Görkəmli ictimai xadim
Sultan Məmmədov öz xalqına gərəkli,
mənalı bir ömür
yaşadığı üçün el–obada nüfuz
və hörmət qazanmışdır. İnsanların qəlbində
yer tapmaq ulu Tanrı tərəfindən ona bəxş olunan ilahi bir məhəbbətdir.
Ömrünün 75–ci
baharını yaşayan Sultan
müəllimin hər əməli
saf, bulaq suyutək dumdurudur. Öz zəkası,
nurlu təfəkkürü ilə
xalqın gözündə ucalan Sultan Məmmədovun həyat yolu
xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir.
Xalqına könül verdiyi
sevgisi əbədidir, ülvidir,
müqəddəsdir. O, öz
rahatlığını, könül sevgisini birinə gərəkli olmağında
tapır. Bu da onun daxili
böyüklüyündən, zəngin bir
şəxsiyyət olmasından irəli gəlir.
Sultan Məmmədov ömrünün 50 ildən çoxunu sovet rejimində yaşamış, Astara və Lerik rayonlarında partiya komitəsinin birinci katibi vəzifələrində çalışmış, həmin vaxtda xalq arasında işgüzar, qurucu, təəssübkeş insan kimi tanınmış, böyük hörmət və şöhrət qazanmışdır.
XX əsrin 80–ci illərində, Lerik rayonuna başçılıq edən Sultan müəllim sanballı nüfuza malik olmuşdur. Məhz bunun nəticəsidir ki, bu gün Lerikdə onu ağsaqqal, məsləhətçi, dost kimi qarşılayırlar, xidmətlərini yada salırlar. Rayon ziyalıları Bakının Nərimanov rayonunun ərazisində yaşayan, qəlbi Vətən eşqi ilə döyünən Sultan Məmmədovla davamlı və səmimi əlaqələr saxlayırlar.
Sultan müəllimə özlərinin sabiq millət vəkili, yol göstərən müdrik insan məqamında baxırlar. Eyni sözləri Astara rayon sakinləri haqqında da demək olar. Bütün bunları yalnız namuslu fəaliyyətlə, insanpərvərliklə, xeyirxahlıqla və səmimiyyətlə qazanmaq olar.
Sultan Məmmədov 1990–cı il seçkilərində Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. Həmin vaxt Sultan müəllim həm də Ali Sovetin mənzil–kommunal komissiyasına rəhbərlik etmişdir. Eyni zamanda o, 1992–ci ildə Respublika Kommunal Təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
O, deputatlıq dövründə müzakirə olunan məsələlərdə həmişə konstruktivlik nümayiş etdirmiş, sosial–iqtisadi vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərmişdir.
Bu gün ömrünün 75–ci baharını yaşayan, el gözündə pillə–pillə ucalan Sultan Məmmədov Milli Məclisdə az danışardı, ancaq həmişə konkret təklif verərdi, öz mövqeyini çəkinmədən, açıq–aydın bildirərdi. O, parlamentin sosial–siyasət komissiyasının və Azərbaycan–İran dostluq qrupunun rəhbəri kimi diqqətəlayiq işlər görmüş, bu yönümdə qüvvə və bacarığını əsirgəməmişdir.
Sultan Məmmədov Lerikdə və Astarada işlədiyi müddətdə iqtisadi və sosial məsələlərin həllində böyük işlər görmüşdür. Bilavasitə sultan müəllimin təşəbbüsü sayəsində Lerik–Lənkəran yolu xeyli abadlaşdırılmış, ucqar kəndlərə gedən yollarda körpü salınmışdır. Məktəb, kitabxana, stadion, aptek, şahmat məktəbi, xəstəxana və başqa onlarca obyekt tikilərək əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Sultan müəllimin xalqımız üçün gördüyü nəcib işlərdir.
Biz 75 illik yubileyi ərəfəsində sabiq millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin sabiq komissiya sədri, səmərəli ictimai fəaliyyətinə görə sinəsini “Şərəf” nişanı və “Xalqlar dostluğu” ordenləri bəzəyən, bir sıra medallara və fəxri fərmanlara layiq görülmüş Sultan İsrafil oğlu Məmmədovla görüşüb söhbət etdik,
Ömür kitabını vərəqlədik. Son dərəcə səmimi insandır, qəlbində hər bir adama güclü sevgisi var. Müxtəlif vəzifələrdə çalışdığı illərdə bu genişqəlbli insan Vətənin tərəqqisi naminə nələr etməmişdir? Bunu sadalamaqla qurtarmaq olmaz.
Söhbət zamanı hiss etdim ki, ensiklopedik biliyə malik olan bu insanın ömür yolu çoxlarına örnəkdir, müxtəlif rəhbər vəzifələrdə çalışdığı illərdə həmişə zəhmətin, əməyin qulpundan yapışıb, xalqın, elin–obanın arxa–dayağı olub.
Sultan Məmmədov 1938–ci ildə Astara rayonunda dünyaya göz açmış, Lənkəran Tibb məktəbini, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1978–ci ildə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmiş, ayrı–ayrı illərdə Astara şəhər XDS İK–nın sədri və digər vəzifələrdə çalışmış, həmişə qəlbi qurub–yaratmaq eşqi ilə döyünmüşdür.
Sultan müəllimin ədəbiyyata, xüsusilə poeziyaya böyük marağı vardır. Hərdənbir hissləri misralara çevirilir. O, ədəbiyyatla yanaşı, mədəniyyətimizin dostu, əsl mənəviyyat adamıdır. 2007–ci ildə Sultan Məmmədovun “Massonlar: dünyanı idarə edən qüvvə” adlı kitabı nəşr olunmuşdur.
Böyük zəka sahibi Sultan Məmmədov Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsindən, bu sahədə ümummilli liderimiz, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin tarixi xidmətlərindən, həmçinin bu gün Heydər Əliyev kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən qürurla danışdı.
Sultan müəllim 5 övlad atasıdır. Övladları müstəqil Azərbaycanın dinamik inkişafı yolunda tükənməz enerji ilə çalışır. O, ömrünün bu çağında ən yaddaqalan anları həyatı qədər sevdiyi 9 nəvəsi ilə keçirir. Onlara Vətənə, xalqa, torpağa sədaqətli olmağı tövsiyə edir.
Biz Sultan Məmmədovla bağlı onun doğmaları, dostları ilə görüşüb onların dediklərini olduğu kimi qələmə aldıq. Abbasəli Novruzov (istefada olan general–mayor):
—Sultan Məmmədovu keçən əsrin 70–ci illərindən tanıyıram. Onun müsbət keyfiyyətləri çoxdur. Doğma Azərbaycanın Qafqazın, hətta Avropa və Amerika ölkələrinin tarixi hadisələrini dərindən bilir və daim mütaliə edir. Onunla söhbətdən həmişə həzz alırsan.
Sultan Məmmədovun yüksək səviyyəli rəhbər işçi olması bu gün hər yerdə xatırlanır. O, rəhbər vəzifələrdə çalışdığı illərdə neçə–neçə tikilinin həm təşəbbüskarı, həm də qurucusu olub.
Bəhram Şiriyev (Bakının Binəqədi rayonundakı 276 saylı məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi):
—Sultan Məmmədov hansı vəzifədə olursa–olsun, heç vaxt özü barədə qədərindən artıq fikirləşməyib. Bütün enerjisini, təcrübəsini və bacarığını həvalə olunan işə yönəldib.
Lerik və Astara Rayon Partiya Komitələrinin birinci katibi seçiləndə, Respublika Kommunal Təsərrüfatı Nazirinin birinci müavini təyin olunanda Sultan müəllim həmişə həyat prinsiplərinə sadiq qalmış, Vətənə, torpağa, yurd–yuvasına bağlı olmuş, vəzifə pillələrində ziyalılıq keyfiyyətlərini təkcə sözləri ilə yox, həm də əməlləriylə büruzə vermişdir.
Sultan Məmmədov Milli Məclisin deputatı olduğu illərdə də Azərbaycana qarşı məkirli niyyətlərə, beynəlxalq qurumların müxtəlif lobbilərin əlində oyuncağa çevrildiyinə, ATƏT–in, Avropa Şurasının, ABŞ–ın ikili standart səviyyəsinə qarşı öz mövqeyini qəti şəkildə ortaya qoyurdu.
Mən, sədaqətli insan, böyük zəka sahibi Sultan İsrafil oğlu Məmmədova möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Yaşar Rzayev (yazıçı–publisist):
—Sultan müəllimi uzun illərdir ki, tanıyıram. O, həyatda şəxisi keyfiyyətləri, sadəliyi, xarakterindəki bütövlüyü, əzmkarlığı, qətiyyətilə özünə yol açmış, yüksək mövqelərə ucalmışdır.
1995–2000–ci illərdə Sultan Məmmədovla birlikdə Milli Məclisdə deputat kimi fəaliyyət göstərmişik. Həmin illərdə də Sultan müəllim ictimai xadim kimi, yalana və saxtakarlığa, neqativ hallara qarşı barışmaz mövqedə dayanan insan kimi, özünü təsdiq etmişdi.
Çox maraqlı həmsöhbətdir Sultan müəllim. Onunla tez–tez görüşürük. Dəfələrlə səfərlərdə olmuşuq. Zəngin mütaliəsi var. Oxuduqları, bildikləri, keçdiyi həyat yolundakı ibrətamiz hadisələr barəsində həvəslə, həm də çox maraqlı danışır.
İlham Məmmədov (Sultan Məmmədovun oğlu, Dövlət Gömrük Komitəsi Sərnişin şöbəsinin rəisi):
—Atam zəhmətkeş ailədə böyümüş, əməyin qədrini lap uşaq yaşlarından bilmiş, özü də erkən yaşlarından həyatda namusla yaşamağın nə demək oldğunu dərk etmişdir. Elə buna görə də o, həyatda yalnız öz qabiliyyətinə, bacarığına və savadına arxalanmış, vəzifə pillələrinə addım–addım ucalmışdır. İşgüzarlığı, təşkilatçılığı, insanlarla düzgün münasibət qurmaq istedadı sayəsində atam gənc yaşlarından rayon İcraiyyə Komitəsinin sədri, rayon Partiya Komitəsinin birinci katibi kimi məsul vəzifələrə irəli çəkilmişdir. Əhalinin qeydinə qalması, abadlıq və quruculuq işlərinə qayğı və diqqət yetirməsi, insanların mənafeyini öz şəxsi mənafeyindən uca tutması xalqın ona hörmət və izzətinin artmasına səbəb olmuşdur.
Ailə üzvlərimiz süfrə başında cəm olanda atam həmişə bizə bu sözləri deyir:
—Çalışın ki, dünyada öz xeyirxah əməllərinizlə bir iz qoyasınız. İnsanlara əl tutun, “Əl tutmaq Əlidən qalıb”! Biz bu gün özümüzü xoşbəxt sanırıq. Çünki, atamızın dediyi yolla gedir, öz nümunəvi fəaliyyətimizlə ona başucalığı gətiririk.
Azərbaycan xalqı öz
tarixi ərzində çox
böyük şəxsiyyətlər yetirib. Onların hər birinin
öz yeri,
özünəməxsus xidmətləri var.
Sultan Məmmədov da
müstəqil Azərbaycanın ən parlaq
simalarından biridir. O, doğma
yurdda öz dəsti–xətti
ilə silinməz izlər qoyub.
Qədir Aslan,
Əməkdar jurnalist.
Respublika.- 2013.- 7 mart.- S. 10.