Milli təhsilimizin
inkişafında qadınlarımızın rolu
Müasir dövrdə həyatımızın hər bir sahəsində çalışan Azərbaycan qadını ictimai–siyasi həyatda mühüm rol oynayır, fəal mövqe tutur, öz zəkası, fədakarlığı, vətənpərvərliyi ilə fərqlənir.
Son illər ölkəmizin müstəqil dövlət kimi inkişaf edərək dünya dövlətləri sırasında özünün layiqli yerini tutması və tanınmasında qadınlarımızın gördükləri işlər danılmazdır. Bu gün qadınlarımızın səsi dünyanın ən nüfuzlu toplantı, sammitlərindən gəlir. Müxtəlif peşə sahibləri olan qadınlarımız öz dünyagörüşü, siyasi fəaliyyəti ilə yanaşı, həm də gözəl anadır, cəmiyyətimizin əsas dayaqlarından biridir. Azərbaycan qadını milli dövlət quruculuğunun fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial–iqtisadi, intellektual potensialının artırılması yolunda dəyərli töhfələr verir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınına həmişə yüksək qiymət vermişdir. Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda cəmiyyətdə qadınların mövqeyinin möhkəmləndirilməsinə, onların həyatın bütün sahələrində rollarının artırılmasına çalışan Heydər Əliyev qadınların rəhbər vəzifələrə irəli çəkilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev ölkənin təhsil sisteminə həmişə qayğı göstərir və bu sahənin inkişafına mühüm əhəmiyyət verirdi. O, cəmiyyətin bütün sahələrinin məhz təhsilə əsaslandığını qeyd edir və deyirdi ki, bu sahədə irəliləyiş, dünya təhsil sistemində layiqli yer tutmaq üçün ölkədə güclü kadr, təhsil potensialı olmalıdır. Çünki millətin gələcəyi onun təhsili ilə bağlıdır. Məhz buna görə də Azərbaycan təhsili həmişə onun diqqət mərkəzində olub. Onun dediyi, “Mən müəllimdən şərəfli bir peşə tanımıram” kimi müdrik kəlamı da təhsilə və təhsil işçilərinə verdiyi yüksək qiymətin əyani təzahürülür. Ulu öndər Azərbaycan qadınının, qadınların cəmiyyətdəki rolunu və fəaliyyətlərini yüksək dəyərləndirərək demişdir: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf–şan, şöhrətdir. Qadın ucalıq, ülvilik, bakirəlik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”.
Azərbaycan qadınının cəmiyyətdəki rolunun artması göz qabağındadır. Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də çalışanların böyük əksəriyyəti qadınlardır. Elm və təhsil sahəsində çalışan qadınlarımız qazandıqları uğurları ilə öz nüfuzunu cəmiyyətimizdə daha da artmışlar. Bu gün cəmiyyətimizin tərbiyələnməsində, maariflənməsində böyük məsuliyyət daşıyan Azərbaycan qadın müəllimləri bu çətin və şərəfli peşənin öhdəsindən layiqincə gəlir. Milli təhsil sisteminin müasirləşdirilməsi son illər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ayrılmaz, tərkib hissəsinə çevrilmişdir. Ümummilli liderimizin 2000–ci ildə imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” fərmanı ölkənin təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, onun dünya təhsil sisteminə inteqrasiyasına möhkəm zəmin yaratmışdır.
Respublikamızda son illər elm, təhsil və digər sahələrdə çalışan qadınlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğı hər birimizi sevindirir və daha yaxşı işləməyə sövq edir. 1998–ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə fəaliyyət göstərdiyi müddət ərzində respublikamızda qadınlarımızın problemlərinin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərir. 2006–cı ildə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətini uğurla həyata keçirir və tənzimləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində böyük uğurlar qazanılmışdır. Ölkə başçısı qadınlarımızın bu gün cəmiyyətimizdə tutduğu mövqeyi dəyərləndirərkən qeyd etmişdir: “Qadınlarımız suveren ölkəmizin dinamik inkişafını təmin edən təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”. Azərbaycanda insanların intellektual potensialının möhkəmlənməsini prioritet məsələ hesab edən cənab İlham Əliyev bu barədə demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq”.
Ölkə iqtisadiyyatının dinamik inkişafı keyfiyyətli təhsil üçün əlverişli şərait yaratmışdır. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev onun inkişafına, dünyanın aparıcı ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkşaf dövrünə qədəm qoymuş, təhsil islahatları həyata keçirilmiş, böyük nailiyyətlər əldə edilmişdir. Ölkə başçısının sərəncamı ilə Bakının vahid təhsil sisteminin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması milli təhsilimizin inkişafına və təhsilin keyfiyyətinin köklü şəkildə yüksəlməsinə təkan verdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldığı ilk gündən fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltmişdir, yüksək nəticələr qazanmışdır. Təhsilin idarə edilməsi, kadrların yerləşdirilməsi, paytaxtın təhsil və tərbiyə müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin həlli, yeni məktəblərin tikintisi və əsaslı təmiri BŞTİ–nin qarşısında duran mühüm məsələlərdir və bu işlər tərəfimizdən uğurla həyata keçirilir. Bu fəaliyyət istiqaməti təhsil idarəsinə həm dövlət, həm də cəmiyyət tərəfindən böyük dəstək qazandırmışdır.
Milli Təhsilimizin inkişafında və dünya təhsil sisteminə inteqrasiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva möhtəşəm xidmətlər göstərir. Onun gördüyü işlər, həyata keçirdiyi tədbirlər ölkəmizdə geniş düynagörüşə malik vətəndaşların tərbiyəsinə, milli–mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına, maddi kapitalın insan kapitalına çevriləmsinə, Azərbaycan mədəniyyətinin, təhsil və elminin dünyaya sürətli inteqrasiyasına xidmət edir. Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində son illər yüzlərlə yeni, müasir tipli məktəblər tikilib istifadəyə verilib. Onun rəhbərlik etdiyi Heydər Əliyev fondu respublikamızda geniş sosial proqramlar həyata keçirir, kimsəsizlərə, ehtiyacı olan insanlara qayğı göstərir. Mehriban xanım tez–tez uşaq evlərində, internatlarda olur, vaildeyn himayəsindən məhrum, fiziki cəhətdən qüsurlu uşaqların problemlərini öyrənir, onların dərdlərinə şərik olur.
Bu gün Azərbaycan mədəni irsinin qorunmasında, onun beynəlxalq aləmdə təbliğində Mehriban xanımın xidmətləri böyükdür. Onun təşəbbüsü ilə 1995–ci ildə yaradılmış “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” uğurla fəaliyyət göstərir, tez–tez mədəni tədbirlər keçirir. Azərbaycan xalq musiqisinin misilsiz sərvəti olan muğamlarımızın dünyada təbliği, şöhrət tapması da Mehriban xanımın adı ilə bağlıdır. YUNESKO–nun “Muğam dəstgahları” layihəsi çərçivəsində keçirilən muğam axşamlarında ölkə başçısı və Mehriban xanım da iştirak edir, respublikamızın görkəmli ziyalıları, mədəniyyət və incəsənət xadimləri ilə görüşür, onların problemləri ilə maraqlanırlar. YUNESKO tərəfindən “Xoşməramlı səfir” tituluna layiq görülməsi də Mehriban xanımın Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında gördüyü işlərə verilən yüksək qiymətdir. Mehriban xanım Əliyeva istər respublikamızda, istərsə də xarici dövlətlərin ən yüksək kürsülərində öz işi ilə Azərbaycan xanımını ən yüksək səviyyədə təmsil edir. Onun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti də ona bütün dünyada böyük nüfuz və hörmət qazandırıb.
Bu gün biz hər birimiz Mehriban xanımın xalqı qarşısında gördüyü işlərlə qürur duyuruq. Onun öz milləti qarşısındakı xidmətləri hər bir qadın üçün örnəkdir. Millət vəkili Mehriban xanım Əliyeva qadınlarımızın cəmiyyətdə tutduğu mövqe, oynadıqları rol barədə danışarkən demişdir: “Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, milli dəyərlərimizin, adət–ənənələrimizin qorunub saxlanmasında qadınların misilsiz xidmətləri olubdur. Azərbaycanda qadın və ana hər zaman müqəddəs sayılıbdır”.
Son illər qadınların inkişafı və ictimai–siyasi həyatda fəal mövqe tutması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır ki, qadınlarımız da bundan yüksək səviyyədə faydalanırlar. Yüksək dövlət vəzifələrində çalışan qadınlarımız öz bacarığı və istedadı ilə seçilir, ölkəmizin inkişafı, düynada uğur qazanması və qüvvətlənməsi istiqamətində dövlətimizin apardığı işlərdə fəal mövqe tuturlar.
8 Mart Beynəlxalq Qadınlar Günü ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qeyd edilir. Bu bayram günündə əminliklə bildirmək istəyirəm ki, qadınlarımız bundan sonra da Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında layiqli yer tutması və daha da çiçəklənməsi yolunda öz töhfələrini verəcəklər. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri, əməkdar müəllim.
Respublika.- 2013.- 8 mart.- S. 4.