Həyatımızın
bəzəyi qadınlar
Hər bir xalqın tərəqqisinin mühüm
dönüş nöqtəsində silinməz
izlər qoyan qadınlar olub.
Azərbaycan qadını öz iradəsi,
mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli–mənəvi dəyərlər
sisteminin formalaşmasında müstəsna
rol oynamışdır. Türk
qadını tarixin istər ictimai–siyasi həyatda, istər
hərb meydanında, istərsə də ailədə həmişə
nümunə olmuş, cəmiyyətin
aparıcı qüvvələrindən birinə çevrilmişdir.
Hələ ötən əsrin ortalarında çadrasını atan Azərbaycan qadını illər keçdikcə özünün nəyə qadir olduğunu sübuta yetirdi. Kəşməkəşli inkişaf yolu keçmiş Azərbaycan qadını XX əsrin əvvəllərində ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni proseslərin fonunda daha da fəallaşdı. Lakin Azərbaycan tarixində qadın məsələsi, qadın problemi yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə dövlət səviyyəsinə qalxa bildi. Məhz onun ardıcıl fəaliyyəti və dəstəyi nəticəsində ölkədə qadın hərəkatı güclənmiş, Azərbaycan qadınının həyatın bütün sahələrində özünü təsdiqləməsinə lazımi şərait yaradılmış, ən ləyaqətli, ən bacarıqlı qadınlarımız yüksək vəzifələrə irəli çəkilərək vətənimizin inkişafına öz töhfələrini vermişdir.
Elm, mədəniyyət, sənaye, kənd təsərrüfatı sahələrində çalışan qadınlarımızın sayı ildən–ilə artsa da, səhiyyə və təhsil sahəsində çalışan qadınlarımızın sayı daha çoxdur.
Çalışdığı uzun illər ərzində öz işini ürəkdən sevən, xalqına, dövlətinə ləyaqətlə xidmət edən fədakar xanımlardan biri də Bakı Kompyuter Kollecinin direktoru İradə Səfərovadır. O, BDU–nun mexanika–riyaziyyat fakültəsini bitirib, bir müddət proqramçı işləyib, 14 il orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb. Milli məsləhətçi kimi beynəlxalq məsləhətçilərlə birgə “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” mövzusu üzrə kurrikulumun hazırlanmasına nail olub, Azərbaycan Müəllimlər İnstitutunun metodistləri üçün treninqlər, dərslər təşkil olunmasında iştirak edib, araşdırmalar aparıb. 2006–cı ildən “İntel” korporasiya ilə əməkdaşlığa başlayan İradə xanım təhsil proqramları çərçivəsində Ukraynadan gəlmiş təlimçilərin ilk treninqləri məhz Bakı Kompyuter Kollecində keçirməsinə nail olub. İşin sonrakı ağırlığı onun zərif qadın çiyinlərinə düşüb.
Xüsusilə müəllimlərin kompyuter biliklərinin artırılması, fənlərin tədrisində İKT–dən səmərəli istifadə istiqamətində geniş təlimlərin keçirilməsi ilə bağlı onun gördüyü işlər təqdirəlayiqdir.
İradə xanım həm də Təhsil Nazirliyinin “Elektron Təhsil” respublika müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. Yuxarı sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” adlı respublika müsabiqəsində təşkilat komissiyasının üzvü olub. O, 2009 və 2010–cü illərdə Koreyada keçirilən İKT –nin təhsildə tətbiqi qlobal simpoziumda ingilis dilini bilən mütəxəssis kimi iştirak etmişdir.
Bu gün dünyamız sürətlə dəyişir. Elm və texnikanın yaratdığı möcüzələr aləmi insanı heyrətə gətirir. Qloballaşma dövründə mütərəqqi yeniliklərin tətbiq edilməsi milli təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması son 18 ildə respublikada həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Belə qabaqcıl təhsil müəssisələrində biri 2001–ci ildə Kompyuter Liseyinin bazasında yaradılan Bakı Kompyuter Kollecidir. Burada müasir dövrdə İKT–nin təhsil sisteminə tətbiqi istiqamətində xeyli işlər görülmüş və görülməkdədir. Təhsil ocağında avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı laboratoriya diaqnostikası, informatika müəllimliyi, kompyuter şəbəkələrinin və hesablama texnikasının istismarı və servis xidməti üzrə mütəxəssislər hazırlanır. Məzunlar özlərinə iş tapmaqda çətinlik çəkmir, iş yerlərində bilik və bacarıqlarını, istedadlarını nümayiş etdirirlər.
Hazırda orta məktəblərin kompyuterlərlə təminatı təhsil sistemində əldə olunmuş ən mühüm nailiyyətlərdən biridir. Ümumiyyətlə son illər ölkəmizdə İKT–nin sürətli yüksəlişinin təmin edilməsi sistemli xarakter daşımışdır.
2004–cü il avqustun 21–də ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı haqqında” fərmanı bundan sonrakı dövrdə müasir texnologiyaların tətbiqi işinə daha güclü təkan vermişdir. Hazırda İKT–nin inkişafı 2010–2013–cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə “Tədbirlər Proqramı” na uyğun həyata keçirilir.
Bakı Kompyuter Kollecinin nəzdində fəaliyyət göstərən “Tələbə Gənclər Təşkilatı”, “Kiçik Elmlər Akademiyası” və “Şəbəkə” xeyriyyə təşkilatı tədris ocağının elmi, ictimai həyatında birbaşa təsir imkanına malikdir.
8 Mart – Qadınlar Gününü bütün qadınlarımız kimi İradə xanım da böyük sevgi, hiss, həyəcan və duyğularla qarşılayır.
Biz başda
İradə xanım Səfərova olmaqla
kollecin bütün tələbə
və müəllim kollektivini bayram münasibətilə ürəkdən təbrik
edir, onlara işlərində
və həyatda yeni–yeni
uğurlar arzulayırıq.
Nurəngiz ADİLQIZI
Respublika.-2013.- 8 mart.- S. 4.