Ulu öndərin Azərbaycan iqtisadiyyatında müəyyən etdiyi düzgün və səmərəli inkişaf yolu uğurla davam etdirilir

 

Şimali Azərbaycanın iqtisadiyyatı çox çətin və mürəkkəb inkişaf mərhələləri keçmişdir. Uzun müddət məmləkətin ayrı–ayrı xanlıqlarından ibarət əyalətləri çoxsahəli əkinçilik–heyvandarlıq və müxtəlif sənətkarlıq məhsulları istehsalı ilə məşğul olaraq, iqtisadiyyatın öz maraqlarını təmin edən inkişafını təmin etmişdir. XIX əsrin əvvəllərində Azərbaycan həyatında gözlənilməz təlatümlü hadisələr baş verdi. Yüzilliyin əvvəlindən başlayaraq bir–birinin ardınca bu ərazilər çar imperiyası tərəfindən işğal edilərək onun tərkibinə daxil edilir. Həmin dövrdən ölkənin ictimai–mədəni həyatında müəyyən müsbət dəyişikliklər baş versə də, müstəmləkə sisteminin qanunlarına və onun mənafelərinə uyğunlaşdırılan iqtisadiyyatın da müvafiq inkişaf istiqamətləri yaranır. Baş verən dönüş həm də dünyada iri maşınlı sənayenin geniş inkişafı ilə müşayiət olunur.

 

Əslində bəşəriyyətə böyük tərəqqi vəd edən bu hadisə Azərbaycan həyatının çox sahələrində böyük inkişaf yarada biləcək dünyanın ilk ərazilərindən biri ola bilərdi. Çünki sənayenin miqyaslı yüksəlişinin mühüm amillərindən birini məhz duru yanacaq məhsullarının geniş istifadəsi təşkil edirdi ki, onun da çox zəngin ehtiyatları o zaman hələlik əsasən Azərbaycanda məlum idi. Doğrudan da, çox tezliklə Azərbaycan bu cəhətdən dünyanın diqqətini özünə cəlb etdi və XIX əsrin ikinci yarısından neftin burada sənaye üsulu ilə istehsalına başlandı. Bundan sonra Azərbaycanda neft sənayesi, xüsusən xammalın çıxarılması o qədər sürətlə genişləndi ki, (1871–ci ilə nisbətən 1901–ci ildə 589 dəfə artaraq 19,3 min tondan 10979 min tona çatdı) artıq bu dövrdə o, dünyada çıxarılan neftin yarıdan çoxunu verirdi. Lakin müstəmləkə asılılığında olan Azərbaycan öz neft sərvətinin istifadəsinin böyük imkanlarından milli tərəqqi üçün kifayət qədər bəhrələnə bilmədi.

Müstəqilliyin xalqın müqəddəratı ilə bağlı bir sıra çox vacib əlamətlərini bərpa edən və yenilərini yaradan tarixin qısa tarixi inkişaf mərhələsindən (Xalq Cümhuriyyəti dövrü) sonra Azərbaycan yenidən işğal edilərək Sovet dövlətinin tərkibinə qatıldı. Sovet İmperiyası da öz növbəsində Azərbaycanda daha çox neft sənayesinin inkişafına böyük önəm verdi. Onu demək kifayətdir ki, 1941–ci ildə respublikada neft hasilatı 1920–ci ilə nisbətən 9 dəfədən çox artaraq, 23,5 milyon tona çatdı. Bu, imperiyalar dövründə Azərbaycanda neft çıxarılmasının ən yüksək səviyyəsi idi. Ümumiyyətlə, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu əsas dövrlərdə ölkədə çıxarılan neftin 70–80 faizini vermişdir. Onun neft sənayesinin Sovet dövlətinin inkişafında, ölkənin təhlükəsizliyinin qorunmasında, xüsusən faşizm üzərində qələbənin təmin edilməsində müstəsna xidmətləri olmuşdur. Məhz imperiyanın maraqları naminə Azərbaycanda neft sənayesinin güclü inkişafının təzyiqləri altında respublikada başqa zəngin yerli sərvətlər zəif istifadə olunurdu, onun daxili tələbatını ödəmək üçün zəruri istehsal sahələri ya çox məhdud səviyyədə inkişaf etdirilirdi, ya da heç yaradılmırdı. Xeyli vaxt Azərbaycanda iqtisadiyyatın neft sənayesinin mütləq üstünlüyü ilə belə məhdud inkişafı gec–tez onun durumunda ciddi, ağır problemlər yaradacağı təhlükəsi həmişə gözlənilirdi.

Axır ki, respublikada belə hadisə baş verdi. Təqribən keçən əsrin 40–cı illərinin axırlarında və 50–ci illərin ortalarında həmyerlimiz, görkəmli alim F.Salmanovun (Rusiya Elmlər Akademiyasının müxbir üzvü) rəhbərliyi altında Azərbaycanın böyük bir qrup geoloqları Rusiyanın Qərbi Sibir regionunda çox zəngin neft yataqlarının kəşf edilməsində əsl fədakarlıq nümunəsi göstərdilər. Əfsuslar olsun ki, bu hadisə Azərbaycan iqtisadiyyatının ikişafına qarşı “tutarlı” zərbə vurmaq cəhdi kimi istifadə edildi. Onun neft sənayesinin Sovet dövlətinin inkişafında əvvəlki əvəzsiz xidmətləri tamamilə unudularaq o zamankı ölkə rəhbərləri köhnə Bakı neft mədənlərində xammal hasilatının yenicə kəşf edilmiş Rusiya mədənlərinə nisbətən daha baha başa gəldiyini bəhanə edərək respublika neft sənayesinin inkişafı üçün lazım olan vəsaitin ayrılmasını ildən–ilə azaltmağa başladılar. Lakin respublika mütəxəssisləri və iqtisadçıları böyük səylə göstərilən bu fitnəkar cəhdin qarşısını ala bildilər. Onlar təkzibedilməz dəlillərlə isbat etdilər ki, Bakıda neft hasilatı Rusiya neftinə nisbətən baha başa gəlsə də, onun çox yüksək keyfiyyətinə görə emalı daha sərfəli və səmərəlidir.

Bundan sonra respublikada neft sənayesinin inkişafına sərmayə qoyuluşunun kəskin azaldılmasının qarşısı alındı. Amma ayrılan vəsait sahənin lazımi səviyyədə inkişafı üçün kifayət qədər olmadığından respublikada neft hasilatının ildən–ilə yenə də azalması davam etdi. Belə ki, 1970–ci ildə 1941–ci ilə nisbətən neft hasilatı təxminən 1,2 dəfə azalaraq 20,2 milyon tona endi. Uzun müddət Azərbaycan iqtisadiyyatının başlıca aparıcı sahəsi olan neft sənayesinin birdən–birə belə xeyli tənəzzülü ilə bərabər, respublika həyatı üçün çox vacib olan başqa istehsal sahələrinin də zəif inkişafı və ya heç olmaması onun iqtisadiyyatının bütövlükdə son dərəcə ağır vəziyyətə düşməsinə səbəb oldu. Artıq keçən əsrin 60–cı illərində Azərbaycan həm sosial–iqtisadi inkişafın ümumi səviyyəsinə, həm də mühüm istehsal sahələrinin, xüsusən sənayenin və kənd təsərrüfatının xeyli geri qalmasına, habelə onların artım sürətinin aşağı olmasına görə Sovet İttifaqının müttəfiq respublikaları içərisində ən axırıncı yerlərdən birini tuturdu.

Azərbaycanın üzləşdiyi bu ağır vəziyyətdə növbəti dəfə respublika rəhbərinin dəyişdirilməsi onun ictimai–mədəni və sosial–iqtisadi həyatında ilk dəfə görünməmiş dərəcədə düşərli taleyüklü hadisə oldu. 1969–cu ildə seçilən yeni rəhbəri Heydər Əliyev böyük vətənpərvər, dərin bilikli, respublikanın geniş inkişaf imkanlarını mükəmməl bilən, onların həm gündəmdə olan, həm də gələcək problemlərinin həlli yollarını müfəssəlliyi ilə aydın görən, milli mənafeləri hər şeydən üstün tutan əzmkar rəhbər kimi böyük ümidlər vəd edən vəzifəsinin dərhal icrasına başladı. İnsanlarda bu ümidverici ilk inam onunla yarandı ki, iyulun 14–də Azərbaycan KP MK–nın birinci katibi seçilən Heydər Əliyev heç bir ay keçməmiş, avqustun əvvəllərində partiyanın növbəti plenumunda Azərbaycan həyatının bütün sahələrində qarşıda duran vəzifələri son dərəcə aydın və dərin elmi əsaslı məruzəsi ilə hamını heyran etdi.

Heydər Əliyev fəaliyyətini onunla başladı və onunla da davam etdirdi ki, elə Sovet İttifaqının öz mövcud formal xarakter daşıyan və ancaq quru rəsmiyyət kəsb edən qanunlarına istinadən Azərbaycanla ölkə arasında qarşılıqlı münasibətlərin daha ədalətli məcrada qurulması istiqamətində çox vacib təşəbbüslər göstərdi, eyni zamanda onların gerçəkləşməsi üçün qəti cəsarətli addımlar atdı. İlk növbədə Azərbaycanın əvvəlki illərdə pozulan milli mənafelərinə və tələblərinə çox qərəzli biganəliyə və laqeydliyə onun rəhbərliyi dövründə xeyli zəiflədilərək, onlara qarşı öz qorxmaz, fədakar fəaliyyətini həyata keçirməyə başladı. Bundan başqa, əvvəllərdə olduğundan fərqli olaraq, onun vaxtında da respublikada məsul vəzifələrə mərkəzdən təyin olunan imperiyanın “yolgöstərənlərinin” və nəzarətçilərinin bu sahədə fəaliyyətləri qətiyyətlə məhdudlaşdırılaraq, onların səylərinin əsasən Azərbaycanın inkişafına yönəltməyə nail oldu.

Ulu öndər fəaliyyətini ilk növbədə ondan başladı ki, son dərəcə kəskin tənəzzül vəziyyətinə düşmüş iqtisadiyyatı böyük peşəkarlıqla və dərin biliklə yüksək inkişaf səviyyəsinə qaldırdı. Respublika həyatı üçün çox vacib olan bu taleyüklü məsələ məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində onun düzgün inkişaf istiqamətlərinin müəyyən edilməsi nəticəsində çox sürətlə və uğurla həll olundu. Qeyd etdiyimiz kimi, uzun müddət Azərbaycan iqtisadiyyatının təməlində həmişə nisbətən yüksək inkişaf səviyyəsi ilə seçilən yanacaq sənayesi durmuşdur. Ulu öndər çox yaxşı bilirdi ki, o zamankı mühitdə ancaq əsasən bu sahənin ənənəvi (neftçıxarma) istiqamətinin bərpasının təsiri ilə respublika iqtisadiyyatının güclü inkişafı təmin oluna bilməz və yanacaq istehsal kompleksinin dövrə münasib daha məqbul inkişaf yönümünü müəyyənləşdirdi. Heydər Əliyev Sovet dövlətinin sərəncamında Qərbi Sibir kimi zəngin yeni neftçıxarma sənayesinin varlığını nəzərə alaraq, başa düşürdü ki, Azərbaycanın köhnə mədənlərinin yenidənqurulmasına və müasirləşdirilməsinə ölkə rəhbərliyi tərəfindən heç zaman tələb olunan vəsait ayrılmayacaqdır. Uzaqgörənliklə mənalandırılan bu vəziyyət, doğrudan da, sonralar respublikanın inkişafında özünü aydın şəkildə büruzə verdi. Belə ki, 1985–ci ildə 1970–ci ilə nisbətən Azərbaycanda neft hasilatı daha 1,5 dəfədən çox azalaraq, onun həcmi 13,1 milyon tona endi.

Azərbaycanda neftçıxarma sənayesini dirçəltmək üçün lazım olan vəsaitin ayrılmasının mümkünsüzlüyü şəraitində yanacaq sənayesinin o zaman üçün mümkün olan ən münasib başqa inkişaf istiqamətləri ön plana çəkildi. Hər şeydən əvvəl, Azərbaycanın zəngin istehsal təcrübəsinə, mövcud maddi–texniki bazasına, habelə əlverişli nəqliyyat–coğrafi şəraitinin üstünlüklərinə əsaslanaraq Heydər Əliyevin təşəbbüsü ilə yanacaq kompleksinin respublikada inkişafını daha da gücləndirmək və səmərəsini artırmaqla müasirləşdirməsi ideyası qəbul edildi. Bu məqsədlə Bakıda inşa edilən iki nəhəng neft emalı qurğusu paytaxtın ekoloji mühitini yaxşılaşdırmaqla yanaşı, Rusiyadan və Qazaxıstandan gətirilən neft xammalının bir hissəsinin onlarda emalı da təmin edildi. İlk dəfə Azərbaycanda daha güclü müasir neft emalı sənayesi inkişaf etdirildi. Bundan başqa, zəruri istehsal bazasının, respublikada uzun müddətdir ki, yüksək ixtisaslı mühəndis–texniki və fəhlə kadrlarının cəmləşdiyini və onların zəngin istehsal təcrübəsini nəzərə alaraq Azərbaycanın Sovet İttifaqının başlıca neftmaşınqayırma sənaye mərkəzinə çevrilməsi siyasəti çox sürətlə və uğurla həyata keçirildi. Bununla da bütün ölkənin bu mühüm sənaye sahəsinin maddi–texniki təminatının Azərbaycandan asılılığı yarandı. Artıq keçən əsrin ikinci yarısında Azərbaycan neftmaşınqayırma sənaye məhsulu istehsalının Sovet İttifaqında 80 faizə qədərini verərək, onun inkişaf səviyyəsinə görə ABŞ–dan sonra dünyada ikinci yerə qalxdı.

Nəhayət, respublikada yanacaq sənayesinin ikinci çox vacib sahəsi olan qaz hasilatının artırılmasına diqqət artırıldı. Bu sahənin inkişafı o zamankı şəraitdə daha çox milli maraqlara xeyli uyğun idi və hasilat başlıca olaraq əsasən respublikanın yerli tələbatının ödənilməsinə yönəldilirdi. Çünki həmin dövr Sovet İttifaqının büdcəsinə böyük gəlirlər gətirə biləcək qazın ixracı üçün respublikada kəmərlər şəbəkəsi hələ xeyli məhdud idi. Qaz hasilatı 1985–ci ildə 1970–ci ilə nisbətən 2,6 dəfə artaraq, 5,5–dən 14,4 milyard kubmetrə çatdı və respublikanın əksər yaşayış məntəqələri qazlaşdırıldı. O vaxtlar ərazilərin qazlaşması səviyyəsinə görə Azərbaycan SSRİ–də ən qabaqcıl yerlərdən birini tuturdu. Daha sonra Xəzərin zəngin neft–qaz ehtiyatlarından kifayət qədər məlumatı olan Heydər Əliyev onlarda gələcəkdə hasilatı böyük həcmdə artımını təmin etmək üçün Sovet İttifaqının valyuta ehtiyatları hesabına Bakıda müasir nəhəng Dərin Özüllər Zavodunu tikdirdi.

Beləliklə, keçən əsrin 70–80–ci illərinin əsrlərə bərabər iqtisadi yüksəlişin diqqətçəkən nəticələrindən birini məhz yanacaq sənayesində uzun müddət yaranmış durğunluq və geriləmə artıq aradan qaldırıldı, onun o zamankı imkanlara və şəraitə uyğun ən münasib artım istiqamətləri və çox məqbul inkişaf səviyyəsi təmin olundu. Bu da Azərbaycan iqtisadiyyatının neft ölkəsi kimi əvvəlki şöhrətinin bərqərar olunması ilə nəticələndi.

Təbii ki, o dövr Azərbaycan iqtisadiyyatının məftunedici böyük uğuru isə ondan ibarət oldu ki, uzun illərdən sonra ilk dəfə onun hərtərəfli kompleks inkişafının nəhayət əsası qoyuldu. Qeyd etdiyimiz kimi, əvvəllər Azərbaycanın iqtisadi siması və əhəmiyyəti əsasən yanacaq sənayesinin, xüsusən də neftçıxarmanın inkişaf səviyyəsi ilə ölçülürdü. Keçən əsrin ikinci yarısında bu sahənin ümumi məhsulunun həcminin hətta 2 faiz civarında artmasına baxmayaraq, respublika sənayesinin quruluşunda neft kompleksinin xüsusi çəkisi 1970–ci ildəki 20–dən 1985–ci ildə 11,3 faizə endi. Bu əsasən çoxşaxəli qeyri–neft sektoru sənaye sahələrinin daha miqyaslı və üstün artımı nəticəsində baş verdi. Həmin dövrdə maşınqayırma sənaye kompleksində ümumi məhsulun həcmi 2,5, qara və əlvan metallurgiyada 2,7, elektrik energetikada 1,8, yüngül sənayedə 4,0, yeyinti sənayesində 4,5 dəfə və s. artdı. Məhz bu sahələrdə istehsalın yüksək artımı nəticəsində respublikada ümumi məcmuu məhsulun həcmi 2,7, o cümlədən sənaye məhsulu 2,9 dəfə çoxaldı.

Əlamətdardır ki, o dövr Azərbaycan iqtisadiyyatının bütün sahələri də bu yüksək inkişaf yolunu keçdilər. Bunu kənd təsərrüfatının bitkiçilik sahəsinin timsalında daha aydın görmək olar. Həm də nəzərə almaq lazımdır ki, həmin dövr əkin sahələri cəmisi 10 faizə qədər genişləndiyi halda, bitkiçilikdə ümumi məhsulun həcmi 2,7 dəfə artdı. Bu, ilk növbədə bitkiçilik sahələrinin təbii–iqtisadi cəhətdən onlar üçün ən münasib ərazilərdə dərin ixtisaslaşması, əkinçilik mədəniyyətinin yüksəldilməsi, suvarma şəraitinin yaxşılaşdırılması və başqa zəruri tədbirlər hesabına məhsuldarlığın xeyli yüksəldilməsi nəticəsində əldə edildi. Hətta 1970–ci ilin yüksələn istehsal nəticələrini də üstə gəlsək belə, əvvəlki 15 ildə (1956–1970–ci illər) çəki hesabı ilə bitkiçilik məhsullarının respublikada ümumi həcmi cəmisi 16,2 min ton təşkil etdiyi halda, sonrakı 15 ildə (1971–1985–ci illər) isə bu göstərici 48,7 min tona (3 dəfə çox) bərabər olmuşdur. Həmin dövr ayrı–ayrı sahələrin inkişaf miqyası daha böyük nailiyyətlərdə ifa olunurdu. Məsələn, üzüm istehsalı 8,2, tərəvəz məhsulları 3,3, yaşıl çay yarpağı 3,5 dəfə çox olmuşdur və s. Nəticədə Sovet İttifaqı ərazisinin cəmisi 0,4 faizini əhatə edən Azərbaycan ölkədə üzüm və tütün istehsalında birinci, yaşıl çay yarpağı yığımında ikinci, ipək xammalı tədarükündə üçüncü, pambıq hasilatında dördüncü, tərəvəz istehsalında beşinci yeri tuturdu.

Respublikada məhsudar qüvvələrin belə möhtəşəm inkişafı onun sosial–iqtisadi və ictimai–mədəni həyatında tam əhatəli köklü dəyişikliklərə və müasirləşməyə səbəb oldu. İqtisadiyyatın hərtərəfli inkişafı, ilk növbədə, əvvəllər uzun müddət geri vəziyyətdə saxlanılan respublika regionlarının sosial–iqtisadi və mədəni inkişafının görünməmiş coşqun yeniləşməsini və artımını təmin etdi. Bu böyük nailiyyətləri iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin nümunəsində daha aydın görmək olar. O ərəfədə son zamanlara qədər respublika ümumi sənaye məhsulunun cəmisi 10–15 faizə qədərini verən regionlar artıq 1985–ci ildə onun ümumi həcminin beşdə iki hissəsini özündə cəmləşdirmişdi.

Sovet hakimiyyətinin bütün 65 ilində tikilən 530 yeni sənaye müəssisəsinin 232–i və ya 44 faizi təkcə 1970–85–ci illərdə yaradılmışdır ki, onların da 70 faizdən artığı regionların payına düşürdü. Həmin dövrlər Mingəçevirdə tikilən nəhəng Dövlət Rayon İstilik Elektrik Stansiyası, Şəmkir su elektrik stansiyası, Salyan plastik kütlə emalı zavodu, Ağdam dəzgahqayırma zavodu, Naxçıvan trikotaj fabriki, Gəncə qənnadı fabriki, Xankəndi ayaqqabı fabriki, Naxçıvan mineral su dolduran zavodları, xalça kombinatı və şüşə zavodu, əksər rayonlarda yaradılan çoxlu konserv, şərabın ilkin emalı, pambıqtəmizləmə müəssisələri, ət–süd zavodları, çay emalı fabrikləri və s. regionların sosial–iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi sahəsində ilk addımlar kimi əvəzsiz nəticələri ilə tarixə daxil oldu. Regionlarda müxtəlif sənaye sahələrinin (maşınqayırma, tikinti, yüngül, yeyinti sənayesi və s.) geniş şəbəkələrinin yaradılması və başqa istehsal sahələrinin görünməmiş inkişafı, xüsusən kənd təsərrüfatı sahələrinin məhsuldarlığının və səmərəliliyinin yüksəlməsi əhalinin maddi rifahının yaxşılaşması ilə yanaşı, onun ümumi inkişaf səviyyəsinin, mədəni–intellektual dünyagörüşünün xeyli artmasına səbəb oldu.

Təəssüflər olsun ki, bu əvəzsiz taleyüklü nailiyyətlər keçən əsrin 80–cı illərinin ikinci yarısından başlayaraq Sovet dövlət başçılarının Azərbaycana qarşı daha açıq qərəzlı və məkrli siyasətlərini düşünmədən həyata keçirən respublika başçılarının və müstəqilliyin ilk dövründə gənc ölkənin hakimiyyət orqanlarını ələ keçirən təsadüfi, məsuliyyətsiz, səriştəsiz və savadsız vəzifə hərislərinin səbatsız fəaliyyətləri nəticəsində Azərbaycan iqtisadiyyatının mühüm sahələrinin çoxu dağıdılaraq, ciddi tənəzzülə uğradı. Xatırlamaq kifayətdir ki, bu dövrdə Azərbaycanda ümumi istehsalın təxminən dörddə biri və sənaye məhsulu yarıya qədər azaldı.

Azərbaycanın ictimai–siyasi və sosial–iqtisadi həyatında yaranmış bu ağır böhranlı vəziyyətdə tarixin çox sınaqlarından həmişə mətinliklə çıxmış müdrik xalqımızın təkidli və ədalətli çağırışına cavab olaraq yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər tezliklə təzəcə müstəqilliyini qazanmış respublikanı düşdüyü ağır bəladan qurtaran xilaskarlıq fəaliyyətinə başladı. Heydər Əliyev ilk növbədə ölkədə böyük hərc–mərclik yaratmış müxtəlif dağıdıcı qüvvələrin təxribatlarını müdrik siyasi təsir vasitələri ilə uzaqgörənliklə sülh müstəvisində zərərləşdirərək, respublikada sağlam ictimai–siyasi sabitlik yaratdı. Sonra təxirəsalmadan iqtisadiyyatın dirçəlməsi imkanlarının inkişaf istiqamətlərinin ən düzgün həlli yollarını araşdırmağa başladı.

Əlbəttə, o zaman bu, çox çətin və mürəkkəb vəzifə idi. Bir tərəfdən, öz dövlət istiqlalının yenicə bərpasına nail olmuş Azərbaycanın əbədi sərbəst həyatının əsas təməl tələblərindən biri olan etibarlı və dayanıqlı iqtisadi inkişaf yollarının həllini yeni cəmiyyət quruculuğunun elə başlanğıcında düzgün müəyyən etmək, digər tərəfdən isə, zəngin ölkə təsərrüfatının ağır vəziyyətə düşməsi üzündən kasıbçılığa düçar olmuş əhalinin rifahının təxirəsalmadan yaxşılaşdırılması tələb olunurdu. Bu hər iki vəzifənin eyni vaxtda qarşılıqlı əlaqələndirilməsinin ən münasib icrasının düzgün həllini tapmaq lazım idi. Əslində qarşıda müstəqil ölkənin iqtisadiyyatının həmişəlik rəvan inkişafına dönməz xarakter verən həlledici tale məsələsi dururdu. Bu da ulu öndərin dərin elmi mülahizələrə söykənən və uzaqgörən düzgün baxışları ilə müəyyən edildi.

Müstəmləkə sisteminin sıxıntılarından yenicə azad olmuş Azərbaycanın başlıca sərvətləri olan yanacaq resurslarının istifadəsinin ancaq indi milli mənafelərə uyğun yönəltmək məqamının nəhayət artıq vaxtı çatdığını düzgün dəyərləndirən Heydər Əliyev, hətta törədilən çox ciddi daxili və xarici əngəlləri zərərsizləşdirərək, ilk növbədə 1994–cü ildə nüfuzlu xarici şirkətləri cəlb etməklə, gündəmə gətirdiyi “Əsrin müqaviləsi” respublikanın çox möhtəşəm əbədi iqtisadi tərəqqisinin möhkəm təməli qoyuldu. Lakin ulu öndər onu da yaxşı bilirdi ki, bu çox vacib, taleyüklü layihə hələ tezliklə öz bəhrəsini verməyəcəkdir. Təbii ki, xarici investorların fəaliyyətə başlaması, yataqların istismara hazırlanması, ixrac boru kəmərləri çəkilməsi və çoxlu başqa təşkilati tədbirlər hələ çox uzun vaxt tələb edəcəkdir. Doğrudan da, müqavilənin bağlanmasından keçən dövrdə yanacaq sənayesinin inkişafında bir müddət elə bir əhəmiyyətli irəliləyiş baş vermədi. Müstəqilliyin əvvəllərində (1992–cı ildə) hasil edilən 11 milyon ton neft 2000–ci ildə cəmisi 14 milyon tona qalxdı, qaz istehsalı isə hətta 8–dən 5,6 milyard kubmetrə düşdü.

Neft strategiya layihələrinin gerçəkləşməyə başlamasının ilk dövrü ilə onun sonrakı vəzifələrinin başa çatması arasındakı vaxtda ağır tənəzzül içərisində olan respublika iqtisadiyyatının dirçəldilməsi və ən əsası isə onun maddi rifahı kəskin pisləşən vətəndaşlarının həyat səviyyəsinin tezliklə yaxşılaşdırılması üçün eyni vaxtda təcili tədbirlər görülməyə başlandı. O zamankı şəraitdə ölkənin malik olduğu, lakin dağıdılmış daxili imkanları qismən bərpa və səfərbər edildi. Hazırlanmış mükəmməl hüquqi–normativ sənədlər və qanunlar əsasında ardıcıl olaraq özəlləşdirmə və bazar iqtisadi münasibətlərinə uyğun başqa zəruri islahatlar həyata keçirildi, xüsusən milli sahibkarlıq fəaliyyətinin yaranması və sürətlə genişlənməsi əsasında daha tez nəticələr verən kənd təsərrüfatının, nəqliyyatın, tikintinin, müxtəlif xidmət sahələrinin və ticarətin inkişafına böyük önəm verilməsi iqtisadiyyatın tezliklə dirçəlməsini təmin etdi.

Artıq 90–cı illərin ikinci yarısından onun davamlı inkişafı başlandı. Kəmərlərin tikintisinin başa çatması ilə isə nəhayət, neft və qaz hasilatı xeyli çoxaldı. Neft çıxarılması xeyli sürətlə artaraq, 2006–cı ildəki 31,3–dən 2010–cu ildə 51 milyon tona qalxdı, eyni vaxtda təbii qaz istehsalı da 17 milyard kubmetrə çatdırıldı. Nəticədə maliyyə vəsaitlərinin xeyli artması ilə Azərbaycan daha sürətli inkişaf yoluna qədəm qoydu. İnkişafın sürətli artımını təmin etmək üçün zəruri bütün istehsal və sosial infrastruktur şəbəkələrinin hər yerdə yeniləşdirilməsi, genişləşdirilməsi və müasirləşdirilməsi əsasında yanacaq sənayesi ilə bərabər, sahibkarlıq fəaliyyətinin artırılması əsasında çoxşaxəli qeyri–neft sektorunun ölkənin ümumi tərəqqisində əhəmiyyəti xeyli artdı.

Əhalinin ümumi inkişaf səviyyəsinin yüksəldilməsi məqsədilə hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər regionların sosial–iqtisadi və mədəni–intellektual inkişafın dönməz dövlət siyasəti səviyyəsinə qaldırdı və bu xətti ardıcıl davam etdirən Azərbaycanın Prezidenti cənab İlham Əliyev ölkənin imkanlarının artması ilə bu sahədə fəaliyyətin daha miqyaslı, əhatəli və sürətli həyata keçirilməsinə nail oldu. Prezident səlahiyyətlərinin icrasına başladığının ilk dövründə ölkə qarşısında duran ən mühüm vəzifələrdən birini, məhz regionların hərtərəfli inkişafının həlli ilə əlaqələndirdi. Respublikanın başqa təbii sərvətlərinin və inkişaf imkanlarının istifadəsinin genişləndirilməsi hesabına qeyri–neft sektorunun şaxələnməsi ilk növbədə regionların sosial–iqtisadi yüksəlişində görünməmiş dönüş yaratdı. Regionların sosial–iqtisadi inkişafının iki mühüm Dövlət Proqramının qəbul edilməsi və onlarda nəzərdə tutulan geniş əhatəli tədbirlərin ardıcıl gerçəkləşdirilməsi ilk növbədə yerlərdə istehsal imkanlarını xeyli artırdı, ölkədə məşğulluq səviyyəsinin yüksəlməsinə, yoxsulluğun kəskin azaldılmasına (47 faizdən 6 faizə qədər) səbəb oldu.

Bu proqramlarda nəzərdə tutulan miqyaslı tədbirlərin uğurla həyata keçirilməsi bütün ölkəni əhatə edən istehsal və sosial infrastrukturun yenidən qurulması, genişləndirilməsi nəticəsində hər yerdə əlverişli biznes mühitinin yaradılması ilə sahibkarlığın böyük vüsət alması əsasında iqtisadiyyatın hərtərəfli inkişaf imkanları artırıldı. Ölkə başçısının qeyd etdiyi kimi, biz görülən işlər nəticəsində regionların inkişafında böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik.

ABŞ–ın Kaliforniya Texniki Universitetinin professoru, fizika üzrə Nobel mükafatı Deyvid Qross Qəbələyə gedişinin yekunu ilə bağlı demişdir: “Qəbələni görməklə mən bir daha əmin oldum ki, ölkədə yalnız paytaxt Bakı şəhəri deyil, regionlarınız da sürətlə inkişaf edir”. Məlumdur ki, 2013–cü ilin əvvəlində regionların sosial–iqtisadi inkişafının ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası başa çatacaqdır. Görülən işlərin nəticələri artıq göstərir ki, Azərbaycan ərazilərinin bütün hissələrinin hərtərəfli inkişafının çox böyük fərəhli mənzərələri xeyli heyranedici olacaqdır. Bu zəmin əsasında 2014–cü ilin əvvəlində qəbul ediləcək yeni proqram regionların çoxşaxəli inkişafının daha yüksək mərhələsini təmin edəcəkdir.

Maliyyə vasitələrinin artması ilə Azərbaycan nəhayət kifayət qədər daxili investisiyalara malik olmaqla (onların ümumi investisiyalar qoyuluşunda xüsusi çəkisi 2006–cı ildəki 47–dən 2011–ci ildə 80 faizə qalxmışdır), ölkə öz tələbatlarına uyğun hansı sahəni inkişaf etdirmək və hansı ardıcıllıqla həll etmək imkanını əldə etdi. Məhz bu əlverişli şəraiti bacarıqla istifadə edərək qeyri–neft sektorunun ölkə üçün hər mərhələdə ən vacib istehsal sahələrini öz istəyinə uyğun olaraq növbə ilə inkişaf etdirilməsi təmin edilir.

İqtisadiyyatın hərtərəfli davamlı artımı və bu inkişafda daxili investisiyaların əsas sərmayə qoyuluşuna çevrilməsi, respublikanın valyuta ehtiyatlarının böyük həcmə (45 milyarddan çox) qalxması və s. nailiyyətlər Azərbaycanı Cənubi Qafqazın ən qüdrətli dövləti səviyyəsinə qaldırdı. Bu uğurlar eyni zamanda əhalinin gəlirlərinin bir necə dəfə artmasını, onun rifahının xeyli yaxşılaşmasını təmin etmiş və respublikanı dünyanın artıq ortagəlirli ölkələri sırasına çıxarmışdır. Ölkəmizin bu böyük uğurlarını etiraf edən saysız–hesabsız beynəlxalq reytinq agentlikləri, maliyyə qurumları və dövlətləri Azərbaycanın dünyada tüğyan edən maliyyə–iqtisadi böhrandan şərəflə çıxdığını və onun çox düzgün inkişaf yolunda olduğunu məmnunluqla qeyd edirlər.

Azərbaycanın zəngin imkanlarından getdikcə daha əhatəli və səmərəli istifadə edilməsi əsasında respublika iqtisadiyyatı düşünülmüş hərtərəfli dinamik inkişafı öz fərəhli nəticələrini verməkdə davam edir. Artıq arxada qoyduğumuz 2012–ci ilin yekunları bu inkişaf meylinin dönməz olduğunu bir daha nümayiş etdirdi. Ölkədə neft hasilatının 2011–ci ilə nisbətən bir qədər aşağı düşməsinə baxmayaraq (neft hasilatı 2011–ci ildəki 45,6–dan 2012–ci ildə 43,0 milyon tona enmişdir), ancaq qeyri–neft sektorunun 9,7 faiz artması hesabına ÜDM–in həcmi 2,2 faiz çoxalmışdır. Nəticədə bu gün qeyri–neft sektorunun payı ümumi daxili məhsulda 53 faizə qədər yüksəlmişdir.

Bugünkü geniş istehsal fəaliyyəti ilə seçilən Azərbaycan iqtisadiyyatının keyfiyətcə belə çox yüksək inkişaf mərhələsinə qalxması, hər şeydən əvvəl, Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Hələ keçən əsrin 70–80–ci illərində Sovet imperiyasının bir sıra müttəfiq respublikalarına, o cümlədən Azərbaycana qarşı yaratdığı süni məhdudiyyətlərin və qadağaların çoxuna ulu öndər müdrikcəsinə və böyük cəsarətlə müqavimət göstərərək Azərbaycanda iqtisadiyyatın, xüsusən sənayenin son dərəcə vacib taleyüklü istiqamətlərinin hərtərəfli inkişafının, deyildiyi kimi, əsasını qoydu. Bu vacib inkişaf meyli daha miqyaslı həyata keçirilməsinə isə ancaq qısa müstəqillik dövründə nail olundu. Nəticədə, xeyli şaxələnən qeyri–neft sektoru öz inkişafında Azərbaycan iqtisadiyyatında uzun müddət hakim mövqe tutan yanacaq sənayesini indiki mərhələdə hətta bir qədər də üstələdi. Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinə xas olan mükəmməl və çoxşaxəli iqtisadi sistemin dayanıqlı artımı indi də çox sürətlə davam edir. Təqribi hesablamalar göstərir ki, bunun müqabilində qarşıdakı yaxın bir neçə ildə qeyri–neft sektorunun ÜDM–də xüsusi çəkisi artıq 70 faizdən də yüksək olacaqdır. Bu bir daha göstərir ki, ölkəmizin çox güclü və geniş şaxəli iqtisadi potensialı böyük inamla yaranmaqda davam edir.

Beləliklə, Azərbaycanın həqiqi istehsal imkanlarını dərin elmi biliklə, müasir iqtisadiyyatın dünya inkişaf meyillərinə uyğun yüksək peşəkarlıqla, ardıcıllıqla davam etdirildi. Onların gerçəklikləşdirilməsi yollarını hərtərəfli mükəmməlliyi ilə nəzərə alan Heydər Əliyevin müstəqil ölkə üçün tərtib etdiyi ümumi inkişaf strategiyasının ən əhəmiyyətli tərkib hissəsi kimi iqtisadi tərəqqinin önəmli vəzifələrinin ardıcıl olaraq mərhələ–mərhələ həyata keçirilməsi öz gözlənilən böyük nəticələrini verdi.

Azərbaycan iqtisadiyyatının davamlı inkişafı böyük əzmkarlıqla davam edir. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması və onun ölkə Prezidenti tərəfindən təsdiq edilməsi bunun əyani sübutudur. Ölkənin real imkanlarını nəzərə alaraq qarşıdakı 10 ildə ÜDM–in həcmi daha 2 dəfə artacaqdır. Bu əsasən sənayenin, kənd təsərrüfatının, informasiya–kommunikasiya texnologiyalarının, turizmin və qeyri–neft sektorunun başqa mühüm sahələrinin daha güclü inkişafı nəticəsində təmin ediləcəkdir. Qeyd edilməsi xüsusilə çox vacibdir ki, bu dövr iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin müxtəlif sahələrini əhatə edən respublikada 500–dən artıq müəssisə tikiləcəkdir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müstəqilliyin qarşıdakı təkcə 10 ilində yaradıcılıq sənaye müəssisələrinin sayı Sovet İmperiyasının bütöv 71 ilində istismara verilən sənaye müəssisələrinin miqdarına, demək olar ki, bərabərdir. Bu, həm də Azərbaycanın daha güclü dövlətə çevrilməsi imkanlarının hələ xeyli çox böyük olduğunu bir daha ehtiva edir. Ümumiyyətlə, Azərbaycanı əksər ölkələrdən fərqləndirən mühüm üstünlüklərdən biri də ondan ibarətdir ki, ölkə ən zəruri iqtisadiyyat sahələrinin lazımi səviyyədə inkişafı üçün kifayət qədər müxtəlif sərvət ehtiyatlarına malik olmaqla, onların ərazi üzrə paylanması da kafi dərəcədə qaneedicidir. Hər məkanda yerli sənaye ehtiyatları iqtisadi inkişafın əsas həlledici amilini təşkil edir. Uzun tarixi ədalətsizliklərin nəticəsi olaraq belə imkanlar müqabilində imperiyalar dövründə Azərbaycan regionlarının qeyri–bərabər inkişafının, onların iqtisadiyyatının quruluşunda sənayenin zəif təmsil olunmasının müstəqillik illərində nizamlanmasına başlanması ilə bu son dərəcə əlverişli şərait indi uğurla istifadə edilir. Karbohidrogen sərvətlərinin zəngin ehtiyatlarının istifadəsi nəticəsində yüksək iqtisadi potensiala malik Abşeron iqtisadi regionu yaranmış, müxtəlif filiz yataqları və başqa təbii sərvətlər əsasında Gəncə–Qazax iqtisadi regionu ölkənin ikinci mühüm sənaye mərkəzi kimi təşəkkül edir.

Azərbaycanın əksər iqtisadi regionlarında istehsalın inkişaf amillərindən olan kənd təsərrüfatının müxtəlif sənaye xammal ehtiyatları daha çox əhəmiyyətli hesab olunur. Onların içərisində qarşıdakı illərdə həm qeyri–neft sektorunun, həm də regionların inkişafı baxımından miqyaslı genişlənməsinin həyata keçirilməsi imkanları xüsusilə böyükdür. Belə çoxlu istehsal sahələrindən, ölkəmizin qədim ənənəvi sənaye qollarından biri—təkcə çoxşaxəli yüngül sənayenin timsalından görünür ki, (xammalın ilkin emalı, toxuculuq, tikiş, ayaqqabı istehsalı və s.) onun təkcə ancaq əvvəlki səviyyəsinin bərpası hesabına inkişafı bütövlükdə respublikada iqtisadiyyatın xeyli artımını təmin edəcəkdir.

Heç az əhəmiyyət daşımayan bir mühüm məsələ də bu cəhətdən nəzərdən qaçırılmamalıdır ki, onun lazımi səviyyədə inkişafı eyni zamanda respublikanın sahəcə ən böyük regionu olan Aran, habelə Gəncə–Qazax, Naxçıvan, Şəki–Zaqatala və başqa regionlarının iqtisadi həyatında böyük dönüş yaradacaqdır. Yaşlı nəslin yaxşı yadındadır ki, uzun illərlə Azərbaycanın yüngül sənaye xammal resurslarının əsasən başqa yerlərdə emalının məhdudlaşdırılması məhz keçən əsrin 70–80–ci illərində Heydər Əliyevin inadlı cəsarəti ilə respublikanın özündə onun geniş imkanlarından hərtərəfli istifadə edilməyə başlandı. Bu fəaliyyətin çox böyük önəmli nəticəsi onunla yekunlaşdı ki, artıq 1985–ci ildə yüngül sənaye məhsul istehsalına görə Azərbaycan sənayesinin quruluşunda ikinci yeri (20 faizdən çox) tuturdu, onun müəssisələrində regionlarda on minlərlə işçi çalışırdı. Məlum səbəblər üzündən tənəzzülə uğrayan bu sahə 2011–ci ilin məlumatına görə Azərbaycan sənaye məhsulunun hələlik cəmisi 1 faizini verir və bu gün Azərbaycana gətirilən malların tərkibində idxal olunan toxuculuq məmulatlarınının, habelə ayaqqabı və başqa yüngül sənaye mallarının böyük həcmdə 83 milyon dollardan çoxdur. Halbuki insanların həyatında çoxişlənən bu malların ən əsas xammal növlərinin kifayət qədər artırmaq imkanına malik olan Azərbaycan və onun çoxmilyonlu əhalisinin böyük tələbatı əsasında yüngül sənaye elə yüksək səviyyədə inkişaf edə bilər ki, yerli ehtiyacı ödəməklə yanaşı, ölkə dünya bazarlarında özünün rəqabətə davamlı müvafiq ucuz məhsulları ilə tanına bilər.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, hər hansı bir sahənin inkişafı heç də həmişə bəzən təkcə ölkə iqtisadiyyatının təkmilləşdirilməsi zəruriyyəti ilə şərtlənmir, həm də bu sahələrin özlərinin növbə ilə inkişafı üçün əlverişli imkanların və şəraitin yaranması da lazımdır. Bu gün Azərbaycanın, xüsusilə regionların sənaye potensialının müxtəlif sahələrinin, ilk növbədə isə yüngül sənayenin əhəmiyyətli dərəcədə gücləndirilməsinin belə zəmini artıq mövcuddur. Hər şeydən əvvəl, ölkənin böyük maliyyə resursları, onun iqtisadiyyatının inkişafına sərmayə qoyuluşunda daxili investisiyaların həlledici əhəmiyyət kəsb etməsi bu cəhətdən xüsusilə önəmlidir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində respublika iqtisadiyyatını dirçəltmək və inkişaf etdirmək naminə bəzən ölkə xarici şirkətlərə müəyyən güzəştlərə gedirdisə, indi bizimlə əməkdaşlıq edənləri artıq milli maraqlarımıza uyğun olaraq əsasən özümüz seçirik.

Respublikanın bu gün iqtisadi inkişafını lazımi səviyyədə inkişaf etdirmək üçün həm də çoxlu şirkətlər, o cümlədən Dövlət investisiya şirkəti, səhmdar cəmiyyətlər, özünün 5 mindən çox sahibkarlıq subyektləri, həmçinin 50–yə qədər assasiyanı birləşdirən, habelə bütün regionları əhatə edən 10 ərazi nümayəndəliyi olan Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Sahibkarlığa Kömək Milli Fondu və s. böyük fəaliyyət göstərir. Artıq onlar ölkədə çox böyük layihələrin həyata keçirilməsinə tamamilə qadirdilər. Bu fəaliyyəti ildən–ilə gücləndirmək üçün regionların sosial–iqtisadi inkişafının iki dövlət proqramı əsasında ölkə ərazisinin bütün hissələrində infrastruktur sistemi şəbəkələrinin yeniləşməsi, genişləndirilməsi və müasirləşdirilməsi nəticəsində hər yerdə son dərəcə əlverişli biznes mühiti yaradılmışdır.

Qeyri–neft sektorunun regionlarda iqtisadiyyatın yüksək səviyyədə artımını təmin etmək imkanına malik mühüm istehsal sahələrindən biri olan yüngül sənayenin respublikada son zamanlar inkişafı üçün şərait də nəzərəçarpacaq dərəcədə xeyli artmışdır. Hazırda ölkədə bu sahənin sürətli inkişafına başlamaq imkanı xüsusilə xeyli əlverişlidir. İndi, müxtəlif ərazilərdə 177–ə qədər yüngül sənaye müəssisəsi fəaliyyət göstərir. Hələlik onların 140–dan çoxunu və ya 79 faizini kiçik müəssisələr təşkil edir. Onlarla bərabər, qarşıdakı 10 ildə yüngül sənayenin mövcud sahələrinin məhz iri müəssisələrinin fəaliyyətə başlaması ilə regionların sosial–iqtisadi inkişafında əsaslı dönüş yaranacaqdır. Həm də qeyd etmək çox vacibdir ki, məsələnin həllinin səmərəsini xeyli artıran və sürətləndirən müstəsna əlverişli şərait də vardır. Vaxtilə bu sahənin yaradılmış iri müəssisələri indi də durur. Sadəcə olaraq, son elmi–texniki naliyyətlərə əsaslanaraq, onları yeni texnologiyalarla silahlandırıb fəaliyyətlərini bərpa etmək lazımdır.

İri müəssisələrin məhsuldar qüvvələrin inkişafına əsaslı təkan verən imkanları barədə fikir ölkə başçısı cənab İlham Əliyev tərəfindən də həmişə dəstəklənmişdir. Cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı yekun nitqində hörmətli Prezident bir daha xatırlatmışdır ki: “Əlbəttə, bizə irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox lazımdır. Çünki bu bizim qeyri–neft istehsalımızı artıracaq, böyük iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaranır…. orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçik və orta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər”.

Məlumdur ki, dünyanın qabaqcıl ölkələrinin sahmanlı iqtisadi inkişafının ən bariz əlaməti onların sənayesinin quruluşunda emal sənaye sahələrinin önəmli yer tutmasıdır. Qeyri–neft sektorunun mühüm sahələrindən olan yüngül sənayenin tələb olunan yüksək inkişafı respublika sənayesinin quruluşunda emal sənaye sahələrinin xüsusi çəkisini daha da artıracaqdır. Azərbaycan şəraitində bu sahələrin lazımi səviyyədə inkişafı əmək ehtiyatları sürətlə artan respublikada məşğulluğun səmərəli tənzimlənməsində əhəmiyyəti çox böyükdür. Çünki qeyri–neft sektorunun əksər sahələri, xüsusən yüngül sənaye yüksək əmək tutumluluğu ilə səciyyələnirlər. Bunu respublikanın öz timsalından da aydın görmək olar. Statistik materiallar göstərir ki, 2011–ci ildə Azərbaycanın mədənçıxarma sənayesində bir milyon manatlıq məhsul istehsalına orta hesabla cəmisi 1,3 nəfər işçi tələb olunmuşdursa, emal sənaye sahəsində bu məqsəd üçün 14 nəfər (10 dəfədən çox) işçi cəlb edilmişdir.

Qeyri–neft sektorunun regionlarda çoxşaxəli və miqyaslı inkişafı əmək ehtiyatlarının təşəkkül etdiyi regionlarda onları istehsala cəlb etməklə məşğulluğun artırılmasına, bununla da ölkə ərazisi daxilində əhalinin daha səmərəli məskunlaşmasına səbəb olmaqla əhalinin paytaxda həddən artıq sıxlığının da qarşısı qismən alınar. Digər tərəfdən, regionlar arasında ümumi sosial–iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin xeyli azalması təmin edilər.

Nəhayət, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetiriləcəyinin fərəhli nəticələrindən biri də ondan ibarət olacaqdır ki, respublikamız bu dövr adambaşı ÜDM istehsalına (13 min ABŞ dolları) görə dünyanın yüksək gəlirli qabaqcıl ölkələri səviyyəsinə qalxacaqdır.

Qısa müddət ərzində ölkəmizin müstəqilliyi sayəsində baş verən bu heyranedici uğurların kökü bütün imkanlardan məqsədəuyğun istifadə edilməsi, habelə dünya ölkələrinin qabaqcıl təsərrüfat sisteminə qovuşması və mütərəqqi beynəlxalq əməkdaşlıq təcrübəsindən istifadə əsasında onun iqtisadi inkişafının milli maraqlara cavab verən Heydər Əliyev kursuna söykənən düzgün seçilmiş səmərəli istiqamətlərinin icrasının yüksək siyasi iradə ilə təşkili və idarəolunmasının müsbət nəticəsindədir. Bu uğurların əsas mahiyyətini cənab İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda məhsuldar qüvvələrin artım istiqamətlərinin dönməz olduğunun təsdiqini ölkə başçısının giriş nitqində söylədiyi fikirlərlə tamamlamaq yerinə düşər: “…Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri–neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda enerji məsələlərinin həlli həm neft, həm də qaz hasilatı ilə bağlı regional lahiyələrimiz gündəlik həyatda daim diqqət altındadır”.

 

 

Asəf Nadirov,

akademik.

 

Respublika.- 2013.- 7 mart.- S. 2.