ALİM
ÖMRÜNÜN SALNAMƏSİ
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında professor Elşad Məcnun oğlu Qurbanova həsr olunmuş biblioqrafik əsər 2012–ci ildə 256 səhifədən ibarət nəfis şəkildə yüksək poliqrafik keyfiyyətlə “Elm” nəşriyyatında çapdan çıxmışdır.
Biblioqrafik göstəricinin tərtibçi–müəllifləri tarix üzrə fəlsəfə doktoru, BDU–nun biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi Solmaz Sadıqova və botanika kafedrasının dosenti Zülfiyyə Məmmədovadır. Elmi redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva–Kəngərli, ixtisas redaktoru biologiya elmləri doktoru, AMEA–nın müxbir üzvü Tofiq Məmmədovdur.
Biblioqrafik əsər biologiya elmləri doktoru, professor Elşad Qurbanovun anadan olmasının 60, elmi–pedaqoji və ictimai fəaliyyətinin 30 ildən artıq bir dövrünə həsr olunmuşdur. Elşad Qurbanovun yaradıcılığı və botanika elmi ilə maraqlanan mütəxəssislər, müəllim və tələbələr üçün nəzərdə tutulmuş biblioqrafik vəsaitin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “E.M.Qurbanovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncamın mətni verilmişdir. Göstəricinin quruluşu, məzmunu haqqında 3 dildə—Azərbaycan, rus və ingilis dillərində verilmiş “Tərtibçi–müəlliflərdən” sərlövhəli yazıdan informasiya almaq olar.
Biblioqrafik göstərici görkəmli alim, Bakı Dövlət Universiteti biologiya fakültəsinin botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Elşad Qurbanovun elmi–pedaqoji və ictimai fəaliyyətinin 1979–ci ildən 2012–ci ilə qədər olan dövrünü əhatə edir.
Elşad Qurbanov 1951–ci il yanvarın 2–də Zəngəzur mahalı Sisian rayonunun Urud kəndində anadan olmuş, 1968–ci ildə Naxçıvan MR Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini bitirmişdir.
1973–cü ildə Bakı şəhəri 8 N–li tibb məktəbini fərqlənmə diplomu ilə bitirmiş, 1972–1980–ci illərdə Bakının Nərimanov və Yasamal rayonlarının sanitar–epidemioloji stansiyalarında sanitar–həkim köməkçisi vəzifəsində çalışmışdır.
1979–cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini botanika ixtisası üzrə bitirən E.Qurbanov 1979–1982–ci illərdə Azərbaycan MEA–nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil almış və 1984–cü ildə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” adlı namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi, 2004–cü ildə “Atropatan əyalətinin florası və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Həmin ildən BDU–nun professorudur.
“Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bir çox bitki növlərinin yeni yayılma areallarını müəyyənləşdirməklə Azərbaycan elminə böyük töhfələr vermişdir.
Azərbaycan xalqına məxsus olan hər bir şeyi haqsız olaraq utanmadan özününküləşdirən ermənilər, o cümlədən akademik A.L.Taxtacyan başda olmaqla bəzi erməni alimləri bir çox elmi əsərlərində Atropatan əyalətini qondarma Erməni–İran əyalətinin tərkibində yarıməyalət kimi göstərmiş və Azərbaycan ərazilərini Yer kürəsinin xəritəsindən silmişlər. Tədqiqatçı Elşad Qurbanov isə klassik və müasir coğrafiyaçı, tarixçi alimlərin əsərlərinə istinad edərək elmi araşdırmalar aparmış, növəmələgəlmə mərkəzlərindən biri olan Atropatanın sərbəst bir əyalət olduğunu sübut etmiş və apardığı elmi–tədqiqat işləri sayəsində ilk dəfə olaraq Atropatan ərazisinin 1/100000 miqyasında bitkilik xəritəsini işləyib hazırlamışdır. Azərbaycan ərazisi üçün ilk dəfə olaraq “Psevdomakki” və “Səhra” bitkilik tiplərini müəyyən etmiş, onların fitosenoloji xüsusiyyətlərini araşdırmış, həmçinin ərazi üçün onlarca növün yeni yayılma areallarını elmə gətirmişdir.
Professor E.Qurbanov tərəfindən ərazinin flora və bitkiliyinin genezisi dəqiqləşdirilmiş, endemik, relikt, nadir rast gələn və nəsli kəsilməkdə olan növ və bitkiliklərin qorunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, torpaqların geobotaniki tədqiqat metodikası və torpaqların qiymətləndirilməsinə dair tövsiyələr Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə verilmişdir.
Onun yazmış olduğu elmi əsərlər, dərsliklər dünya standartlarına uyğun olaraq ali məktəblərin geniş kitab şəbəkəsinin yaranmasına köməklik etmişdir. Geniş elmi dünyagörüşünə malik Elşad müəllim bir sıra dərsliklərin və dərs vəsaitlərinin, elmi publisistik məqalələrin müəllifi və elmi–redaktorudur. Onlarca doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya rəyçisi olmuşdur. Onun rəhbərliyi ilə 30–dan çox magistrant və 6 doktorant müdafiə edərək elmi dərəcə almışdır.
Elşad müəllimin dəyərli tədqiqatları nəticəsində xeyli monoqrafiya, dərslik və dərs vəsaitləri işıq üzü görmüşşdür. Bunlardan “Bitki ekologiyası (geobotanikanın əsasları ilə)”, “Rastitelğnıy mir basseyna r.Naxiçevançaə”, “Bitki morfologiyası”, “Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri”, “Flora i rastitelğnosti Atropatanskoy provinüii (o predelax Azerbaydjanskoy Respubliki”, “Ali bitkilərin sistematikası”, “Dərman bitkiləri” və s. kitablar, ümumiyyətlə, 80–i xaricdə nəşr olunmaqla 200–dən artıq elmi əsər alimin qələminin məhsuludur.
Professor E.Qurbanovun hər bir əsərini oxuduqca orada Azərbaycan diyarının hər bir guşəsi göz önündə canlanır. Naxçıvan ərazisi haqqında yazdığı “Rastitelğnıy mir basseyna r.Naxiçevançaə” monoqrafiyasında o, ərazinin gözəlliyi, bitkiliyi haqqında geniş məlumat verir. Flora və bitki örtüyü, fiziki–coğrafi xarakteri, taksonomik coğrafi analiz, ekobiomorfoloji analiz, səhra və yarımsəhra bitkiliyi, çöl–çəmən, su–bataqlıq, daşlı–çınqıllı sahələrdə olan bitkilər haqqında geniş məlumat verməklə Naxçıvan təbiətinin füsunkarlığını göstərmişdir. O, həmçinin fitomeleorativ tədbirlər haqqında məlumat verir. Yabanı bitkilərin əhəmiyyətini, onların dərman, boyaq və digər məqsədlər üçün istifadəyə yararlılığını qeyd edir.
Bu dərslik dünya ədəbiyyatlarına və beynəlxalq nomenklaturaya əsasən tərtib edilmiş, Yer kürəsində və Azərbaycan florasında rast gəlinən bitkilər, taksonomik vahidlər (növ, cins, fəsilə, sıra, sinif, şöbə) üzrə sistemləşdirilmiş, onların Azərbaycan dilində xaotik adlandırılmasını aradan qaldırmış və həmin taksonomik vahidlər internet şəbəkəsinə daxil edilmişdir. Həmin dərsliyin əsas dəyəri öz elmi yeniliyinə, sadə və başadüşülən tərzdə olmasına görə böyük maraq kəsb edir.
O cümlədən “Dərman bitkiləri” adlı kitabında alim formakopeyaya daxil olunmuş, Azərbaycan florasında geniş yayılmış və zəngin ehtiyatı olan 100 növdən artıq dərman bitkisi haqqında məlumat vermişdir. Dərslikdə adları çəkilən bitkilərin respublikamızda geniş yayıldığı ərazilər göstərilmiş, onların yığılması və qurudulması şəraiti barədə tövsiyələr qeyd edilmişdir. Kitabda müəllif tərəfindən dərman bitkilərinin fitokimyəvi tərkibi haqqında səhih məlumatlar verilməklə yanaşı, onların müvafiq xəstəliklərdə müalicəvi xarakteristikası da izah edilmişdir. Həmçinin dərman bitkilərinin oxucular tərəfindən təbiətdə tanınmasına köməklik məqsədilə onların rəngli şəkilləri verilmiş və xalq təbabətində istifadə edilməsi üçün reseptlər təqdim olunmuşdur.
Məlum olduğu kimi, qloballaşan dünyada süni dərman preparatlarından uzaqlaşan və təbii üsullarla müalicəni üstün bilən inkişaf etmiş dünya səhiyyəsində bitki mənşəli dərmanlardan istifadəyə xüsusi önəm verilir. Azərbaycan florasında rast gəlinən və fitoterapiyada əvəzsiz qiyməti olan dərman bitkilərindən istifadə qaydalarının göstərilməsi xüsusi məharət tələb edir ki, E.Qurbanov da bu baxımdan onun öhdəsindən ustalıqla gəlmişdir. Dərslikdə maraqlı cəhətlərdən biri də istifadə olunan dərman bitkilərinin adlarının Azərbaycan, rus və latın dillərində verilməsidir.
Onu da qeyd edək ki, üzərinə düşən vəzifəni vaxtında, vicdanla yerinə yetirən E.Qurbanov universitetin professor–müəllim heyətinin, tələbə kollektivinin dərin hörmətini qazanmışdır. Onun nəticəsidir ki, universitet rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür almış, BDU–nun 75 illiyinə həsr edilmiş xatirə medalına layiq görülmüş və 2009–cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2009–cu ildə yerinə yetirdiyi elmi işlərin nəticəsinə görə “İlin alimi”, 2010–cu ildə pedaqoji fəaliyyətinə görə “İlin müəllimi” fəxri adlarına layiq görülmüş, apardığı elmi–tədqiqat işləri mühüm nəticə kimi dəfələrlə AMEA–nın hesabatına daxil edilmişdir.
Bununla yanaşı, o, 2000–2002–ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
İşlədiyi dövrdən bu günə qədər respublika və universitetin ictimai həyatında fəal iştirak edən Elşad müəllim fakültə tədris metodik şurasının sədri, AMEA–nın bəzi institutlarının elmi şurasının, ADPU–nun nəzdində fəaliyyət göstərən B/D 02.061 doktorluq müdafiə şurasının üzvüdür. O, dəfələrlə beynəlxalq simpozium və konfranslarda (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cümhuriyyətinin bir çox universitetlərində, Gürcüstanda, İran İslam Respublikasında) çıxış etmişdir.
Biblioqrafik göstəricinin quruluşundan bəhs edərkən qeyd etmək lazımdır ki, alimin “Həyatı, elmi–pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri” 3 dildə, “Elmin və insanlığın zirvəsinə ucalmış şəxsiyyət: Elşad Məcnun oğlu Qurbanov” adlı oçerk 3 dildə, AMEA–nın müxbir üzvü, əməkdar elm xadimi, professor AMEA–nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov tərəfindən geniş və əhatəli şəkildə verilmişdir.
“Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Elşad Qurbanov haqqında” bölməsində alim haqqında dəyərli fikirlər söylənmişdir. BDU–nun biologiya fakültəsinin dekanı, biologiya və texnologiya kafedrasının müdiri, əməkdar elm xadimi, professor Akif Quliyevin yazısında oxuyuruq: “Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək təşkilatçılıq bacarığına, mədəniyyətə malik, həssas, qayğıkeş bir insan Elşad Qurbanov Azərbaycanda müasir dünya səviyyəsinə uyğun təhsil sisteminin təşkilində çox aktiv iştirak edən şəxslərdən biridir. O, ömrünün çox hissəsini təhsilə həsr etməklə gənclərin savadlı və şəxsiyyət kimi formalaşmasında əlindən gələni əsirgəməmişdir.
AMEA–nın müxbir üzvü, əməkdar elm xadimi, professor, AMEA Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov alim haqqında belə yazır: “Azərbaycan təhsil sisteminin təşkilində öz əməyini əsirgəməyən BDU–nun botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun yazdığı elmi əsərlər və dərsliklər daim ali məktəblərin kitab şəbəkəsinin zənginləşməsinə xidmət etmişdir. Geniş elmi dünyagörüşünə malik Elşad müəllim bir sıra dərsliklərin və dərs vəsaitlərinin, elmi–publisistik məqalələrin müəllifidir”.
AMEA Mərdəkan Dendrarisinin direktoru, AMEA–nın müxbir üzvü Tofiq Məmmədovun fikirləri isə belədir: “Elşad Qurbanovun Azərbaycanda geobotanika elminin inkişafında xüsusi əməyi olmuşdur. O, Azərbaycan florasında olan bir çox bitkilərin coğrafi areallarını müəyyən etmiş, həmçinin bir çox ərazilərin geobotaniki xəritələrini tərtib etmişdir. Arid və nadir meşə sahələrini öyrənərək Kiçik Qafqazda yayılmış bir sıra nadir ağac və kol bitkilərini tədqiq etmiş, vələs, fıstıq, ağcaqayın və digər növ ağacları təyin etməklə araşdırmalar aparmışdır. Bundan başqa, subtropik meşə zonasını və Tuqay meşələrini öyrənmiş, bu ərazidə yayılmış qovaq, dəmirağacı, şümşad və bu kimi digər növləri öz işlərində əks etdirmişdir. Atropatanın bitkilik tipləri öyrənilməklə əsas bitki qruplaşmaları aydınlaşdırılmış, onların geobotaniki və təsərrüfat xarakterstikası müəyyənləşdirilmiş, flora və bitkiliyin genezisi aşkarlanmış, onların qorunması yolları, introduksiya edilməsi elmi əsaslarla verilmişdir”.
Biblioqrafik əsər 327 mənbəni özündə əks etdirir. Bu dəyərli əsər E.Qurbanovun kitabları, proqramlar və metodik vəsaitləri, elmi məqalələri, tezisləri, xəritələri, publisist məqalələri, aspirant və dissertantlara elmi rəhbərlik, opponentlik etdiyi namizədlik və doktorluq dissertasiyaları, rəhbərlik etdiyi magistr dissertasiyaları, həyat və fəaliyyəti haqqında ədəbiyyat və s. həsr edilmiş bölmələrdən ibarətdir. Hər bir bölmə daxilində materiallar xronoloji ardıcıllıqla verilmişdir.
Biblioqrafik göstəricinin sonunda istifadəni asanlaşdırmaq məqsədilə “Əsərlərinin əlifba göstəricisi”nin Azərbaycan, rus, ingilis və türk dillərində verilməsi onun istifadə səmərəliliyini bir daha artırmışdır.
Müəllifin əsərlərinin bir çox müxtəlif xarici ölkələrdə çap olunmasından irəli gələrək tərtibçi müəlliflər “Coğrafi adlar göstəricisi” adlı köməkçi aparatın verilməsini məqsədəuyğun hesab etmişlər. Köməkçi aparatdan məlum olur ki, professor Elşad Qurbanovun respublikamızdan kənarda Tailand, Pakistan, İstanbul, Adana, Ankara, Antalya, Moskva, Dnepropetrovsk, Sankt–Peterburq, Tomsk, Voronej, Tbilisi, Tehran və başqa şəhərlərdə əsərləri çap olunmuşdur.
Ümidvarıq ki, professor Elşad Qurbanova həsr olunmuş biblioqrafik göstərici botanika elminin biblioqrafik informasiya təminatına dəyərli töhfə olacaqdır.
Nadir İsmayılov,
BDU–nun Biblioqrafiyaşünaslıq
kafedrasının müdiri, dosent.
Respublika.- 2013.- 7 mart.- S. 11.