Regionların
inkişafında sahibkarlığın önəmi artır
Azərbaycanda
sahibkarlığın inkişafı iqtisadi
siyasətin prioritet istiqamətlərindən
biridir. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin
daha da genişləndirilməsi,
özəl sektora dövlət dəstəyinin
artırılması, sahibkarların hüquqlarının
müdafiəsi istiqamətində işlər uğurla
davam etdirilir. Əvvəlki illərdə olduğu kimi 2012–ci ildə də sahibkarlığın maliyyə
təminatı yaxşılaşmış, güzəştli
kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 2400 sahibkara 218 milyon
manat güzəştli kredit
verilmişdir ki, bunun da 128 milyon
manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər
hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun,
32 faizi isə sənaye və turizmin inkişafına
ayrılmışdır. Ölkəmizdə
sahibkarlığın inkişafı ilə bağlı
aparılan siyasətin önəmini vurğulayan
Prezident İlham Əliyev
bildirib ki, bölgələrdə
gedən böyük quruculuq
işləri, infrastruktur layihələri
sahibkarlıq üçün
gözəl zəmin yaradır: “Son illər
ərzində Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə sahibkarlara
güzəştli şərtlərlə 1 milyard
200 milyon manat kredit verilmişdir. Bu kreditlər vasitəsilə icra
edilən layihələr, əlbəttə ki,
eyni zamanda
sahibkarların öz vəsaiti hesabına
da icra edilir.
Yəni biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük”.
Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi önəm və ölkəmizdə, o cümlədən regionlarda bu sahədə həyata keçirilən iqtisadi siyasət: biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına böyük töhfələr verir.
Hazırda sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on line rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.
2012–ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş 94 istehsal emal və infrastruktur müəssisə fəaliyyətə başlamışdır ki, bunun da 84–ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə–tərəvəz emalı müəssisəsi, 10–u isə digər sənaye sahələridir. Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodunun tikintisi aparılır. Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, “Ağstafa Aqroservis” müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır.
“Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinq verilmiş rayon aqroservis filiallarının maddi–texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir.
Sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermişdir. Maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələrinin istismara verilməsi hesabına yüzlərlə yeni iş yerləri açılmışdır. Eyni zamanda Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.
Dövlət başçısı İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasəti, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunun inşası artıq öz müsbət nəticələrini verir. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalını və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətinin sabitləşməsinə səbəb olmuşdur.
2012–ci ildə ölkədə quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmışdır. Ölkədə özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmışdır. Yaxın 2–3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün əsaslı zəmin yaradılmışdır. Ötən il yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı istifadəyə verilmişdir. Cənab İlham Əliyevin ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyi vəzifənin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
Ötən il kənd təsərrüfatına aid torpaqlarda yeni kollektor–drenaj şəbəkələri, yeni suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur–Abşeron kanalının yenidən qurulması davam etdirilir.
Bütövlükdə, Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmışdır. Belə ki, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq qeyri–neft ixracını artırmışdır.
Kənd təsərrüfatına, fermerlərə, sahibkarlara dəstək üçün yerli icra orqanlarının daha da ciddi fəaliyyətinin vacibliyini vurğulayan cənab İlham Əliyev bildirib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. “Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Şükür Əlizadə
Respublika.- 2013.- 7 mart.- S. 1.