Təhsildə
uğurlarımızı davam etdirəcəyik
Bu gün Sumqayıtda 17–ci mikrorayon ərazisində müvəqqəti sığınacaq tapıb məskunlaşan, həmvətənlərinin dəstək, yardımına güvənən Azərbaycanın görkəmli simalarından olan İsmət Qayıbov adına Qubadlı rayonunun Saray kənd tam orta məktəbi onlara göstərilən bu isti münasibət, qayğı və nəvazişdən, bitib tükənməyən sədaqətdən istifadə edərək öz iş fəaliyyətini, təlim–tərbiyə prosesini müasir dövrün tələbləri baxımından quran, onu inkişaf etdirən tədris ocaqlarındandır. Məktəb çox zəngin tarixi keçmişə və möhkəm ənənələrə malikdir. O, qabaqcıl tədris ocağıdır və yenilik, uğur mənbəyidir. Buna imkan verən təlim–tərbiyənin, tədrisin möhkəm təməl üzərində, yeni tələblər səviyyəsində qurulması, onun uğurla inkişaf etdirilməsidir. Məktəbin direktoru Nüşabə Hüseynova ilə görüşüb söhbət edərkən o, bu məkanda yerləşib müvəqqəti sığınacaq tapan, lakin inamını itirməyən, gələcəyə nikbin nəzərlərlə baxan və qaçqın həyatı yaşayan bu tədris ocağının təhsil sahəsində, qazandığı uğurlu göstəricilərdən, həyata keçirilən həlli vacib, zəruri tədbirlərdən və perspektivdə duran başlıca vəzifələrdən danışdı:
—Məktəbin binası yenidir və onun 2008–ci ildə istifadəyə verilməsi ilə keçən əsrin 90–cı illərinin əvvəllərində mövcud olmuş problemin birdəfəlik aradan qaldırılmasına, uğurla yoluna qoyulub öz həllini tapmasına geniş şərait yaradılmışdır. Sumqayıta pənah gətirib köçkün həyatı yaşayandan tədrisə heç uyğun gəlməyən 5 nömrəli məktəbəqədər müəssisə–uşaq bağçasının binasında çətinlik və acı məhrumiyyətlərə dözərək pedaqoji fəaliyyət göstərmişik. Burada mövcud sinif otaqlarının çox darısqal olması və digər obyektiv səbəblər, sözsüz ki, təlim–tərbiyənin keyfiyyətinə, onun normal təşkilinə öz mənfi təsirini az göstərməmişdir. Rayon İH–in təşəbbüsü və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən, təlimin keyfiyyətini yüksəltməyə xidmət edən yeni ikimərtəbəli məktəb binasının tikilib istifadəyə verilməsi problemin həllinə yardımçı olmuşdur. Böyük xeyirxahlığa, bizə göstərilən bu təmənnasız qayğıya görə əlaqədar təşkilatlara öz dərin minnətdarlığımızı bildirirəm. Bu, köçkünlərə göstərilən qayğının parlaq ifadəsidir. Hazırda məktəbimizdə 150 şagird dəsrlərini çox işıqlı, müasir otaqlarda keçir. Məktəblilərin təlim–tərbiyəsi, gələcək müstəqil həyata, cəmiyyətə hazırlanması, onların Vətənə, bu torpağa layiq övladlar qismində yetişdirilməsi üçün 22 pedaqoq bu istiqamətdə tükənməz enerjisini əsirgəmir.
Onu deyim ki, yeni məktəb bütün pedaqoji və şagird kontingentinə təzə ruh, xoş ovqat və sönməz ab–hava gətirməyə, fəaliyyətdə qətiyyətlilik göstərməyə səbəb olmuşdur. Biz ilk növbədə məktəbə şagird qəbuluna, köçkün soydaşlarımızın tədrisdən yayınmamasına nəzarəti gücləndirmişik. Pedaqoji kollektivin hər bir üzvü təlim–tərbiyənin əsas meyarı olan keyfiyyətin durmadan yüksəldilməsi, onun möhkəm bünövrə üzərində qurulması, inkişafı üçün öz bilik və bacarığını əsirgəmir, bu işıqlı yolda var qüvvəsini sərf edir. Yeni pedaqoji metod və təlim–tərbiyə texnologiyası, onlardan səmərəli istifadə olunması məktəbimizə də geniş yol tapmışdır. Biz müasir tələblərə uyğun olaraq, möhkəm, sarsılmaz məktəb–valideyn münasibəti qurmuşuq, sıx əlaqə, ünsiyyət yaratmışıq və onun sağlam təməl üzərində inkişafını davam etdiririk. Pedaqoq və şagirdlər arasında da normal, sağlam psixoloji–mənəvi mühit yaradılması istiqamətində işi gücləndirmişik. Bütün bunların nəticəsi kimi, məktəb çox dinamik inkişaf, yüksəliş mərhələsindədir. Təhsil uğurlarımızı da ilbəil artırırıq. Yalnız onu deyim ki, son beş ildə məktəbimizi uğurla bitirən, müstəqil həyata qədəm qoyan məzunlardan 17–si 500–700 bal toplayaraq respublikanın müxtəlif ali tədris müəssisələrinə daxil olmuşdur. Bu, sözsüz ki, uğurlu göstəricidir və məktəbdə təlim–tərbiyənin inkişafına, şagirdlərə dərin, əsaslı bilik, savad verilməsinə, onların elmin sirlərinə mükəmməl yiyələnməsinə əyani sübutdur. Bundan sonra da təhsil uğurlarını inamla davam etdirmək əzmindəyik. Buna bu tədris ocağında yaradılmış real imkan və şərait əsaslı təminat verir.
Tədris ili ərzində ayrı–ayrı siniflər üzrə müxtəlif fənlərdən monitorinqlər və digər nəzarət formalarının həyata keçirilməsi, tətbiqi və ona ciddi riayət olunması bir ənənə şəklini almışdır. Bundan əlavə, təlim tərbiyə sahəsində alınmış nəticələrin elmi–statistik təhlilinin aparılması, onun pedaqoji kollektivdə valideyn və şagirdlərin iştirakı ilə müzakirə obyektinə, mövzusuna çevrilməsi, hərtərəfli müqayisəsi, araşdırılması da işimizin mahiyyətini təşkil edir. Odur ki, fənlər və siniflər üzrə reytinq cədvəlinin tərtibi, qaliblərin, yüksək nəticə göstərənlərin müəyyənləşdirilməsi, növbəti dərs bölgüsündə belə kriteriyaların nəzərə alınması da diqqətdən kənar deyil. Bütün həyata keçirilən bu tədbirlərin uğurlu nəticəsidir ki, məktəbimizdə təhsilə, elmə həvəs, maraq böyükdür və bu amil təlimin keyfiyyətinin ilbəil yüksəlməsinə, onun inkişafına, müsbət təsir edir. Biz təhsil uğurlarımızı bundan sonra da möhkəmləndirmək, onu müasir tələblər səviyyəsində qurmaq əzmindəyik. Buna real şərait və imkanlar var.
Söhbəti
apardı: S.Həsənli.
Respublika.- 2013.- 8 mart.- S. 10.