GƏNCƏ:
İNKİŞAF VƏ QURUCULUQ TARİXİNƏ DAHA BİR
PARLAQ SƏHİFƏ YAZILDI
Gəncənin
tarix salnaməsinə daha bir parlaq səhifə yazıldı:
Qədim şəhər daha bir il ucaldı, cavanlaşdı,
onun siması şüurlara yazılan, qəlblərdə,
yaddaşlarda dərin iz buraxan hadisələrlə zənginləşdi.
“…Mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni
tanımaq mümkün deyildir. Qısa müddət ərzində
Elmar çox iş görüb. … Çox şadam ki, Gəncədə
işlər yaxşı gedir. Gözəl işlər gedir…”
—ölkə başçısının Gəncəyə səfəri
zamanı ziyalılarla görüşündə dediyi
sözlərdir. Əslində bu, Gəncədə həyata
keçirilmiş işlərə verilən çox yüksək
qiymətdir, həm də böyük etimaddır. Gəncəlilər
ölkə başçısının diqqət və
qayğısını həmişə hiss ediblər və
bütün qüvvələrini səfərbərliyə
alıblar ki, həmin etimadı əməli işlə
doğrultsunlar. Təkcə ötən il həyata
keçirilmiş nəhəng quruculuq və
abadlaşdırma işlərinin geniş mənzərəsi
bu etimadın şərəf və ləyaqətlə
doğrulduğuna ən parlaq misaldır. Gəncə qədim
tarixi simasını saxlamaqla abadlaşıb, yenidənqurma tədbirlərində
Şərq memarlığı ənənələri ilə ən
müasir Avropa memarlığının sintezinə, vəhdətinə
nail olunub.
Gəncədə
ötən ilin yekunlarına və cari ildə qarşıda
duran vəzifələrə həsr olunan fəallar
yığıncağı bu təəssüratlardan doğan
yüksək işgüzar əhval–ruhiyyə ilə
keçdi.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev nailiyyətləri ölkə başçısının qədim şəhərə diqqət və qayğısının təzahürü kimi dəyərləndirərək dedi ki, Gəncə şəhərinin ictimai–siyasi həyatında 2012–ci ilin ən əlamətdar və yadda qalan hadisələrindən olan Azərbaycan Respublikası Prezidentinin Gəncəyə səfəri çərçivəsində müxtəlif təyinatlı obyektlərlə tanışlığı, yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, Gəncənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar şəhərimizin inkişafında müstəsna rol oynamışdır. Qarşıya qoyulmuş vəzifələrin reallaşması nəticəsində şəhərin iqtisadi və sosial həyatında müşahidə olunan dinamik inkişaf 2012–ci ildə də davam etdirilməklə, qarşıdakı illər üçün də əsaslı zəmin yaratmışdır. İlin yekununa görə şəhər sənayesinin ümumi daxili məhsulda həcmi 45,8 faiz, yaxud müqayisəli qiymətlərlə 210,7 milyon manat artmışdır. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 21,9 faiz çox olmaqla, 1 min 802 manat və ya 2 min 294 ABŞ dolları olmuşdur. ümumi daxili məhsulun 65,0 faizini qeyri–dövlət bölməsi təşkil edir. Bu da əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur.
Daxili məhsulun 31,8 faizi sənayenin, 0,4 faizi kənd təsərrüfatının, 25,7 faizi tikinti–quraşdırma işlərinin, 13,2 faizi nəqliyyatın, 1,0 faizi informasiya və rabitə sahələrinin, 27,9 faizi ticarət və xidmət sahələrinin payına düşür.Bu məhsulun 57,9 faizi iqtisadiyyatın istehsal, 42,1 faizi isə xidmət sahəsində əldə olunmuşdur.
İstehsalın 70,1 faizi özəl bölmənin payına düşmüş və onun həcmi ötən illə müqayisədə 5 dəfə artmışdır.
İl ərzində insanların maddi rifah halının yaxşılaşdırılması sahəsində də irəliyə doğru dönüş əldə edilmişdir. Şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 262,0 manat təşkil etmişdir.
İstehsal olunmuş məhsulların çeşidinə, onların əhatə dairəsinin genişliyinə görə mühüm əhəmiyyətə malik emal sənayesində istehsalın həcmi 2,8 dəfə artmış, məhsulun 76,1 faizi bilavasitə qeyri–dövlət mülkiyyətinə məxsus müəssisələrdə istehsal edilmişdir.
Ümumi istehsalın 90,0 faizi sənaye məhsulu istehsalının, 10,0 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin xeyir–duası ilə 3 mart 2008–ci ildə təməli qoyulan Gəncə DET.Al Alüminium zavodu kompleksinin illik istehsal gücü 50 min ton olan birinci fazası 21 yanvar 2012–ci ildə istifadəyə verilmiş və 640 nəfər işlə təmin edilmişdir.
Cari ildə kompleksin ikinci fazasında ildə 50 min ton alüminium istehsal edilməklə, illik istehsal gücü 100 min tona çatdırılacaqdır. Zavod ən yüksək texnoloji, ekoloji və keyfiyyət standartlarına cavab verir.
Hazırda reallaşmasına başlanılmış və həyata keçirilmiş bir sıra mühüm layihələr yaxın gələcəkdə sənaye məhsullarının strukturunda ciddi dəyişikliklər yaranmasına zəmin yaradacaqdır.
Müəssisələrdə yeni istehsal sahəsinin açılması istehsalın artımına və yeni iş yerlərinin yaranmasına səbəb olacaqdır.
Şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 175,2 milyon manatdan çox vəsait yönəldilmişdir.
İstifadə edilmiş vəsaitin 85,5 faizi bilavasitə tikinti–quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu göstərici əvvəlki illə müqayisədə 34,6 faiz çoxdur.
İqtisadi sabitlik və əlverişli investisiya mühitindən məqsədyönlü yararlanan investorlar şəhər üzrə qoyulmuş sərmayələrin 78,5 milyon manatını və ya 44,8 faizini sənayeyə yönəltmişlər.
Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 129,8 milyon manat, qeyri–dövlət mülkiyyətinə məxsus müəssisələr isə 45,4 milyon manat vəsait sərf etmişlər.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində büdcə vəsaitləri ümumi investisiyanın 68,9 faizini, müəssisə və təşkilatlar 28,5 faizini, əhalinin şəxsi vəsaitləri 1,1 faizini, büdcədənkənar fondların vəsaitləri 2,8 faizini, bank kreditləri 0,7 faizini təşkil etmişdir.
Tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 2011–ci ilin səviyyəsini 7,5 faiz üstələmişdir. Görülmüş işlərin 95,6 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 1,8 faizini əsaslı təmir, 2,5 faizini cari təmir və 0,1 faizini sair təmir işləri təşkil etmişdir.
Ulu öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha da mükəmməl öyrənilməsi, onların gənc nəslə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə çatdırılması məqsədi ilə ən müasir layihəyə əsasən faydalı sahəsi 4500 kvadratmetr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulmuşdur.
Eyni zamanda Prezident cənab İlham Əliyevin xeyir–duası ilə təməli qoyulmuş Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi muzeyinin, “İmamzadə” kompleksinin, Uşaq yaradıcılıq və Məhsəti mərkəzlərinin, Gəncə Dövlət Filarmoniyasının tikintisi sürətləndirilmişdir.
Şəhərlə yanaşı, qəsəbələrin abadlaşdırılması, yol infrastrukturunun inkişafı istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir.
Şəhərdə yaşıllıqların salınması, mühafizəsi, yeni ağacların əkilməsi və onlara qulluq göstərilməsi daim diqqət mərkəzindədir.
Bu gün nəinki şəhərin mərkəzi meydanında, eləcə də müxtəlif yerlərində 120 min ədəddən çox ağac, 96 minə yaxın mövsümü gül və çiçək əkilmiş, 11 hektar sahədə çəmənlik salınmış, 13 ədəd subartezian quyusu təmir olunaraq istifadəyə verilmişdir.
Şəhərdə bir sıra sahələrlə yanaşı, məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi istiqamətində də mühüm işlər aparılır. Görülən tədbirlərdən biri də dövlət başçısının tapşırığına əsasən Gəncə şəhərinə müxtəlif təyinatlı 7 ədəd sanitar–kommunal nəqliyyat vasitələri və 350 konteyner gətirilməsidir. Onlardan biri sudaşıyan maşın, beşi məişət tullantılarını daşıyan, biri isə çirkab sularını soran maşındır.
Məruzəçi demişdir ki, həyata keçirilən genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, dövlət başçısının Gəncə şəhərinə və əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Görülən işlərin, demək olar ki, hamısı yerli mühəndislər, ustalar, fəhlələr tərəfindən aparılır, bu obyektlərdə 800–ə yaxın işçi çalışır.
Avtomobil nəqliyyatı ilə yük daşınması isə 2011–ci illə müqayisədə 8,6 faiz artmışdır.
Şəhərdə sərnişin daşınmasında istifadə olunan istismar müddətini keçmiş mikroavtobusların iri və orta tutumlu avtobuslarla əvəz edilməsinin davamı olaraq ötən il sərnişin daşınma tələblərinə cavab verən orta tutumlu 53 avtobus alınıb, marşrutlar üzrə xəttə buraxılmışdır.
Hava nəqliyyatı ilə sərnişin və yük daşınması 2011–ci illə müqayisədə müvafiq olaraq 33,4 faiz və 16,3 dəfə artmışdır.
Telekommunikasiya idarəsi tərəfindən genişzolaqlı internet xidmətlərinin təşkili davam etdirilmiş, 254 və 255 saylı ATS–lərin hər birində internet xidməti göstərilməsi üçün 32 portluq ADSL, 256 və 257 saylı ATS–lərdə isə 48 portluq DSLM avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Şəhərin ümumi telefon şəbəkəsinin tutumu 67 min 364 nömrəyə, əsas telefon aparatlarının sayı isə 62 min 244 ədədə çatmışdır.
2012–ci il ərzində universal poçt xidmətləri üçün infrastruktur yaradılması işləri davam etdirilmiş, poçt şöbələrində ənənəvi xidmətlərlə yanaşı, valyuta mübadiləsi, beynəlxalq pul köçürmələrinin qəbulu və ödənilməsi, “elektron viza” və bir sıra qeyri–ənənəvi xidmət növləri təklif edilmişdir.
Şəhər ərazisinin fiber–ortik magistral şəbəkələrlə əhatə olunması, bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, şəhərin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanının yaradılması istiqamətində əsaslı dönüş yaradılmalıdır.
Hesabat məruzəsində ticarət və xidmət sahəsinin vəziyyəti, əhalinin pul gəlirləri, əməkhaqqı, sosial təminatı məsələləri ətraflı şərh edilmiş, əldə olunmuş nailiyyətləri daha da artırmaq məqsədilə əlaqədar qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, diqqət şəhərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlili və veteranlarına göstərilən diqqət və qayğıya yönəldilmişdir.
“1941–1945–ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” ölkə başçısının 22 aprel 2012–ci il tarixli 869 nömrəli sərəncamına əsasən Gəncə şəhərində 707 nəfərə 864 min 900 manat birdəfəlik maddi yardım çatdırılması təmin edilmiş, onlardan 55 nəfərə Böyük Vətən Müharibəsi iştirakçısı kimi 27 min 500 manat, bu qəbildən olan digər kateqoriyalı 652 nəfərə 130 min 400 manat məbləğində birdəfəlik yardım göstərilmişdir.
953 nəfər Böyük Vətən müharibəsi, 20 Yanvar və Qarabağ müharibəsi əlilləri Prezident təqaüdü alır. 6 nəfər Qarabağ müharibəsi əlilinə, 1 nəfər Böyük Vətən müharibəsi və şəhid ailəsinə pulsuz avtomobil verilmişdir.
Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 117,0 manat təşkil etmişdir. Bu göstərici 2006–cı illə müqayisədə 3 dəfə artıqdır.
Şəhid ailələri və Qarabağ əlilləri ilə yanaşı məcburi köçkünlərə diqqət, qayğı və mənəvi dayaq olmaqla, onlarla mütəmadi görüşlər keçirilir, problemləri öyrənilir, qaldırılan məsələlərin həllinə köməklik göstərilir.
İl ərzində 35–dən çox Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, həmçinin aztəminatlı ailələrə təmənnasız mərasim xidmətləri göstərilmişdir.
II Dövlət Proqramı çərçivəsində Yeni Gəncə yaşayış massivində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 9 mərtəbəli 81 mənzilli yaşayış binası inşa edilərək istifadəyə verilmişdir.
“Şəhidlər” Memorial kompleksində Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış 49 naməlum şəhid olmaqla, 369 şəhidin uyuduğu məzar vahid formada, qara mərmərdən düzəldilmiş, onların şərəfinə 22 metr hündürlüyündə, 9,2 metr diametrdə, 8 guşəli əzəmətli monumental abidə qoyulmuşdur.
Memorial kompleksin giriş hissəsinə 150 min kubmetr torpaq daşınaraq avtomobil maşınları üçün dayanacaq düzəldilmiş, uzunluğu 12,5 metr, hündürlüyü 5 metr olan 3 tağlı giriş darvazası inşa edilmişdir. Tikinti işlərində 2 min kvadratmetr üzlük aqlay daşından və 1 min 82 kvadratmetr qara mərmərdən istifadə edilmişdir.
Şəhər ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə–Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar sahədə yaşayış şəhərciyinin salınmasına başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişaf etdirilməsi şəhər icra hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet məsələlərindəndir.
Bu barədə danışan natiq demişdir ki, Gəncə şəhərində azad sahibkarlıq üçün kifayət qədər münbit şərait yaradılması, sərbəst iqtisadi fəaliyyətə geniş imkan verilməsi nəticəsində indi həm yerli sahibkarlar, həm də xarici investorlar Gəncəyə daha çox maraq göstərirlər.
Gəncə şəhərində 2012–ci il avqustun 30–da Azərbaycan–Almaniya Biznes Forumu keçirilmişdir. Tədbirdə Almaniya Federativ Respublikasının Reynland–Pfalz əyalətinin nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, yüngül sənaye, enerji, tikinti, mebel istehsalı, logistika və digər sektorları təmsil edən iş adamları da iştirak etmişlər.
2012–ci ildə şəhər üzrə 161 hüquqi və 4 min 957 fiziki şəxs qeydiyyata alınıb ki, bu iqtisadi aktivliyi səciyyələndirən mühüm göstəricilərdəndir.
Ötən müddət ərzində emal sənayesi məhsullarının istehsalı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə Gəncədə 15 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 3 milyon 862 min manat məbləğində güzəştli kredit vəsaiti ayrılmışdır, nəticədə 118 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması nəticəsində 2012–ci ildə 3 min 693 yeni, o cümlədən 3 min 248 daimi iş yeri açılmışdır.
Ümumilikdə isə 2003–cü il oktyabrın 1–dən 2012–ci ilin 1 yanvarına qədər olan dövr ərzində cəmi 22 min 942, o cümlədən 20 min 868 daimi iş yerləri yaradılmışdır.
Sahibkarların sərbəst fəaliyyətini təmin edən sağlam, əlverişli biznes mühitinin formalaşması nəticəsində məhsul istehsalının həcmində qeyri–dövlət sektorunun payı hesabat dövründə 49,2 faiz, sənayedə 70,1 faiz, kənd təsərrüfatında 99,5 faiz, tikintidə 30,5 faiz, sərnişin daşınmasında 82,3 faiz, ticarətdə 99,4 faiz təşkil etmişdir.
Gəncə Regional və Şəhər Elektrik Şəbəkələri istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə aparılan əsaslı və cari təmir işlərinə 162,0 min manat məbləğində vəsait xərcləmişdir.
İstehlakçıların istifadə etdikləri elektrik enerjisinin dəqiq uçotunun aparılması məqsədi ilə 768 ədəd müasir tipli elektrik sayğacları quraşdırılmışdır.
Uçot sisteminin təkmilləşdirilməsi istehlakçılar tərəfindən istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsində əsaslı dönüş yaratmış, istehlakçılar üzrə ümumi ödəniş 92,4 faiz, əhali üzrə 108 faiz təşkil etmişdir.
Şəhər qaz istismarı sahəsi il ərzində abonentlərə, müəssisə, idarə və təşkilatlara təbii qazın fasiləsiz və itkisiz çatdırılması sahəsində imkanların genişləndirilməsi, qaz təsərrüfatının istismara yararlı vəziyyətdə saxlanılması istiqamətində əməli tədbirlər həyata keçirmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində istehlakçılara satılan əmtəəlik qazın həcmi 2011–ci ildə 149 milyon 686 min kubmetr təşkil edirdisə, 2012–ci ildə təxminən 2 dəfə artaraq 299 milyon 260 min kubmetr səviyyəsinə çatmışdır.
İl ərzində əhali tərəfindən istifadə edilən qazın ödənişi 97,6 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 3,8 faiz çoxdur.
Şəhər əhalisinin içməli su təminatının və kanalizasiya xidmətlərinin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində reallaşdırılan tədbirlər hazırda da davam etdirilməkdədir.
Həyata keçirilən layihə çərçivəsində ilkin mərhələdə Göygöl su mənbəyindən çəkilən 24,5 kilometrlik, en kəsiyi 500 millimetrlik magistral su xəttinin 23,8 kilometrlik hissəsi tikilib, magistral su xəttinin üzərində həcmi 4 min kubmetrlik olan su anbarının inşası üzrə əsas işlər isə yekunlaşmaqdadır.
Qızılqaya su mənbəyindən şəhərə qədər çəkilən 2 min 100 metrlik, en kəsiyi 700 millimetrlik su xəttinin çəkilişi başa çatıb. Layihəyə uyğun olaraq burada tikilən ümumi tutumu 5 min kubmetr olan 1 ədəd yeni su anbarının inşası üzrə işlər 20 faiz həcmdə yerinə yetirilmişdir.
Layihə çərçivəsində Gəncə şəhərində ümumi tutumu 39 min kubmetr olan 4 ədəd su anbarı tikilməklə müxtəlif diametrli borularla 725 kilometr uzunluğunda paylayıcı su xətti, 600 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, bütün ünvanlarda birləşdirmə aparılacaq və su sayğacı quraşdırılacaqdır.
Hesabat ili şəhərin təhsil sisteminin maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə əlamətdar olmuşdur.
Bu gün Gəncə şəhərinin bütün təhsil müəssisələrində ən müasir kompyuter avadanlıqlarından istifadə olunur. 1 min 104 ədəd kompyuter dəsti quraşdırılmış, hər 33 şagird bir dəst kompyuterlə təmin olunmuşdur. Məktəblərdə istifadə olunan kompyuterlərin hamısı internetə qoşulmuşdur.
Məktəblərin və məktəbəqədər tədris müəssisələrinin inventar və avadanlıqlarla tələbatını təmin etmək üçün lazımi avadanlıqlar gətirilmiş, altı məktəbdə müasir istilik sistemi quraşdırılmış, ümumilikdə 20 müəssisənin istilik qazanxanalarında təmir–bərpa işləri aparılmışdır.
Mühüm göstəricilərdən biri də gənclər arasında hərbi təhsilə marağın güclənməsidir. Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinə diqqətlə yanaşılır və hər il “Cəsurlar” və “Şahin” hərbi idman oyunları keçirilir. Onların hərbi məktəblərə marağının artırılması istiqamətində görülən işlərin nəticəsində bu il 36 nəfər xüsusi təyinatlı Ali Hərbi məktəblərə, 30 nəfər isə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdur.
Gəncə şəhərində elmi–tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi–texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsi haqqında” sərəncamına əsasən Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılması nəzərdə tutulur.
Şəhər səhiyyə idarəsi tərəfindən əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, müasir standartlara cavab verməsi onun maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlər hesabat dövründə də davam etdirilmişdir.
Gəncə şəhər Onkoloji Xəstəxanasında şüa müalicə kabinetində rekonstruksiya və əsaslı təmir işləri aparılmaqla, “Şüa müayinəsi” bölməsi yaradılmışdır. Bölmədə kompyuter–tomoqraf–simulyator, “Siemens” istehsalı olan “Somatom emotium 6″ aparatı, mammoqraf quraşdırılmışdır. Səhiyyə Nazirliyi tərəfindən bu il ərzində şəhərin tibb müəssisələrinə 2 ədəd 3 kanallı EKQ aparatı, 1 ədəd İFA analizator, 2 avtoklav, 3 hemotoloji analizator, Gəncə Onkoloji Xəstəxanasına “Rum–7″ rentgen müalicə aparatı, kardioloji xəstəxanada “Tredmil” aparatı quraşdırılaraq istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Dövlət siyasətinin əsas prioritetlərindən biri olan mədəniyyət ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi, tarixi–mədəni, ədəbi–bədii və elmi–fəlsəfi irsin qorunub saxlanılması baxımından Gəncə şəhərində mədəniyyət və turizm sahələrinin dövlət qayğısı altında inkişafı uğurla davam edir.
Ötən il sentyabrın 29–30–da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi şənlikləri öz möhtəşəmliyi və miqyasının genişliyi ilə xüsusi qeyd edilməlidir. 45 ölkədən 150–dən çox nümayəndənin iştirak etdiyi tədbir əsl beynəlxalq şeir, musiqi və dostluq bayramına çevrilmişdir. Yubiley günlərində şəhərin “Xan Bağı” Mədəniyyət və istirahət parkında Beynəlxalq Nizami kitabxanasının təməli qoyulmuşdur.
Beynəlxalq tədbirlər məkanına çevrilən Gəncə şəhərində oktyabrın 6–7–də şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın 1–ci Beynəlxalq “Şərab festivalı” təşkil olunmuş, xarici və yerli şərab istehsalçılarının iştirakı ilə “Üzümçülük və şərabçılığın inkişaf perspektivləri”, “Qabaqcıl təcrübə və texnologiyalardan istifadə imkanları” mövzusunda beynəlxalq elmi–praktiki konfrans keçirilmişdir.
Dövlət başçısının tövsiyəsi ilə sonuncu dəfə XIX əsrdə bərpa edilmiş “İmamzadə” kompleksində yüksək səviyyədə keyfiyyətlə aparılan təmir–bərpa və tikinti işləri sürətləndirilmişdir. Cari ildə, bu əzəmətli dini–tarixi kompleksdə görülən işlər başa çatacaq və istifadəyə veriləcəkdir.
Şəhər əhalisinin asudə vaxtının və istirahətinin yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulan Fikrət Əmirov, A.Səhhət, C.Cabbarlı, M.Hadi və İstiqlal parkları ilə yanaşı, Əziz Əliyev və Məhsəti Gəncəvi adına yeni parklar salınır. Nizami guşəsində, Hacı Zeynalabdin Tağıyev parkında aparılan yenidənqurma və bərpa işləri isə başa çatmışdır.
Nizami Gəncəvi muzeyinin və Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin tikintisi davam edir, cari ildə yeni Kitabxana–İnformasiya Kompleksinin tikintisi nəzərdə tutulur.
Hesabat dövründə respublika Prezidentinin xeyir–duası ilə yeni açılmış Dövlət Bayrağı meydanı təzədən qurulmuş “Xəmsə” memarlıq kompleksi, N.Nərimanov parkı və digər mədəniyyət obyektləri turistlər üçün şəhər üzrə ekskursiya proqramına daxil edilmişdir.
Gənclər və idman sahəsində aparılan işlər, həyata keçirilən tədbirlər barədə məlumat verən natiq hüquq–mühafizə orqanlarının fəaliyyətinə də toxunmuşdur.
Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeliyində olan orqanlar tərəfindən ictimai asayiş, vətəndaşların qanuni mənafelərini ötən ildə də etibarlı qorunmuş, qarşıda duran vəzifələr vaxtında yerinə yetirilmişdir.
Məruzə ətrafında müzakirələrdə bütün çıxışçılar son illər həyata keçirilmiş işlərin Gəncənin tarixində parlaq səhifə təşkil etdiyini bildirmiş və bu yüksəlişi ölkə başçısının diqqət və qayğısının təzahürü kimi dəyərləndirmişlər. Onlar son vaxtlar şəhərdəki böyük yüksəlişə qısqanclıqla yanaşan, Gəncənin möhtəşəm inkişafını görmək istəmyən üzdəniqraq insanların ölkənin bəzi mətbu orqanlarında dərc etdirdikləri qərəzli yazılardan təəssüf hissi keçirdiklərini bildirdilər, Gəncənin yüksəlişinə sevinən insanların bu inkişafdan qürur duyduqlarını və həmişə ölkə başçısının siyasi kursunun dəstəklərini ifadə etdilər.
Fəallar yığıncağında prezident administrasiyasının məsul işçisi Əlibaba Əliyev, milli məclisin deputatları Musa Quliyev və Xanlar Fətiyev iştirak və çıxış etmişlər.
Yığıncaqda müzakirə olunan məsələlərin həllinə yönəldilmiş geniş qərar və qədim şəhərə göstərdiyi daimi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə edən müraciət qəbul olunmuşdur.
V.TANRIVERDİYEV
Respublika.- 2013.- 8 mart.- S. 7.