Qazax:
sosial–iqtisadi inkişaf müsbət nəticələr verir
Qazax rayonunun Gənclər
Mərkəzində 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekununa dair və 2013–cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir.
İlk növbədə
iştirakçılar ulu öndərin unudulmaz əziz xatirəsini
yad edərək heykəli önünə
gül–çiçək dəstələri qoydular. Sonra
Qazax rayonunun sosial–iqtisadi inkişafına həsr olunmuş
kino–rolikə tamaşa etdilər.
Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov iclasda 2012–ci ildə rayonun sosial–iqtisadi inkişafının yekununa dair məruzə ilə çıxış etdi. O dedi ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi, nəzəri və praktiki yollarını müəyyənləşdirdiyi inkişaf prioritetlərinin Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son illərdə uğurla davam etdirilməsi Azərbaycanın tarixində görünməmiş yüksəlişi reallığa çevirmişdir. Artıq yüksək yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün sahələrdə öz səmərəli nəticələrini verir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda dövlət başçısı bildirmişdir ki, 2012–ci ildə də ölkəmizin uğurlu inkişafı davam etmişdir.
Ümumi
daxili məhsul 2,2 faiz artmışdır. Ən əsası odur ki, bu artım qeyri–neft
sektorunun hesabına əldə olunmuşdur. Ötən il qeyri–neft sənayemiz 8, kənd təsərrüfatı
6 faiz artmışdır. İnflyasiya cəmi 1,1
faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri 13,8 faiz artmışdır. İnflyasiya
ilə pul gəlirləri arasında fərq 10 faizdən
çox olmuşdur. Keçən il
investisiya xərcləri rekord səviyyədə, 22 milyard
dollardan çox olmuşdur. Davos İqtisadi Forumunun
hesablamalarına görə iqtisadiyyatımız rəqabət
qabiliyyətinə görə dünyada 46–cı, MDB məkanında
isə birinci yerdədir. Bu il büdcəmiz
20 milyard manata yaxındır. Ümumi valyuta
ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir.
“2009–2013–cü illər üzrə Dövlət
Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
icrası 2012–ci ildə Qazax rayonunda da uğurla davam
etdirilmişdir.
Belə ki, dörd hektar sahəni əhatə edən
“Heydər Əliyev” parkının 2 hektarlıq sahəsi
tamamilə yenidən qurulmuşdur. Parkın ərazisində “Gənclər
Mərkəzinin” tikintisi başa çatmış, sahəyə
tamet plitə və mərmər plitə döşənmiş,
səki daşı dəyişdirilmiş, 2 ədəd fəvvarə
quraşdırılmış, çəmən otu əkilmiş,
divarlar aqlayla üzlənmiş, 2 ədəd piramida qüllə
ucaldılmış, çoxlu sayda dekorativ ağaclar və
kollar əkilmiş, işıqlanma sistemi yenidən
qurulmuşdur.
Yanvar
ayında Heydər Əliyev Fondunun dəstəyi ilə
“Şahmat Məktəbi”nin tikintisinə
başlanılmış, binanın ətrafına milli
memarlığa uyğun hasar çəkilmiş, sahəyə
tamet döşənmiş, səki daşı
düzülmüş, çəmən otu, çoxlu sayda
dekorativ ağac və kollar əkilmişdir. Binanın
qarşısında fəvvarə tikilmiş və
işıqlanma sistemi qurulmuşdur.
Bütövlükdə
qərb bölgəsinin və qonşu Gürcüstan
Respublikasının azərbaycanlılar yaşayan hissəsinin
kənd təsərrüfatı məhsullarını emal edəcək
illik gücü 5 min ton olan müasir “Konserv zavodu”nun və
uzunluğu 7 kilometr olan Qazaxbəyli–Aşağı Salahlı
avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə
verilmişdir.
2012–ci il aprel ayının 12–də göstərilən
obyektlərin açılışında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Bundan əlavə Konserv zavodunun ərazisində məskunlaşmış
məcburi köçkünlər üçün 24 mənzilli
yaşayış evi tikilib istifadəyə verilmişdir.
Qazax
şəhərində Qaratel adına ümumi orta məktəbin
təmir — bərpa işləri və 80 şagird yerlik əlavə
tədris korpusunun, 360 şagird yerlik 4 saylı tam orta məktəbin,
Aslanbəyli kəndində 480 şagird yerlik, Canallı kəndində
220 şagird yerlik və Qazaxbəyli kəndində 180
şagird yerlik yeni məktəb binalarının tikinti işləri
başa çatdırılaraq istifadəyə verilmişdir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan
Qazax Sement zavodunun birinci hissəsində son tamamlama işləri
aparılır, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə
tutulur.
Azadlıq küçəsi 108 ünvanda yerləşən qəza
vəziyyətində olan kommunal binanın sakinlərinin yerləşdirilməsi
üçün 24 mənzilli yeni yaşayış
binasının tikintisi, uzunluğu 30 kilometr olan Yuxarı
Salahlı – Kəmərli avtomobil yolunun əsaslı tikinti
işləri başa çatmaq üzrədir. Qazax şəhərinin
küçələrinin abadlaşdırılması məqsədilə
küçələrə 16.760 kvadratmetr asfalt
örtüyü qoyulmuş, 2.400 poqonmetr yolkənarı beton
bordürlar dəyişdirilmiş,
işıqlandırıcılarla birlikdə 131 ədəd
yeni işıq dayaqları basdırılaraq yeni xətt
çəkilmişdir.
Qazax
rayonunda abadlıq–quruculuq işlərinin davam etdirilməsi,
“Azərbaycan Respublikası Regionlarının 2009–2013–cü
illərdə sosial–iqtisadi inkişafı Dövlət
Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
13 aprel 2012–ci il tarixli 2157 nömrəli sərəncamı ilə
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon
manat vəsait ayrılmışdır.
Qazax şəhərində “Şəhidlərin abidə
kompleksi” sökülərək yerində tamamilə yeni
üslubda abidə ucaldılmışdır. Abidənin ətrafında
abadlıq işləri aparılaraq aqlay üzlük daş
çəkilmiş, tamet plitə düzülmüş,
asfalt örtüyü qoyulmuş, səki daşı yenisi ilə
əvəz edilmişdir.
Dəmir yolu vağzalı binasının dam
örtüyü tam dəyişdirilmiş, 1.115 kvadratmetr sahəyə
tamet plitə döşənmişdir. Vağzala gedən Ə.Qədirov
küçəsinin hər iki tərəfində daş hasar
inşa edilmiş, suvanaraq rənglənmiş, piyadaların
rahat hərəkəti üçün səki
salınmış, asfalt örtüyü yenidən
qoyulmuş, işıqlanma sistemi
quraşdırılmış, küçə boyunca 3
binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində
abadlıq işləri aparılmışdır.
Şəhərin
qərbdən giriş hissəsində Dövlət
Bayrağı Meydanı tikilmiş, 51 metrlik qüllə
ucaldılmış, meydanda 6,8 metr hündürlükdə
qala divarı və 5,2 metr hündürlükdə bürclər
tikilmiş, Ağstafa rayonu ilə sərhəddə 22 metr
hündürlüyündə rayonun ünvanını bildirən
“Obelisk”, şəhərin girişində 2 ədəd qala
divarı və dairəvi yolda oturacağının diametri 6
metr, hündürlüyü 14,3 metr olan qüllə inşa
edilmişdir.
Magistral avtomobil yolunun kənarında 5 mərtəbəli
yaşayış binasının fasad hissəsində
müasir milli memarlıq üslubunda yenidənqurma işləri
aparılmışdır. Hazırda H.Əliyev
prospekti boyunca abadlıq–quruculuq işləri davam edir. Yaşayış evləri və ticarət obyektlərinin
fasad hissələri yeni tərtibatda inşa edilmişdir.
Heydər Əliyev Elm Mərkəzinin dam
örtüyü tamamilə yenidən qurularaq daxili və fasad
hissəsi əsaslı təmir edilərək yenidən
qurulmuşdur.
Ölkəmizdə
söz–sənət ustalarının xatirəsi həmişə
əziz tutulmuş, onların adına park
və xiyabanlar salınmış, abidələr
ucaldılmış, ev muzeyləri yaradılmış və
bu ənənələr hazırda da davam etdirilir. Gənc
yaradıcı nəsillərin potensialının üzə
çıxarılmasını, ədəbiyyatımızın
milli istiqamətlərini və xalqımızın ədəbi–mədəni
irsinin qorunmasının və təbliğinin vacibliyini nəzərə
alaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 01 iyun 2012–ci il tarixli 2255 nömrəli sərəncam
ilə Qazax şəhərində “Ədəbiyyat Muzeyi”nin
tikintisi üçün Azərbaycan Respublikasının
2012–ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Qazax Rayon İcra Hakimiyyətinə 5 milyon manat vəsait
ayırmışdır. Hazırda “Ədəbiyyat
muzeyinin” tikintisində işlər davam etdirilir.
Bundan əlavə rayonun daxili imkanları hesabına YAP
Qazax rayon şöbəsinin yeni inzibati binası inşa
edilir.
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin məlum sərəncamı
ilə hesabat ilində rayon üzrə 5 məktəbdə, o
cümlədən 640 şagird yerlik Çaylı kənd 2
saylı, 640 şagird yerlik Daş Salahlı kənd 2
saylı, 220 şagird yerlik Ürkməzli kənd və 180
şagird yerlik Xanlıqlar kənd tam orta məktəblərinin
tikintisinə və Kəmərli kəndindəki
Xanbağı tam orta məktəbində isə əsaslı
təmir işlərinə başlanılmışdır.
2013–cü
ildə 180 şagird yerlik Quşçu Ayrım tam orta, hər
biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində
ibtidai məktəblərin və Qarapapaq kənd ümumtəhsil
orta məktəbində bərpa — gücləndirmə işlərinə
başlanması məqsədilə layihə–smeta sənədləri
hazırlanır.
Azərbaycan
Respublikası regionlarının sosial–iqtisadi inkişafı
Dövlət Proqramına uyğun olaraq rayonda yeni iş yerlərinin
açılması ardıcıl olaraq davam edir. Belə ki,
2003–cü ildən bu günədək rayon üzrə 8.136,
2012–ci ildə isə 889–u daimi olmaqla 1.064 yeni iş yeri
açılmışdır.
Adambaşına düşən ümumi məhsulun həcmi
1.599 manat, orta aylıq əmək haqqı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 9 manat artaraq
225 manat olmuşdur. Əhalinin pul gəlirlərinin artması
hesabına rayonumuzun yaşayış məntəqələrində
284 fərdi yaşayış evləri tikilmişdir.
Son illərdə kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması ilə əlaqədar qəbul
edilmiş sərəncam və qərarların
icrasının nəticəsidir ki, 2012–ci ildə
biçilmiş 5.898 hektar sahədən 15.043 ton taxıl
istehsal olunmuşdur. Orta hesabla hər hektardan məhsuldarlıq 0,5 sentner artırılaraq 25,5 sentnerə
çatdırılmışdır. Bununla yanaşı dən
qarğıdalı istehsalı 2011–ci ilə nisbətən 828
ton artırılaraq 2.786 tona, meyvə istehsalı 1.783 ton
artırılaraq 13.526 tona, üzüm istehsalı 571 ton
artırılaraq 3.511 tona, tərəvəz istehsalı isə
11.666 tona çatdırılmışdır.
Mövcud
şum traktorlarından və digər kənd təsərrüfatı
texnikalarından istifadə olunaraq kifayət qədər
şum qaldırılmışdır. Bunun nəticəsidir
ki, bu ilin məhsulu üçün 6.125 hektarda
payızlıq taxıl səpilmişdir: bunun 3.770 hektarı
buğda olmaqla keçən ilkinə nisbətən
çoxdur.
Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin
planlı surətdə həyata keçirilməsinin nəticəsidir
ki, məhsul istehsalı artmaqdadır. Belə ki, 2012–ci ildə ötən
ilə nisbətən 1.220 ton artıq süd istehsal olunaraq
26.344 tona, 117 ton (diri çəkidə) artıq ət istehsal
olunaraq 5.020 tona və 200 min ədəd çox yumurta
alınaraq 10.800 min ədədə, iribuynuzlu mal–qaranın
baş sayı 81 baş artaraq 30.019 başa
çatmışdır.
Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən
2012–ci ildə epizootik, müalicə–profilaktik tədbirlər
planına uyğun olaraq peyvəndlər
aparılmışdır.
Əhalinin Sosial Müdafiəsi Fondunun rayon şöbəsi
tərəfindən əhalinin pensiya və müavinətlərinin
ödənilməsi üçün 2012–ci ildə ödəniş
müəssisələrinə 24.637.400 manat vəsait
köçürülmüşdür. Bu keçən
ilin müvafiq dövrünə nisbətən 3.565.000 manat
çoxdur. 2012–ci ildə şöbədə sosial
sığorta haqları üzrə yığım proqnozu 97,5 faiz yerinə yetirilmişdir. Toplanmış
vəsait 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə
482 min manat artıq olmuşdur. Hazırda
14.344 nəfər pensiyaçılardan hamısı öz
pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə
alır.
2012–ci ildə Əmək və Əhalinin Sosial
Müdafiəsi Mərkəzi tərəfindən 6.439.590 manat
aylıq müavinət və birdəfəlik müavinət təyin
edilmiş və ödənilmişdir. Bu rəqəm
2011–ci illə müqayisədə 162.040 manat çoxdur.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin 26 dekabr 2011–ci il tarixli fərmanına əsasən 2011–ci ilin
1 dekabr tarixindən bütün növ pensiya və müavinətlər
artırılmışdır. 2012–ci ildə
1.474 ailəyə 1.970.336 manat ünvanlı sosial yardım təyin
edilib ödənilmişdir.
Hesabat ili ərzində əhaliyə göstərilən
ticarət, nəqliyyat, rabitə və məişət xidməti
sahələrində də bir sıra işlər
görülmüşdür.
Qazax
Telekommunikasiya Qovşağı cari ildə planı 101,4 faiz yerinə yetirmiş və ötən
müddət ərzində 187 ədəd yeni telefon xətti
çəkilərək vətəndaşların istifadəsinə
verilmişdir.
2011–ci ildə Qazax rayonunda 542 abunəçi sürətli
internet xidmətindən istifadə edirdisə, hazırda bu
xidmətdən 1400 abunəçi istifadə edir.
2012–ci il ərzində TKQ–nin xidmət ərazisində
fəaliyyət göstərən kənd EATS–nin köhnə
xətləri ləğv olunmuş və əvəzində
51 kilometr uzunluğunda fiber–optik kabel çəkilmişdir.
Bununla da rayonumuz respublikada tam optikləşmiş ilk 10 rayon
sırasına daxil olmuşdur.Mərkəzi EATS–də əhatə
dairəsi 15 kilometr olmaqla 500 nömrə tutumlu simsiz telefon
rabitəsinin baza stansiyası qurulmuşdur. Hazırda
99 abonent bu xətdən istifadə edir.
2012–ci ildə Qazax TKQ–nin inzibati binasında əsaslı
təmir işlərinə başlanılmışdır.
Qazax
Poçt filialı 2012–ci il ərzində
planı 102 faiz yerinə yetirmişdir. Filial tərəfindən
2012–ci ildə əhalidən elektrik enerjisi, qaz, su və telefon
pulları qəbul edilib aidiyyəti təşkilatların bank
hesablarına köçürülmüşdür.
“Qazax–Avtovağzal “ATSC tərəfindən 2012–ci ildə
312.000 sərnişinə xidmət göstərilərək
plan 102 faiz yerinə yetirmişdir.
2012–ci ildə Avtovağzalın binasının fasad hissəsi
aqlay daşı ilə üzlənərək müasir
görkəmə salınmışdır.
Ötən
il 27 saylı Yol İstismar İdarəsinə “Azəryolservis”
ASC tərəfindən 2 ədəd TATRA markalı yükünü
özüboşaldan, 1 ədəd FORD markalı yol
süpürən, 1 ədəd buldozer, 2 ədəd
avtoyükləyici və 1 ədəd avtoqreyder verilmişdir.
Hesabat ilində əhalinin elektrik enerjisi, qaz, içməli
su və kanalizasiya ilə təminatının
yaxşılaşdırılması sahəsində də məqsədyönlü
tədbirlər həyata keçirilmişdir.
Əhalini keyfiyyətli və fasiləsiz elektrik enerjisi
ilə təmin etmək üçün elektrik şəbəkəsi
tərəfindən 2012–ci ildə hava xəttində əsaslı
və cari təmir işləri aparılmışdır. Yeni
sayğaclar quraşdırılmış və köhnə
sayğaclar yenisi ilə əvəz edilmiş, zədəli
transformatorlar əsaslı təmir olunaraq sxemə
qoşulmuşdur. Ağac dayaqlar yeni beton
dayaqlarla əvəz edilmişdir.
2012–ci il ərzində
Qazax Rayon Qaz İstismar Sahəsi tərəfindən əhali
abonentlərə satılmış qazın yığım
faizi 95,8 faiz olmuşdur.
Rayonun
Xanlıqlar kəndində məskunlaşmış 58 məcburi
köçkün və qaçqın ailələrinə
müxtəlif diametrli 2.021 poqonmetr polietilen və 25 millimetrlik
110 poqonmetr metal boru çəkilmiş, 58 ədəd məişət
qaz sayğacı və 58 ədəd fərdi qaz tənzimləyicisi
quraşdırılaraq əhali təbii qazla təmin
olunmuşdur.
2012–ci ildə
rayonun Daş Salahlı, Birinci Şıxlı, İkinci
Şıxlı, Yuxarı Salahlı və Kosalar kəndlərinə
müxtəlif diametrli 312.964 poqonmetr qaz xətti çəkilmiş,
5.220 abonentin ev daxili qaz xətti bərpa edilmiş, 5.170 ədəd
məişət qaz sayğacı və 5.170 ədəd qaz tənzimləyici
quraşdırılmışdır.
Yuxarıda adları göstərilən kəndlərdə
tikinti — quraşdırma işləri başa
çatdırılaraq təbii qaz təminatı bərpa
edilmişdir.
Bununla da Qazax rayonunun bütün
yaşayış məntəqələri təbii qazla təmin
olunmuşdur.
Qazax şəhərinin su təchizatının və
kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə
torpaqayırma və layihə sənədləri
hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə
başlanılması nəzərdə tutulur.
Rayon təhsil
şöbəsinin tabeliyində olan 34 tam orta, 6 ümumi orta,
7 ibtidai məktəbdə 11.627 nəfər şagirdin təlim–tərbiyəsi
ilə 1.850 nəfər müəllim məşğul
olmuşdur. 2012–ci ildə 809 nəfər XI sinif məzunlarından
236 nəfəri, əvvəlki illərin məzunlarından isə
89 nəfəri — cəmi 325 nəfər ali
məktəblərə, 110 nəfər isə orta ixtisas məktəblərinə
daxil olmuşlar. Qəbul olmuş məzunlardan 7 nəfəri
600–dən yuxarı bal
toplamışdır. Ürkməzli kənd tam orta məktəbinin
məzunu Səfərov Orxan Arif oğlu 700 bal
toplamışdır. Məzunlardan 12 nəfəri
respublikanın Ali Hərbi Akademiyasına və 17 nəfər
Naxçıvanski adına Hərbi liseyə
daxil olmuşdur.
2012–ci
ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 9 fənn
üzrə 105 nəfər şagird iştirak etmiş, 7 nəfər
fənn olimpiadalarının Respublika mərhələsinə
vəsiqə qazanmış 5 nəfəri mükafata layiq yer
tutmuşdur.
2012–ci ildə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
Alpout kənd tam orta məktəbinin müəllimi Sakibə Nəbiyeva
“Əməkdar müəllim” fəxri adına
layiq görülmüş, şəhər 3 saylı tam orta
məktəbin direktoru Vüqar Xasməmmədov “Tərəqqi
medalı” ilə təltif olunmuşdur.
Azərbaycan
Müəllimlər İnstitutunun Qazax filialında 2 fakültə
— “Pedaqoji ” və “Əlavə təhsil”
fakültələri fəaliyyət göstərir. Pedaqoji fakültənin əyani şöbəsində
450 tələbə təhsil alır. 2012–ci ildə “Pedaqoji ” fakültəni bitirən 104 nəfər
tələbə məzun adı qazanmış, “Əlavə
təhsil” fakültəsində 620 müdavim ixtisasartırma təhsili
almışdır.
Hesabat dövründə rayon səhiyyə şöbəsində
çalışan 234 nəfər həkim və 643 nəfər
orta tibb işçisi əhalinin sağlamlığı
keşiyində dayanmışlar. 586 cərrahi əməliyyat
aparılmışdır.
Mərkəzi və Ruhi xəstəxanada yeni tipli
qazanxana və istilik sistemi quraşdırılaraq istifadəyə
verilmişdir.
Bala Cəfərli, Quşçu Ayrım kəndlərində
tibb məntəqəsi, Cəfərli kəndində həkim
məntəqəsinin tikintisinə
başlanılmışdır. 2013–cü ildə
rayon Mərkəzi Xəstəxanasının, Fərəhli,
Məzəm, Aşağı Salahlı, Abbasbəyli kəndlərində
yeni tibb məntəqələrinin tikintisi nəzərdə
tutulmuşdur.
Qazax Müalicə Diaqnostika Mərkəzində 33 nəfər
həkim və 133 nəfər orta və kiçik tibb işçisi
çalışır. Hesabat ilində ambulator gəlişlərin sayı
24.184 nəfər, dövrü müayinələrin sayı
96.580 nəfər, cərrahiyyə əməliyyatlarının
sayı isə 791 nəfər olmuşdur. Hemodiz
şöbəsində 89 xəstə müalicə alır.
Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən
2012–ci ildə rayonda bayram konsertləri, şənliklər,
yubileylər, sərgilər, əlamətdar günlər,
müsabiqələr və kütləvi tədbirlər
keçirilmişdir.
2012–ci ildə 2011–ci illə müqayisədə Mədəniyyət
və Turizm şöbəsində əlavə olaraq 5 kütləvi
tədbir keçirilmişdir.
Qazax rayonu ərazisində dövlət mühafizəsinə
götürülmüş abidələrin 2001–ci ildə təsdiq
olunmuş siyahısında 112 daşınmaz tarix və mədəniyyət
abidələri vardır. Bunlardan 45–i
memarlıq, 54–ü arxeoloji, 7–si monumental və xatirə, 5–i isə
dekorativ tətbiqi sənət nümunələridir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2012–ci il “İdman ili” elan olunmuşdur. Gənclər
və İdman idarəsi tərəfindən 2012–ci ildə gənclərlə
iş sahəsi üzrə 25, bədən tərbiyəsı
və idman sahəsi üzrə 34 tədbir
keçirilmişdir, keçirilən tədbirlərdə gənclərin
bütün təbəqələri təmsil olunmaqla 5.566 nəfər
yeniyetmə və gənc iştirak etmişdir.
2012–ci il ərzində beynəlxalq yarışlarda 13
nəfər idmançımız mükafata layiq yerlər
tutmuşlar. Bunlardan Qismət Vəkilov qol
güləşi üzrə Dünya və Avropa, İsrafil Məmmədov
və Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi
Kübra Babayeva Poverliftinq və Benç–Press üzrə
dünya çempionu olmuşlar.
Bildiyiniz
kimi, fevralın 12–də Bakı Biznes Mərkəzində “Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda çıxış
edən Prezident İlham Əliyev cənabları söyləmişdir
ki, Dövlət Proqramının icrası nəticəsində
maddi imkanlarımız artmış və maliyyə vəziyyətimiz
yaxşılaşmışdır. Bu ilin sonunadək
ikinci Dövlət Proqramının icrası təmin ediləcəkdir.
Dövlətin üzərinə düşən bütün
vəzifələrin icra edildiyini vurğulayan möhtərəm
Prezident məmurlara da xəbərdarlıq etmişdir: Hər
bir dövlət məmuru öz vəzifə borcunu şərəflə
yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar
olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan,
ümumiyyətlə, söhbət getmir. Konfransda
dövlət başçısı tərəfindən
çox ciddi fikirlər səslənmiş və
tapşırıqlar verilmişdir. Eyni zamanda, yerlərdə
sahibkarlığın inkişafı və bu inkişafa əngəl
ola biləcək maneələrin aradan
qaldırılması məsələsinə toxunulmuşdur.
Biz hamımız ölkə
başçısının çox ciddi tənqidi fikirlərindən
nəticə çıxarmalıyıq. İnsanlara
münasibəti önə çəkməliyik, onların
müraciət və təkliflərinə, problemlərinə
diqqət və qayğı ilə yanaşmalıyıq,
korrupsiyaya qarşı mübarizəni daha da gücləndirməliyik.
Yekunda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevi əmin etmək istəyirik ki, 2013–cü
ildə qarşıda duran vəzifələrin yerinə
yetirilməsi üçün bütün qüvvəmizi səfərbər
edərək daha uğurlu nəticələr əldə edəcəyik
və dövlət başçısının Qazax rayonuna
göstərdiyi diqqət və qayğıya əməli
işimizlə cavab verəcəyik.
İclasda Prezident Administrasiyasının məsul
işçisi Habil Əzənmədov, millət vəkillərindən
Əhməd Vəliyev, İlyas İsmayılov iştirak
edirdilər.
İclasın sonunda möhtərəm Prezidentimiz
İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Əzim Yusifbəyli
Respublika.- 2013.- 7 mart.- S. 8.