Göygöl:
İLİN YEKUNLARI UĞURLU İNKİŞAFDAN XƏBƏR
VERİR
Göygöl
rayonu daha bir ili yola saldı. Yekunlar ürəkaçandır. Həyata keçirilmiş işlərin təhlili
göstərir ki, artıq tarixə çevrilən nailiyyətlər,
sabaha istiqamətlənmiş tədbirlər cari ildə daha
böyük uğurların sanballı təməlinə
çevriləcəkdir.
Ötən ilin yekunları ilə bağlı rayon fəallarının
yığıncağında Göygöl Rayon İcra Hakimiyyətinin
başçısı Arif Seyidov hesabat məruzəsi ilə
çıxış etdi. O, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu
sosial–iqtisadi siyasət nəticəsində əvvəlki illərdə
olduğu kimi 2012–ci ildə də qlobal iqtisadi böhran şəraitində
ölkə iqtisadiyyatının öz dinamik
inkişafını qoruyub saxladığını, iqtisadi
artımın davamlılığını xüsusi
vurğulayaraq dedi ki, bu nailiyyətlərə rayon sakinləri
də öz sanballı töhfələrini vermişlər.
İl ərzində rayonda istehsal və xidmət sahələrinin
genişləndirilməsi, sosial obyektlərin tikintisi,
abadlıq–quruculuq işlərinin aparılması istiqamətində
həyata keçirilən tədbirlər davam etdirilmiş,
iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının
2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı
Dövlət Proqrqmı”nda Göygöl rayonu üzrə 15, Gəncə–Qazax
iqtisadi rayonu üzrə 2 tədbir nəzərdə
tutulmuşdur.
Onlardan icra vəziyyəti ilə bağlı
Arif Seyidov demişdir ki, həmin tədbirlərdən ikisinin
icrası yerinə yetirilmiş, on beşinin icrası davam
etdirilir.
2012–ci ildə
58 milyon 20,7 min manat əsas kapitala investisiya qoyulmuş, bundan
56 milyon 556,3 min manatı tikinti–quraşdırma işlərinə
yönəldilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ayırdığı vəsait hesabına səkkiz min nəfər
əhalinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən 10,5 kilometr uzunluğunda
Xaqani–Cümşüdlü–Haçaqaya avtomobil yoluna asfalt
örtük salınmış, yolun mühafizə
zolağına düşən elektrik və rabitə
dayaqlarının yeri dəyişdirilmiş, yol kənarında
olan görkəmsiz ticarət obyektləri əsaslı təmir
olunmuşdur.
Ölkədə avtomobil yolları şəbəkəsinin
yenidən qurulması və bərpası istiqamətində həyata
keçirilən iri layihələr sırasında qoyulan
investisiyalar hesabına hazırda tikintisi davam edən
Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən
36 kilometr hissəsində yenidənqurma və bərpa işləri
davam etdirilir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində 2012–ci ildə 5 xidmət, 9
istehsal obyektləri istifadəyə verilmişdir.
Son doqquz il ərzində 7397 yeni iş yeri
açılmış, onun da 5068–i daimidir. Ötən il isə 430–u daimi olmaqla 1672 iş yeri
açılmışdır.
Rayon
üzrə orta aylıq əməkhaqqı 2011–ci ilə nisbətən
20,7 manat (10,33%) artaraq 220,1 manata
çatmış, adambaşına düşən pul gəliri
1478,5 manat təşkil etmişdir.
2012–ci ildə rayon büdcəsinin mədaxil və məxaric
hissəsi üzrə proqnoz tapşırıqlarının
icrası, vəsaitin təyinatına görə səmərəli
istifadə olunması, maliyyə intizamına riayət edilməsi
daim diqqət mərkəzində saxlanılmışdır.
Rayon
büdcəsinin gəlirləri 3 milyon 560 min manata
qarşı 3 milyon 768,0 min manat və ya 105,8 faiz, xərcləri
12 milyon 917,4 min manata qarşı 12 milyon 495,0 min manat və ya
96,7 faiz icra edilmişdir.
Cari ildə
rayon büdcəsinin xərcləri 14 milyon 783,7
min manat nəzərdə tutulmuşdur, bu da 2012–ci illə
müqayisədə 1 milyon 866,3 min manat çoxdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən
birini təşkil etmiş, sahibkarlıq subyektlərinin
yaradılmasına və fəaliyyət göstərməsinə,
kiçik və orta sahibkarlığın inkişafına əlverişli
şərait yaradılmış, nəticədə 2012–ci
ilin yekunlarına görə rayonda sahibkarların sayı 414
subyekt artaraq 2467–yə çatmışdır.
Kiçik
və orta sahibkarlığın inkişafına dövlət
dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 68 hüquqi və fiziki şəxsə
1065 min manat güzəştli kredit verilmişdir.
2012–ci ildə
iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş
məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə
143 milyon 191,5 min manata çatmış, ondan 110 milyon 147,5 min
manatı istehsal sahələrini, 33 milyon 44,0 min manatı isə
xidmət sahələrini təşkil etmişdir.
Ümumdaxili
məhsul istehsalında
qeyri–dövlət sektorunun xüsusi çəkisi respublika üzrə
81,5 faiz olduğu halda, rayon üzrə bu göstərici 54,4
faiz təşkil etmişdir.
Rayonda fəaliyyət
göstərən 25 sənaye müəssisəsi tərəfindən
bütövlükdə 12 milyon 284,5 min manat dəyərində
məhsul istehsal edilmiş, sənaye məhsulunun həcmində
qeyri–dövlət sektorunun xüsusi çəkisi 54,6 faiz
olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında” sərəncamından irəli gələn
vəzifələrin icrası vəziyyətinə toxunan məruzəçi
demişdir ki, 2012–ci ildə 2050 nəfər kənd təsərrüfatı
məhsulları istehsalçılarına yanacaq və motor
yağlarına, buğda əkininə, toxum istehsalına və
mineral gübrələrə görə dövlət büdcəsindən
1 milyon 109,0 min manat yardım verilmişdir.
Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyinin
nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının
istehsalı 7,6 faiz artmışdır.
Əvvəlki
illə müqayisədə 1756,1 min manat
çox olmaqla 41306,7 min manat dəyərində kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir ki, bunun da 99,3 faizi
qeyri–dövlət sektorunun payına düşür.
Cari ilin məhsulu üçün 9807 hektar sahədə
payızlıq taxıl əkilmişdir, bunun da 7036 hektarı
buğdadır.
Rayonda fəaliyyət göstərən Aqroservis
filialında 75 adda kənd təsərrüfatı
texnikası vardır. İstehsalçılar kənd təsərrüfatı
texnikaları ilə təmin edilmişdir.
Əkin
sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə
160 ədəd subartezian quyusu, qapalı boru şəbəkəsinin
6 kilometr hissəsi təmir edilmiş, çay məcrasında
261 min kubmetr həcmində təmizləmə işləri
görülmüş, Gəncəçay baş
qurğusunun qoruyucu bəndinin yenidən tikintisi başa
çatdırılmışdır.
Balçılı kəndində və Hacıməlik
qəsəbəsində 1 ədəd subartezian quyusu
qazılmış, Göygöl şəhərində və
Bəhrəmbağ kəndində mövcud olan 1 ədəd
subartezian quyuları bərpa olunmuşdur.
Şəmkirçayı
üzərində tikilən su anbarından çəkilmiş
Şəmkirçay magistral kanalının Göygöl
rayonu ərazisindən keçən 3 kilometr hissəsinin tikintisi
başa çatdırılmışdır, bu da 2110 hektar
torpaq sahəsinin suvarılmasını təmin edəcəkdir.
Heyvandarlıq
inkişaf etmiş, iribuynuzlu mal–qaranın sayı 20 min 127
başa, xırdabuynuzlu mal–qaranın sayı 156 min 76 başa
çatmışdır.
Heyvandarlıq
sahəsində yüksək göstəricilərə nail
olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan
hüquqi və fiziki şəxslərə dəyərinin 50
faizini ödəmək şərti ilə 15 baş cins
mal–qara satılaraq 52 başa
çatdırılmışdır. Eyni zamanda
1302 baş mal–qara süni mayalandırılmış, süni
mayalama yolu ilə 689 baş cins bala alınmışdır.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə süd
istehsalı 18 ton, ət istehsalı 325 ton, yun istehsalı 3,1
ton, yumurta istehsalı 29 min ədəd artmışdır.
Heyvanlar arasında aparılan baytarlıq profilaktiki tədbirlər
nəticəsində kütləvi yoluxucu xəstəliklər
baş verməmiş, epizodik vəziyyət sabit olaraq
qalmışdır. Baytarlıq xidmətini
yaxşılaşdırmaq məqsədilə zona baytarlıq
laboratoriyasının əsaslı təmiri başa
çatdırılaraq avadanlıqlarla təchiz olunmuş, Pənahlılar
kəndində sahə baytarlıq məntəqəsi
tikilmişdir.
Bakı
şəhərində keçirilən
arıçılıq məhsullarının sərgi–satış
yarmarkasında müntəzəm iştirak edən
arıçılar ötən il də həmin
tədbirə fəal qoşulmuş, 4 sahibkar satışa
1500 kiloqram bal çıxarmışdır.
Əhalinin aztəminatlı təbəqəsinin, əlil
və şəhid ailələrinin sosial müdafiəsinin
gücləndirilməsinə diqqət daha da
artırılmış, “Ünvanlı dövlət sosial
yardım haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq 2012–ci ildə 912 ailəyə hər ay orta
hesabla 98 manat məbləğində ünvanlı sosial yardım
verilmişdir.
İl ərzində
Qarabağ müharibəsi və Çernobıl əlillərinin
154 uşağına 1540 manat müavinət, 197 nəfər
Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə,
Böyük Vətən müharibəsi
iştirakçılarına 173,3 min manat Prezident təqaüdü
ödənilmiş, 76 nəfər tənha və əlillərə
evində sosial məişət xidməti göstərilmişdir.
Qarabağ
müharibəsi əlillərindən 1 nəfərə pulsuz
avtomaşın verilmiş, mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan 46 nəfər
Qarabağ müharibəsi əlili və şəhid ailəsi
mənzil uçotuna götürülmüş, onlardan 23 nəfəri
mənzillə təmin olunmuşdur.
Əhalinin, xüsusilə də gənclərin məşğulluğunu
təmin etmək məqsədilə rayon üzrə “Ərazi
Məşğulluq Proqramı” hazırlanaraq icrası yerinə
yetirilmişdir.
Rayonda əmək
ehtiyatlarından düzgün və səmərəli istifadə
olunması məqsədilə rayon məşğulluq mərkəzində
vakant iş yerləri haqqında məlumatlar
toplanılmış, 350 nəfər işləməyən vətəndaş
qeydiyyata götürülmüş, onlardan 248 nəfəri
işlə təmin olunmuş, 29 nəfərə işsizlik
müavinəti verilmişdir.
Əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət
xidmətlərinin göstərilməsi sahəsində
müsbət nəticələr əldə olunmuşdur.
Hesabat ilində əhalinin elektrik enerjisi, qaz, içməli
su təminatının daha da
yaxşılaşdırılması ilə bağlı bir
sıra mühüm tədbirlər həyata
keçirilmişdir.
Elektrik təsərrüfatında
74,2 min manat dəyərində təmir–bərpa,
quraşdırma işləri aparılmış, 222 ədəd
müxtəlif güc transformatorları, 14,5 km elektrik
veriliş xətti təmir edilmişdir. Əhali üzrə
istehlak olunan elektrik enerjisinin həcmi 26 milyon 166,4 min kvt/saat təşkil
etmiş, ödəniş 83,0 faiz yerinə yetirilmişdir.
Qaz təsərrüfatında
175,0 min manat dəyərində təmir–bərpa
işləri aparılmış, əlavə 160 obyektdə
qaz sayğacı quraşdırılaraq təbii qazla təmin
edilmişdir.
Əhali
üzrə istehlak olunan qazın həcmi 17 milyon 799,0 min kubmetr təşkil etmiş, ödəniş
96,1 faiz yerinə yetirilmişdir.
Hazırda rayonun 45 yaşayış məntəqəsindən
23–ü təbii qazla təmin edilmişdir. Cari ildə 14
yaşayış məntəqəsinə təbii qazın
verilməsi nəzərdə tutulmuş, Topalhəsənli kəndinə
qaz xəttinin çəkilişinə başlanılmışdır.
Göygöl
şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması layihəsinin icrası ilə
bağlı Göygöl şəhərinə Kürək
çayından 25 km uzunluğunda yeni magistral su kəmərinin,
Göygöl şəhərində su və kanalizasiya xətlərinin
çəkilişi, sutəmizləyici qurğularının
və anbarlarının tikintisi davam etdirilir.
Zurnabad və Gəncə kəndlərinə çəkilmiş
içməli su xətti, Yeni Zod kəndində nasos
stansiyası təmir edilmiş, Yeni Zod və Mixaylovka kəndlərinə
içməli su xətti çəkilmişdir.
İstehlak
olunan suyun həcmi 584,5 min kubmetr təşkil
etmiş, ödəniş 85 faiz yerinə yetirilmişdir.
Əhalinin istehlak etdiyi elektrik enerjisinin, təbii
qazın və içməli suyun ödəniş
haqlarının tam yığılmasını təmin etmək
məqsədilə rayon icra hakimiyyəti
başçısı yanında yaradılmış qərargahda
bu sahədə mövcud olan nöqsanlar müntəzəm
olaraq təhlil edilərək aradan qaldırılması
istiqamətində müvafiq tədbirlər
görülmüş, nəticədə ödənişlərin
artımına nail olunmuşdur.
Ümumtəhsil
məktəblərinin tikintisinə və maddi–texniki
bazasının müasir tələblərə uyğun
möhkəmləndirilməsinə xüsusi diqqət
yetirilmiş, müvafiq Dövlət Proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
“Yeniləşən Azərbaycana yeni məktəb” devizi
altında son dövrlərdə 16 məktəb binası, 5 məktəbdə
isə 26 əlavə sinif otağı, 1 uşaq
bağçası tikilmiş, 19 məktəb binası, 4
uşaq bağçası əsaslı təmir olunmuşdur.
Ümumtəhsil məktəblərini
informasiya–kommunikasiya texnologiyaları ilə təmin etmək məqsədilə
məktəblərə 301 kompyuter dəsti verilmişdir. Hazırda hər
29 şagirdə 1 kompyuter dəsti düşür, 11 məktəbdə
kompyuter sinifləri təşkil olunmuşdur.
Ali məktəblərə sənəd verən 393 nəfər
məzundan 156–sı qəbul olmuş, bu da 2011–ci ilə nisbətən
26 nəfər çoxdur. Onlardan 23 nəfəri 500–dən, 6 nəfəri
600–dən çox bal toplamış,
yüksək nəticə göstərmiş abituriyentlərlə
rayon icra hakimiyyətində görüş keçirilərək
hədiyyələr verilmişdir.
Ümumtəhsil məktəblərində fənlər
üzrə kadr çatışmazlığını aradan
qaldırmaq məqsədilə 16 vakant yerlər barədə
Təhsil Nazirliyinə məlumat verilmiş, nazirliyin
keçirdiyi test imtahanlarının nəticəsinə
görə 12 nəfər müəllim rayonun ümumtəhsil
məktəblərinə göndərilmişdir.
Əhalinin
sağlamlığının qorunub saxlanılması, onlara
göstərilən tibbi xidmətin
yaxşılaşdırması istiqamətində müəyyən
işlər görülmüş, son illər 4 kənd tibb məntəqəsi
üçün yeni binalar tikilmiş, 3 kənd tibb məntəqəsi,
2 kənd sahə xəstəxanası, 2012–ci ildə
Aşıqlı kənd tibb məntəqəsi əsaslı
təmir olunmuş və əlavə bir otaq tikilmiş,
Toğanalı kənd həkim məntəqəsi cari təmir
edilmişdir.
Səyyari
həkim briqadaları yaradılaraq uşaqların müayinəsi
təşkil olunmuş, 357 min manat dəyərində dərman
preparatları alınaraq imtiyazlı xəstələrə
pulsuz paylanılmış, yoluxucu xəstəliklərə
qarşı 6 min 725 nəfər peyvənd edilmişdir.
Rayonda 31 yerli əhəmiyyətli tarixi və memarlıq
incəsənət abidələri, kiçik göllər, zəngin
meşə örtüyü olmaqla 5 istiqamətdə kənd
və ekoturizmi inkişaf etdirmək üçün potensial
imkan vardır.
Rayon ərazisində 17 turist obyekti fəaliyyət
göstərir, hazırda Göygöl şəhərində
5 ulduzlu otelin inşasına başlanılmışdır.
Rayonda 15 mədəniyyət evi, 15 klub, 42 kitabxana, 2 muzey
fəaliyyət göstərir. İl ərzində
424 nüsxə kitab, 219 ədəd elektron kitab
alınmış, kitab fondu 315 841 nüsxəyə
çatdırılmışdır. Mərkəzi
kitabxana sistemində elektron kataloq məlumat bazası
yaradılaraq 1377 nüsxə kitab yerləşdirilmişdir.
Yeni Zod mədəniyyət evi təmir edilmişdir. Göygöl
şəhərində yerləşən “Lüteran” alman kilsəsində
tarix–diyarşünaslıq muzeyi təşkil olunmuşdur,
orada 200–dən çox eksponat nümayiş etdirilir. Eyni zamanda rəssamların, sənətkarların əl
işlərindən ibarət sərgilər təşkil
olunmuş, Nizami Gəncəvinin anadan olmasının 870
illiyinə həsr olunmuş guşə
yaradılmışdır. Tarix–diyarşünaslıq
muzeyi üçün yeni binanın tikintisi ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyi
qarşısında məsələ qaldırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
gənclərə göstərdiyi qayğının nəticəsi
olaraq, ölkədə uşaq və gənclərin hərtərəfli
inkişafı üçün lazımi şərait
yaradılmışdır.
Yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək
məqsədilə “Cəsurlar” hərbi idman və turizm oyunun
zona yarışı Göygöl şəhərində
keçirilmiş, həmin yarışda rayonun komandası
1–ci yeri, “Şahin” hərbi idman oyununun zona yarışında
isə 5–ci yeri tutmuşdur.
Bakı şəhərində yeniyetmələr
arasında sərbəst güləş üzrə Azərbaycan
birinciliyində Göygöl rayon uşaq–gənclər idman məktəbinin
yetirməsi Qurbanlı Aqil 46 kq çəki dərəcəsində
3–cü yerə layiq görülmüşdür.
Ümummilli
lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsində,
gənclərin dünyagörüşlərinin genişləndirilməsində,
bilik və bacarıqlarının artırılmasında
mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev
Mərkəzində 20 nəfərdən ibarət tədqiqatçılar
qrupu, ingilis dili və bədii qiraət dərnəyi, kompyuter
kursu fəaliyyət göstərir. Mərkəzə
vaxtaşırı rayon ictimaiyyətinin, məktəblilərin
ekskursiyaları təşkil olunmuş, Heydər Əliyev irsi
və Azərbaycanın inkişaf perspektivləri təbliğ
edilmişdir.
Hazırda
inşa edilən Heydər Əliyev Mərkəzi
üçün bina istismara verildikdən sonra müasir
informasiya–kommunikasiya texnologiyaları ilə təchiz olunacaq,
orada əhalinin, xüsusilə də gənclərin maraq və
istəklərinə cavab verən klub, kitabxana və dərnəklər
fəaliyyət göstərəcək, mərkəz ideoloji
işin daha da gücləndirilməsində əsas rol
oynayacaqdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkənin
ictimai–siyasi həyatında baş verən hadisələrlə
bağlı fikirlərini, həyata keçirdiyi sosial–iqtisadi
siyasət haqqında məlumatları dolğun
işıqlandırmaq və təbliğ etmək
üçün 17 nəfər ziyalıdan ibarət təbliğat
qrupu yaradılaraq idarə, müəssisə və təşkilatlarda
çıxışları təşkil olunmuşdur.
Rayonda cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin
edilməsi, qanunçuluq və hüquq qaydalarının
möhkəmləndirilməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilərək ictimai–siyasi
sabitlik təmin edilmişdir.
İl ərzində rayon ərazisində 147 cinayət
hadisəsi qeydə alınmış, onlardan 145–nin (96 faiz)
açılması təmin edilmişdir.
Rayonda fəaliyyət
göstərən 25 bələdiyyə rayonun şəhər,
qəsəbə və kəndlərinin sosial–iqtisadi
inkişafında, abadlıq–quruculuq işlərində, yerli əhəmiyyətli
məsələlərin və əhalinin sosial problemlərinin
həlli istiqamətində müəyyən işlər
görmüş, yaşayış məntəqələrinin
daxili yollarının təmiri, təmizlik–abadlıq işlərinin
aparılması, yaşıllıqların salınması, su
xətlərinin təmiri ilə bağlı layihələr həyata
keçirmişlər.
İl ərzində rayon icra hakimiyyətində vətəndaşların
qəbul edilməsinə, onların ərizə və
şikayətlərinə baxılmasına xüsusi diqqət
yetirilmiş, bütün müraciətlər hərtərəfli
araşdırılaraq heç bir müraciət kənarda
qalmamış, haqlı tələblər öz həllini
tapmışdır.
Rayon icra hakimiyyəti başçısı
aparatında vətəndaşların təsdiq edilmiş cədvəl
əsasında elan edilmiş günlərdə və saatlarda
qəbul edilməsi müntəzəm olaraq təşkil
olunaraq 780, o cümlədən icra hakimiyyətinin
başçısı tərəfindən 562 vətəndaş
qəbul edilmişdir.
Əhalini narahat edən problemlərin vətəndaşlarla
birbaşa ünsiyyətdə olaraq öyrənilib lazımi tədbirlər
görülməsini təmin etmək məqsədilə 55 səyyar
qəbul keçirmişdir.
Məruzəçi diqqəti cari ilin vəzifələrinə
yönəltmişdir. Qeyd olunmuşdur ki, rayonun sosial–iqtisadi, mədəni,
ictimai–siyasi və digər sahələrdə gedən
inkişaf proseslərinin müəyyənləşdirilməsi
və proqnozlaşdırılması, əhalini narahat edən
problemlərin daha dərindən öyrənilməsi,
sahibkarlığın inkişafının təmin edilməsi,
siyasi partiyalarla və kütləvi informasiya vasitələrilə
iş, gender bərabərliyi məsələlərinin həlli,
vətəndaşların bütün müraciətlərinə
həssaslıqla yanaşılması qarşıda duran əsas
vəzifələrdən biridir. Qarşıda
duran vəzifələrin icrası ilə bağlı
görülmüş işlər və qarşıda duran vəzifələr
rayon icra hakimiyyətinin başçısı yanında
şura iclasında geniş müzakirə olunmuş və həyata
keçiriləcək konkret tədbirlərin əsas istiqamətləri
müəyyənləşdirilmişdir.
Rayon
İH başçısı məruzəsinin sonunda
iştirakçıları əmin etmişdir ki, sakinlərin
rifah halının yaxşılaşdırılması,
ictimai–siyasi fəallığının daha da yüksəldilməsi,
rayonun sosial–iqtisadi cəhətdən yüksək inkişaf
etmiş bir bölgəyə çevrilməsi istiqamətində
tədbirlərin həyata keçirilməsi daha da sürətləndiriləcək,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlət orqanları qarşısında qoyduğu vəzifələrin
icrasına məsuliyyətlə yanaşılaraq göstərilən
etimad ləyaqətlə doğruldulacaqdır.
Yığıncaqda Milli Məclisin deputatı
Rövşən Rzayev və Prezident Administrasiyasının məsul
işçisi Rüfət Əliyev iştirak və
çıxış etmişlər. Fəallar
yığıncağında hesabat məruzəsində irəli
sürülmüş vəzifələrin
bütünlüklə yerinə yetirilməsinə yönəldilmiş
geniş qərar qəbul edilmişdir. İştirakçılar
adından rayona göstərdiyi xüsusi diqqət və
qayğıya görə ölkə başçısına
minnətdarlıq ifadə edən müraciət
ünvanlanmışdır.
Y.TANRIVERDİYEV
Respublika.- 2013.- 5 mart.- S. 3.