri yüksək səviyyədə
keçirilmişdir. Bu tədbirlərin, o cümlədən
bir çox idman növləri üzrə dünya və Avropa
çempionatlarının Bakı şəhərində
keçirilməsinin ənənəvi hal alması, ölkəmizdə
yüksək səviyyədə yarışların
keçirilməsi Olimpiya təşkilatında güclü
inam yaratmışdır. Bir sözlə, 2016–cı ildə
XXXI və 2020–ci ildə XXXII Yay Olimpiya Oyunlarının,
2017–ci ildə IV İslam Həmrəyliyi Oyunlarının
keçirilməsi üçün Bakının namizədliyinin
irəli sürülməsi, FİDE–nin qərarına əsasən
ölkəmizin Dünya Kuboku 2015–ci il və Şahmat
Olimpiadasının 2016–cı ildə Bakıda keçirilməsi
hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin
Azərbaycana olan marağını daha da
artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının
Bakı şəhərində keçirilməsi ilə
bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi
təsadüfi deyil. Eyni zamanda bu oyunların Azərbaycanda
keçirilməsi, ümumiyyətlə, idmanın
inkişafına böyük təkan verəcəkdir. Əlbəttə,
digər qurumlar kimi, Gənclər və İdman Nazirliyi də
bu möhtəşəm idman yarışına
hazırlıq və onun yüksək səviyyədə
keçirilməsi üçün bütün
imkanlarını səfərbər edəcəkdir.
Bu gün
ölkəmiz 5 mart—Bədən Tərbiyəsi və İdman
Gününü 8–ci dəfə qeyd edir. Sözsüz ki, bu
şanlı tarix 8 il öncə deyil, daha əvvəl
yazılıb. Belə ki, 1995–ci il martın 5–də
ümummilli liderimiz Bakı Əl Oyunları İdman
Sarayında ilk dəfə idman ictimaiyyətinin nümayəndələri
ilə görüşmüş, onların bir qrupunu orden və
medallarla təltif etmiş və idmana xüsusi
qayğını öz üzərinə
götürdüyünü bildirmişdir. Ulu öndərin
bu sahədə başladığı strategiyanı Azərbaycan
Prezidenti İlham Əliyev uğurla davam etdirir. Həmin tarixi
görüşdən düz 10 il sonra, 2005–ci il martın 4–də
dövlət başçısının
imzaladığı sərəncamla 5 martın Bədən Tərbiyəsi
və İdman Günü elan edilməsi deyilənlərin
bariz nümunəsidir.
Bayram
münasibətilə Azərbaycan ictimaiyyətini,
bütün həmkarlarımı, idmançıları, məşqçiləri
təbrik edir, onlara qarşıdakı bütün
yarışlarda yeni uğurlar arzulayıram.
İsmayıl
İsmayılov,
Gənclər və İdman nazirinin
müavini.
Respublika.- 2013.- 5 mart.- S. 4.