Nəslin
epopeyası
Tahir Cəfərlinin “Bir əsr—bir nəsil” romanını oxumağa dəyərmiş. Təkcə ona görə yox ki, çox səlis və sadə dildə yazılmışdır, olduqca şirin oxunur, oxucunu yorub bezikdirmir. Əksinə, oxucu səbirsizliklə təsvir olunan hadisələrin sonuna tez çatmağa çalışır, süjetin necə bitəcəyi üçün darıxır, əsərdən ayrılmaq istəmir.
Romandakı hadisələr Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonunda başlasa da, sonra Bakıda davam edir. XVIII–XIX əsrlərdə savadsızlığın, mövhumatın hökm sürdüyü feodal Azərbaycanının ictimai–siyasi və mədəni həyatı bir bölgənin—Şamaxı qəzasının İsmayıllı dairəsinin timsalında tipikləşdirilərək təbii təsvir olunmuşdur.
Roman yalnız həmin bölgənin deyil, bütün Azərbaycanın ictimai–siyasi və mədəni həyatında özünəməxsus dəyərli, həm də şərəfli rol oynamış, həmin missiyanı indi də davam etdirməkdə olan bir nəslin tarixidir, bioqrafiyasıdır.
Romanın əsas qəhrəmanlarından olan Kərbəlayi Cəfər bütün Şamaxı qəzasının sayılıb–seçilən, hər yerdə sözü keçən, xeyirdə–şərdə məsləhətlərinə ehtiyac duyulan ağsaqqallarından biridir. O öz dövrünün tələblərinə uyğun təhsil almış bir ziyalıdır. İslam dini dəyərlərinə sadiq müsəlmandır. Müqəddəs yerləri ziyarət edib. Dini ayinlərə hörmətlə yanaşır, onları vaxtlı–vaxtında dəqiq icra edir. Ancaq o, mövhumatçı deyil, dini fanatizmdən uzaq adamdır.
Kərbəlayi Cəfər dinə ehkam kimi yanaşmır. O, açıqfikirli, aydın düşüncəli, reallığı düzgün qiymətləndirməyi bacaran insandır. Bu cür keyfiyyətləri dövrün olaylarını düzgün qiymətləndirməkdə, hadisələrdən düzgün nəticələr çıxarmaqda və obyektiv qərarlar qəbul etməkdə onun yardımçısı olur. O, oğlu Fazili Bakıda açılmış yeni üsullu məktəbdə oxutmağa qərar verdikdə bilirdi ki, o zamankı İsmayıllının dini ictimaiyyəti onun bu hərəkətini alqışlamayacaq, ona qarşı çıxa bilərlər. Ancaq buna baxmayaraq, elmi, biliyi yüksək qiymətləndirib qərarını dəyişmir—oğlu Fazili Bakıya, yeni üsullu məktəbə gətirir və heç kim cürət edib ona qarşı fətfa verə bilmir.
Kərbəlayi Cəfərin uzaqgörənliyi özünü doğruldur. Ondan sonra övladlarını yeni üsullu məktəbə göndərənlərin sayı ildən–ilə çoxalmağa başlayır.
Romanda xalq inciləri xəzinəsindən—atalar sözlərindən də geniş istifadə edilmişdir. Bu xüsusiyyət Tahir Cəfərlinin şifahi xalq ədəbiyyatına, xalq yaradıcılığına yaxşı bələd olduğunu təsdiqləyir.
“Bir əsr—bir nəsil” romanının tərbiyəvi əhəmiyyətinə gəldikdə demək lazımdır ki, bu əsər gənc nəslə elə–obaya, vətən torpağına bağlanmağı aşılamaqla yanaşı, öz nəsil–nəcabətini, soykökünü unutmamağı da tövsiyə edir. Bu əsəri gənclərimizi unutqan olmamağa çağırış da hesab etmək olar. Müəllif 250–300 il öncə yaşamış baba–nənələrin, onların övladlarının adlarını, peşələrini, həyat tərzini xatırlatmaqla əsərə avtobioqrafik xarakter aşılamışdır. Ümumiyyətlə isə, oxucu bunu Vətənə, xalqa bağlılıq nümunəsi kimi qəbul edə bilər.
Ədəbiyyatımızda bir
neçə nəslin həyatını əks etdirən əsər
kimi “Bir əsr—bir nəsil”
romanının oxucuların rəğbətini
qazanacağına inanırıq.
Qərib Əli UCATÜRK,
şair–publisist, ədəbi tənqidçi.
Fikrət ƏLİZADƏ,
filologiya üzrə fəlsəfə
doktoru.
Respublika.- 2013.- 7 mart.- S. 11.