Azərbaycanda faydalı qazıntıların axtarış və kəşfiyyat istiqamətləri

 

Bağmanov Məcid Alı oğlu 1930–cu ildə Azərbaycanın Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. 1953–cü ildə mühəndis–geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji–kəşfiyyat fakültəsini bitirmişdir. 1954–1957–ci illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxumuşdur. 1958–ci ildə “Dağlıq Talışın Paleogen çöküntüləri (biostratiqrafiya)” mövzusunda namizədlik, 1984–cü ildə isə “Alt Paleogenin stratiqrafik şkalası və Kiçik Qafqazın şərqinin Alt Paleogen çöküntüləri” mövzusunda doktorluk dissertasiyaları müdafiə etmişdir.

Alim uzun illərdir Yer kürəsi quruculuğu suxurlarının öyrənilməsi üzərində işləyir. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb, AMEA Geologiya İnstitutu Paleontologiya və Stratiqrafiya şöbəsinin baş elmi işçisi, geologiya–mineralogiya elmləri doktoru Məcid Bağmanova müraciət etdik.

 

—Siz hansı problem üzərində işləyirsiniz?

—Mən Azərbaycanın Paleogen çöküntülərinin paleontologiya və stratiqrafiyasını öyrənirəm. Bura layların ilk yatım formasını, yəni əmələ gələn zamankı vəziyyətini bərpa etmək, paleontologiyasını öyrənmək, ardıcıl olaraq yaşlarına görə biri–birindən fərqləndirmək və tərkibindəki üzvü və qeyri–üzvi xüsusiyyətlərinə görə qruplaşdırıb yerli laydəstələrinə, horizontlara bölmək və dünya stratiqrafiya şkalası mərtəbələri üzrə bölmək aiddir. Toplanan material imkan verirsə, sistematika, ümumi şkala və digər nəzəri məsələlər barədə fikir yürütmək mümkün olur. Azərbaycan materialı rəngarəngdir, böyük stratiqrafik əhəmiyyətli fauna qruplarını əhatə edir, dünyada yeganədir.

—Bu problem Azərbaycana nə verəcək?

—Azərbaycan təbii sərvətlər ölkəsidir desək, yanılmarıq. Rəngarəng, faydalı qazıntılar Yerin inkişaf mərhələlərinə uyğun vaxtaşırı əmələ gəlmiş və məhdud sahələrdə paylanmışdır. Faydalı qazıntıların axtarış və kəşfiyyat işlərinin düzgün aparılması onların yaşının düzgün təyinindən asılıdır. Məsələn, Eosen epoxasının 8,6 milyon il davam edən Lütes əsri (Yerin yaşının bizdən əvvəl 40,4–48,6 milyon illər arası) zamanı əmələ gələn çöküntülərdə yerləşən neft ilk dəfə Şimali Qafqazda 27,2 milyon ilə müvafiq olan Paleosen, Eosen epoxalarının (33,9–61,1 milyon illər arası) 6 mərtəbəsini əhatə edən lay dəstəsində aşkar olunub. Halbuki neft yalnız lütes mərtəbəsinin çöküntülərində yerləşir. Lütes mərtəbəsi bütün dünyada tarix boyu düzgün ayrılmadığına görə bu neftin mərtəbə mənsubiyyətini təyin etmək mümkün olmurdu. Ona görə də Azərbaycanda, bütün Kür çökəkliyi boyu və Abşeron–Qusar dəniz kənarı və dağ ətəyi zonada, zəngin lütes neft yataqları uzun illər 6 mərtəbəni əhatə edən çöküntülərdə axtarılıb. Bu səbəbdən çox sayda lazım olmayan quyular qazılıb, yaxud neftli horizonta çatmamış qazma işləri dayandırılıb. Naxçıvan MR–də isə məhz lütes mərtəbəsinin qeyri–müəyyənliyi üzündən lütes nefti lütes çöküntüləri olmayan sahələrdə axtarılıb. Naxçıvan MR–də guya neft olmadığına görə axtarış və kəşfiyyat işləri dayandırılıb. Ancaq Naxçıvan MR–də neft var.

1964–cü ildə Kiçik Qafqazın mərkəzi hissəsində qızıl axtarışı zamanı Paleogen çöküntülərinin stratiqrafiyasının öyrənilməsi zərurətindən məni Naxçıvan MR–də işlərimi yarımçıq dayandırıb, Kəlbəcərə göndərdilər.

Beləliklə, Yerin quruluşunun və inkişaf mərhələlərinin öyrənilməsi, çöküntülərin yaşı, ardıcıllığı, mərtəbələrə bölünməsi və müqayisəsi, bütün növ faydalı qazıntılarin axtarışı və kəşfiyyatı, istismarı, yayılma sahələrinin genişləndirilməsi və digər növ geoloji işlər vahid stratiqrafiya şkalası bazasında yerinə yetirilir.

Şkala quruda–suda, qazılan hər quyuda da istifadə olunur. Şkala qüsurlu olduqda geoloji hadisələr düzgün interpretasiya olunmur, bütün növ geoloji işlərdə böyük xətalara yol verilir, nəzəriyyələrdə fikirlər haçalanır. Paleogen stratiqrafiya şkalası paleontologiya elminin beşiyi Fransada qurulub və qonşu ölkələrin paleogen mərtəbələrindən istifadə olunub. Avropada paleogen çöküntüləri fasiləlidir və fauna qrupları qitələrarası miqayisəni təmin etmir. Bu səbəbdən alt paleogenin 6 mərtəbəsi əvəzinə təklif olunan 30–dan çox mərtəbənin hamısı qüsurludur, onların arasında standartın tələbinə uyğun, yəni sərhədləri və həcmi təyin olunan mərtəbə yoxdur, böyük əksəriyyəti isə ayrı–ayrı mərtəbələrin kiçik fraqmentləridir. Ancaq vaxtaşırı bəzən uzun müddət işlənilib. Məhz buna görə çöküntülər nəinki bütün dünyada, hətta mərətəbələrin vətəni Avropa ölkələrinin özündə belə, bu yararsız və qeyri–müəyyən mərtəbələrə görə çox uzun illər düzgün müqayisə olunmayıb və çox müxtəlif yaşlı çöküntülər eyniləşdirilib. Bu dolaşıqlıqları hamı görüb. Dünya alimlərinin gündəlik diqqət mərkəzində olan bəşəri şkala problemi iki əsrə yaxındır həllini tapmır, çöküntülərin uzaq və yaxın məsafədə müqayisəsi mümkün olmurdu. Daxili məsələlərin həlli üçün qabaqçıl Qərb ölkələri (Fransa, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka) əlacsızlıqdan özlərinə, keçmiş SSRİ–də isə Povoljya, Ukrayna, Karpat, Qafqaz, Orta Asiya və Uzaq Şərq regionlarının hər birinə müstəqil yerli şkalalar tərtib edildi.

Yerli şkalalar ölkələr üzrə eyni yaşlı çöküntüləri tapıb müqayisə etməyə və Yerin quruluşunu və təkamülünü öyrənməyə imkan yaratmır. Daxildə də böyük nöqsanlara malikdir. Mərtəbə bölgüsü olmayanda faydalı qazıntılar, Qafqaz lütes nefti kimi, əlavə kompleks çöküntüləri əhatə edən çoxsaylı strukturlarda axtarılır və böyük vəsaitə yataqların bir qismi kəşf olunur. Buna bənzər qüsurlar dünyanın hər yerində baş verirdi.

Bütün bu qüsurları hamı görürdü. Avropa alimləri vəziyyətdən çıxmaq üçün Paris hövzəsinin paleogen və qonşu ölkələrin istinad və digər kəsilişlərini, onların bütün faunasını yenidən total təftiş etdilər, tam dəniz fasiyalı bütöv kəsilişlər ehtimal olunan örtülü sahələrdə məxsusi elmi–tədqiqat quyuları qazdılar.

30 illik təftiş zamanı çoxsaylı təkliflər, o cümlədən bəzi mərtəbələrə verilən neo və əlavə stratotip (istinad kəsilişi) təkliflərı dəfələrlə simpoziumlarda müzakirə olundu, onlarla çox qalın əsərlər (500–1000 səhifələrlə) yazıldı. Alimlər problemin həllində bir addım da olsun qabağa gedə bilmədilər, çünki çox böyük meqaqüvvə tərəfindən aparılan təftiş bir əsr boyu olduğu kimi yenə də orta “eosen və onun bütün faunası bir mərtəbə kateqoriyasına aiddir” ideyası altında aparılırdı. Yəni tədqiqat predmeti düzgün seçilməmişdi. Əslində təkrar tədqiqatlara heç ehtiyac da yox idi, çünki bu çöküntülər 100 ildən çox müddətdə bütün üsullarla santimetrlərə qədər olduqca dəqiq öyrənilmişdi. Meqaqüvvə tədqiqatlarını eosen faunasının mərtəbə kateqoriyalı təkamül mərhələlərinə və eosen şöbələrilə mövcud mərtəbələrin həcm münasibətlərinə yönəltməli idi. Təəssüflər.

Həmin bu işdə həmçinin Avropa regionları orta eoseninin 2 mərtəbəli bölgüsü verilir. Bu bölgü sistemi 1982–ci ildən (məndən 13 il sonra) bütün dünyada qəbul olundu. Bu vaxta qədər orta eosen 1883–cü ildən təkcə lütes adlı bir mərtəbə həcmində qəbul olunurdu və Avropa ölkələrində, ən çox da Belçika və hətta Fransanın cənubunda həmin mərtəbədən yuxarıda yerləşən orta eosen çöküntüləri müxtəlif mərtəbələr adı altında bütünlüklə üst eosenə aid və bütün Avropadan kənarda, o cümlədən SSRİ–də həqiqi üst eosen çöküntüləri ilə eyni yaşlı hesab olunurdu. Avropada xaos törədən bu mərtəbə həcmcə özündən iki dəfə böyük olan Aralıq dənizi ölkələrinin iri nummulitli (fauna qalıqlarıdır) laylarla eyni həcmdə baxılırdı, yəni sərhədləri məlum olmayan müxtəlif həcmli orta eosen və onun mərtəbəsilə üzləşirdik. Bu dolaşıqlıqlar həm də faunanın müqayisə əhəmiyyətini heçə endirmişdi. 100 illik dartışmanın mənbəyi və öz həllini gözləyən məsələ bunlar idi.

—Sizin kəşfləriniz dünyada qəbul edilirmi?

—Keçmiş SSRİ–də isə Bakı konfransının (1955) qərarına əsasən bütün qabaqcıl alimlərin iştirakı ilə akademik V.V.Mennerin rəhbərliyi altında cənub respublikaların kəsilişləri çöl şəraitində kollektiv müzakirə olundu, Krım kəsilişləri etalon seçildi, ən yüksək ixtisasçılar bütün fauna komplekslərini təkrar öyrəndilər və nəhayət, Krım şkalası işıq üzü gördü (1962). Bu şkalanın eosen mərtəbələrinin heç birinin həcmi və xronoloji şkalada yeri və Avropa mərtəbələri ilə müqayisəsi düzgün təyin edilmədi. Yararsız Krım şkalası mərtəbələrinin 25 ildən çox müddətdə tətbiqi ilə aparılan regionlar və qitələrarası korrelyasiyada yenə də çox müxtəlif yaşlı çöküntülər sinxronlaşdırıldı. SSRİ–də də tədqiqat predmeti düzgün seçilmədi və bir addım da olsun qabağa gedə bilmədilər. Krım əməliyyatı əslində yararsız Paris şkalasının dəniz fasiyalı surətini çıxarmaq cəhdi idi, mərtəbələrin uğursuz müqayisəsi isə Avropa şkalalarının kifayət dərəcədə mənimsənilməməsilə bağlıdır.

İlk dəfə orta eoseni 2 mərtəbəyə bölmüşəm (1969). Qərbdə intensiv təftiş və Krım şkalasının yekdil qəbulu və kəsilişlərə qızğın tətbiqi çağında Naxçıvan MR tədqiqatları göstərdi ki, orta eosen faunası həqiqətdə mərtəbə kateqoriyalı iki mərhələyə uyğundur. Yəni orta eosen iki müstəqil mərtəbədən ibarətdir və bütün dünyada açıq–aydın izlənilir, sadəcə, onu görməyiblər. Bu, çox böyük kəşf mənimdir və 13 ildən sonra, 1982–ci ildən orta eosen bütün dünyada iki mərtəbəli sistemlə bölünür: Lütes yalnız alt mərtəbədir, hər yerdə çox tez–tez işlənən və üst eosenə aid olunan xırda Avropa “mərtəbələri” orta eosenin paradaş adlandırdığım üst mərtəbəsinə aiddir. Ekvatorial zonanın orta eosen çöküntüləri isə faunasına görə asanlıqla həmin iki mərtəbəyə bölünür və qlobal müqayisə olunur. Bununla da eosen problemlərinin 3 kateqoriyası: orta eosen və lütes mərtəbəsinin həcmlərinin sünü olaraq bərabərləşdirilməsi, lütes mərtəbəsinə səhvən 3, digərlərinə 4–5 müxtəlif həcm verilməsi, müxtəlif yaşlı mərtəbələrin eyniləşdirilməsi ilə bağlı problemlər avtomatik olaraq birdəfəlik aradan götürüldü və 100 illik fasiləsiz sürən qızğın mübahisəyə son qoyuldu. Yeri gəlmişkən, paradaşla əlaqədar olaraq 1969–cu ildə Qərb ölkələrində etdiyim düzəlişlər son 30 ildə özləri tərəfindən təsdiqlənir.

Orta eosenin kardinal probleminin həllindən sonra onun üst hissəsi üçün ilk dəfə paradaş mərtəbəsini təklif etmişəm. Ən önəmlisi odur ki, paradaş mərtəbəsi Aralıq dənizi ölkələri eosen faunası ilə zəngindir, öz stratotip faunasına görə orta eosenin və onun mərtəbələrinin sərhədlərini birmənalı təyin edir, Araz zonası fauna qrupu öz aralarında uzlaşmayan ekvator boyu, okeanlar, postsovet məkanı fauna qruplarına keçidi və zonaların mərtəbələrdə yerini və müqayisəsini təmin edir, aydın əlaqələr yaradır, dünyada yeganədir. Bu üstünlüklər başqa heç bir mərtəbədə yoxdur.

Eosen problemi postsovet məkanında o qədər çətinliklər törədib ki, rus alimləri paradaş mərtəbəsi probleminə bir neçə dəfə təkrar qayıdıblar. Akademik V.V. Menner (1983) elm korifeyi fransız Bussakın (1912) Avropa şkalası üzrə təklifini və Krım şkalasını yenidən təhlil edir və paradaş mərtəbəsinə üstünlük verir, 1987–ci ildə isə SSRİ İSK Paleogen Komissiyasında paradaş mərtəbəsinin hər yerdə işlənməsi haqqında məsələ qaldırır. Qafqaz geologiyasının atası kimi tanınan akademik K.N.Paffenhols (1979) qeyd edir ki paradaş mərtəbəsinin tətbiqi bir çox mübahisələrə son qoyur, geoloji planalma işlərini asanlaşdırır. Rusiya Akademiyası alimləri ermənilərlə birgə paradaş mərtəbəsini yerində yoxlamaq üçün Naxçıvan MR Paradaş kəndinə gəlir, kəsilişləri bir neçə mövsüm məxsusi öyrənir və paradaş mərtəbəsi üçün sadaladığım bütün üstünlükləri razılıq hissi ilə xüsusi vurğulayırlar. Onlardan biri—Rusiya İSK (İdarələrarası Stratiqrafiya Komiteti) Paleogen Komissiyasının sədri A.M.Axmetyev (2011) bu barədə öz qeydlərini edir.

Bütün bunlar haqqında 2011–ci ilin noyabrında ümumrespublika seminarında geniş məruzə etmiş və eosenin vahid stratiqrafiya şkalasını tərtib etmişəm. Bütün dünyada işlənilir. Mərtəbə stratiqrafiya elminin ən vacib və mürəkkəb məsələsidir, dünyəvidir, hər kəsin diqqət mərkəzindədir, daim nizamlanır. Qüsurları çox olan mərtəbələr bəzən ləğv, başqası ilə əvəz, təkrar qəbul olunur. Biri iki yerə bölünür, biri digəri ilə birləşdirilir və s. Bu səbəbdən indiyə qədər eosenə 4 mərtəbə əvəzinə 20–dən çox mərtəbə qəbul olunub və işlənilib.

1980–ci ildə tərtib etdiyim 4 mərtəbəli eosen sistemi bugünə qədər dayanıqlıdır. Krım şkalası quruculuğunun rəhbəri akademik V.V.Menner mənim monoqrafiyamda (1980) göstərilən Krım şkalasının (mərtəbələri istinad şərtlərini ödəmir, faunası geniş müqayisə imkanı yaratmır, Avropa mərtəbələri ilə düzgün müqayisə olunmur və s.) və Avropa şkalalarının qüsurları, Haxçıvan MR paleogen faunasının tərkibi, orta eosenin 2 mərtəbəli bölgüsü ilə redaktor kimi tanış olduqdan dərhal sonra Krım şkalasının statusu dəyişdirilir, yəni ləğv edilir.

 

 

Qələmə aldı: N.CAVADOV

 

Respublika.- 2013.- 8 mart.- S. 11.