Azərbaycanın
ədalətli mövqeyi dünya
tərəfindən dəstəklənir
Mart ayının 31–i
1998–ci ildən respublikamızda azərbaycanlıların
soyqırımı günü kimi anılır. Bu təqvim
son iki yüz
ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın
yaddaşındakı qanlı izlərini özündə əks
etdirir. Azərbaycanlıların kütləvi
şəkildə qırılması, repressiyalara
məruz qalması XX yüzillikdə dünya
tarixinin faciəli səhifələrindən
biridir. Bu faciələrin
günahkarı isə “böyük Ermənistan”
yaradılması kimi sərsəm
ideyanı həyata keçirmək üçün
heç bir iyrənc
vasitədən çəkinməyən erməni şovinizmidir.
Bu soyqırımına əsl hüquqi–siyasi qiyməti Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra vermək mümkün olmuşdur. 1918–ci ilin mart hadisələrinin 80–ci ildönümündə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk hüquqi–siyasi qiymətdir. 1998–ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərin milli yaddaşının oyanması üçün bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbitlənmişdir.
Fərmanda vurğulanır ki, azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. “1919 və 1920–ci ilin mart ayının 31–i ikı dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi” – deyə fərmanda qeyd olunur.
XX əsrin əvvəllərində turklərin guya “ermənilərə qarşı soyqırımı yeritdiyini” iddia edən bədnam erməni ideoloqları özlərinin diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın zaman–zaman gündəmə gətirdiyi “soyqırım” kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam qardaş ölkəyə qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.
Bütövlükdə türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığını tarixi faktlar da təsdiqləyir. Hələ 1813–cü və 1828–ci illərdə Rusiya və İran arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849–cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırım, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828–ci ildən 1830–cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərzisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828–ci il martın 21–də “Erməni vilayəti” adlandırılan süni inzibati bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırım siyasətinin əsası qoyulmuşdur.
Tarixi sənədlərdə qeyd olunur ki, 1918–ci ilin martında erməni–daşnak ideoloqu S.Şaumyanın başçılıq etdiyi Bakı Kommunası “əks–inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirmişdir. Böyük qırğınlara başlamaq üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur. S.Şaumyanın göstərişi ilə ermənilər guya bu zabitlərin Muğandakı rus–molokan kəndlərini dağıtmaq barədə göstəriş aldıqları barədə şayiələr yaymış, bundan sonra isə həmin gəmidəki zabitlərin tərk–silah olunması üçün göstəriş verilmişdir. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərk–silah olunmasına etirazını bildirmişdir. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərmişlər.
Martın 30–da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə baxmayaraq, bolşevik–daşnak koalisiyası vədinə əməl etməmişdi. Martın 30–da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açmış, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verilmişdi. Martın 31–i və aprelin 1–də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilmişdir. Şaumyanın erməni–bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyasına, “İsmailiyyə”nin binasına od vurmuşdular.
1920–ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutundan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına “ərazilərini” böyütmüşlər. 1920–ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR–in ərazisi elan etmişlər. 1923–cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan edilmişdir.
Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları II Dünya Müharibəsindən sonra daha geniş miqyas almışdır. 1945–ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən İttifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq azərbaycanlıların deportasiyasina nail olmuşlar. Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumıniya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdir. O, Kür–Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947–ci il “Ermənistan SSR–dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948–1953–cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.
1997–ci il 18 dekabr tarixdə “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” tarixi fərman imzalayan ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi–hüquqi qiymətini vermişdir: “SSRİ Nazirlər Sovetinin 1947–ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948–ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948–1953–cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə–baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar–totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.
Ötən əsrin 80–ci illərinin sonlarında — SSRİ–nin süqutu zəminində cərəyan edən proseslərdən öz maraqlarına uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmişlər. Vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin — ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna – informasiya savaşına başlamışdır. Akademik A.Aqanbekyan 1987–ci il noyabr ayının 18–də Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, “mən iqtisadçı kimi əmin edirəm ki, DQMV–nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”. Bədnam akademik müsahibəsində M.Qorbaçovun 1987–ci ilin fevral plenumunda etdiyi çıxışın əsas tezisinə – “Milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır” fikrinə istinad edirmiş, bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynamışdır.
Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələnmişdir. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988–ci il noyabrın 22–dən 28–dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 200 mindən çox azərbaycanlı Azərbaycana pənah gətirmişdir. 1991–ci il avqustun 8–də (18 fevral 1929–cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmişdir. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.
1990–1993–cü illərdə Azərbaycana qarşı ərazi təcavüzünü genişləndirən Ermənistan bu məqsədlə terror və soyqırım siyasətini də dövlət səviyyəsində dəstəkləmişdir. 1992–ci il fevralın 25–dən 26–na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi isə iki yüz ilə yaxın müddətdə erməni şovinist–millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olmuşdur. Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın tərəqqipərvər dövlətlərinin bu məsələdə susması, ikili standartlara yol verməsi mənfi presedentlərin formalaşmasına gətirib çıxarar. Söhbət əslində konkret fakt və sübutlarla təsdiqlənmiş, sübuta xüsusi ehtiyacı olmayan soyqırımı faktının tanınmamasından gedir. Şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları Xocalıda baş verənlərin soyqırımı olduğuna hansısa şübhə yeri qoymur. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992–ci ildə faciə ilə bağlı geniş reportajlar vermiş, yaxud yaymışlar. Ən müxtəlif ölkələrdən gələn jurnalistlər Xocalı dəhşətlərini öz gözləri ilə görmüş, sənədləşdirmiş, eyni zamanda, sarsıldıqlarını gizlətməmişlər. İndi tədricən bu həqiqəti dünya dövlətləri də etiraf edirlər.
Artıq İƏT ölkələri, Çexiya, Uruqvay, Meksika, ABŞ–ın bir neçə ştatı Xocalı soyqırımını tanımışlar. Bir müddət əvvəl Ağ evin rəsmi internet saytında Xocalı faciəsinin tanıdılması məqsədilə başlanmış petisiyanın uğurla yekunlaşması bu baxımdan xüsusi vurğulanmalıdır. Qısa müddətdə 100 mindən çox azərbaycanlı bu aksiyada iştirak edərək Xocalı faciəsinə ABŞ Administrasiyasının adekvat qiymət verməsinə hüquqi zəmin hazırlamışlar. İnanırıq ki, ölkə diplomatiyasının çevik və təxirəsalınmaz tədbirləri nəticəsində bu proses davam edəcək, ölkəmizin haqq səsi bütün dünyada eşidiləcəkdir.
Ümumiyyətlə, ermənilərin həm 1918–ci ilin martında, həm də 1992–ci ilin fevralında azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyini və insanlığa qarşı yönəlmiş digər cinayətlərə əl atdığını beynəlxalq hüquq normaları da təsdiqləyir. BMT Baş Məclisinin 1946–cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın Baş Məclisinin 1948–ci il 9 dekabr tarixli saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2–ci bəndində göstərilən şərtlər də 1918–ci ilin mart və 1992–ci ilin Xocalı faciələrinin soyqırımı kimi tövsif edilməsinə imkan yaradır.
“Azərbaycanlıların soyqırımı haqqında” fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Fərmanda deyilir ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi–hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.
1918–ci ilin mart və 1992–ci ilin Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, üzləşdiyimiz qətliamların soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin mart soyqırımı ilə bağlı xalqa müraciətində də ermənilərin müxtəlif dövrlərdə həyata keçirdikləri terror siyasətinə geniş toxunulur. Həmin müraciətlərdə soydaşlarımızın yurd–yuvalarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər bir vətəndaşın qarşısında duran başlıca vəzifələr göstərilir.
Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Bütün bunların müqabilində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bilavasitə tənzimlənməsi prosesi ilə məşğul olan ATƏT–in Minsk qrupunun təcavüzkara təsir göstərmək istiqamətində heç bir təsirli addım atmaması, Yerevanın vaxt udmaq, mövcud “status–kvo”nu qoruyub saxlamaq istiqamətindəki cəhdlərini dolayısı ilə şirnikləndirməsi acı təəssüf hissi doğurur.
Əminik ki,
xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü
fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində
qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpasına,
onilliklər boyu planlı olaraq
əl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar
arasında nifrət və düşmənçilik təbliğ
edənlərin ifşasına nail
olacağıq.
Fikrət QƏRİBOV,
Bakı Ağır Cinayətlər
Məhkəməsinin
hakimi.
Respublika.-
2013.- 7 mart.- S. 7.