Dövlət dəstəyinin
bariz nümunəsi
Müstəqillik illərində ümummilli liderimiz hər sahəyə olduğu kimi, idmana da xüsusi diqqət yetirir, millətin gələcəyini sağlam həyat tərzində, xüsusən də gəncliyin fiziki–mənəvi sağlamlığında görürdü. Ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən çoxsaylı idman qurğularının inşası, idman–sağlamlıq mərkəzlərinin yaradılması, bədən tərbiyəsi və idmanın kütləviləşdirilməsi istiqamətində ardıcıl addımların atılması deyilənlərin bariz nümunəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, idmana dövlət qayğısı ildən–ilə artır, onun maddi–texniki bazası möhkəmləndirilir. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakına geniş imkan yaradılır, onları yeni–yeni qələbələrə ruhlandırmaq üçün bir sıra tədbirlər görülür. Bütün bunlar öz bəhrəsini verir, müxtəlif idman növlərində nailliyyətlərin sayı çoxalır, Azərbaycanın idman şöhrəti ildən–ilə artır. 2012–ci ildə yüksək göstəricilərə imza ataraq 5 mart – Bədən Tərbiyəsi və İdman Gününü alnıaçıq qarşılayan idmançılarımız cari ildə öz qələbələrini yeniləmək uğrunda mübarizəyə qoşulmuşlar.
Xüsusi vurğulamaq istərdim ki, 2012–ci il Azərbaycan idmanı tarixində bir neçə mühüm hadisə ilə yadda qaldı. Belə ki, respublikamız müstəqillik dövründə olimpiya hərəkatına qoşulmasının 20 illiyini qeyd etdi. Həmçinin Olimpiya hərəkatına rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyevin MOK–a rəhbərliyinin 15 ili ərzində görülən işlər, əldə olunmuş nailiyyətlər, yeni perspektivlər və gələcək planlarla bağlı ölkəmizə təşrif buyurmuş beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirildi.
London Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya hərəkatının yeni tarixini yazdı. Belə ki, respublikamız ilk dəfə olaraq 50–dən çox lisenziya ilə 16 idman növündə təmsil olunaraq 10 rekord sayda medalın qazanılması ilə yadda qaldı. Bunlardan 2–si qızıl, 2–si gümüş, 6–sı bürünc medal olmaqla Azərbaycan Olimpiya tarixində ilk dəfə olaraq dünyanın 30 ən güclü ölkəsi sırasında yer aldı, Avropa ölkələri arasında 15–ci, İslam ölkələri arasında 3–cü yeri tutdu. İdmançılarla görüşündə onların təbriki zamanı əldə olunan nailiyyətlər təhlil edilərkən cənab Prezident artım dinamikasının qorunması, yeni qələbələrin qazanılması tapşırığını vermiş və təbii ki, 2013–cü ildə də medal əyarlarının sayının artması gözləniləndir. Xatırladım ki, 2012–ci ildə meddalların sayı 700–dən çox olmuşdur.
Artıq bir neçə gündür ki, təməli ulu öndərimiz tərəfindən qoyulmuş idman günü ilə əlaqədar silsilə tədbirlərə start verilmişdir. Bildiyimiz kimi, hələ 1995–ci ilin məhz bu günü böyük öndər bir qrup idmançı ilə görüşüb onları yüksək dövlət mükafatları ilə təltif etmişdir. Bu ənənəni davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev martın 5–nin Bədən Tərbiyəsi və İdman günü kimi qeyd olunması barədə 4 mart 2005–ci il tarixdə sərəncam imzalamışdır. Bu sənəd dövlətin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.
5 mart idman bayramı olmaqla yanaşı, həm də görülən işlərə qiymət verilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından hesabat günüdür. Hər il olduğu kimi 2013–cü ildə də müxtəlif silsilə tədbirlər, təltifetmə mərasimləri vasitəsilə kütləviliyin artırılması və ayrı–ayrı idman növləri üzrə çıxışların keçirilməsi nəzərdə tutulub ki, hazırda Milli Parkda düzənlənən tədbir dediyimin əyani sübutudur.
Son illər Azərbaycan özünü dünyaya idman dövləti kimi tanıtmışdır. Ev sahibliyi hüququ qazandığımız 2015–ci ildəki şahmat üzrə Dünya kuboku, 2016–cı ildə şahmat üzrə Olimpiya oyunları , 2015–ci ildə Birinci Avropa Oyunları bir daha Azərbaycana beynəlxalq və Avropa Olimpiya Komitələri tərəfindən etibarlılığın göstəricisidir. Ölkəmiz digər irimiqyaslı idman yarışlarının keçirilməsinə də iddialıdır və bununla bağlı müraciətlər olunub. Həmçinin respublikamız 2017–ci ildə keçirilməsi nəzərdə tutulan 4–cü İslam Oyunlarının və hərbçilərin dünya oyunlarına ev sahibliyi etmək arzusundadır və bu sahədə də iş aparılır.
Möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev hər dəfə idmançılarla, mütəxəssislərlə görüşündə bu sahədə yeni tapşırıqlar verir. Bu tapşırıqlar arasında idman növlərinin coğrafiyasının genişlənməsi komanda idman növlərinin və buradakı göstəricilərin artımı, məşqçi, hakim korpusunun gücləndirilməsi, dopinqlə mübarizə kimi məsələlər mühüm yer tutur. Ayrı–ayrı idman növlərində, yeni yaranmış ənənəvi və qeyri–ənənəvi idman növlərində maksimum çox yarışların keçirilməsi də ön plandadır. Bu il sərbəst, yunan–Roma və qızlar arasında dünya kuboku yarışlarının, voleybol üzrə çempionlar liqasının qrup oyunlarının, futbol üzrə dünya və Avropa çempionatlarının yoldaşlıq görüşlərinin, boks, cüdo üzrə beynəlxalq yarışların təşkili, taekvondo üzrə beynəlxalq turnirin təşkili nəzərdə tutulub. Bütün bunlar Azərbaycanın bir daha idman ölkəsi kimi tanınmasında böyük rol oynayacaq.
Ev sahibliyi hüququ qazandığımız 2015–ci ildə keçiriləcək 1–ci Avropa Oyunlarına hazırlıq məqsədilə tikinti–təmir işləri davam etməkdədir. Eyni zamanda açılışı və bağlantısı nəzərdə tutulan 65 min nəfərlik Olimpiya Stadionunun, bədii gimnastika kompleksinin, boks və cüdo üzrə beynəlxalq arenaların, su–idman növləri üzrə kompleksin tikintisi bir daha onu göstərir ki, nəticələrlə yanaşı həm də maddi–texniki bazaya sərmayə qoyuluşu yatırılır. Respublikamızda hazırda 35 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir, 8–də isə işlər davam edir ki, bundan 3–nün ilin sonunadək istifadəsi gözlənilir.
Bu gün ölkə əhalisinin böyük əksəriyyəti idmana, kütləvi bədən tərbiyəsinə meyillidir, sağlam həyat tərzinə üstünlük verir. İdman bu gün birmənalı olaraq Azərbaycanda dövlət dəstəyinə malikdir. Qəbul olunmuş son normativ hüquqi sənədlər, imzalanmış sərəncamlar, idmançılara, mütəxəssislərə əldə etdikləri nəticələrə görə fəxri adların verilməsi, onların yüksək məvacibi, cəmiyyətdə sayılıb–seçilən, hörmətli şəxslərə çevrilməsi bu sahənin dövlət qarşısında prioritet olduğunun göstəricisidir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən istər 2012–ci ildə, istərsə də cari ilin ötən müddətində bir sıra işlər görülmüşdür. Belə ki, həm tək mübarizlik, həm də komanda idman növlərində paytaxt birinciliyi və çempionatları keçirilmişdir. Sayca 36–cı olan 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo yarışını buna misal göstərə bilərəm. Bu tədbirə 6 ölkədən 400–ə yaxın idmançı qatılmışdı. O cümlədən spartakiadaların ayrı–ayrı növləri üzrə yarışları davam etdiririk. Tədbirlər planından əlavə, kütləviliyin artırılması məqsədilə bir çox yeni idman növlərinin tətbiqini aparırıq. Həmçinin xanım idmançılarımızın sayı durmadan artır. Paytaxt birinciliyi çempionatındakı rekordların yenilənməsi prioritet olaraq idmançılar qarşısında qoyulub. Bu il Bakıda ilk dəfə olaraq yay mövsümündə fiziki qüsurlu insanlar arasında yarışların keçirilməsi planlaşdırılıb. Təkcə yarışların təşkili və keçirilməsi deyil, həm də bu tədbirlərə qatılacaq könüllülərin hazırlanması bütün ilboyu əsas vəzifə kimi qarşımızda durur.
Bu gün öz bayramlarını yüksək əhval–ruhiyyə ilə qeyd edən paytaxt idmançıları Azərbaycanın idman şöhrətinin ildən–ilə artması, bu sahədə daha yüksək zirvələr fəth edilməsi üçün öz töhfələrini bundan sonra da əsirgəməyəcək.
Raqif ABBASOV,
Bakı Şəhər
Gənclər və
İdman Baş
İdarəsinin rəisi,
Milli Olimpiya Komitəsinin üzvü.
Respublika.- 2013.- 5 mart.- S. 4.