İnvestisiya Proqramına əməl olunur

 

Son illərdə Bakı şəhərinin elektrik təchizatı geniş miqyasda inkişaf etdirilir. Bu işlər mütəmadi qaydada aparılır və son illər ərzində abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi maksimum səviyyəyə çatdırılmışdır. Əgər əvvəlki illəri yada salsaq görərik ki, işıq problemi həmişə insanları incidirdi. Ancaq elektrik şəbəkəsi dövlət nəzarətinə qaytarıldıqdan sonra xoşagəlməz hallara son qoyuldu. Vurğulamaq lazımdır ki, bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur.

Əksinə, ildən–ilə, gündən–günə elektriklə təchizat yaxşılaşır, madditexniki baza möhkəmlənir, yeni xətlər çəkilir, müasir tələblərə cavab verən yarımstansiyalar tikilir və beləliklə, Bakı şəhərinin bundan sonrakı dövrdə inkişaf proqramını həll etmək üçün yeni güclər yaradılır. Prezident İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Bakı şəhərinin elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar uğurla davam edir”.

Abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatında Bakının Nəsimi rayonunda hansı işlər görülür? Biz bu məqsədlə rayon enerji təchizatı və Satış idarəsinin rəisi Arif Məmmədova müraciət etdik. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

—Kollektivimizin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2005–ci il tarixli, 635 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq–enerji kompleksinin inkişafı (2005–2015–ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq istehlakçıları keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən, düzgün kadr siyasəti aparmaqdan ibarətdir.

Qabaqcıl informasiya texnologiyalarından istifadə olunmasına maksimum səy göstərilir.

Energetiklərimizin birgə səyi nəticəsində 2012 –ci ildə uğurlu nəticələrə imza atılmışdır. Daxili imkanlardan səmərəli istifadə olunduğundan ötən il 35/10 kvluq 116 saylı yarımstansiya ilə 117 saylı yarımstansiya arası 35 kvluq 2 dövrəli kabel xətti çəkilərək istismara verilmiş, 97–96 və 97–100 saylı yarımstansiyalar arası 35 kvluq kabel xətləri yenisi ilə əvəz olunmuşdur.

Həmçinin 100 saylı yarımstansiyada 35/10 kvluq yeni bina inşa edilməklə 2 ədəd 10 MVA gücündə transformator quraşdırılaraq istifadəyə verilmişdir. 88 saylı yarımstansiyada 1 saylı transformatorun 35 kvluq yağ açarı təmin edilmişdir.

117 saylı 35/6 kvluq yarımstansiyada 5 mərtəbəli bina inşa edilərək 3 ədəd 25 MVA transformator, 15–ədəd 35 kvluq, 64 ədəd 6 kvluq yuva, 35/6 kvluq kabel kanalı tikilib istifadəyə verilmişdir.

110 kvluq Müşfiq–Dağlıq hava xəttinin etibarlığını artırmaq məqsədilə 3 ədəd dəmir– beton dayaq quraşdırılmışdır.

Ötən il 35 kvluq “Dərnəgül–88″ hava xəttinin yağ açarları və 97 saylı yarımstansiyada 1 saylı transformatorlar cari təmir olunmuşdur.

Ümumiyyətlə, 2012–ci ildə rayonda geniş miqyasda texniki dəyişikliklər aparılmışdır.

Qeyd etmək lazımdır ki, yola saldığımız ildə rayonda yığım faizinə 103 faiz əməl olunmuşdur ki, bu da 2011–ci illə müqayisədə 3 faiz çoxdur. 2011 –ci ildə əhali sektorunda yığım 105 faiz təşkil etdiyi halda, 2012–ci ildə bu rəqəm artaraq 105,1 faizə çatdırılmışdır.

Keçən il Abonent Etirazları Komissiyası tərəfindən 7314 abonentin şikayətinə baxılmış, 258 abonentlə razılaşma protokolu tərtib edilərək 2,3 mln kvts elektrik enerjisi onların hesabından azaldılmışdır, 49 abonentə isə borcunun hissəli ödənişinə icazə verilmişdir.

Energetiklərimiz qazanılan müvəffəqiyyətləri möhkəmləndirməklə 2013 – ildə daha uğurlu nəticələrə nail olmağı qarşıya məqsəd qoymuşlar. Məhz buna görə də onlar ilin başlanğıcından uğurlu start götürmüşlər. Demək olar ki, indi bütün sahələrdə qızğın gedir. Hazırda Şah İsmayıl Xətai prospektində 0,4 kvluq şəbəkə dəyişdirilir və sayğaclar ümumi şitə yığılır.

2013 – ildə 8 ədəd transformator məntəqəsinin əsaslı təmir edilməsi, 6/10 kvluq kabel xətlərinin yenisi ilə əvəz olunması, uzaqdan idarə olunan SMS sayğacların quraşdırılması, 35 kvluq 96 və 97 saylı yarımstansiyaların yenidən qurulması və digər işlərin keyfiyyətlə yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

İdarədə çalışan energetiklər bilik və peşəkarlıq səviyyələrini artırmaq məqsədilə “Bakıelektrikşəbəkə” ASC–nin Tədris mərkəzindəki ixtisasartırma kurslarına cəlb olunmuşlar.

 

 

Söhbəti yazdı: Qədir Aslan

 

Respublika.- 2013.- 7 mart.- S. 9.