MÖHTƏŞƏM
UĞURLARIMIZ HƏRTƏRƏFLİ İNKİŞAFIN TƏZAHÜRÜDÜR
Azərbaycan
Prezidenti cənab İlham
Əliyev tərəfindən həyata keçirilən hərtərəfli
və məqsədyönlü siyasət nəticəsində
ölkəmizin sabit və uğurlu
inkişafı davam edir,
beynəlxalq arenada dövlətimizin
mövqeləri daha da
möhkəmlənir. Son illər ərzində
ölkədə sosial–iqtisadi
strategiyanın uğurla həyata
keçirilməsi, eləcə də bütün
sahələrdə müasir dövrün tələblərinə tam cavab verən
islahatların aparılması nəticəsində, Azərbaycan
davamlı inkişafın növbəti mərhələsinə
qədəm qoyub. Bu
da öz növbəsində,
respublikamızı Cənubi Qafqaz regionunda geniş layihələrin
həyata keçirilməsini təmin edən dövlətə
çevirib. Avratlantik məkanına inteqrasiya kursunu davam etdirən
respublikamız, hazırda beynəlxalq və regional
əməkdaşlığın mərkəzi kimi tanınır. Ümumdaxili
məhsulun artım səviyyəsinə görə Azərbaycan
dünyanın qabaqcıl ölkələri sırasında mövqeyini gücləndirir, dünya
siyasətində öz nüfuz, təsir dairəsini və
miqyasını davamlı olaraq genişləndirir.
Bakı–Tbilisi–Ceyhan neft və
Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin
istismarı dövlətimizin neft
strategiyasının məntiqi nəticəsi olaraq
beynəlxalq əlaqələr sistemində Azərbaycanın
mövqelərini daha da
möhkəmlədib, xarici investisiyalar üçün
açıq olan ölkə imicinin formalaşmasını təmin edib.
Ulu öndər Heydər Əliyevin 1993–cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün müstəqil xarici siyasətini həyata keçirməyə başlamışdır. Dövlət müstəqilliyinin sistematik möhkəmləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq hüquq və normalara riayət etməklə digər dövlətlərin daxili işlərinə qarışmamaq, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ölkəmizin milli maraqlarının qorunması bu siyasətin əsas istiqamətləri olmuşdur. Hazırda ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyev həmin strateji xarici siyasi kursa sadiqdir.
Dövlətimizin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycanın dünyadakı mövqeyi və nüfuzu siyasi təsir imkanlarından və iqtisadi qüdrətindən əlavə, zəngin Azərbaycan mədəniyyəti, onun mənəvi, intellektual və innovasiya potensialı ilə müəyyənləşdirilir. Ona görə də müxtəlif xarici ölkələrlə mövcud olan siyasi və iqtisadi münasibətlərlə yanaşı, fəal mədəni əməkdaşlıq ölkəmizin dünya ölkələri ilə qarşılıqlı faydalı münasibətlərinin qurulması kursunun əsas istiqamətlərindən biridir. Əminliklə söyləmək olar ki, mədəniyyətin, ümumiyyətlə, humanitar sahənin ölkəmizin beynəlxalq imicinin formalaşdırılmasında xüsusi rolu vardır. Bu baxımdan humanitar siyasətin uğurla həyata keçirilməsində xarici siyasətin rolu da çox önəmlidir.
Respublikamız region və dünya dövlətlərinin humanitar sahədə əməkdaşlığının inkişafında fəal rol oynayır, bu əməkdaşlığın ümumi mədəni–sivilizasiya irsinin saxlanılması və artırılması əsasında aparılmasına çalışır. Qeyd etmək lazımdır ki, Azərbaycan, özünün zəngin çoxəsrlik mədəniyyət ənənələrinə və son dövrdə nail olduğu mədəniyyət mühitinin inkişafına söykənərək dövlətlərarası ümumi dialoqa müsbət təsir etməyinə nail ola bilmişdir. Bu barədə Prezident İlham Əliyev demişdir: “Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı”.
Dövlətimizin hərtərəfli siyasət kursunda humanitar, ümumbəşəri və mədəni dəyərlərə söykənməsi özünü tam aydın şəkildə büruzə verir. Xarici mədəniyyət siyasəti sistematik əsaslar üzərində qurulub və həm yaxın, həm də uzunmüddətli perspektivə hesablanıb. Bunun əsas məqsədi regionda və dünyada milli mədəniyyətimizin təsir əhatəsini genişləndirməkdən ibarətdir. Bu siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, eləcə də ölkəmizin inkişafı və vətəndaşlarımızın həyat tərzinin yüksəldilməsinə xidmət edir. Ancaq dövlətimizin siyasəti təkcə ölkəmizin vətəndaşlarının firavan və azad yaşamasını hədəfləməklə məhdudlaşmır. Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusi olaraq qeyd edib: “İqtisadi və siyasi təşəbbüslərimiz bir məqsədi güdür: ilk növbədə, Azərbaycan xalqı daha yaxşı yaşasın. Digər tərəfdən, qonşuluqda yaşayan insanlar daim əlaqədə olsunlar. Bizim regional təşəbbüslərimizin məqsədi ondan ibarətdir ki, qonşu ölkələrlə əlaqələrimizi daha da gücləndirək. Bu gün bu belədir. Azərbaycanın qonşuları ilə çox səmimi və konstruktiv münasibətləri mövcuddur. Bütün dünya ölkələri ilə münasibətlərimiz çox sağlam zəmində qurulmuşdur. Bu münasibətlər dostluq, tərəfdaşlıq münasibətləridir, bərabərhüquqlu münasibətlərdir… Bizim hər birimiz ictimai xadimlər, siyasətçilər, cəmiyyətdə nüfuz sahibləri olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələcəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehtiyac vardır. Bu, sadəcə olaraq, bir şüar deyildir. Sadəcə olaraq, indi dəbdə olan ifadələr deyildir. Bu zərurətdir”.
Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsas istiqamətlərdən daha biri vətəndaş cəmiyyətinin qorunmasıdır. Ölkəmizdə hər bir vətəndaşın, eləcə də bütövlükdə cəmiyyətin terrorçuluqdan, o cümlədən beynəlxalq terrorçuluqdan, təbii və texnogen fəlakətlərdən və onların fəsadlarından qorunması istiqamətində böyük işlər görülür. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, vətəndaş cəmiyyəti və dövlət hakimiyyəti sisteminin təşkilindəki uğurlar, cəmiyyətimizdəki sosial–siyasi birlik, mütəşəkkil cinayətkarlığın faktiki olaraq ləğv edilməsi, terrorçuluğa qarşı görülən ciddi qabaqlayıcı tədbirlər, Azərbaycanda yaşayan bütün millət və milli azlıqlara qarşı ədalətli millətlərarası siyasət, beynəlxalq arenada dostluq əlaqələrin qurulması Azərbaycanda milli birlik ideyasının, milli maraqların təmin edilməsi siyasətinin, ölkəmizin daxili və xarici təhlükəsizliyinin təmin olunması üçün möhkəm baza və geniş imkanlar yaradır.
İqtisadi sahədə Azərbaycanın uğurları kompleks xarakter daşıyır. Bu uğurlar, ilk növbədə, ümumdaxili məhsulun sürətlə artması, investisiya və innovasiya aktivliyinin, eləcə də elmi–texniki potensialın yüksəldilməsi, aqrar sektorun inkişaf etdirilməsi, bank sisteminin balanslaşdırılması, daxili və xarici dövlət borcunun azaldılması, çoxşaxəli iqtisadiyyata keçidi, neft–qaz və enerji sektorlarda ixracın artırılması, ərzaq və digər əsas tələbat mallarının istehsalının təşkili və onların idxal asılılığının azaldılması ilə səciyyələndirilir.
Ölkənin elmi–texniki potensialının gücləndirilməsi, elmi–texniki inkişafın mühüm strateji istiqamətlərdə tədqiqatların artırılması, Azərbaycanda həyata keçirilən bütün mühüm layihələrdə yüksək ixtisaslı əcnəbi mütəxəssislərlə yanaşı, yerli mütəxəssislərin də cəlb edilməsi, intellektual mülkiyyətin qorunmasına dövlət tərəfindən göstərilən qayğı və s. son illərdə respublikamıza dünyada qabaqcıl ölkələrin sırasına daxil olmasına şərait yaratdı, xarici texnoloji asılılığımızı azaltdı və ölkənin hərbi müdafiə potensialını ən yüksək standartlara çatdırmağa imkan verdi.
Dövlətimizin ədalətli sosial siyasəti və xalqımızın zəngin mənəvi dəyərlərinə qayıdış cəmiyyətimizin müxtəlif təbəqələrində ziddiyyətlərin və sosial gərginliyin azaldımasına xidmət etməklə, ölkəmizin sosial–iqtisadi quruluşunun təkmilləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır. Sosial sferada Azərbaycan cəmiyyətinin birliyi, vətəndaşlarımızın gələcəyə əminliklə baxması, yoxsulluq şəraitində yaşayan və işsiz insanların sayının kəskin surətdə azaldılması da dövlətimizin əldə etdiyi uğurların bariz nümunəsidir.
Şübhəsiz, respublika iqtisadiyyatının hazırkı yüksək inkişaf dinamikasını qorumaq və daha da gücləndirmək məqsədilə dövlətimiz, ilk növbədə, mövcud olan əlverişli investisiyayönümlü iqtisadi mühiti möhkəmləndirmək istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir. Çünki məhz investisiyaların cəlb edilməsi istehsal miqyasının genişləndirilməsinə və iqtisadiyyatın yeni, keyfiyyətcə daha yüksək sosial–iqtisadi inkişaf səviyyəsinə çıxarmağa imkan verir. Əgər müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatına əsasən xarici investisiyalar yatırılırdısa, hazırda ölkəmiz nəinki daxili investisiya qoyuluşunu həyata keçirir, həm də qonşu ölkələrdə bir çox müxtəlif irimiqyaslı layihələrdə də əsas investor və etibarlı tərəfdaş kimi çıxış edir. Regionda iqtisadi liderliyini gücləndirmiş ölkəmiz investisiya ixrac edən ölkəyə çevrilərək son illərdə xarici ölkələrə 7 milyard dollardan artıq sərmayə yatırmışdır.
Azərbaycanda yerli investorların formalaşmasında xırda və orta biznesin inkişaf etdirilməsinin, ölkədə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması və dünya bazarında yerli məhsulların rəqabətədavamlılığının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də xüsusi qeyd olunmalıdır. Bütün bu məqsədyönlü və kompleks tədbirlər Azərbaycanda investisiya prosesləri dövlətimizin milli maraqlara cavab verən istiqamətə yönəltməyi imkan vermişdir.
Ölkəmiz hazırda özünün daxili iqtisadi potensialını gücləndirmək üçün geosiyasi və geoiqtisadi imkanlarından geniş istifadə edir. İqtisadiyyatımız innovasiyayönümlü iqtisadiyyata çevrilir, neft gəlirləri rəqabətədavamlı, çoxşaxəli və ölkənin tələbatını bütün sahələrdə təmin edə biləcək iqtisadiyyatın gücləndirilməsinə yönəldilir, yeni və müasir texnologiyalar, ən müasir istehsalat vasitələri tətbiq edilir. Gələcəkdə milli iqtisadiyyatımızı daha da böyük və irimiqyaslı investisiya layihələri gözləyir.
Tarixin bütün ağır sınaqlarından qalib çıxmağı bacaran Azərbaycan dövləti və xalqı özünün daha da firavan gələcəyini müstəqil ölkə olaraq təmin etməyə qadirdir.
Emin QASIMOV
Respublika.- 2013.- 8 mart.- S. 8.